Əhsən Nuruzadə
Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
Bakı/21.05.19/Turan: "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb. Bu barədə onun anası Zeynəb Hüseynova məlumat verib.
Onun sözlərinə görə, hadisə ötən həftənin şənbə günü baş verib. "Ötən həftənin şənbə günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də, Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bu günə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O, oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var", deyə Zeynəb Hüseynova qeyd edib.
Ana bildirib ki, bundan əlavə, oğlu birinci dəfə tutulanda işgəncələrə məruz qalıb və dizlərində ağrılar əmələ gəlib:
"Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacağam gedim onunla görüşüm".
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Amerikanın Səsi"nə Əhsən Nuruzadənin cərimə təcridxanasına salındığını təıdiq ediblər.
"O, daxili intizam qaydalarına əməl etmədiyinə görə cərimə təcridxanasına salınıb. Nuruzadənin işgəncəyə məruz qalması ilə bağlı yayılan xəbərlərin isə əsası yoxdur, tam yalandır", deyə İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı bildirib.
Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb, bu da 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 2018-ci il martın 6-da o, 7 il azadlıqdan məhrum edilib.
Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. -0-
-
- İqtisadiyyat
- 21 May 2019 13:14
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz