Fotoğraf: Sertac Kayar/Reuters
“Zəlzələ baş verən Qaziantepdə son il Azərbaycanın qeyri-neft ixracından üç dəfədən çox ixrac həyata keçirilib”
Türkiyənin əksər aparıcı televiziyalarının ortaq yayımında gerçəkləşən “Türkiyə, tək ürək” kampaniyasında bir gecədə 115 milyarddan çox türk lirəsi toplanıb. Kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, vətəndaş cəmiyyətinin üzvləri qatılıb.
Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) edib.
Toplanan yardım Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və "Kızılay" cəmiyyətinə bağışlanıb.
Həmin gecədə tamaşaçılafr Türkiyədəki iş adamlarının sanki bir-biri ilə yardım üçün rəqabətə girdiyinin şahidi oldular. İş adamları Türkiyənin onlar üçün yaratdığı biznes şəraiti nəticəsində qazandıqlarını ürəkaçıqlığı ilə zəlzələdən zərərçəkənlərə bağışlayırdılar.
Bəs Azərbaycanda işa adamlarının biznes şəraiti necədir?
İqtisadçı Fərid Mehralızadə mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Fərid bəy, Türkiyənin “Türkiyə, Tək Ürək” kampaniyasından bu ölkənin biznes şəraiti və iş adamları barədə hansı nəticələrə gəlmək olar? Ümumiyyətlə, Türkiyədəki biznes şəraitindən və həmin ölkədə zəlzələ nəticəsində yaranmış vəziyyətdən hansı dərslər çıxarmaq olar?
Cavab: Hesab edirəm ki, Türkiyədə yaranmış vəziyyətin Azərbaycan üçün ən vacib yanlarından biri odur ki, bu hadisələr bir daha göstərdi ki, ölkədə güclü biznes mühitinin və vətəndaş cəmiyyətinin olması bu tip fövqəladə vəziyyətlərdə həm hökümətə, həm də, vətəndaşlara ciddi yardım imkanları ortaya çıxarır. Ölkədə biznes və rəqabət mühitinin yaxşı olması müxtəlif sektorlarda fəaliyyət göstərən çoxlu sayda şirkətlərin formalaşmasına səbəb olur. Böyük şirkətlərin çoxluğu isə, bu tip anlarda daha çox yardım toplamaq imkanları yaradır. Biznes mühitinin əlverişli olmadığı ölkələrdə isə, sadəcə məhdud sayda sənaye sahəsi inkişaf edə bilir. Bu isə, daha az saydı iri şirkətin yaranmasına səbəb olur.
Eyni zamanda, biznes mühitinin inkişafı daxili istehsal baxımından da, vacibdir. Türkiyədə zəlzələ baş verdikdən sonra çox sayda şirkət fəlakət bölgəsinə maddi yardım etməklə yanaşı, həm də, ərzaq və geyim başda olmaqla lazım olan hər növ əşyaları göndərməyə başladılar. Əgər həmin əşyaların daxili istehsalı olmasaydı, o qədər çox sayda ehtiyacın qarşılanması üçün daha çox resurs və vaxt lazım olacaqdı.
Türkiyədə baş verən hadisələr fəaliyyətinə imkan yaradıldıqda vətəndaş cəmiyyəti təşəbbüslərinin də, bu tip vəziyyətlərdə nə qədər faydalı iş görə bildiklərini göstərdi. Zəlzələdən sonra vətəndaş cəmiyyəti nümayəndələri də, resursların mobilizasiyası baxımından çox iş gördülər. Həmin müstəqil təşəbbüslərin sayəsində həm ölkə daxilində, həm ölkə xaricində böyük məbləğdə yardım toplandı, eyni zamanda, könüllülər zəlzələ bölgəsində səfərbər edildi və bu tip fəaliyyət də, zəlzələdən zərər çəkən şəxslərin ehtiyaclarının qarşılanmasında ciddi rol oynadı.
Sual: Azərbaycanda da 44 günlük müharibə dövründə, eləcə də Türkiyədəki zəlzələyə yardım kampaniyalarında Azərbaycan şirkətlərinin iştirakını gördük. Ancaq həmin şirkətlərlə əlaqəsi olanlar yaxşı bilirlər ki, hətta bu addımlar da “yuxarıların” göstərişi əsasında baş verir. İş adamları yardım kampaniyalarında iştirakda niyə maraqlı deyillər? Niyə özləri bu məsələdə təşəbbüskar kimi görünmürlər? Bu məsələdə ölkədəki biznes mühitinin şərtləri rol oynayırmı?
Cavab: Azərbaycanda həyata keçirilən yardım kampaniyalarının Türkiyə ilə müqayisədə daha sönük keçməsinin əsas səbəblərindən biri, yuxarıda qeyd etdiyim kimi, Türkiyə ilə müqayisədə daha az sektorda böyük şirkətlərin formalaşması ilə bağlıdır. Türkiyədə biznes mühitinin daha əlverişli olması səbəbindən, demək olar ki, bütün sənaye sahələrində iri şirkətlər fəaliyyət göstərir. Azərbaycanda isə, məhdud sayda sahədə, əsasən, maliyyə, enerji, telekommunikasiya, qida sənayesi kimi sahələrdə böyük şirkətlərin fəaliyyəti gözə çarpır. Bu baxımdan, əgər Azərbaycanda daha cəlbedici, rəqabətli biznes mühiti formalaşsa, daha çox sahədə böyük şirkətlər formalaşa bilər. Belə olduqda, bu tip kampaniyalarda da, iştirakçılıq səviyyəsi daha yüksək ola bilər. Təşəbbüskarlığa gəldikdə isə, düşünürəm bunun da əsas səbəblərindən biri rəqabət imkanlarının məhdud olması ilə bağlıdır. Çünki, bu tip hallarda daha çox hökümətə yaxın biznes subyektlərinin ilk olaraq addım atması gözlənilir. Eyni zamanda, özəl sektor yardım məsələsində hökümətdən daha çox ön planda görünməkdə maraqlı deyil.
Sual: Ümumiyyətlə Azərbaycanla Türkiyədəki biznes mühitini müqayisə etsək, hansı məsələlər ortaya çıxacaq?
Cavab: Azərbaycan və Türkiyənin biznes mühiti arasında ciddi fərqlər var. Ən ciddi fərqlərdən biri iqtisadiyyatın strukturu ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı əsasən, hasilat sənayesinə əsaslanır. 2022-ci ildə Azərbaycanın ixracının 92 faizini neft və təbii qaz satışı təşkil edib. Yəni, ölkə olaraq xarici ticarətdən əldə etdiyimiz hər 100 dollardan 92-i birbaşa olaraq hasilat sənayesi ilə bağlıdır. İl ərzində enerji sektorundan kənar icracımız cəmi 3 milyard dollara bərabər olub. Türkiyə üçün bu, çox kiçik rəqəmdir. Məsələn, 2022-ci ilin nəticələrinə görə, nəinki İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərin, hətta Anadoluda yerləşən bəzi bölgələrin də ixracı Azərbaycan Respublikasının 2022-ci ildəki qeyri-neft ixracından daha çox olub. Məsələn, zəlzələ baş verən bölgələrdən Qaziantepdə 2022-ci ildə 10 milyard dollardan çox ixrac həyata keçirilib. Bu, Azərbaycanın qeyri-neft ixracından üç dəfədən də çox ixrac deməkdir. Zəlzələdən ciddi ziyan çəkən digər bir bölgə - Hatayda 2022-ci ildə 3.56 milyard dollarlıq ixrac həyata keçirilib. Ümumilikdə, zəlzələ baş verən 10 bölgənin toplam ixracı 20 milyard dollardan çoxdur. Bu, Azərbaycanın neft satışından əldə etdiyi gəlirdən daha yüksək göstərici deməkdir.
Bu fərqlərin ortaya çıxmasının əsas səbəbi, Türkiyə iqtisadiyyatının daha çox emal sənayesi əsasında qurulması ilə bağlıdır. Eyni zamanda, Türkiyədə biznes mühitinin daha çox ixrac meyilli olmasını deyə bilərik. Digər bir vacib fərq də, Türkiyədə biznes mühitində rəqabət imkanlarının nisbətən daha yaxşı olması, eləcə də, sahibkarların kredit resurslarına çıxışının daha rahat olması ilə bağlıdır.
Sual: Türkiyədəki zəlzələ çox sayda insan itkisi ilə yanaşı, həm də, ciddi iqtisadi itkilərə səbəb oldu. Türkiyə iqtisadiyyatının son illər onsuz da, çətinliklərlə üz-üzə olduğunu nəzərə alsaq, zəlzələ bu ölkənin iqtisadiyyatına necə təsir göstərəcək?
Cavab: Zəlzələ ölkə ərazisinin kifayət qədər böyük ərazisini əhatə edir. Zəlzələ baş verən vilayətlərdə ölkə əhalisinin təxminən 15 faizi yaşayır. İqtisadi olaraq da, bu bölgə Türkiyə üçün çox əhəmiyyətlidir. Ötən ilin nəticələrinə görə, Türkiyədə ümumi daxili məhsulun (ÜDM) 10 faizə yaxını sırf bu bölgənin payına düşür. Ayrı-ayrı sahələr üzrə zəlzələ baş verən ərazilərin payı daha yüksəkdir. Məsələn, ölkədə kənd təsərrüfatı istehsalının təxminən 15 faizi zəlzələ baş verən ərazilərdə istehsal edilib. Türkiyənin sənaye istehsalının da 11 faizi məhz bu regional bağlıdır. Bu baxımdan, zəlzələdən sonra həmin regionlarda istehsal prosesinin tam bərpası aylarla vaxt aparacağı üçün ilkin hesablamalara görə, zəlzələ ölkə iqtisadiyyatında 2 faizə yaxın azalmaya səbəb ola bilər.
Digər tərəfdən, zəlzələ hökümətin xərclərinin artması baxımından da, iqtisadi təsir imkanlarına malikdir. Artıq indiyədək Türkiyə höküməti zəlzələ ilə əlaqədar 100 milyard lirəlik bir vəsait ayırıb. Bu vəsait ilkin yardım məqsədi daşıyır. Dağılan infrastrukturun bərpası üçün daha çox vəsaitə ehtiyac olacaq. Bu baxımdan, son bir neçə il ərzində ciddi iqtisadi problemlər yaşayan Türkiyədə həmin problemlərin həlli hər zamankından daha vacibdir və hökümət bu problemlərin həlli istiqamətində tutarlı addımlar həyata keçirməsə, zəlzələ ölkə iqtisadiyyatının daha da geriləməsinə səbəb ola bilər.
Sual: Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün, iş adamlarına daha yaxşı şərait yaratmaq üçün hansı addımlar atılmalıdır?
Ölkədə biznes mühitinin yaxşı olması dayanıqlı iqtisadi inkişafın təməl şərtlərindən biridir. Bu baxımdan, ən vacib amillərdən biri təşəbbüs bərabərliyi və rəqabət mühitinin yaradılması ilə bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda bəzi sahələrdə rəqabət mühiti bir o qədər də yaxşı deyil. Həmin bazarlarda məhdud sayda oyunçu bazarda çox böyük paya sahibdir. Bu səbəbdən, xüsusilə kiçik və orta sahibkarlar həmin böyük şirkətlərlə rəqabər apara bilmir. Bu isə, həm məşğulluq, həm də, sərvət bərabərsizliyi ilə bağlı problemlərə səbəb olur. Qeyd etdiyimiz şirkətlərin bazarlarda çox böyük paya sahib olmasında həm də, inzibati amillər və məmur sahibkarlığı rol oynayır. Bu səbəbdən, qeyd etdiyimiz problemin aradan qalxması baxımından həm qanunvericilik, həm də praktiki olaraq dəyişikliklərin edilməsinə ehtiyac var. Məsələn, rəqabət məcəlləsi artıq 15 ildən çoxdur ki, parlamentdə qəbul edilmir. Tez-tez gündəmə gəlsə də, bu qanun qəbul edilmir. Eyni zamanda, məmurların gəlir bəyannaməsi barədə mexanizm də, işlək deyil. Əgər məmur sahibkarlığı aradan qalxsa, bu hal Azərbaycanda biznes mühitində rəqabət mühitini yaxşılaşdıra bilər.
Biznesin inkişafı baxımından digər bir vacib məsələ sərfəli kredit resurslarına çıxışla bağlıdır. Azərbaycanda sahibkarlar tez-tez maliyyə resurslarına çıxış imkanı ilə bağlı problemlərini dilə gətirirlər. Bu problemlərin həlli baxımından dövlətin güzəştli kreditlərinin həcmini artırması, bankların daha ucuz maliyyə cəlb etməsi üçün mexanizmlərin hazırlanması, ölkəyə xarici kapitalın girişi üçün təşviqedici mexanizmlərin hazırlanması, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müsbət rol oynaya bilər.
Biznesin inkişafı baxımından daha bir vacib amil vergi və gömrük sistemi ilə bağlıdır. Ümumdünya Ticarət Təşkilatının hesabatına görə, regionda ən yüksək gömrük rüsumları Azərbaycandadır. Eyni zamanda, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan Avropa ilə güzəştli ticarət sazişinə malik deyil. Bu baxımdan, hesab edirəm ki, rəqabət mühitinin yaxşılaşdırılması və maliyyə resurslarına əlçatanlığın artırılması ilə yanaşı, gömrük siyasətinin təşviqedici olması və Azərbaycanın digər ölkələrdə güzəştli ticarət barədə daha çox anlaşmalar əldə etməsi də, ölkədə biznes mühitinə müsbət təsir edə bilər. Digər bir vacib məsələ də, biznes mühitinə təsir imkanları olan qərarların qəbulunda maraq qruplarının iştirakçılığının təmin edilməsi ilə bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda iqtisadi fəaliyyətə təsir imkanı olan bir çox qərarlar qapalı qapılar arxasında qəbul edilir. Hər il vergi məcəlləsinə çoxlu sayda dəyişikliklər edilir. Ancaq, ictimaiyyət bu dəyişikliklərdən ancaq həmin qərarlar parlamentdə təsdiq olunduqdan sonra xəbər tutur. Xatırlayırsınızsa, bu il minimum əmək haqqının artırılması ilə bağlı qərar 2023-cü il başladıqdan sonra elan edildi. Halbuki, artıq bir çox şirlətlər həmin vaxt 2023-cü il üçün büdcə planlaması həyata keçirmişdilər. Təbii ki, belə sürpriz qərarlar şirkətlərin fəaliyyətinə təsirsiz ötüşmür. Bu baxımdan, iqtisadi qərarların qəbulunda iştirakçılığı təmin etmək həmin qərarların effektivliyi baxımından çox vacibdir.
Rəy yaz