İşgəncələrə və Repressiyalara Qarşı Komitənin iclası
Bakı/18.05.19/Turan: Mayın 18-də Müsavat Partiyasının mənzil-qərargahında yeni yaradılmış İşgəncələr və Repressiyalar Əleyhinə İctimai Komitənin ilk iclası keçirilib.
Komitənin həmtəsisçilərindən biri, hüquq müdafiəçisi Oqtay Gülalıyev toplantıda çıxış edərək ölkədə geniş vüsət alan işgəncə faktlarının açıqlanması məqsədilə bu qurumun yaradılmasının və iclasların keçirilməsnin vacibliyini qeyd edib.
2018-ci ildə həlak olan Razi Mustafayevin anası Rəxşanə Mustafayeva bildirib ki, ötən il həqiqi hərbi xidmətə çağırılmış oğlu öldürülüb. "Deyirlər ki, o, intihar edib. Yox, onu öldürüblər. Oğlumu səhhətilə əlaqədar hərbi xidmətə çağırmamalıydılar. Bir müddət sonra hərbi xidmətdə onu ələ salmağa başlamışdılar. Sonra isə guya hansısa söhbəti dinlədiyinə görə onu ölümlə hədələmişdilər. Hədə-qorxudan sonrakı gün bizə dedilər ki, o, özünü güllələyib. Ancaq onu arxadan vurmuşdular", - ana bildirib.
R.Mustafayeva əlavə edib ki, CM-in 125-ci maddəsilə (intihar həddinə çatdırma) cinayət işi qaldırılıb, bir neçə hərbçi saxlanılıb.
"Gəncə işi" üzrə həbs olunmuş Mirzə Hüseynovun anası E.Hüseynova bildirib ki, həbsdən sonra iyulun 20-də Gəncə şəhər Nizami və Kəpəz polis şöbələrində onun oğluna işgəncə veriblər, əllərini bağlayıblar, yemək və su verməyiblər. "Ona elektrik cərəyanı buraxıblar, elə döyüblər ki, özünü pəncərədən atmaq istəyib. Oğlu günahsız olaraq bir ilə yaxın həbsdə olub O bildirib ki, aclığa başlayacaq".
"Tərtər işi" üzrə həbs olunmuş Müşfiq Əhmədovun atası Seymur Əhmədov bildirib ki, onun oğlu qanunsuz olaraq 16 il azadlıqdan məhrum edilib. O, Vətənə xəyanətdə ittiham olunub. S.Əhmədovun sözlərinə görə, işgəncə altında oğlundan ifadə alıblar. "Oğluma elektrik cərəyanı buraxıblar, bu iş üzrə ittiham olunanların hamısına ağır işgəncələr verilib. Onlara deyiblər ki etiraf etsələr cəza müddəti az olacaq", - S.Əhmədov bildirib.
2012-ci ildə "Eurovision" mahnı müsabiqəsindən öncə həbs olunanların anaları iclasda çıxış edərək qeyd ediblər ki, bu iş üzrə 10 ildən ömürlük həbsə qədər mühakimə olunan 29 nəfər keçmiş Milli Təhlükəsizlik Nazirliyində işgəncələrə məruz qalıb.
"Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov bildirib ki, 2015-ci ildə inzibati xətaya görə həbs olunub, sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orada ona cinayət işi açılıb, 14 gün işgəncə verilib. O bildirib ki, bu vəziyyətdən çıxış yolu qüvvələrin birləşdirilməsi və ədalətli mühakimə sisteminin yaradılmasıdır.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli öz çıxışında indiki vəziyyəti 1937-ci il ilə müqayisə edib. "Mən bir tarixçi kimi o dövrdə baş verənləri bilirəm. Hətta o dövrdə də elektrik cərəyanı ilə işgəncə vermirdilər. Bundan əlavə, o vaxtlar lazımi ifadəni almaq üçün elektrik cərəyanının verilməsi qanuniləşdirilmişdi, ancaq indi bu, ölkə Konstitusiyasına ziddir", - C.Həsənli qeyd edib.
Azərbaycan hakimiyyəti cəzaçəkmə yerlərində işgəncələrin tətbiqini inkar edir.-21С--
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz