***
Sual: Hesablama Palatasının aprelin 26-dan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yoxlamalar apardığı barədə xəbərlər yayılıb. Yoxlamanın getdiyi bir vaxtda isə televiziya ilk dəfə maliyyə hesabatını açıqlayıb. Və məlum olub ki, Dövlət televiziyası 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub. Bunu necə anlamaq olar? Bu hesabatın məhz yoxlama aparıldığı bir dönəmdə mətbuatda yayılması AZTV-nin özünü sığortalaması adlandırmaq olar, yoxsa ümumiyyətlə bu addımı yoxlama orqanlarına təzyiq kimi qiymətləndirmək mümkündür?
Cavab: AzTV həmişə qapalı qurum olub. İndiyədək bir dəfə maliyyə hesabatının bəzi bilgilərini açıqlayıb. Məsələ burasındadır ki, bu telekanal dövlət büdcəsindən maliyyələşir. AZTV dövlət büdcəsindən ən böyük vəsait alan mediadır. Hər il dövlət büdcəsindən bu kanala ayrılan vəsaitlərin məbləği 10 milyonlarla ölçülür, 2021-ci il üçün bu məbləğ 35 milyon manat civarındadır. AZTV-yə ayrılan vəsait ictimai yayımçıya ayrılandan azı bir qat çox olur. İnformasiya açıqlığı qanunlarımıza görə, AZTV bu vəsaitləri necə xərcləməsinin hesabatını ictimaiyyətə açıqlamalıdır. Hər il aprel ayının sonuna kimi detallı maliyyə hesabatı AZTV-nin saytında yerləşdirilməli, ictimaiyyət də onunla tanış ola bilməlidir. Ancaq bunu etmirlər. Maliyyə hesabatları açıq olmadığından bizim üçün vəsaitlərin necə xərcləndiyini, kanalın nədən zərərdə olmasını dəqiqləşdirməyimiz xeyli çətindir. Bircə onu deyə bilərik ki, hesabatlılıq yoxdursa, qapalılıq varsa, deməli nəsə yolunda deyil. Hər şey yolundadırsa, büdcədən ayrılan vəsaitlər uyğun xərclənirsə, bunun hesabatı qanunvericiliyə müvafiq olaraq, hamının görüb-baxa biləcəyi bir yerə niyə qoyulmasın ki?
Sual: Ümumiyyətlə, əlində hər cür imkanları olan, üstəlik büdcədən vəsait alan, eyni zamanda reklam gəlirləri kifayət qədər olan bir dövlət televiziyası niyə zərərlə işləsin ki? Bu vəsaitlər hara gedir?
Cavab: Mən xatırlayıram ki, 5-6 il əvvəl AZTV-yə ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı jurnalist araşdırmaları vardı. Telekanaldan informasiya sorğuları vasitəsilə maliyyə bilgilərinin təqdim edilməsi istənilmişdi. Amma kanal həmin bilgiləri verməmişdi. Bir az əvvəl qeyd etdiyim kimi, maliyyə hesabatları açıq olmadığı üçün zərərin səbəblərini dəqiqləşdirmək asan deyil. Ancaq telekanala dövlət büdcəsindən kifayət qədər iri məbləğdə vəsaitlər yarılır, bu telekanal reklam cəlb edən ən iri mediadır, bunun fonunda zərərlə işləyirsə, düşünmək olar ki, idarəçilik problemlidir, vəsaitlər effektiv istifadə edilmir. Ümid edək ki, yoxlayan qurumlar detalları ortaya çıxaracaq.
Sual: Dövlət televiziyasını və onun gənc rəhbərinin sədr olduğu bir dönəmi müzakirəyə çıxarsaq, həmin dönəmi necə qiymətləndirmək olar? Televiziyanın fəaliyyəti qənaətbəxşdirmi? Əvvəlki dönəmlərdən fərqli nələrsə nəzərə çarpırmı?
Cavab: Ümumiyyətlə, mütləq yada salmaq lazımdır ki, bu gün AZTV olmamalı idi. Azərbaycan Avropa Şurası qarşısında media, medianın dövlətsizləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü. Bu öhdəliklərin icrası ölkədə azad, çoxsəsli medianın formalaşmasına gətirib çıxarmalı idi. Təəssüflər olsun ki, həmin öhdəliklərin icra olunduğunu söyləyə bilmirik. Bu öhdəliklər AZTV-nin ictimai yayımçıya çevrilməsini də ehtiva edirdi. Amma hökumət bunu etmədi, ayrıca bir yayımçı yaratdı, AZTV-ni isə qapalı səhmdar cəmiyyətə çevirib, səhmlərini əlində saxladı. AZTV o vaxtdan hər zamankı kimi hökumətin əsas təşviqatçısı kimi qalmağa davam edir. Əlbəttə son illərdə AZTV-də dəyişikliklərin olduğunu inkar etmək olmaz. Ancaq onu da söyləmək olmaz ki, bu kanal teleradio yayımı prinsiplərinə yaxınlaşıb. AZTV məzmunca hər zamankı AZTV-dir. Ola bilsin, hökuməti əvvəlkindən daha keyfiyyətlə və ya daha keyfiyyətsiz təbliğ edir. Amma məzmun, proqram siyasəti dəyişməz qalır. AZTV fikir plüralizminin təmini, müstəqillik baxımından əvvəl harda idisə, indi də ordadır.
Sual: Yeri gəlmişkən, Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV"nin lisenziyası ilə bağlı qərar verib. Qərara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının iyunun 1-dən etibarən dayandırılır. Lider televiziyası uzun illərdir hakimiyyətin siyasətini aparan telekanallardan biri idi. Və bu istiqamətdə hakimiyyətin alternativlərini daim hər cür yolla aşağılamaqdan, hətta göbəkdən aşağı vurmaqdan, təhqir etməkdən çəkinmirdi. Hətta bu fəaliyyətinə görə el arasında, jurnalistlər içərisində “porno kanal” adlandırılırdı. Bu gün isə hakimiyyəti sərt ritorika ilə müdafiə edən bir telekanal bağlanır. Özü də müflis elan edilərək. Yəni mükafatlandırılmaq yerinə qapadılır. Bunu necə anlayaq? Artıq bu telekanala ehtiyac qalmayıb, yoxsa hakimiyyət anladı ki, ictimai nüfuzu yerlə sürünən bir telekanalın nüfuzunu qaldırmaq mümkün olmayacaq?
Cavab: Son zamanlar hökumətin media siyasətində dəyişikliklər nəzərəçarpandır. KİV-ə dəstək qurumu dəyişir, yeni media qanunu hazırlanır və sair. Azərbaycanda teleradio mediası birmənalı olaraq, hökumətin tam nəzarəti altındadır, bütün radio, telekanallara hökumət nəzarət edir. Bu mediaların siyasi məzmun siyasəti bir-birinin təkrarıdır. İctimaiyyət onları demək olar izləmir, daha çox rus və türk dilli kanalları izləyir. Həm də yüksələn onlayn media trendi var. Ola bilsin, hökumət bunların fonunda əlavə xərclərdən xilas olmağı, ya da həmin vəsaitləri ictimai rəyə daha effektiv təsir edən onlayn media istiqamətinə yönləndirmək istəyir. Düşünmürəm ki, hökumətin tam kontrolunda olan hansısa kanalın qapadılmasından ictimaiyyət nəsə itirir.
Sual: Eyni zamanda Lider TV ilə yanaşı daha 3 telekanal da qapadılıb. Siz də bilirsiniz ki, Azərbaycanda telekanal açmaq heç də asan məsələ deyil. Azərbaycanda yandaş mediaya, o cümlədən bütün telekanallara kifayət qədər vəsait ayrılır. AZTV, İTV dövlət büdcəsindən yararlanır, eyni zamanda reklam alır. Digər özəl adlanan telekanallara reklam, vəsait ayrılır. Amma məlumat yayılır ki, AZTV zərərlə işləyir, bir böyük telekanal müflis elan olunub, qapadılır, Space telekanalının maliyyə durumu bərbad vəziyyətdədir, işçilər aylarla maaş ala bilmirlər. Bu telekanallar hakimiyyətin razılığı ilə açılır və hər biri birmənalı olaraq hakimiyyətə bağlı olur. Eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyir. Bu səbəbdəndir ki, onları da saxlayan məhz hakimiyyət və ya hakimiyyətdə yüksək post tutan şəxslər olur. Biznes və eləcə də reklam bazarı monopoliyada olduğundan müstəqil mediaya reklam ayrılmasına imkan verilmir və bütün reklam bazarı hakimiyyətin əlindəki media arasında onların yaşayıb, inkişaf etməsi üçün bölüşdürülür. Və ya telekanalı açan hakimiyyətdə yüksək post tutan şəxs əlindəki imkanlardan, rıçaqlardan istifadə edərək biznes mühitindəki şəxsləri həmin media orqanlarına reklam verməyə məcbur edir, hətta öz qeyri-qanuni biznesinin reklamını həmin media orqanlarına yönəldir. Amma biz yenə də şahidi oluruq ki, həmin telekanallar bağlanır və ya bağlanmaq təhlükəsi yaşayır. Bunun səbəbi nədir? Tamaşaçı auditoriyası toplaya bilmirlər, yoxsa peşəkar mütəxəssislərdən korluq çəkirlər?
Cavab: Başlıca səbəb Azərbaycanda media azadlığının olmamasındadır. Media nəzarət altında olmamalıdır. İnternet mediasında 2-3 nəfərin qurduğu, çalışdığı elə Azərbaycan kanalları var ki, onlar, hökumətin qapamağa qərar verdiyi telekanallardan daha çox izlənir, onların xəbərlərinə daha çox etimad edilir. Nəyə görə? Çünki azaddırlar. Hökumətin biçdiyi çərçivəyə uyğun yox, tərəfsiz xəbərləməyə üstünlük verirlər. Azad olmayan media gec-tez onsuz da sıradan çıxacaq və həmin mediaları heç kim xatırlamayacaq da. İstər onlayn media olsun, istər teleradio mediası, azadlığı olmayacaqsa, gec-tez qapanan telekanalların taleyini yaşamalı olacaq.
Bir məsələyə də diqqət yetirmək lazımdır, ümumilikdə, Azərbaycanda başqa ölkələrlə müqayisədə telekanalların sayı kifayət qədər azdır. Teleradio sahəsi pullu, imkanlı insanlar üçün qapalıdır. Həm də əsas problem bunlardır, onların həll edilməsi diqqət mərkəzində olmalıdır.
Sual: Azərbaycanda niyə müstəqil televiziya yoxdur? Niyə reklam bazarı monopoliyadadır? Niyə imkan yaradılmır? Hakimiyyət nədən çəkinir?
Cavab: Nəsə yoxdursa, nəsə inhisardadırsa, deməli, hökumət belə istəyir. Azərbaycanda kifayət qədər media peşəkarları, jurnalistlər var. Onlar müstəqil, azad mediaya sahib olmağı niyə istəməsinlər ki? Əlbəttə istəyirlər. Ancaq bunu reallaşdırmaq üçün şərait yoxdur. Teleradio mediasına sahib olmaq üçün yayım tezliyi əldə etməlisən. Onu isə hökumət verir. Hökumət tezliyi ancaq onun nəzarətində olanlara verir. Müstəqil media üçün maliyyə lazımdır. Maliyyəni cəlb etmənin yolu reklam bazarının mövcud olması, ora çıxış imkanıdır. Reklamı biznes verir. Azərbaycanda reklam verəsi biznes də böyük ölçüdə hökumətə bağlıdır. Qısası, durum çox mürəkkəbdir və bu durum on illər boyu yürüdülmüş yanlış media siyasətinin meyvəsidir. Qısa zamanda durumu dəyişmək çətindir.
Sual: Nə təklif edirsiz? Azərbaycanda televiziya kanallarının normal, televiziya standartlarına uyğun işləməsi üçün, özünü ayaqda saxlaması üçün hansı addımlar atılmalıdır?
Cavab: On illər boyu yürüdülmüş yanlış media siyasətindən tamamilə imtina edilməlidir. İctimai rəyə təsir gücünə sahiblənən mediaları dərhal kontrola almaq və ya sıradan çıxarmaq üzərində qurulan bu siyasətlə normal, ictimai rəyi sağlam bilgiləndirən mediaya sahib olmaq mümkün deyil. Mövzu teleradio mediasıdırsa, başlıca məsələ tezliklərə çatım təmin edilməlidir. Tezlikləri çatımla bağlı hər kəsə bərabər imkanlar yaradılmalıdır. Pis-yaxşı teleradio tənzimlənməsi ilə bağlı qanunvericilik mövcuddur. Həmin qanunların işləməsi şərtdir. Başlıcası, məqsəd ictimai rəyə təsir edən, sağlam bilgiləndirən, təməl prinsiplərinə sadiq mediadırsa, hökumət media azadlığına risklər yaradan bütün addımlardan çəkinməlidir.
Rəy yaz