Фото из открытых источников
Mərkəzi Bankda və Maliyyə Bazarlarına Nəzarət Palatasında kadr islahatarına ehtiyac var
***
-Əkrəm bəy, problem kreditlərin həlli ilə bağlı prezidentin fərmanının icrasından sonra vəziyyət nə yerdədir? Problemli kreditlərin həcmi gözlənilən qədər azalıbmı?
-Fərman sırf istehlak kreditləri ilə bağlıdır. Özü də müəyyən çərçivə daxilində: 1) xarici valyutada bir şəxsin borcu 10000 dolları ötmürsə, məzənnə fərqinin dövlət tərəfindən ödənilməsi (kompensasiya edilməsi); 2) 10000 dollar və ya 17000 manatı ötməyən kreditlərin restrukturizasiyası: 5 il müddətinə illik 1% dərəcəsi ilə yeni kredit müqaviləsinin bağlanması yolu ilə. Fərman digər kreditlərə şamil edilmir. Amma aid olduğu kreditlər üzrə də gözlənilən azalma baş verməyib.
-Problemli kreditlərin həcmində ciddi azalmanın baş verməməsinin səbəbi nədir?
-Əvvəla və əsası ona görə ki, Fərmanın 2-ci hissəsinin icrası çox ləng gedir: kredit təşkilatları, bir qayda olaraq, mövcud kreditləri restrukturizasiya etməkdən yayınır. Digər tərəfdən, Fərmanın 1-ci hissəsi üzrə kompensasiyalar mayın 28-dək ödənilməli olsa da, indiyədək proses bitməyib. Əsasən ləğv prosesində olan, yəni müflisləşmiş banklar üzrə. Məlum olduğu kimi, onların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur (ƏSF). Deməli, problemi yaradan ƏSF-dir. Xeyli borcalan vətəndaş var ki, indiyədək ƏSF onların xarici valyutada olan kreditləri üzrə dövlətdən kompensasiya vəsaitini almayıb və ya vətəndaşa qaytarmayıb (vətəndaş məzənnə fərqini özü banka ödədiyi halda). ƏSF niyə belə edir? Axı sağlam məntiqə görə, əksinə, fəaliyyətdə olan banklarda olduğu kimi, ƏSF də dövlətdən həmin vəsaiti tez almaqda maraqlı olmalıdır. Tutaq ki, lap vətəndaşa müəyyən məbləğin qaytarılmasında ƏSF-dən canfəşanlıq gözləmək əbəsdir, bəs özünə çatacaq pulu niyə almır? Onu da başa düşürəm ki, ƏSF bağlanmış bankların kreditorlarını da düşünmür (halbuki ilk növbədə məhz onları düşünməlidir). Amma axı bəzi banklarda (məsələn, "Bank Standard", "Texnikabank") ƏSF heç kompensasiya etdiyi sığortalanmış əmanətlərin də məbləğini geri götürə bilməyib axı. Buna görə də problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmalı idi. Niyə olmadı?
Belə bir versiya (bank ictimaiyyəti çərçivəsində sirr deyil) var ki, səbəb odur ki, ƏSF Maliyyə Bazarlarına Nəzarət Palatasının buraxdığı səhvi ört-basdır etmək üçün belə edir. Hansı səhvi? Məlumdur ki, sözügedən Fərmanın hazırlanmasında Palata iştirak etməyib. Hamı kimi Palata Fərman haqda mətbuatdan xəbər tutub. Bununla belə, təbii, Fərmanın müəllifləri onun əhatə edəcəyi borcalan sayı və ən əsası dövlət tərəfindən ödənilməli olan məbləğ haqda məlumatlı olmalı idilər. Bu məlumatı isə yalnız Palatadan əldə etmək olardı. Buna görə də müəlliflər Palataya müraciət edərək borcalanlar və borc məbləği haqda məlumatı alıblar. Lakin Palata yalnız balans məlumatlarını ötürüb. Balansarxası məlumatları isə verməyib. İstisna deyil ki, Fərmanın müəllifləri də Palataya sorğunu dolğun verməyiblər (hər halda Fərmanın dili və üslubundan görünür ki, müəlliflərin də səviyyəsi elə də yüksək deyil!) və məhz buna görə də Palatanın məlumatı tam olmayıb. Amma hər bir halda Palata bank sahəsinə nəzarət edən peşəkar qurum kimi sorğunu dəqiqləşdirməli və məlumatı tam verməli idi.
Burada kiçik izah verim. Deməli, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na əsasən banklar ümidsiz kreditləri balansdan silməlidir. Bu, o demək deyil ki, kredit borcalana bağışlanır, xeyr! Sadəcə ümidsiz kreditləri balansda saxlamaqla banklar maliyyə vəziyyətlərini olduğundan yaxşı göstərməkdə maraqlıdır (təcrübədə belə yanaşma nadir deyil, buna ən bariz nümunə müflisləşmiş ən iri bankımız - "Bank Standard"tdır: ümidsiz kreditlərin keyfiyyətini yaxşı göstərib, onu yoxlayan Mərkəzi Bank və auditoru "KPMG" də buna göz yumub). Buna görə də qanunvericilik tələb edir ki, banklar balanslarını şişirdərək ictimaiyyətdə və müştərilərində barələrində yanlış təsəvvür yaratmasınlar. Amma hər bir halda qaytarılmayan kreditin balansarxası uçotu davam edir. Problemli dollar kreditlərinin əksəriyyətində vəziyyət məhz belədir. Fevralın sonunadək onların çoxu ümidsiz idi, amma dövlət məzənnə fərqini üzərinə götürərək faktiki olaraq banklar üçün diriltdi!
İndi isə qayıdaq əsas məsələyə. Deməli, Palata Fərman müəlliflərinə xarici valyutada olan problemli kreditlər haqda tam məlumat verməyib. Ən azı balansarxası kreditlər haqda. Nəticədə Fərman müəllifləri dövlətin ödəməli olduğu məbləğ haqda yanlış hesablamalar aparıblar. Yəni əslində dövlət daha çox vəsait ayırmalı idi. Buna görə də Fərmanın əsas icraçısı olan Palata qarşısında ilk gündən ciddi problem yaranıb: çatışmayan məbləği hardan tapsın? Fərman müəlliflərinə irad tuta bilməzdi ki, siz mənə məramınızı bildirsəydiz, mən tam məlumat verərdim! Səhvini etiraf da etmədi! Bəs nə etdi?
Təbii, Palata dərhal başa düşdü ki, bu işdə (səhvini ört-basdır etməkdə) fəaliyyətdə olan banklar ona kömək etməyəcək. Çünki onlar qısa zamanda pullarını götürməkdə maraqlıdır. Maraqlı olmayan isə yiyəsiz banklardır. Yəni ləğv prosesində olanlar. Hansıları ki, ƏSF-ə tapşırıblar. ƏSF isə faktiki olaraq Palatanın tabeliyindədir. ƏSF-nin rəhbəri Vüqar Abdullayev Palatanın rəhbəri İbrahim Alışovun dostudur. Hər ikisi də vəzifələrinə daimi əsaslarla təsdiq olunmayıb. Sadəcə müvəqqəti icra edirlər. Buna görə də bu müvəqqəti icraçılığı maksimum uzatmaqda maraqlıdırlar.
Beləliklə, bağlanmış bankların xarici valyutada olan problemli kreditləri üzrə dövlətdən kompensasiyanı almaqda maraqlı olmayan ƏSF bununla Palataya kömək edir. Təbii, bütün kreditlər üzrə belə etmir. Sadəcə elə çərçivədə edir ki, dövlətin ayırdığı məbləğ aşılmasın və ölkə rəhbərliyi işdən hali olub soruşmasın ki, əlavə məbləğlər niyə lazımdır, niyə vaxtında fərqli rəqəm haqda məlumat verilmişdi!
Palatanın və ƏSF-nin hesablaması (məntiqi) təxmini belədir: 1) vətəndaşların əksər hissəsi onsuz da ya haqqını bilmir, ya da tələb etmir (qorxur və s.), buna görə də onların krediti üzrə dövlətdən heç nə almayaq və deyək ki, güzəştə düşməyən borclardır və vətəndaşdan tam ödənişi tələb edək; 2) haqqını bilən vətəndaşlar isə uzaqbaşı məhkəməyə üz tutacaq, ƏSF-nin isə bağlanmış banklarda sığortalanmış əmanətlərin kompensasiyasından yayınmaq və əmanətçiləri məhkəmələrdə bir neçə il çürütmək kimi böyük təcrübəsi var (məhkəmə iclaslarına gəlmirlər və proses uzanır, vətəndaşın xeyrinə çıxarılmış qərarı gec götürüb gec şikayət verirlər ki, iş uzansın və s. və i.a.). Nəticədə ayrılan məbləğ aşılsa belə (əgər əksəriyyət məhkəmələrə üz tutsa), bu bir neçə ildən sonra bəlli olacaq. O vaxtadək isə "ya xan ölər, ya eşşək" məntiqi ilə düşünür bizim Palata və ƏSF!
-Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun verdiyi məlumata görə, prezident fərmanının xarici valyutalı kreditlərə görə kompensasiyanın ödənməsini nəzərdə tutan birinci hissəsinin icrası başa çatdırılıb. Amma manat kreditlərinin restrukturizasiyası ilə problem hələ qalmaqdadır. Bu problem niyə öz həllini tapmır?
-Əvvəla, Elman Rüstəmov ənənəvi olaraq yalan danışır: qeyd etdiyim kimi, kompensasiyaların ödənilməsi prosesi bitməyib. Kreditlərin restrukturizasiyasına gəldikdə isə həqiqətən Fərmanın bu hissəsinin icrası ümumiyyətlə çox ləng gedir. Bir neçə səbəb var.
1. Kreditlərin resturkturizasiyası banklara tövsiyə edilib. Yəni edə bilərlər, etməyə də. Təbii, Azərbaycan şəraitində banklar açıq-aşkar Prezidentin tövsiyəsinə qarşı getməz. Amma onu sabotaj edə bilərlər. Edirlər də.
2. Bildiyim qədər, Mərkəzi Bankın özü də bu sabotaja qoşulub və Fərmanla nəzərdə tutulan 682 mln. manat məbləğində güzəştli krediti hələ də kredit təşkilatlarına verməyib.
3. Fərmanın özündə restrukturizasiya mexanizmi dəqiq təsbit edilməyib. Məsələn, ləğv prosesində olan banklar yeni kredit müqaviləsi bağlaya bilməz. Çünki bank lisenziyaları ləğv edilib. Digər tərəfdən, kredit təşkilatları bir ay müddətində məhkəmədə (o cümlədən icra prosesində) olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idi. Lakin onlar bunu etsə və borc alanlar yeni kredit müqaviləsi bağlamaqdan imtina etsə, banklar tələb hüquqlarını itirmiş olacaqlar.
-Bağlanmış banklar və hazırda BOKT kimi fəaliyyət göstərən təşkilatlarda problemli krediti olan vətəndaşlar kompensasiyanı almaqda və ya restrukturizasiya ilə bağlı çətinliklərlə qarşılaşırlar. Problemli krediti olan şəxslərlə manat kreditlərinin restrukturizasiyası bağlı bağlanmış banklar və hazırda BOKT kimi fəaliyyət göstərən təşkilatlar müqavilə imzalamaqdan imtina edirlər. Ümumiyyətlə bəzi təşkilatlar bu barədə xəbərsiz olduqlarını bildirirlər. Bu da insanlarda bəzi şübhələr yaradır ki, həmin təşkilatlar restruktrizasiya üçün ayrılmış vəsaitlərdən özləri yararlanmağa çalışırlar. Bu şübhələr nə qədər əsaslıdır? Ola bilərmi həmin təşkilatlar hansısa bir formada maxinasiyalara yol versin?
-Xeyr, düşünmürəm ki, burada maxinasiyaya yol verilsin. Çünki proses bütün aidiyyəti dövlət qurumlarının nəzarəti altında gedir. Onların da bir-biri ilə münasibəti yaxşı deyil. Hər bir halda vəsait hələlik heç ayrılmayıb da. Ayrılsa belə, kredit təşkilatları ümumən, bir qayda olaraq, resturkturizasiya da maraqlı deyillər.
-Prezident fərmanı ilə problemli kreditlərin həlli ilə bağlı ayrılan vəsait bu problemi tam həll edə biləcəkmi? Fərmanın icrasına başlanandan sonra hansı bilinməyən həqiqətlər üzə çıxdı?
-Təbii, problemi tam həll edə bilməz. Say baxımdan problemli borclular kəskin azalacaq. Ancaq ümumi məbləğ baxımdan problemin heç 25 faizi də həllini tapmayacaq. Üzə çıxan həqiqətlərə gəldikdə, şəxsən mənim üçün belə həqiqətlər olmadı. Həmişə bilirdim ki, maliyyə sektorumuzu idarə edən məmurlarımız və bankirlərimizin əksəriyyəti savadsız, acığöz və nadürüstdür. Dövlət başçısının belə böyük müsbət addımını da gözdən sala bildilər.
-Problemli kreditləri tam həll etmək üçün və ümumiyyətlə belə problemlərin yaranmaması üçün hansı addımlar atılmalıdır ki, həm banklar, həm vətəndaşlar, həm də dövlət büdcəsi zəmanət altında olsun və heç kim zərər görməsin?
-Problemli kreditlərin mütləq əksəriyyəti əslində sünidir. Sadəcə bank sahiblərinin və inzibatçılarının "kredit" adı ilə bankdan çıxarılmış vəsaitlərdir. Onun-bunun adına kredit kimi rəsmiləşdirilib. Bunu müəyyən etmək çox asandır. Belə kreditlər iri məbləğdə, aşağı faizlə, uzun müddətə, girovsuz və konkret təyinatı göstərilmədən real biznesi olmayan şəxslərin adına sahibkarlıq krediti kimi rəsmiləşdirilib. Bunu kim müəyyən etməlidir? Palata və hüquq-mühafizə orqanları. Niyə etmirlər? Çünki əl əli yuyur, əl də üzü! Axı məmurlamızın böyük hissəsi də faktiki olaraq sahibkardır və hətta bankirdir. Buna görə də bu işin icrası üçün xüsusi qurum yaradılmalıdır. Savadlı və dürüst hüquqşünaslar, iqtisadçılar və jurnalistlərdən ibarət. Bir il ərzində hər şeyi üzə çıxarıb, faktiki olaraq oğurlanmış pulları qaytarmaq olar. Bununla da problemli kreditlərin əksəriyyəti qaytarılacaq. Yerdə qalan real problemli kreditlərə isə dövlət hesabına güzəşt də etmək olar.Gələcəkdə belə problemlərin qarşısını almaq üçün ilk növbədə bank qanunvericiliyi kəskin təkmilləşdirilməlidir. Prezident 2004 və 2014-cü illərdə Bank Məcəlləsinin hazırlanması barədə göstəriş verib. Hələ də icra olunmayıb. Buna görə də atılmalı olan mühüm addımlardan biri də kadr islahatları olmalıdır. İlk növbədə Mərkəzi Bankda və Palatada.
Rəy yaz