Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

-Samirə xanım, yeni il öncəsi insanlarda bayramın qeyd olunmasına qarşı gərgin psixoloji təzyiq hiss olunurdu. Sizcə, bu sosial- psixoloji vəziyyətin səbəbi nə idi? Sizin araşdırmalarınız və təhqiqatlarınız bu barədə nə deyir?

Samirə Qasımlı -Bu sualı Azərbaycan cəmiyyətinin ictimai-siyasi proseslərlə bağlı məlumatlılığı üzərindən cavablandırmaq istərdim. Bu yaxınlarda “İmpuls” Tədqiqat Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, əhalinin 81,5%-i siyasi xəbərlərlə maraqlanır və onların 46,9%-i məlumatları sosial şəbəkələrdən və İnternet resurslardan alır. Sorğunun nəticələri 29% insanın siyasi məlumatları TV kanallardan aldığını göstərib. Bu rəqəmlər insanlarımızın siyasi məlumatlılığı haqqında bizə kifayət qədər bilgi verir ki, bu rəqəmlərə əsaslanaraq insanlarımızın ölkənin ictimai-siyasi həyatı ilə bağlı məsələlərə yanaşmasına dair müəyyən mülahizələr irəli sürə bilək. Sizin sualınızın cavabına gəlincə, dediyiniz məsələ məhz bu informasiya kanallarında, xüsusilə də sosial mediada müzakirə olunmaqda idi. İctimai rəyin formalaşmasında sosial medianın əhəmiyyətli rolunu nəzərə alaraq deyə bilərik ki, əhali arasında bayramla bağlı gəzən söhbətlər sosial şəbəkələrdə və İnternet resurslarındakı müzakirələrin davamı idi. Lakin bu, daha çox müharibəsonrası əhval-ruhiyyə idi. Yeni ilin şənlik edilməsinin əleyhinə çıxan insanlar özlərini ayyarım öncəki müharibədə itkin və şəhid düşən soydaşlarının qarşısında günahkar hiss edirdilər. Deyə bilərsiniz ki, axı bayramdan elə 20 gün əvvəl Qələbə Paradı keçirilmişdi. Qələbə Paradı hərbi mahiyyəti olan bir göstəri idi. Yeni il isə bayram deməkdir, şənlənmək deməkdir.

-Amma illərdir məğlub, torpaqları işğal altında olan, şəhidləri olan xalq bayrama aqressiv yanaşmırdı. Hətta elə il olub ki, faciəvi hadisə ilə qarşılanıb. Məsələn, 2015-ci il dekabr ayında Günəşli yatağında baş vermiş faciə nəticəsində 32 neftçi həyatını itirmişdi. Amma bununla belə Yeni il bayramı ənənəvi olaraq qeyd olundu və heç kim buna etiraz etmədi. Bəs 44 günlük müharibədən qalib kimi çıxmış bir xalqın bayramı qeyd etməyə aqressiv yanaşmasının alt yapısında nə dayana bilər?

-Mən bu suala da yenə həmin rəy sorğusunun nəticələrindən başlayaraq cavab vermək istəyirəm. Sorğuda respondentlərdən ölkənin ən vacib problemlərini göstərmələri xahiş edilmişdi. Sorğunun təhlili göstərmişdi ki, respondentlər Qarabağ münaqişəsini ölkənin ən vacib problemi kimi (32,6%) önə çəkiblər, yəni Qarabağ münaqişəsi Azərbaycan insanı üçün artıq həyati vacib bir məsələyə çevrilmişdi. Onu da qeyd etmək istəyirəm ki, “İmpuls” Mərkəzi bu sorğunu ötən ilin yay aylarında – Tovuz müharibəsi və general Polad Həşimovun şəhid olduğu dönəmdə keçirmişdi. 27 sentyabrda başlayan 44 günlük müharibə dönəmində cəmiyyətimizdə müharibə ilə bağlı yaranan birlik və həmrəylik Qarabağ torpaqlarının işğaldan azad edilməsinin insanlarımız üçün ən vacib məsələ olduğunu göstərdi. 44 gün ərzində bütün cəmiyyət psixoloji olaraq cəbhəyə köklənmişdi. Cəmiyyət cəbhədən gələn hər xəbərə birgə sevinirdi, birgə kədərlənirdi. Bütün bunlar həm də bir şəbəkədə cərəyan edirdi. İnsanlar cəbhədə baş verənləri virtual olaraq paylaşırdılar, virtual olaraq həm dərdləşirdilər, həm də bir-birlərinə dəstək olurdular. Cəbhədə vuruşan hər qazi, hər şəhid sanki sosial şəbəkə üzvlərinin doğmasına çevrilmişdi. İnsanlar uzaqda baş verənləri sosial şəbəkələrin imkanları ilə yaxından görür və hiss edirdilər. Təbii ki, bütün bunlar hər kəsin psixoloji durumuna və yanaşmasına müəyyən şəkildə təsir göstərmişdi. Odur ki, müharibənin bitməsindən bir ay yarım sonra yeni ili bayram edib-etməmək barədə cəmiyyətdə müzakirələrin başlaması təbii idi. Çünki 44 gün ərzində müharibədə həlak olan şəhidlərin videolarını, fotolarını, vəsiyyətlərini, ailələrindən görüntüləri hamı birgə paylaşırdı, hamı o acıları birgə yaşayırdı, birgə ağlayırdı. Məhz buna görə də yeni ili şənlik etməyi şəhidlərin qarşısında günah hesab edən insanlar cəmiyyəti bu məsələdə də birlik göstərməyə çağırırdı. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində insanlarımız çoxdandır görünməyən həmrəylik və birlik nümayiş etdirdi. Bu da onu deməyə əsas verir ki, insanlarımız inandığı, doğru bildiyi bir məsələyə görə birləşə də bilər, o prosesə aktiv qatıla da bilər. Mən nə üçün inam sözündən istifadə etdim, çünki az əvvəl istinad etdiyim sorğuda Azərbaycan vətəndaşlarının siyasi apatiyasının, ölkənin ictimai-siyasi proseslərdən qopmasının və tamamilə kənarda durmasının səbəbi araşdırılmışdı. Əldə olunan nəticələrin təhlili göstərib ki, cəmiyyətdə mövcud olan siyasi apatiyanın başlıca səbəbi siyasi səhnənin aktyorlarına güvənsizlik, seçki institutuna olan inamsızlıqdan qaynaqlanır. 70% respondent nə üzdə olan siyasətçilərə, nə də siyasi partiyalara etibar edir, 82,6% respondent isə seçki institutuna etimad göstərmir. Odur ki, biz ölkəmizin ictimai-siyasi həyatında vətəndaşlarımızın iştirakını görmürük. Bir sözlə, siyasi aktivlik və siyasi iştirak çox aşağıdır. Lakin müharibə dövründə isə biz bunun tam əksini müşahidə etdik. Həm müharibəyə könüllü getmək istəyənlərin, həm cəbhəyə aşağıdan göndərilən yardımların  kütləviliyi göstərdi ki, vətəndaşlarımız inandıqları və özününkü hesab etdiyi bir məsələdə həm həmrəy ola bilərlər, həm də birgə aktiv iştirak edə bilərlər.

-Prezidentin öz doğum günündə yolka qarşısında çıxış etməsinə baxmayaraq, ölkədə yolka bəzədilməsinə qarşı çıxanlar da vardı. Hətta yayılmış videolarda əsgərlərin yolka yandırmasını əks etdirən görüntülər də var. Bundan başqa bəzi rayonlarda yolka qurulmasına qarşı kiçik etirazlar da baş verdiyi və bunun nəticəsində həmin şəhərlərdə yolka qurulmadığı da deyilir. Ola bilərmi, müharibənin itkilərini əsas gətirərək bu vəziyyətdən kimlərsə başqa məqsədlər üçün istifadə etsin? Din faktorunu qabartmaq istəyənlər ola bilərmi?

-Mən belə düşünmürəm. Çünki bizim keçirdiyimiz Yeni il bayramı dini mahiyyətindən qopardılmış və təqvimin dəyişməsini simvolizə edən beynəlxalq bayramdır. Sovetlərin dönəmindən bu yana onilliklərlə keçirilən bu bayram artıq bizim mədəniyyətimizə daxil olub və bu bayram ən çox uşaqların sevimli bayramına çevrilib. Uşaqlar bu bayramın dindən gələn simvollarına deyil, onlar üçün sevincli anlar yaşadan simvollarına bağlıdırlar və hər il onun gözləntisindədirlər. Məhz buna görə də o qədər dindar insan var ki, bütün bunlara fərqli dini köklərə bağlı simvol kimi deyil, sadəcə, uşaqlara bağlı və onlara sevinc gətirən simvollar kimi yanaşır. Odur ki, mən bu məsələdə dini baxışlardan qaynaqlanan problem görmürəm.

Prezidentin bəzədilmiş şam ağacının fonunda şəklinə gəlincə, mən bunu mesaj kimi qəbul etdim. Bundan əvvəlki illər prezidentin doğum günü ilə bağlı yayılan fotoları, sadəcə, masa arxasında ailə görüntülərindən ibarət idisə, builki foto prezidentin və vitse-prezidentin məhz bəzədilmiş şam ağacının fonunda çəkilmiş foto idi. Düşünürəm ki, ölkənin birinci şəxsləri həmin foto ilə cəmiyyətdə yeni il şənliyi ətrafında gedən müzakirələrə qoşularaq öz mövqelərini sərgilədilər.

-Atəşfəşanlığa qarşı çıxanları haradasa anlamaq mümkündür. Çünki demək olar ki, hər kənd, rayon, şəhər, məhəllədə, küçədə şəhid ailəsi var. Atəşfəşanlıq həmin ailələrə mənfi təsir edə bilər. Eyni zamanda atəşfəşanlığın səsi döyüşdən, partlayışların içərisindən yeni qayıtmış qazi və hərbiçilərə aldıqları psixoloji travmanı yenidən yaşada bilərdi. Amma hamının evinin içində illərdir ənənəvi formada qeyd etdiyi bayrama qarşı bəzi insanların kütləvi formada belə aqressiv yanaşması şübhələr yaradır. Zatən müharibə dövründə bu savaşı dini qarşıdurma kimi qələmə vermək istəyənlər var idi. Bu kimi addımlardan həmin dini qarşıdurma kimi qələmə vermək istəyənlər istifadə edə bilərlərmi?

-İcazənizlə, bu fikirlə də razılaşmayım. Bu, bir reallıqdır ki, ölkəmizdə inanclı insanların sayı az deyil. Təəssüf ki, cəmiyyətin inanclı kəsiminin dindarlığının dərəcələrini ölçən araşdırma olmadığından bu barədə mülahizə yürütmək çətindir. Ancaq mən sizə öz şəxsi müşahidələrimə söykənərək onu deyə bilərəm ki, bizdə daha dindar kəsim hələ o qədər böyük deyil ki, cəmiyyət belə məsələlərdə ikiyə parçalanmış olsun. Ötən ilin 15 iyul gecəsində Bakıda spontan baş verən yürüşdə mən şəxsən iştirak etmişəm. Mənim marağım həmin etirazçı insan kütləsinin içində olmaq və onların davranışını yaxından müşahidə etmək idi. O yürüşdə mənim diqqətimi çəkən maraqlı bir məqam oldu. Dəfələrlə həm yürüş, həm də parlamentin önündə toplaşma zamanı dini şüarlar səsləndirildi, lakin o şüarlar kiçik bir qrupun cəhdi kimi göründü. Dini şüarları bütün kütlə səsləndirmədi və o cür şüarlar səsləndiyi kimi də həmən tez sönürdü. Lakin digər vətənpərvərliklə, şəhidlərlə, yaxud müharibə ilə bağlı şüarlar dayanmadan kütləvi olaraq birgə deyilirdi. O gecə gördüyüm bu kiçik epizodlar cəmiyyətdə dini maraqların siyasi maraqlardan qat-qat aşağı olduğunu düşünməyə əsas verir. Az əvvəl bəhs etdiyim sorğuda respondentlərə “həyatda ən çox nəyə dəyər verirsiniz” sualına cavabda insanlar ailəni, ədaləti, dürüstlüyü, xeyirxahlığı, insanlığı, mehribanlığı, demokratiya və azadlığı, sağlamlığı önə çəkərək dini-imanı 6-cı və 7-ci sıralarda göstəriblər. Demək istədiyim odur ki, bizdə din cəmiyyətdə qarşıdurma yaradacaq dərəcədə ayaq tutmayıb.

-Son olaraq, sizcə, bu gərgin sosial-psixoloji vəziyyət bitəcəkmi? Və bunun bitməsi üçün hansı addımlar atılmalıdır?

-Düzünü desəm, mən bu məsələdə ciddi gərginlik görmürəm. Gördüyüm odur ki, insanlarımızın real həyatda, ictimai-siyasi proseslərdə iştirakı çox aşağı olduğundan özünü ifadə etməyə tələbat yaranır. Bu tələbat da daha çox sosial şəbəkələrdə - virtual aləmdə bu və ya digər məsələlərə münasibət bildirməklə qarşılanır. Əgər özünüz də müşahidə etmişdinizsə, müharibədən öncə insanlarımızın çox əsəbi, stresli, qəzəbli halını və davranışlarını görürdük. Müharibə dönəmində isə əksinə insanlarda mehribanlaşma, yaxınlaşma sezilməyə başladı. Müharibə bitdi, insanlar yenə real ictimai-siyasi həyatdan qopub virtual məkana qapıldılar. Demək istədiyim odur ki, siyasi açılım olmayınca, siyasi institutlara, xüsusilə seçki institutuna güvən və etimad formalaşmayana qədər kütləvi ovqatın bu şəkildə davam edəcəyi şübhəsizdir. 

 

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti