Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

Sual: Xalid bəy, yeni media qanunun hazırlanmasına zərurət vardımı? Əvvəlki qanun layihəsində nələr çatışmırdı ki, yeni qanun layihəsi hazırlandı? 

Cavab: “Media haqqında” qanun layihəsi təklifi “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci ilin yanvarında imzaladığı fərmana uyğun hazırlanıb. Məncə, qanun layihəsi təşəbbüsü zamanı belə bir zərurət rəsmən açıqlanmalı idi. Ancaq qeyd etdiyim fərmanda yeni qanun layihəsinin hazırlanması zərurətindən bəhs edilməyib. Ümumilikdə, belə qanunun qəbuluna təxirəsalınmaz bir ehtiyac görünmür. Azərbaycan 20 il əvvəl Avropa Şurasına qəbul edilərkən, media qanunvericiliyinə ciddi dəyişikliklər edilib, AŞ tərəfindən rəğbətlə qarşılanmışdı. Daha sonra, internet mediası ilə bağlı zərurətlər ortaya çıxdığından, KİV qanununa müvafiq əlavələr də edilmişdi. Məncə, əlavə və dəyişikliklərlə hazırda qüvvədə olan qanunvericiliklə davam etmək olardı. Hazırkı qanunvericilik media azadlığı ilə bağlı məsələləri yüksək səviyyədə olmasa da tənzimləyir. Zərurət daha çox başqa məsələlərdə, məsələn, böhtan və təhqirə görə məsuliyyət məsələsinin islahat edilməsi kimi məsələlərdə daha aydın görünür. Təbii ki, hökumət fərqli düşüncədə ola bilər. Ancaq gərəklidir ki, hökumətin ortaya qoyduğu, az qala qanuna çevrilmə mərhələsində olan qanun layihəsi aydın olsun, medianın maraqlarına xidmət etsin, ifadə və media azadlığını gərəksiz yerə məhdudlaşdıran məzmunda olmasın. 

Sual: Bu qanun layihəsi neyə belə tələm-tələsik, ictimai müzakirə olunmadan parlamentə təqdim olundu? Bunun özü qanun pozuntusu deyilmi?

Cavab: “Media haqqında” qanun mövzusu 2-3 ay müzakirə mövzusu oldu, ancaq heç bir layihə açıqlanmamışdı. Müxtəlif tərəflərin rəyləri öyrənilirdi, bu, ictimai müzakirə hesab edilə bilməz. İctimai müzakirə, son 5-6 gündə olduğu kimi konkret layihə əsasında olmalı idi. Təəssüflər olsun ki, bu, baş vermədi. Qanun layihəsi təklifinin Milli Məclisdəki müzakirələrinə qədər qapalı tutulması, informasiya açıqlığı ilə bağlı milli qanunvericiliyimizə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil. Milli Məclisin bununla bağlı yaxşı təcrübəsi də var, 2005-ci ildə parlamentin qəbul etdiyi “İnformasiya əldə edilməsi haqqında” qanun, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübədən istifadə edilməməsi təəssüf doğurur.

Sual: Yeni qanun layihəsində əsas narahatedici məqamlar hansılardır?

Cavab: Qanun təklifi ilə Azərbaycan Konstitusiyasının, Avropa İnsan Haqlari Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur. Bütün bu hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələrlə milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir. Avropa Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Hazırkı təklif qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır. Qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı ifadə edir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasınə əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər. Layihə təklifindəki lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlərə geniş imkanlar verir. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet telviziyalarının “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyi ciddi şübhələr doğurur. Belə narahatlıq doğuran məqamlara qanun təklifinin əksər müddəalarında rast gəlinir.

Sual: Qanun layihəsi bu formada qəbul olunarsa müstəqil media və freelance jurnalistləri nə gözləyir?

Cavab: Qanun təklifi o şəxsləri qanuni jurnalist fəaliyyəti ilə məşğul olanlar çərçivəsinə daxil edir ki, onların ən azı bir media ilə əmək və ya xidmət müqaviləsi olmalıdır. Hər hansı azad jurnalist media reyestrinə daxil olub, qanuni fəaliyyətlə məşğul olmaq istəyirsə, belə müqaviləyə sahib olmalıdır. Vergi ödəyicilərinin fəaliyyət kodları arasında jurnalistika fəaliyyəti növü də var, hesab edirəm ki, belə vergi qeydiyyatına sahib olmaq yetərli olmalıdır. Qanuni peşə fəaliyyəti ilə məşğul olmaq üçün belə məhdudiyyətlər qanun layihəsi mətnində kifayət qədərdir. Ona görə, müstəqil medianı, azad jurnalistləri yaxşı şeylərin gözlədiyini söyləmək çətindir.

Sual: İnternet media üçün hansı yeniliklər var bu qanun layihəsində? 

Cavab: Qanun təklifi 4 növ media subyekti müəyyən edir ki, onlardan biri - audiovizual media subyektləri ilə bağlı tənzimləmələr ciddi qüsurları ifadə edir. “Audiovizual media subyektləri” 6 növdə təsnifləndirilir: yerüstü yayımçılar, platforma yayımçısı, platforma operatoru, multipleks operatoru, infrastruktur operatoru, sifarişli yayım xidməti provayderi. Audiovizual media subyektləri, xüsusilə də “platforma yayımçısı və operatoru” ilə bağlı layihədə nəzərdə tutulan tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Bu anlayış yenidir, media qanunlarında belə təcrübə yoxdur. Layihəyə görə, “platforma yayımçısı” audiovizual proqramların məzmununa cavabdehlik daşıyan, həmin proqramları platforma vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxslərdir. Layihə “platforma yayımçıları”na dövlət qurumundan lisenziya almaq şərti qoyur. “Platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet televiziyalarının “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyi ciddi şübhələr doğurur. Yerdə qalan onlayn media nümunələri üçün gətirilən şərtlər çap mediasına tələblərlə eynidir. 

Sual: Sizin təklifləriniz nədən ibarətdir? Yeni media qanunu qəbul olunacaqsa, həmin qanun layihəsində mütləq nələr olmalıdır ki, medianın azad və normal fəaliyyətinə şərait yaradan normal bir qanun layihəsi ortaya çıxsın?

Cavab: İndiki mərhələdə kiçik redaktələrlə ortada olan qanun layihəsini medianın azad və normal fəaliyyətinə şərait yaradan hala gətirmək mümkün görünmür. Mən və qanun layihəsi təklifinin məzmununu azad media üçün təhlükəli sayan həmkarlarımız, layihə təklifinin müzakirəsinin dayandırlmasını, yenidən işçi qrup yaradılmasını, Avropa Şurası Venesiya Komissiyasının da rəy verməsi üçün təqdim edilməsi üçün yeni qanun layihəsi təklifinin hazırlanmasını uyğun hesab edirik.    

Kamran Mahmudov

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti