Arxiv
Bakı/23.11.21/Turan: İlkin tələbat mallarının qiyməti artımını dayandırmaq, hətta bazarda əmtəənin həcminin artırılması ilə geriyə qaytarmaq olar ki, bu da bazar iştirakçıları arasında rəqabətin güclənməsinə gətirib çıxaracaq. Bu, bazar iqtisadiyyatının aksiomudur deyə dövlət orqanları qiymətlərin artmasından bezən vətəndaşlara bildirirlər. Belə izahatlardan biri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mətbuata daxil olub: "Dövlət bazar qiymətlərinin tənzimlənməsi üçün rəqabət münasibətlərinin inkişafına şərait yaradır". Dövlət qurumunun məlumatında bir neçə dəfə "Antiinhisar fəaliyyəti haqqında qanun"un adı çəkilir.
Rəsmi məlumatlarda yox, Azərbaycan gerçəkliyində başqa şey görürük: dövlət orqanları əmtəə bolluğuna qarşı hərəkət edirlər, özəl şirkətlərə işləməyə imkan vermirlər, dövlət qulluqçularına, deputatlara və ya onların ailə üzvlərinə məxsus şirkətlərə güzəştli şərait yaradırlar.
Turan agentliyinə məktubla müraciət edən Orxan İsmayılov, Gəncə “Finest Tobacco” MMC şirkətinin təsisçisi və direktoru uzun illərdir ki, dövlət qurumları ilə rüşvətsiz və sərbəst, qanuni əsaslarla Azərbaycanda tütün məmulatlarını satmaq və idxal etmək hüququ uğrunda mübarizə aparır. Bu yaxınlarda o, “Aztelekom” MMC-dən Gəncədə İnternetin pis keyfiyyətinə səbəb olan inhisar fəaliyyətinə son qoyulmasını tələb edərkən məhkəmə prosesini uduzub. Bu barədə Turan "Gəncə məhkəməsi vətəndaşın İnternet xidmətlərinin inhisarçısı “Aztelekom”a qarşı ittihamlarını qəbul etməyib” adlı məqalədə məlumat verib. İsmayılov növbəti instansiya məhkəmələrində ədalətə nail olmaq niyyətindədir.
“Finest Tobacco” müqavilə əsasında Belarus Respublikasından siqaret gətirib (siqaretlər orada Azərbaycan xammalından hazırlanıb, bu nüansa daha sonra qayıdacağıq). Topdansatışın təşkilinə başlayıb. Lakin Orxan İsmayılov bildirir ki, 2020-ci ilin dekabrından şirkət Maliyyə Nazirliyindən aksiz markalarını ala bilmir. Bu, olmadan siqaretin qanuni idxalı və satışı mümkün deyil. 23. 12. 2020-ci il tarixində şirkət ona aksiz markasının verilməsi xahişilə Maliyyə Nazirliyinə müraciət göndərib.
Məmurlarla yazışmalardan və şifahi danışıqlardan aydın olur ki, Maliyyə Nazirliyində aksiz markaları yoxdur, çünki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin markalara sifarişi Maliyyə Nazirliyilə razılaşdırmayıb, yəni protokol layihəsini maliyyəçilərə təqdim etməyib. Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov 5 may 2021-ci il tarixli məktubunda şirkətin direktoruna bu barədə məlumat verib.
“Finest Tobacco”nun fəaliyyətini əngəlləyən ikinci səbəb vergi işçilərinin şirkətdə apardıqları vergi yoxlamasıdır. Yoxlama 30.04.2021-ci ildə başa çatıb, lakin təftişin nəticələri bu günə qədər Maliyyə Nazirliyinə təqdim edilməyib. Vergi işçilərinin yoxlamanın nəticələrilə bağlı elektron faylı Maliyyə Nazirliyinə göndərməsinə nə mane olur? Bəlkə, buna təftişin rəsmi nəticəsinin "sıfır pozuntu" olması mane olur? Bu barədə 18.03.2021 və 30.04.2021-ci il tarixli aktda Vergi xidmətinin blankında “Finest Tobacco”ya bildirilib.
Turan-da “Finest Tobacco” MMC-nin işi üzrə 40-a yaxın sənədin elektron surəti var, onların arasında bu şirkətin işində pozuntuların olmaması barədə rəsmi rəy var.
Dövlət orqanları tərəfindən özəl şirkətin qanuni hüquqlarına məhəl qoymamasının nəticəsi olaraq “Finest Tobacco” Belarus Respublikası Qrodno şəhərindəki "Neman" QTF ASC ilə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmir. Baxmayaraq ki, Azərbaycan-Belarus dövlətlərarası sazişləri yerinə yetirmək üçün bu fabrik Azərbaycandan tütün yarpağı alıb, “Finest Tobacco” isə hazır məhsulun Azərbaycana idxalı üçün fabriklə müqavilə bağlayıb.
Bu sadə və eyni zamanda Azərbaycansayağı dolaşıq işə Belarusun Azərbaycandakı səfirliyi və "Neman" QTF ASC, Azərbaycan Prezident Administrasiyasının və hökumət məmurları qoşulublar.
Orxan İsmayılovun qovluğunda onlarla imzalanmış müraciət və cavab var, ancaq növbəti siqaret partiyasını idxal edə bilmirlər. Şirkət zərərə məruz qalıb, öz ailələrinə yeganə qazanc gətirən işçiləri işdən çıxarmağa məcburdur.
“Finest Tobacco” MMC-nin fəaliyyətinin əngəllənməsinin gizli və həlledici səbəbi nədir? Səbəb məlumdur, rəsmi sənədlərdə açıqlanmır, lakin Orxan İsmayılovla telefon danışıqlarında, o cümlədən Orxan İsmayılovun məlumatına görə, 22.11.2021-ci il tarixində Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanovla son telefon danışığında İsmayılovun nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi şirkət tütün məhsulları satışı inhisarçısının gizli kommersiya sferasında fəaliyyət göstərir.
İsmayılovdan təkidlə tələb edirlər ki, biznesində pozuntuların olduğunu bəyan və etiraf etsin, halbuki Vergi Xidmətinin rəsmi hesabatına əsasən, belə pozuntu yoxdur.
Azərbaycanın tütün inhisarçısı məmurlar tərəfindən himayə edilir - bu barədə iqtisadçı Azər Mehdiyev öz yazısında bildirib.
"Problem bir də ondan ibarətdir ki, siqaret inhisarçılığı bəzi məmurların diqqətindən asılıdır. Bununla da ehtimal etmək olar ki, onlarda tütün məmulatlarının qiymətlərini normal tənzimləmək istəyi yaranmır", - Mehdiyev qeyd edib.
İsmayılov tütün inhisarçısı – “Tabaterra” QSC haqda məlumat toplayıb, qurumun rəhbərliyində Elman Cavanşir təmsil olunub. Onun adı deputat Cavanşir Feyziyevlə əlaqədar çəkilir. Bu il noyabrın 4-də London məhkəməsi Milli Məclisin deputatı Feyziyevə məxsus 15,3 milyon funt sterlinqə həbs qoyulması barədə iddiaya baxıb.
Bazar ertəsi səhər Turan Maliyyə Nazirliyinə və Vergi Xidmətinə elektron məktublar göndərərək “Finest Tobacco” şirkətinə aksiz markalarının verilməməsinin səbəbi barədə sualı cavablandırmağı xahiş edib. Sözügedən qurumlardan cavab gəlməyib. Turan Maliyyə Nazirliyinin və Vergilər Xidmətinin cavablarını dərc etməyə hazırdır, əlbəttə ki, əgər cavab alarsa.—0—
Rəy yaz