“Azəriqaz” İB-nin başqa binanın divarına sayğac quraşdırmaqla bağlı qəribə qaydası

Bakı/05.09.23/Turan: “Azneftexim-3” mənzil kooperativinin sədri Mirvari Naibova sakinlərin qərarını yerinə yetirərək SOCAR dövlət şirkətinin “Azəriqaz” İB-dən onların fərdi evinin divarından başqasının qaz sayğacını götürməyi tələb edir. O, “Azəriqaz”a, Nazirlər Kabinetinin sədrinə, FHN-ə və digər instansiyalara göndərdiyi çoxsaylı məktublarda bildirir ki, Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsi, 129A ünvanındakı ikibloklu, çoxmənzilli binanın sakinləri onlara məxsus kooperativ binanın divarından qaz sayğacının götürülməsini tələb edirlər. Həmin sayğac fərdi, kooperativ binadan 10 metr məsafədə yerləşən digər evin qaz təchizatı üçün quraşdırılıb.  Axı sayğacı bu cihazın aid olduğu evin divarına bərkitmək olar. Başqa sayğacın “Azteftexim-3” kooperativ binası ilə nə əlaqəsi var, sayğac quraşdırıldıqda bu evin üzlüyünə niyə ziyan dəyib və başqa sayğac qaz sızması nəticəsində partlasa kim cavab verəcək? Mirvari Naibova sakinlərin adından bu sualları Turan agentliyinə verib.

Redaksiyaya göndərilən fotoda görünür ki, çoxmənzilli yaşayış binasının divarına qaz sayğacı bərkidilib, oradan bir boru uzanaraq digər binaya daxil olub. Qonşu evin qaz təchizatını hesablayan sayğacı elə həmin binanın öz divarına quraşdırmaq olardı.

Qonşu fərdi evdə Habil Vəliyevə məxsus Turan Az MMC yerləşir. Ona zəng edərək sayğacın Vəliyevin öz mülkiyyətinin divarında yox,  başqa bir binanın divarında yerləşdirilməsinin səbəbini soruşduq. Sadə  suala aydın cavab vermək əvəzinə, biz çirkin sözlər, söyüşlər, "görüşək-danışaq" təklifilə hədələr eşitdik. Vəliyev bir neçə dəfə dedi ki, müharibə veteranıdır və soruşdu ki, biz kiminlə danışdığımızı bilirikmi? Biz kiminlə danışdığımızı bilmirdik, ancaq bilirik ki,  müharibədə iştirak etmək veterana təhqir və təhdid etmək hüququ vermir.

Vəliyevdən ədəbsiz davranışının səbəbini soruşmalı olduq. O sakitləşdi və ədəbsizliyini “Azneftexim-3” binasının sakinlərilə bitməyən münaqişələrin yaratdığı əsəb yorğunluğu ilə izah etdi. Vəliyev etiraz edərək dedi ki, qonşu binanın divarında qaz sayğacını o yox, “Azəriqaz” İB-nin işçiləri quraşdırıblar.

“Azəriqaz” İB-yə bir neçə telefon zəngi nəticə vermədi. Lakin M.Naibovanın arxivində “Azəriqaz” İB-nin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərovun yazılı cavabı var. 25 iyun 2023-cü il tarixli məktubda o,  Naibovaya bildirir ki,  qaz sayğacının yerləşdirilməsinə baxış keçiriblər və müəyyən edilib ki, onun quraşdırılması tikinti normasına və qaz cihazlarının istismarı qaydalarına uyğun aparılıb. Sayğacın yenidən quraşdırılmasına heç bir səbəb yoxdur.

Qəribə cavabdır. Yada salaq ki, “Azneftexim” mənzil kooperativinin binası onun  sakinlərinin şəxsi mülkiyyətidir və sayğacı quraşdıranlar onlardan icazə almayıblar. Məgər  “Azəriqaz”ın qaydaları və normaları sayğacların mütləq başqa binanın divarına yerləşdirilməsini tələb edir? Axı onları aid olduqları binanın özünə quraşdırmaq olar.

Turan İnformasiya Agentliyi Habil Vəliyevin şəxsiyyətilə də maraqlanıb, çünki onun "siz bilirsiniz kiminlə danışırsınız?" sualına cavab verdik ki, bilmirik.

İnternetdə mətbuat tərəfindən dərc edilən məlumatlar var ki, Yeni Əkinçi media- qrupunun sahibi Habil Vəliyev 2016-cı ildə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsilə (külli miqdarda məbləğin alınması tələbilə təhdid)  dörd il azadlıqdan məhrum edilib. Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi cəzanın üçdə ikisini çəkərək 2019-cu ildə vaxtından əvvəl sərbəst buraxılıb. H.Vəliyev bildirir ki, onun həbsi və mühakimə edilməsi Prezident Administrasiyasının keçmiş rəhbəri, Vəliyevin saytlarındakı ifşaedici məqalələrdən narazı olan Ramiz Mehdiyevin göstərişilə baş verib.

Turan İnformasiya Agentliyi “Azeriqaz” İB-dən problemin mahiyyəti üzrə cavab gözləyir. Əks təqdirdə, “İnformasiya əldə edilməsi haqqında” qanuna uyğun olaraq SOCAR-a  informasiya sorğusu göndəriləcək.—0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti