
Bakı/06.08.18/Turan: Baş Prokurorluqda 96 karxananın qanunsuz istismarı ilə bağlı 8 cinayət işi başlanıb.
Araşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının qum-çınqıl yataqlarının, əsasən çay məcralarının istifadəsi zamanı qanunvericiliyin pozulması faktlarını aşkar etməsilə əlaqədar başlayıb. Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb
Toplanmış materialların əsasında CM-in 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanıb. İstintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparır.
"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt" MMC-nin iş icraçısı İbrahim Quluyev, "Alyans" MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə" MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Onların barəsində polisin nəzarəti altına verilmə həbs qətimkan tədbiri seçilib. Bəzi şəxslər həbs olunub.
İstintaq zamanı vətəndaşlara və dövlətə 2,7 milyon manat məbləğində maddi ziyanın vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib.
Dəymiş ziyanın ödənilməsi təmin edilib. Cinayət işləri baxılmaq üçün aidiyyatı məhkəmələrə göndərilib.-06D--
Rəy yaz