Огтай Гюльалыев
Hüquq müdafiəçiləri siyasi məhbuslara təzyiqdən və qanunsuz həbslərdən narahatlıqlarını bildiriblər
Bakı/11.07.18/Turan: "Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır". Bu barədə iyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Oqtay Gülalıyev bildirib.
Mətbuat konfransında hüquq müdafiəçiləri və məhbus ailələri iştirak ediblər.
Gülalıyev iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin elektrik enerjisi təchizatnda yaranmlış fasilələri və həmin gün Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücumu xatırladaraq deyib ki, son günlər ictimai-siyasi vəziyyətin gərginləşməsi fonunda çoxsaylı həbslər həyata keçirilib.
"Rəsmi məlumatlara görə, Gəncədə baş verən hadisələrlə bağı azı 52 nəfər həbs edilib. Amma qeyri-rəsmi mənbələrin məlumatına görə, həbs edilənlərin sayı 100 nəfər civarındadır və hazırda həbslər davam etdirilir", deyə o qeyd edib.
Hüquq müdafiəçisnin firkincə, Elmar Vəliyevə qarşı sui-qəsddən sonra onu tənqid edənlərin və sui-qəsddə günahlandırılan Yunis Səfərovu müdafiə edənlərin, həmçinin hökuməti tənqid edənlərin həbsi həyata keçirilib. Bununla yanaşı, bir neçə internet saytının rəhbərlərinə qarşı cinayət işi qaldırılıb, azı 4 sayta giriş bloklanıb.
Gülalıyev bildirib ki, hüquq müdafiə təşkilatları qarşıdurmanın, qan tökülməsinin əleyhinədir.
"Amma Gəncədə baş verənlər çox müəmmalıdır. Hadisə ilə bağlı rəsmi məlumatlar insanları inandıra bilmir. Müstəqil media məhv edildiyindən hadisə yerində müstəqil media təmsilçilərinin çəkilişi olmayıb. İstintaq orqanları da hadisənin baş verdiyi anı əks etdirən hər hansı video təqdim etmir. Elə isə, sual yaranır. Necə olur ki, hüquq-mühafizə orqanları müxalifətin minlərlə insanın iştirak etdiyi aksiyalarında təhlükəsizliyi təmin edir, hər bir insana nəzarət edə bilir, amma Gəncədə İcra Hakimiyyətinin qarşısında 150-200 nəfərin iştirak etdiyi aksiyada təhlükəsizliyi təmin edə bilmir? İki yüksək rütbəli polis zabiti öldürülür. Bunlar müəmmadır", deyə o qeyd edib.
Mətbuat konfransında həmçinin hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərə qarşı həbs yerlərində son dövrlər işgəncələrə yol verildiyi diqqətə çatdırılıb.
Mətbuat konfransında NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə bildirib ki, oğluna qarşı pis rəftara son qoyulmalı və o, azadlığa buraxılmalıdır.
"Mən bu günlərdə İlkinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşmüşəm. O, İlkinə qarşı qeyri-insani rəftatın olmadığını bildirir. Amma İlkin telefonla zəng edərkən onun yanında dururlar, kiminlə danışdığı ilə maraqlanırlar. Rəis məninlə görüşsə də, İlkin Rüstəmzadə ilə görüşümə imkan yaratmadı", deyə o qeyd edib.
Jurnalist Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Növrəsli deyib ki, jurnalistin ciddi xəstəlikləri var, lakin onu müalicə müəssisəsinə köçürmürlər.
Bloger Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova blogerin daim mənəvi təzyiqlərə məruz qaldığını və hətta ona qarşı fiziki təzyiqin olduğunu deyib. Onun sözlərinə görə, həyat yoladaşına kitablar verməyə imkan verilmir, onun əlyazmaları əlindən alınır.
Jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov iyulun 7-də Cəlilabadda həbs edilib. Ona 30 sutka həbs verilib.
"Əfqan Sadıqov bu ilin mayında həbsdən çıxıb. Onun heç bir günahı olmadığı halda 30 sutka həbs veriblər. Mən və vəkil indiyədək Əfqanın harada saxlanıldığını öyrənə bilmirik. İnsan tutulanda onun ailəsinə xəbər verilməlidir", deyə o qeyd edib. -03C-
-
- Siyasət
- 11 İyul 2018 16:20
-
- İqtisadiyyat
- 11 İyul 2018 17:05
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 355
Rəy yaz