Turan agentliyi İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərindən ombudsmana şikayət edib
Bakı/16.08.22/Turan: Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “İnformasiya əldə edilməsi haqqında” qanuna əməl etməyən İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə göndərilən informasiya sorğularına ətraflı cavabın təmin edilməsi xahişilə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevaya müraciət edib.
“Mən “İnformasiya əldə edilməsi haqqında“ qanuna uyğun olaraq, 24 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrı-ayrılıqda informasiya sorğusu ilə müraciət etmişəm. Həmin sorğularda ictimai informasiya sahibi olan hər iki dövlət qurumuna 8 sual ünvanlamışam. Suallar vasitəsilə nazirliklərdən qanunla açıq hesab olunan, hər bir informasiya sahibinin özünün İnternet saytana daxil etməli olduğu informasiyaları mənə təqdim etməsini xahiş etmişəm. İstədiyim informasiya mümkün qədər qısa müddətdə, maksimum 7 iş günü ərzində mənə təqdim edilməliydi. Sorğunu göndərməyimdən 2 aya yaxın vaxt keçsə də, nə İqtisadiyyat Nazirliyi, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ona cavab verməyiblər”, - agentliyin rəhbərinin məktubunda deyilir.
İnformasiya sorğusunda aşağıdakı məlumat yer alıb:
Buzovna qəsəbəsinin sakinləri dəniz sahilindəki qanunsuz hasarlardan və tikililərdən xilas olmağa köməklik göstərilməsi xahişilə Azərbaycan prezidentinə müraciət ediblər. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların dənizə sərbəst girişinə olan maneələrin aradan qaldırılması üzrə işləri təşkil edib. Buzovna sahilində hasarlar və qurğular qismən sökülüb.
Konstitusiyanın 50-ci maddəsi və Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” qanununa müvafiq olaraq aşağıdakı suallara cavab verilməsini xahiş edirəm:
1.Xəzər dənizi sahillərinin fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz zəbt edilməsilə bağlı sizin nazirlikdə monitorinq aparılıbmı və nə zaman? Sahilin fiziki şəxslər tərəfindən qanunsuz zəbt edilməsi barədə dövlət orqanlarına məlumat verilibmi?
2.Xəzərin qanunsuz zəbt edilmiş sahil zolağının ümumi uzunluğu və sahəsi nə qədərdir?
3.Şəxsi istifadə üçün dəniz sahilini hasarlayan şəxslərə qarşı hansı sanksiyalar tətbiq edilib? Belə sanksiyalar nə qədər olub?
4.Nazirlik Xəzərin sahil xəttinin vətəndaşlar və hüquqi şəxslər tərəfindən zəbt edilməsinin miqyasını müəyyən etmək üçün monitorinqlər keçirməyi planlaşdırırmı?
5.Nazirlik Xəzərin sahil zolağının zəbt edilməsinin qarşısını almaq üçün hansı tədbirləri həyata keçirməyi planlaşdırır?
6.Nazirlik Xəzər sahilində ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün hansı tədbirləri həyata keçirir?
7.Dəniz sahil qayalarının hasarlardan və tikililərdən azad edilməsi üçün hansı tədbirlər görüləcək? Qayalarda bərpa işlərinin aparılması planlaşdırılırmı?
8.Xəzərdə sahil zolağını qanunsuz zəbt edən şəxslərin barəsində hansı tədbirlərin görülməsi planlaşdırılır?
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Qanuna görə, “...Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir”.
Həmin qanunun 13-1-ci maddəsinə görə, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır:
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;
13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;
13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
Rəy yaz