***
- Səməd bəy, Nərmin olayından sonra bir çox insanlar sosial şəbəkələrdə ölüm hökmünün bərpasını istəyirlər. Hətta ölüm hökmünün bərpası ilə bağlı petisiya da yaradılıb. İnsanların bu ölüm hökmünün bərpasını istəməsinə səbəb nədir? Niyə insanlar bu qədər aqressivdirlər?
- Nərminin qətli kimi hadisələrdə insanların həddən artıq emosionallaşması və ölüm hökmünün bərpasını tələb etmələri, sadəcə, Azərbaycan cəmiyyətinə xas hal deyil və bu, ümumilikdə götürdükdə demək olar ki, bütün cəmiyyətlərdə analoji reaksiyalar olur. Çünki insanlar adətən bu cür cinayətlərdən dəhşətə gəlirlər və qatilin (yaxud qatillərin) də eyni yaxud oxşar rəftara məruz qalmasını istəyirlər. Ona görə də bu cür aqressivləşmə gözlənilməz deyil. Bu qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurmuşdu və buna görə də belə bir reaksiyanın gələcəyi gözlənilən idi. Dediyim kimi, bu, sadəcə, Azərbaycana xas hal deyil.
- Ölüm hökmünü bərpa etmək nə dərəcədə hüquqa uyğundur? Azərbaycanda bu, mümkün ola bilərmi?
- Sülh dövründə ölüm hökmünün bərpası Azərbaycanda hüquqi baxımdan qeyri-mümkündür. Belə ki, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 6 saylı Protokola qoşulub və ratifikasiya edib. Konvensiyaya əlavə 6 saylı Protokol müəyyən edir ki, sülh dövründə ölüm hökmü birmənalı olaraq ləğv edilməli və tətbiq edilməməlidir. Azərbaycan dövləti bu Protokolun tərəfi olduğu müddətdə sülh dövründə ölüm hökmü tətbiq edə bilməz. Bundan əlavə, Azərbaycan dövləti BMT-nin Mülki və Siyasi Hüquqları Haqqında Beynəlxalq Paktının 2 saylı Əlavə Protokoluna da qoşulub. Həmin Protokol da ölüm hökmünün ləğvini nəzərdə tutur. Lakin Azərbaycan dövləti həmin 2 saylı Protokola müharibə dövrü ilə əlaqədar qeyd-şərt qoyub. Həmin qeyd-şərt bundan ibarətdir ki, müharibə dövründə törədiləcək hərbi xarakterli xüsusilə ağır cinayətə görə şəxslər məhkum edildikdə onlara ölüm cəzası tətbiq edilə bilər. Eləcə də Azərbaycanda müharibə dövrü daxil olmaqla, bütün hallarda ölüm cəzasının ləğvini nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 13 saylı Protokolu ratifikasiya etməyib.
Qeyd edilən hallardan göründüyü kimi, Azərbaycanda sülh dövründə törədilmiş istənilən xarakterli cinayətə görə, o cümlədən şəxsiyyət əleyhinə cinayətlərə görə (adamöldürmə daxil) ölüm cəzası tətbiq edilə bilməz. Əgər Azərbaycan yuxarıda qeyd edilən protokollardan çıxmasa, onda Azərbaycanda ölüm cəzası yalnız müharibə dövründə hərbi xarakterli xüsusilə ağır cinayətlərə görə bərpa edilə bilər. Hazırda isə bu hal yoxdur. Nərminin qətli sülh dövründə törədilmiş şəxsiyyət əleyhinə cinayət idi və bu tipli əməllərə görə ölüm hökmü bərpa edilə bilməz (bundan əlavə, hətta fərz etsək belə Azərbaycan dövləti beynəlxalq hüquqi öhdəliklərindən imtina etdi və ölüm cəzasını bərpa etdi; bu cəza yenə də Nərminin qatilinə, yaxud qatillərinə münasibətdə tətbiq edilə bilməyəcək; çünki Azərbaycan cinayət qanunvericiliyi cəzanı ağırlaşdıran hallarda qanunun geriyə tətbiqini qadağan edir).
- Ölkədə istintaqın və məhkəmənin düzgün aparılmadığına dair xeyli faktlar mövcuddur. Azərbaycan kimi ölkələrdə belə cəzaların istənilməsi qorxunc deyilmi? Yəni, tutalım ki, bu cəza bərpa olundu, sabah bu hökmün veriləcəyi şəxslərin həqiqətən cinayətkar olub- olmadığına dair şübhələr yaranmayacaqmı?
- Bəli, Azərbaycanda istintaq və məhkəmənin vəziyyəti hazırda bərbad haldadır. Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsi müəyyən edib ki, Azərbaycanda işgəncə və pis rəftar endemik xarakter daşıyır. Bu işgəncə və pis rəftarların mühüm hissəsi şübhəli şəxslərdən etiraf əldə etmək üçün istintaq dövründə tətbiq edilir və məhkəmələr tərəfindən də sorğusuz-sualsız qəbul edilir və müttəhimlərin sonrakı ifadələri və işgəncə iddiaları nəzərə alınmır. Buna görə də Azərbaycan kimi istintaq və məhkəmə sisteminin korrupsiyalaşdığı ölkədə bu kimi cəzalardan sui-istifadə ediləcəyi gün kimi aydındır. Lakin məsələ bununla da bitmir. Ölüm cəzası geriyə dönüşü mümkün olmayan cəzadır. Bütün digər cəzaların nə vaxtsa geriyə dönüşü var. Lakin ölüm cəzasında bu, mümkün deyil. Bu halda nəzərə alınmalıdır ki, hüquq vasitəsilə obyektiv həqiqət deyil, formal həqiqət müəyyən edilir. Yəni, hüquqda həqiqət müəyyən prosessual qaydaların tətbiqi ilə mümkündür. Bu baxımdan hüququn müəyyən edə biləcəyi həqiqət reallıqla uzlaşmaya da bilər və bu, bütün hallarda hüquq sahəsinə xasdır (başqa sözlə, bu xüsusiyyət hüququn zatında var). Yəni, hüquq, o cümlədən cinayət prosessual hüquq həqiqəti həmişə məhdud mənada müəyyən edəcək və bu istənilən hal üçün qaçılmazdır (hətta etiraf olan hallardan belə şübhələnmək lazım gələcək, çünki etirafın təzyiq altında əldə edildiyini müəyyən etmək ayrı problem olaraq qalacaq). Bu baxımdan hüquq istənilən ölkədə istər Azərbaycanda, istərsə də Norveçdə məhdud həqiqəti (formal həqiqəti) müəyyən etməyə istiqamətlənir və onun imkanları da məhduddur. Buna görə də hüququn həqiqəti müəyyən etmək imkanı istənilən halda məhdud olduğuna görə hüquq yolu ilə nəticəsində mütləq geriyə dönüşü olmayan cəzalar tətbiq edilməməlidir. Çünki hüquqda həqiqət formaldır və istənilən vaxt əksi ortaya çıxdıqda dəyişəcək. Nisbi geriyə dönüşü olmayan cəzalar tətbiq etdikdə vəziyyəti dəyişmək imkanı qalır, lakin mütləq geriyə dönüşü olmayan cəza tətbiq edildikdə bu imkan aradan qalxır. Ölüm cəzası da mütləq geriyə dönüşü olmayan cəza olduğuna görə hüquq vasitəsilə onun tətbiqi də istənilən halda istisna edilməlidir. Qeyd edilən səbəblərdən də bir çox inkişaf etmiş Qərb ölkəsi də ölüm cəzasını yığışdırmaq yolu tutublar.
- Maraqlısı budur ki, həmin petisiyanı imzalayan və ya ölüm hökmünün bərpasını istəyən şəxslər arasında hüquqşünaslar, tanınmış şəxslər və vətəndaş cəmiyyətinin üzvləri də var. Bu da onu deməyə əsas verir ki, insanlar bu məsələyə daha çox emosional yanaşırlar və cəzasızlıqdan narazıdırlar. Eyni zamanda həm də bu kimi işlərdə məhkəmə hökmlərindən narazıdırlar. Yəni, Elina Hacıyeva işində məhkəmə hökmündən narazılıqların şahidi olduq. Amma bütün bunlar daha pis tendensiyalara yol açmayacaqmı?
- Aydın məsələdir ki, Azərbaycanda ədalət yoxdur və məhkəmə sistemi vasitəsilə ədalətə nail olmaq imkanları aşağıdır. Elinanın işi bunun yalnız nümunələrindən biri idi. Bu hal ona əsas vermir ki, ölüm cəzasının bərpasını tələb etsinlər. Təbii ki, qeyd etdiyim kimi insanlar bu cür hallarda emosionallaşırlar və ölüm cəzası kimi ekstrim tələblər irəli sürürlər. Sadə insanlarla bağlı bunu anlayıram. Amma hüquqşünasların, tanınmış şəxslərin (yaxud ziyalıların) və vətəndaş cəmiyyəti üzvlərinin bu halda öz emosiyalarına uyğun tələblər səsləndirməsi və əqlə uyğun mühakimə yürütməməsi onların əslində zay təfəkkürə sahib olduqlarını göstərir. Əslində onlar insanların emosiyalarını sakitləşdirməyə çalışmalı idilər. Lakin bunu etmədilər. Özləri də iddia etdikləri mövqelərinin ziddinə gedərək emosiyalarının əsiri oldular. Xüsusilə hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri üçün bu, ayıb məsələdir. Ən azından onlar Azərbaycanda hüquq sisteminin nə yerdə olduğundan xəbərdardırlar və bu vəziyyətdə ölüm cəzasının fəsadlarını daha yaxşı anlaya bilərdilər. Lakin anlamadılar. Buna görə də bu petisiyaya qoşulub ölüm cəzası tələb edən hüquqşünasların və vətəndaş cəmiyyəti nümayəndələrinin özlərinin zay təfəkkürlə hərəkət edən şəxslər olduğu qənaətinə gələ bilərik və onların iddialı olduqları mövqelərə layiq olmadıqlarını görə bilərik.
- Inkişaf etmiş ölkələrdə, Qərb ölkələrində, insan hüquqlarına hörmət edən ölkələrdə bu kimi cinayətlərdə cinayətkarlar necə cəzalandırılır? Bizim qanunvericiliyimiz həmin ölkələrdəki qanunlara uyğundurmu?
- Qərb ölkələrinin əksəriyyətində bu cinayətlər uzunmüddətli azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır (bunun istisnası ABŞ-ın bəzi ştatlarıdır ki, bu ştatlarda analoji əməllərin ölüm cəzası ilə cəzalandırılması nəzərdə tutulub). Azərbaycan da hazırda qoşulduğu beynəlxalq hüquqi müqavilələrlə eyni cür cəzalandırma tətbiq edəcəyi öhdəliyini götürüb.
- Hüquqşünas olaraq siz nə təklif edərdiniz? Bu kimi işlərdə, uşaqlara qarşı zorakılıq və s. kimi işlərdə istintaqın normal aparılması üçün, məhkəmənin ədalətli qərar çıxarması üçün nə lazımdır? Nə çatışmır?
- Məncə, hazırkı Azərbaycan qanunvericiliyi uşaqlara qarşı törədilmiş cinayətlərin araşdırılması və cəzalandırılması üçün kafi hüquqi baza nəzərdə tutur. Mən hesab edirəm ki, bu cür halların qarşısının alına bilməməsi daha çox praktiki məsələdir. Hamımıza məlumdur ki, hazırda Azərbaycanda polis gücü korrupsiyalaşıb və öz işini görməyib başqa işlərlə məşğuldur. Hesab edirəm ki, bu korrupsiyalaşma halı aradan qaldırılsa və polis öz əsl işi ilə məşğul olsa bu halların aradan qaldırılması, araşdırılması və ədalətli cəzalandırılması üçün ciddi zəmin yaranar. Hazırda isə bu, mümkün deyil.
Rəy yaz