Tatarstan/Depositphotos

Tatarstan/Depositphotos

Bakı/30.01.23/Turan: Biz hər gün Azərbaycan şəhərlərinin küçələrində təmizlik işçiləri görürük - kişilər və qadınlar uniformada yox, bəzən paltarlarının üstünə sarı jiletlər ataraq ağır iş görürlər. Süpürgəçilərdə qoruyucu dəbilqələr, xüsusi çəkmələr və xüsusilə parlaq suya davamlı kombinezonlar olmur. 

Gəncədə də vəziyyət eynidir, küçələri təmizləyən fəhlələr istədikləri kimi geyinirlər. Bundan fəal vətəndaş, müstəqil araşdırıcı Orxan İsmayılov narahat olub. "Turan"a yazdığı məktubda o, ölkənin Baş Prokurorluğuna müraciəti barədə məlumat verib və orada süpürgəçilərin xüsusi geyiminin olmamasının səbəbini aydınlaşdırmağı xahiş edib.

İsmayılov Baş Prokurorluğa ünvanlanmış məktubun surətini tender təklifləri və sorğular haqda elektron elanların skrinşotları ilə birlikdə redaksiyaya göndərib.

O, Gəncə Mənzil Kommunal İstehsalat Birliyinin (Gəncə MKTİB) “Facebook” səhifəsində təmizlikçilərin soyuq havaya uyğun olmayan geyimlərinə iradını bildirib. Buna cavab olaraq İsmayılov Gəncə MKTİB-dən ona hədə-qorxu gələrək deyiblər ki, şəhərin hüquq-mühafizə orqanları onunla məşğul olacaq. Orxan İsmayılovun dövlət proqram təminatının səhifəsinə girişi bloklanıb. Sonra Orxan www.etender.gov.az portalını açıb, oradan sorğu göndərib, Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxıb.

Tenderlərlə bağlı məlumatda bildirilir ki, Gəncə MKTİB 2020-ci ildən təmizlik işçiləri üçün kombinezonların alınması ilə bağlı üç tender keçirib. 31.12.2020, 31.03.2022 və 31.12.20220c ildə tenderlər keçirilib, iki tenderin qalibi "LK Maçineri" MMC, biri isə "Abşeron Tekstil" MMC olub.

İsmayılov aşkar edib ki, VÖEN, yəni hər iki şirkətin vergi kodu eynidir - 1503554731. İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin portalında VÖEN 1503554731 sahibi ilə bağlı sorğuda "Abşeron Tekstil" MMC şirkəti haqqında məlumat görünür. Halbuki tender sənədlərində eyni kod iki şirkətə aiddir, eləcə də hüquqi ünvan, qanuni nümayəndə və digər məlumatlar hər iki şirkət üçün eynidir.  

Tenderlər nəticəsində alınmış iş geyimlərinin siyahısı (ədədlə):

630 dəst xüsusi geyim  (gödəkçə, pencək, şalvar);

1050 jilet;

485 xalat;

500 cüt çəkmə;

800 cüt bot;

830 kombinezon;

950 plaş;

1050 cüt rezin çəkmələr;

1400 xüsusi forma;

950 xalat;

16800 cüt əlcək.

İkinci məsələ xüsusi geyim üçün ödənilən məbləğlərə aiddir. Müvafiq olaraq Gəncə MKTİB tenderdə qalib gələn şirkətlərə 284757,60 manat, 316862,57 manat və 105521,5 manat olmaqla ümumilikdə 707141,67 manat ödəyib. Bu məbləğ iki adla təmsil olunan bir şirkətin hesabına göndərilib.

İsmayılov Gəncə MKTİB-ə də müraciət edərək şəhərdə təmizlikçilərin sayı ilə bağlı suala cavab verilməsini xahiş edib. Cavabda deyilir ki, Gəncə MKTİB-də 1642 nəfər çalışır ki, onlardan 42-si rəhbər, 746-sı süpürgəçi, 341-i fəhlə və qalanları sürücü, mühəndis, texniklər və s-dir.

Gəncə MKTİB-də alınan xüsusi geyimlərin sayı və işçilərinin sayı ilə bağlı rəqəmləri müqayisə etdikdə görmək olar ki, bütün şəxsi heyət çoxlu geyim ehtiyatı ilə təchiz olunmalıdır.

İsmayılov Baş Prokurorluğa ünvanladığı məktubda bildirir ki, şəhərdə təmizlikçilərin üzərində belə paltar görməyib. İstehsalat Birliyinin müdir müavininin qəbulunda Orxan təmizlikçilərin işlərində şəxsi paltardan istifadə etmələrinin səbəbini soruşub, Gəncə MKTİB-in anbarını birgə yoxlamağı təklif edib. Cavab yoxdur.

Orxan İsmayılov Gəncə MKTİB-də xüsusi geyimlərin verilməsi və istifadəsi ilə bağlı araşdırma aparılması xahişi ilə Baş Prokurorluğa müraciət edir.-0—
 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti