"Şəhərin ticarət şəbəkəsinə təhlükəli kimyəvi maddələrlə emal edilmiş paltarlar düşə bilərdi"
Sahibkar Anar Qəribovun “Azur” ticarət mərkəzinin sahibləri Fuad Rzayev və Babək Babayevə qarşı qaldırdığı iddia üzrə artıq uzun müddətdir davam edən və medianın da dəfələrlə işıqlandırdığı məhkəmə prosesi kriminal-detektiv xarakter alır. Çoxsaylı məhkəmələr daha artıq sübut tələb etdikcə, bu sübutların axtarışı zamanı bir o qədər də təəccüblü faktlar üzə çıxır.
- Yaxşı ki, məhkəmələr işə yeni ekspertiza təyin etdilər. Təsəvvür edin, nəticədə, bil şəkildə DDT və onun metabolitləri vurulmuş brend geyimlərin şəhərin ticarət şəbəkəsinə daxil olma ehtimalının qarşısı alınıb – deyə, iddiaçı bildirir. - Gözlənilməz nəticələrə, o cümlədən ölümə gətirib çıxara biləcək kütləvi zəhərlənmədən yayına bildiyimizi deyə bilərik.
DDT həşəratları öldürmək üçün nəzərdə tutulmuş kimyəvi preparatdır, eyni zamanda insanlar üçün də təhlükəlidir. İnternetdə bununla bağlı yazılır: "Kiçik və orta dozalarda zəhərlənməyə səbəb olur. Böyük dozalarda ölümə səbəb ola bilər". Bəs kimyadan tamamilə uzaq bir bizneslə məşğul olan insanlar arasında mübahisədən söhbət getdiyi halda, DDT-nin buna nə dəxli var?
Suala cavab verməmişdən əvvəl, detalları mövzu ilə bağlı bir sıra əvvəlki materiallarda öz əksini tapmış qalmaqallı məhkəmə işinin tarixinə qısa ekskursiya edək.
Sahibkar Anar Qəribov beş il əvvəl “Azur”da geniş ərazini icarəyə götürüb, bahalı təmir işləri aparıb, yeni avadanlıqlar və geniş çeşiddə brend geyim əşyaları gətirib. O, ümumilikdə mağazanın açılmasına bir milyon manata yaxın sərmayə qoyub. Lakin ticarət mərkəzinin sahibləri iki aydan da az vaxt keçəndən sonra müqavilə şərtlərini pozaraq, icarə haqqını dəfələrlə artırdıqlarını açıqlayıblar.
Münaqişəni dinc yolla həll etmək mümkün olmayıb. Ərazini icarəyə verən şəxslər sahibkarı onların şərti ilə razılaşmağa və ya ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atıblar. Lakin icarədar razılaşmayıb – axı, mağazaya külli miqdarda pul xərcləyib. Bu vəsaitin əksər hissəsi də bank kreditləri və borclar olub. Beləliklə, məhkəmə proseslərinə start verilib.
Ticarət mərkəzinin sahibləri təmir edilmiş ərazini icarədarın əlindən almaq üçün müxtəlif üsullara əl atıblar: gah uzun müddət mağazanın işığını söndürüblər, gah da mağazaya və salonda nümayiş üçün qoyulan paltarların üzərinə kanalizasiya suyu axıdıblar. Sonra əraziyə inşaatçıları buraxıblar. Onlar da satıcıların və alıcıların çaşqın baxışları altında hər şeyi icazəsiz şəkildə yenidən qurmağa başlayıblar. Nəhayət, günlərin birində səhər mağazaya işə gələn işçiləri orada nə paltar, nə də avadanlıq tapıblar - hər şey qarət olunub, sındırılıb və aparılıb.
Nəhayət, Anar Qəribov aylarla axtarış apardıqdan sonra malların bir hissəsini mağazanın yerləşdiyi ticarət mərkəzindən 7 kilometr aralıdakı “Grand Yeni Həyat” kompleksinin zirzəmisində tapa bilib. Bu kompleks də ticarət mərkəzinin sahiblərindən birinə - Babək Babayevə məxsus olub.
- Lakin üzərində qurdların gəzdiyi, dözülməz bir qoxu verən bu çürük cır-cındır yığınını artıq paltar adlandırmaq olmazdı, - deyə, icarədar ürək ağrısı ilə deyir. - O vaxtdan bəri, heç olmasa dəymiş ziyana görə kompensasiya tələb edirəm. Mən, məhkəmə sistemimizin ədalətliliyi və effektivliyi ilə bağlı müzakirə açmayacağam. Sadəcə bir şeyi deyəcəyəm. Hüquq-mühafizə orqanlarına müraciətlərim ehtirasları soyutmur, əksinə, ticarət mərkəzinin sahiblərini məhkəmənin və digər orqanların öz adları ilə çağırmağa cəsarət etmədiyi yeni qanun pozuntularına sövq edir. Nəhayət, inadkarlığım ilk nəticəsini verdi: Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışova zədələnmiş malların çoxminlik siyahısındakı hər bir əşyanın həm bazar dəyərini, həm də yararlılıq dərəcəsini göstərən ekspertiza rəyi tələb etdi.
Düzünü desəm, zirzəmidə aşkar etdiyim paltar qalıqlarının xarici görünüşünün ekspertləri dərhal qorxuya salacağını düşünürdüm. Axı onlar artıq yararsız vəziyyətə düşmüşdü. Amma orada gördüklərim məni heyrətə saldı - ekspertiza üçün gətirilən mallar demək olar ki, əvvəllər olan formada hazırlanmışdı. Bundan başqa, məlum oldu ki, məhkəməyə sübut kimi təqdim etdiyimiz, üzərində həşərat sürüsü gəzən kiflənmiş paltarların yüzlərlə foto və video görüntüləri hansısa müəmmalı yolla iş materiallarından yoxa çıxıb.
Mən başqa dünyadan olan qeyri-adi qüvvələrə inanmıram. Amma gözlərimə də inanmaq istəmirdim. Necə olmasından asılı olmayaraq, ekspertlər malları yoxlamağa başladılar. Tezliklə ətrafımdakı hər kəs qaşınmağa başladı. Ekspertizada iştirak edənlər nədənsə şübhələnməyə başladılar. Biokimyəvi analizin nəticəsi isə tamamilə heyrətamiz oldu.
“Azur” sahibləri hiylələrinin izlərini gizlətmək üçün paltarların qalıqlarını qurudub təmizlətdiriblər, daha sonra isə onları DDT və onun metabolitləri ilə emal etməkdən daha yaxşı yol tapa bilməyiblər. Yəqin ki, yaşlı nəslin nümayəndələri əvvəllər DDT tozundan müxtəlif növ həşəratlarla mübarizə üçün necə istifadə edildiyini xatırlayırlar. Lakin artan kanserogenliyi səbəbindən 80-ci illərin əvvəllərində bütün dünyada qadağan edildi.
Bir məmur oğlunun (“Azur”un sahiblərindən biri olan Fuad “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğludur) və onun şəriki, iri tikinti şirkətinin sahibinin təhlükəli dərmanı necə əldə etməsindən xəbərimiz yoxdur. Bəs DDT vurulmuş paltarı sahibinə qaytarmağa hazır olduqlarını iddia edərək, belə bir məhsulun yenidən rəflərə düşmə ehtimalına icazə verəndə nə düşünürdülər? Axı, bu kimyəvi maddə ilə işlənmiş belə bir gödəkcə və ya köynəyin onları geyən hər kəsin həyatı üçün nə qədər təhlükəli olduğunu başa düşməyə bilməzdilər! Bundan başqa, Qəribovun dediyinə görə, emal olunan 20 mindən çox geyim məhsulunun xeyli hissəsi uşaqlar üçündür.
Yəqin ki, məhkəmədə ticarət mərkəzinin sahiblərindən bu suallara cavab tələb olunacaq. Baş verənlərə münasibət bildirən müstəqil hüquqşünas Əkrəm Həsənovun fikrincə, əgər sözügedən məhsul həqiqətən də hansısa yolla piştaxtalara qayıdardısa və sonradan mənfi nəticələrə səbəb olardısa, o zaman bu addım qanuna uyğun olaraq insanların sağlamlığına qəsdən ağır zərər vurma kimi qiymətləndirilə bilərdi. Bundan başqa, vəkil hesab edir ki, burada sahibkarın əmlakına ziyan vurulması və ya zədələnməsi, sübutların saxtalaşdırılması faktı var və bu faktlar hərtərəfli araşdırma tələb edir.
Bu hadisəyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun münasibətini öyrəndik.
- Hər bir məhsulun xüsusi saxlama şərtləri var, - ekspert deyir. - Təqdim olunan sənədlərdən və videogörüntülərdən məlum olur ki, paltarlar uyğun olmayan şəraitdə saxlanılıb. Paltarın kanserogen dərmanla emal edilməsinə gəldikdə, təbii ki, bu qəbuledilməzdir və cinayət xarakteri daşıyır. Hətta bu məhsulun uyğunluğunu yoxlayan mütəxəssislər belə, öz sağlamlıqlarını riskə atıblar və hazırda yüksək risk qrupuna daxildirlər. Emal edilmiş paltarlarla təmasda olan hər kəs xüsusi tibbi nəzarət altında olmalıdır. DDT vurulmuş malların olduğu ərazilər hüquq-mühafizə orqanları tərəfindən möhürlənməli, malların özü isə mühafizə olunan yerdə ixtisaslaşmış qurum tərəfindən utilizasiya edilməlidir.
Qəribov özü də isə ticarət mərkəzinin sahiblərinin başqa məqsəd güddüklərini güman edir:
- Belə paltarları alan alıcılar, sağlamlıqlarına zərər vurulduğunun ilk əlamətləri ortaya çıxan kimi satıcını məsuliyyətə dəvət edəcəkdilər, - o güman edir. - "Azur" sahibləri də məhz buna nail olmaq istəyirlər – onların qanunsuz əməllərindən əziyyət çəkən, amma bütün maneələrə baxmayaraq artıq beş ildir hüquqlarının bərpası uğrunda mübarizəni dayandırmayan içarədara dərs vermək. Ümumiyyətlə götürdükdə, bizim işimizdə heç bir mürəkkəblik olmamalıdır - bütün faktlar əldədir. Yeganə maneə cavabdehlərdən birinin atasının böyük və nüfuzlu dövlət təşkilatı olan “Azərenerji”nin rəhbəri olmasıdır. Bunu iddia etmək üçün hər cür əsasım var. Məsələn, işdə əvvəldən “Azərenerji”nin kadrlar şöbəsinin müdir müavini Rza Məmmədovun adı hallanır. Üstəlik, əgər o, əvvəllər tərəflər arasında ən kəskin fikir ayrılıqları zamanı ara-sıra meydana çıxırdısa, ekspertlərin son araşdırmaları zamanı daim burada idi, mütəxəssislərin işləməsinə mane olurdu. Tutduğu əsas vəzifəyə görə dövlətdən külli miqdarda maaş alan Rza Məmmədov iş vaxtı ərzində öz rəhbərinin oğlu Fuad Rzayevin maraqlarını müdafiə etməklə məşğul olub. Məncə, eyni zamanda “Azərenerji”nin rəsmisi olan “könüllü hüquq müdafiəçisi”nin belə fəaliyyəti aidiyyatı qurumların diqqətini çəkməlidir. Yeri gəlmişkən, Rza Məmmədov əvvəllər prokurorluq orqanlarında məsul vəzifədə çalışıb. O prokurorluq orqanlarında ki, bu işdə kobud qanun pozuntularını aşkar edə bilməyib və ya aşkar etmək istəməyib. Öyrənə bildim ki, ekspertiza prosesinin sonuna yaxın Rza Məmmədov “Azərenerji”dəki işini tərk edib və işdən çıxdığının ertəsi günü Fuad Rzayevin maraqlarını müdafiə etmək üçün notarial qaydada təsdiq edilmiş etibarnamə alıb.
Hüquq-mühafizə orqanları qanun pozuntusu hallarını onun arxasında kimin dayandığından çıxış edərək qiymətləndirməyə girişəndə, icarə haqqı məbləği və müqavilə şərtləri ilə bağlı sadə mübahisə belə mürəkkəb forma alır...
Fotoda: DDT və onun metabolitlərilə emal edilmiş Massimo Dutti kişi pencəyinin kimyəvi ekspertizasının nəticəsi
Fotoda: ZARA qadın köynəyinin kimyəvi ekspertizasının nəticəsi, tənəffüs sistemində ciddi pozuntulara səbəb ola bilər.
Bu proses haqqında əvvəlki məqalələr:
- “Azure” Ticarət Mərkəzinin günahı ucbatından bir milyon manatdan çox iflasa uğradığını bildirən biznesmenin iddiası üzrə məhkəmə başlayıb
- Bakı Apellyasiya Məhkəməsi mətbuatın FB-Company-nin Azure Ticarət Mərkəzinə qarşı iddiası üzrə prosesi müşahidə etməsini qadağan edib
- Bakı Apellyasiya Məhkəməsi “Azur” və FB-Company şirkətləri arasındakı məhkəməyə jurnalistlərin buraxılmaması barədə qərarını ləğv edib
- Apellyasiya Məhkəməsinin ziddiyyətli bəyanatlarının arxasında kim durur?
- Məhkəmə, polis, prokurorluq- kimin femidası üstün gələcək
Rəy yaz