es.weforum.org

es.weforum.org

Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin icraçı direktoru
Cənab Əhməd İsmayılova

 

Hörmətli cənab İsmayılov,

12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  yaradılmasından sonra məlum oldu ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunu əvəzləməli olacaq "Media haqqında" Qanun layihəsilə bağlı qapalı müzakirələr aparılır. Mən bir daha təəssüflə vurğulamaq istəyirəm ki, qanun layihəsinin məhdud dairədə qapalı müzakirəsi aparılır, halbuki, qanun layihəsi təkcə jurnalistlərin yox, həm də dövlətin, cəmiyyətin və kütləvi kommunikasiya vasitələrinin maraq dairəsini əhatə edir. Mən kütləvi kommunikasiya vasitələri terminindən qəsdən istifadə edirəm.  Çünki o, kütləvi informasiya vasitələrindən daha geniş anlam kəsb edir. Belə ki, təkcə peşəkar informasiya fəaliyyətini həyata keçirən şəxsləri əhatə etmir, bütün cəmiyyəti, hər şəxsiyyəti əhatə edir, çünki biz artıq 15 ildir ki, görünməmiş operativliyin və ümumi əlçatanlığın əks əlaqə imkanlarını yaratmış İnternetin inkişafı şəraitində informasiya cəmiyyəti mərhələsinə qədəm qoymuşuq.

Bizim hakimiyyətin (xahiş edirəm ki, dövlət anlayışı ilə qarışdırmayasınız. Dövləti hakimiyyət idarə edir) repressiv mahiyyətini nəzərə alaraq, mən hələ o zaman Media Agentliyinin söz azadlığının və müstəqil KİV institutunun inkişafı məqsədilə yaradıldığını şübhə altına almışdım. Hakimiyyət KİV, söz azadlığı və azad informasiya cəmiyyəti ilə bağlı mənfi siyasət yürüdür. Bütün bu müddətdə hakimiyyətin siyasəti söz azadlığının boğulmasına və KİV-in müstəqilliyinin, azad informasiya təşəbbüslərinin məhdudlaşdırılmasına yönəldilib, çünki o, heç vaxt dövlətin həyatı ilə bağlı və ya digər məsələlərlə əlaqədar cəmiyyətlə açıq polemika aparmağa qadir olmayıb. Belə polemika,  əgər olubsa da, hakimiyyətin öz opponentləri üzərində zorakılığı ilə başa çatıb. Bu, KİV-in kontentlərindən aydın görünür, hələ yerli və beynəlxalq səviyyəli müxtəlif araşdırmalardan, Azərbaycanın qeyri-azad ölkə kimi beynəlxalq statusundan danışmırıq. Mənim KİV sahəsində şəxsi araşdırmalarım Azərbaycanda hərtərəfli, yetərli, müstəqil KİV-lərin inkişafının qeyri-mümkünlüyünü nümayiş etdirir. Bu araşdırmaları heç kim inkar etməyib, çünki onlar dövlət statistikasının məlumatlarına əsaslanıb.

Hakimiyyət məqsədyönlü siyasətlə çap KİV institutunu məhv edib və buna heç kəs sağlam bəraət qazandıra bilməz. Televiziya kanalları auditoriyaya əvvəlki təsirlərini dayandırıblar, çünki hakimiyyətin göstərişilə peşəkar yanaşma birtərəfli, qərəzli, qeyri-obyektiv, qeyri-plüralist olub. Eyni tale 21-ci əsrin əvvəllərindən dirçəlməyə başlamış onlayn medianı da gözləyir, çünki onlar da hakimiyyətin nəzarəti altına düşürlər. Son illərdə hakimiyyətin strategiyası ayrı-ayrı şəxslərin informasiya təşəbbüsünün məhdudlaşdırılmasına və hətta KİV sahəsindən kənarda sərbəst düşüncə üzərində total nəzarətin yaradılması cəhdlərinə yönəlib.

Ən faciəvi məqam ondan ibarətdir ki, hakimiyyət şəxsiyyətin yaradıcı azadlığının təzahürü platforması olan informasiya sahəsini məhdudlaşdırmağa çalışır. Azadlıq olmadan yaradıcılıq mümkün deyil. Hakimiyyət nə azad yaradıcılığın, nə də azad şəxsiyyətin olmaması üçün hər şeyi edib. Və sizin agentliyin fəaliyyətini müşahidə edərkən (agentlik yaradılarkən mən onun Azərbaycanın informasiya cəmiyyətinin rifahı üçün çalışacağını şübhə altına almışdım) mən bir daha əmin oluram ki, o, müflisləşmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (rəhbər həbsdə, baş ideoloq isə istintaq altındadır) modernləşdirilmiş variantıdır.

Yeni qanun üzərində gizli iş ancaq ondan xəbər verə bilər ki, hakimiyyət cəmiyyətin yaradıcı tələbatını dəstəkləmək niyyətində deyil, onu ənənəvi olaraq məhdudlaşdırmaq niyyətindədir. İnformasiya cəmiyyətinin müasir sürətli inkişafı şəraitində, məmurların özləri də daxil olmaqla, istehsalçıların və istehlakçıların cəmiyyətin fərdləri olduqları şəraitdə, informasiya cəmiyyətinin bütün üzvlərinin münasibətlərini tənzimləyəcək, Azərbaycan dövlətinin “informasiya buludu”nu formalaşdıracaq, onun dünya informasiya sistemi ilə qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin edəcək qanunun ictimai müzakirəsindən imtina etmək qeyri-uzaqgörən, üstəlik cinayətkar siyasətdir, çünki məhdud müzakirələrin nəticəsi məhdud cəmiyyət və dövlət olacaq.

Başa düşmək lazımdır ki, informasiya cəmiyyətinin inkişafının katalizatoru fərdlərin düzgün informasiya əldə edilməsinə, informasiya mübadiləsinə, informasiya istehsalına və ya ifadə azadlığının reallaşmasına olan tələbatıdır. Və bu ehtiyac, mənim kiborqlar adlandırdığım yeni nəslin ön plana çıxdığı şəraitdə vüsət alır. Telefon texniki vasitə,  davamlı istehsal və informasiya mübadiləsi kimi yeni nəslin eqosunun bir hissəsidir. Və sizin qanun layihəniz mənim ehtiyat etdiyim kimi, bu dönməz prosesin məhdudlaşdırılmasına yönəlib. Biz vahid jurnalist vəsiqələri haqqında eşidirik. Ənənəvi KİV-in öz əhəmiyyətini itirdiyi, uşaqlardan tutmuş, ölkə prezidentinə qədər hər kəsin informasiya və kontent istehsalçıları kimi çıxış etdiyi bir şəraitdə onların məqsədi nədən ibarətdir? Onların özünü ifadə etmək tələbatını necə tənzimləməyi düşünürsünüz? Bu o deməkdirmi ki, yalnız vəsiqə sahibləri informasiya istehsal etmək hüququna malik olacaqlar? Bu o deməkdirmi ki, kimin informasiya istehsal edib, kimin isə etməməsilə bağlı qərarı siz verəcəksiniz? ? Və bu cür suallar az deyil.

Deyilənləri nəzərə alaraq, sizi media haqqında qanun layihəsini dərc etməyə və Azərbaycanın informasiya cəmiyyətinin inkişafı naminə geniş ictimai müzakirələr təşkil etməyə çağırıram. Söz və ifadə azadlığı Azərbaycan Medianın İnkişafı Agentliyinin eksklüziv sahəsi deyil.

Hörmətlə,

 

Mehman Əliyev,

Turan İnformasiya Agentliyinin direktoru

 

Rəy yaz

Söz istəyirəm

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti