Khudaferin Bridge on the Azerbaijani-Iranian border (presumably, XII—XIII centuries)

Khudaferin Bridge on the Azerbaijani-Iranian border (presumably, XII—XIII centuries)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Baş nazir Əli Əsədovun  imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Bu arada Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə təhsil alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin tələbə biletini təqdim etməklə 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Bəs bütün vətəndaşlar üçün quru sərhədlər niyə açılmır?

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb. 

* * * 

Sual: Rəşad bəy, karantin niyə uzadılır? Quru sərhədlər niyə açılmır? Sizcə, məqsəd nədir? Daha çox yayılmış versiyaya görə, hökumət təhlükəsizlik tədbirləri baxımından bu addımı atır. Nə dərəcədə məntiqlidir bu versiya?

Cavab: Ümumiyyətlə götürəndə bir məsələni qeyd etmək lazımdır. Quru sərhədlərinin açılmaması ilə bağlı sadalanan bütün faktorlar hansısa formada bu gün hökumətin quru sərhədlərin bağlı qalmasından təsirlənir. Yəni bu faktorların hər birinin ayrı-ayrılıqda qəbul edilmiş qərara ola bilsin ki, hansısa bir təsiri də vardır. Amma mən düşünürəm ki, burda ilkin olaraq əsas məsələ təhlükəsizlik məsələsidir. Təhlükəsizlik adı altında ola bilsin ki, bizim də bilmədiyimiz hansısa məsələlərlə əlaqədar sərhədlər bağlı saxlanılır. Bu günə qədər hökumətin davranışlarını və siyasətini izlədiyimdən çıxardığım nəticə ondan ibarətdir ki, hökumət böyük ehtimalla İranla indiki şərtlər daxilində quru sərhədlərini açmaq istəmir. Və bunu istəmədiyi üçün digər ölkələrlə də sərhədləri bağlı saxlayır. Çünki eyni zamanda siyasətində İrana xüsusi bir yanaşmanın təzahür etməsini də gözə almır.  Mənim anladığım qədər burda ən vacib, xüsusi çəkisi çox olan faktor məhz bu faktordur. Amma digər məsələlərin də təbii ki, dolayısı ilə az-çox dərəcədə, müəyyən qədər bu qərarın qəbul edilməsində öz təsiri vardır.

Sual: Ümumiyyətlə götürsək, quru sərhədlərinin bağlı saxlanması bütövlükdə Azərbaycan iqtisadiyyatına necə təsir edir? Müsbət təsirləri varmı? Mənfi təsir edirsə, hökumət ciddi-cəhdlə onu niyə bağlı saxlamağa çalışır?

Cavab: Təbii ki, quru sərhədlərinin bağlı saxlanmasının iqtisadi nəticələri müxtəlif istiqamətlərdə kifayət qədər mübahisəlidir. İlk növbədə burda önə çıxarmaq istədiyim məqam sərhəd bölgələrində yaşayan insanların həyat şəraitinə təsiri məsələsidir. Çünki sərhəd bölgələrində yaşayan 1 milyondan artıq insan xüsusilə cənub bölgəsi İranla, qərb bölgəsi Gürcüstanla və şimal bölgəsi Rusiya ilə quru sərhədləri vasitəsi ilə kifayət qədər xırda ticarət fəaliyyətləri həyata keçirirdi. Həmin bölgələrdə əhalinin gəlirlərində bu fəaliyyətlərdən əldə edilən vəsaitlərin payı əhəmiyyətli səviyyədə yüksək idi. İki ildən artıq müddətdir ki, artıq demək olar ki, 3 ildir bu sərhədlər bağlıdır və sərhədlərin bağlı olması dolayısı ilə qeyd edilən sosial qrupların gəlirlərini əhəmiyyətli səviyyədə pisləşdirir. İlk növbədə bu məqamı nəzərə almaq lazımdır. Amma dolayısı ilə eyni zamanda ölkə əhalisinin böyük əksəriyyəti quru sərhədlərindən bu və ya digər yolla faydalanırdı. Ailə büdcəsinin idarəedilməsi aspektindən. Belə ki, bu insanlar müəyyən daha aşağı qiymətli məhsulları, xüsusilə də avtomobil təmiri, texniki təmir üçün lazım olan avadanlıqları və yaxud da xidmətləri Gürcüstan bazarından, səhiyyə xidmətlərini və yaxud gündəlik tələbat məhsullarını İran bazarından gətirməklə öz ailə büdcələrini məhdud imkanlarla daha səmərəli şəkildə idarə edə bilirdilər.

Sual: Turizm mövsümü gəlir. Turizm sahəsi Azərbaycan hökumətinin prioritet saydığı sahələrdəndir. Azərbaycana quru sərhədlərindən daha çox hava yolları ilə turist gəlir. Bəlkə hökumət quru sərhədləri vasitəsi ilə yerli turistlərin qonşu ölkələrə axınının, eləcə də pul axınının qarşısını almaq məqsədi ilə sərhədləri açmır? Həm yerli turistlər yerli obyektlərə xeyir versinlər, həm də ölkədə valyuta axını xarici ölkələrə çıxmasın. Mümkündürmü?

Cavab: Təsadüfi deyil ki, Azərbaycandan xaricə səyahət edənlərin təxminən 70 faizi quru sərhədlərindən istifadə edirdi. Pandemiyadan əvvəlki dövrdə ölkəyə gələn hər 100 turistdən təxminən 60-ı quru sərhəddindən istifadə edirdi. Quru sərhəddindən istifadə edən turistlər əsasən Rusiya, İran və Gürcüstan mənşəli turistlər idi. Günümüzdə artıq bu imkanlar məhdudlaşdığı üçün qeyd edilən ölkələrdən Azərbaycana gələnlərin sayında da əhəmiyyətli azalmalar müşahidə olunur. Xüsusilə Gürcüstan və İran bazarı buna çox ciddi şəkildə reaksiya verməkdədir. Pandemiyadan əvvəl Gürcüstandan Azərbaycana gələn hər 100 turistdən təxminən 93-ü müxtəlif illərdə yalnız quru sərhəddindən istifadə edib. Bu bazarlar alıcılıq gücü böyük olmayan bazarlardır və bunların xüsusilə hava nəqliyyatında qiymət optimallığının təmin olunmadığı, aşağı büdcəli hava nəqliyyatı ilə sərnişin daşıma xidmətinin təşəkkül tapmadığı bir mühitdə Azərbaycana səyahət etmək imkanları xeyli pisləşdi. Yəni Azərbaycana gələn gürcüstanlı turistlər pandemiyadan əvvəl orta hesabla 300 dollar pul xərcləyirdisə, bu gün 300 dolları yalnız hava nəqliyyat xidmətilərinə xərcləməlidir. Bu da təbii ki, onların Azərbaycanı seçməsi imkanlarını məhdudlaşdırır. Bu isə nəticədə rəqəmlərdə də özünü göstərir. Azərbaycan bu gün bu istiqamətdə ciddi şəkildə itkilərlə üzləşib. Təbii ki, bu eyni zamanda Azərbaycan vətəndaşlarının da öz istirahət yerlərini seçməsi imkanlarına mənfi təsir göstərir. Yəni ənənəvi azərbaycanlı turist də imkanlı turist deyil, alıcılıq gücü yüksək deyil və bahalı hava nəqliyyat xidmətlərindən istifadə edərək öz zövqünə uyğun olaraq başqa ölkələrin turizm xidmətlərindən istifadə etmək imkanı bugünkü şərtlərdə məhdudlaşır.

Sual: Sizin təklifləriniz nədən ibarətdir?

Cavab: Təklif əslində çox bəsitdir. Təhlükəsizlik məsələləri ölkənin təhlükəsizlik qurumları tərəfindən idarə olunmalıdır. İqtisadiyyat bütün mənaları ilə açılmalıdır. O cümlədən quru sərhədləri açılmalıdır. Çünki bizdə iqtisadiyyat onsuz da qapalıdır. Bir sıra fundamental istiqamətlərindən yalnız quru sərhəddinin açıq olması müəyyən mənada xırda ticarətin bu və ya digər yolla, hansısa formada bu bazara əlavə bir hərəkətlilik, canlılıq gətirirdi. İndi bu da məhdudlaşıb. Ümumdünya Səhiyyə Təşkilatı da artıq pandemiya ilə bağlı prosesin başa çatdığını bildirir. Bu şərtlər daxilində ən qısa müddətdə hökumət özünün aidiyyati təhlükəsizlik narahatlıqlarına qarşı tədbirlər görməklə sərhədləri açmalıdır. Sərhədlərin bağlı saxlanılması təhlükəsizlik aspektindən uzunmüddətli dövrdə həll yolu deyil.

Rəy yaz

Təhlükəsizlik

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti