Sİ tərəfindən yaradılıb
Siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərin məhkəmə prosesləri
1. İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə “Toplum TV” işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
İclasda əvvəlcə Akif Qurbanov çıxış edərək ittihamları “biabırçı” adlandırıb və məhkəmədən ədalətli nəticə gözləmədiyini bildirib. Ardınca Ələsgər Məmmədli çıxış edərək 5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan Ruslan Eyyubovun səhhəti bəhanəsi ilə ev dustaqlığına buraxıldığını, amma özü barədə çoxsaylı vəsatətlərin heç bir əsas olmadan təmin edilməməsini ədalətsizlik adlandırıb.
Ardınca İlkin Əmrahov vəsatət verərək evində tapılan pul vəsaitlərində onun barmaq izləri olmadığı üçün pulların sübutlar siyahısından çıxarılmasını istəyib.
Ramil Babayev isə onun əleyhinə şahid ifadəsi olmadığı, evində tapılan pullarda onun da barmaq izi olmadığı və əsaslı dəlil-sübutlar olmadığı üçün bəraət verilməsini xahiş edib.
Əli Zeynalov isə ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina etdiyini bir daha xatırladaraq yekun qərarda ona istinad edilməməsini istəyib.
Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova isə vəsatətlə çıxış edərək mütəxəssis rəyində barmaq izləri müəyyən edilməyən pul vəsaitlərinin cinayət işindən bütövlükdə çıxarılmasını xahiş edib.
Hakim Azər Tağıyev bütün bunlara müşavirə otağında hüquqi qiymət veriləcəyini bildirərək məhkəmə istintaqını qapalı elan edib və sözü dövlət ittihamçısı Rauf Malışova verib.
Dövlət ittihamçısı Akif Qurbanovun 16 il, Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədlinin 15 il, Əli Zeynalovun 15 il, Müşfiq Cabbarovun 14 il, İlkin Əmrahovun 14 il, Ramil Babayevin 14 il, Fərid İsmayılovun 13 il, Elmir Abbasovun isə 13 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
Elmir Abbasov barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin ləğv edilərək məhkəmə zalından həbs olunması da məhkəmədən xahiş edilib.
Təqsirləndirilənlərin hər birinin 3 il müddətinə dövlət və yerli özünüidarə müəssisələrində müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməsi də təklif edilib.
Həmçinin 79 440 manatlıq mülki iddianın təmin edilməsi üçün Akif Qurbanovun faktiki sahibliyində və istifadəsində olan “Hyundai Veracruz” və “Toyota RAV4 Hybrid”, Ələsgər Məmmədlinin qanuni sahibliyində və istifadəsində olan “Mercedes-Benz E220 CDI”, Ruslan İzzətlinin qanuni sahibliyində və istifadəsində olan “Mercedes-Benz E220 CDI”, Əli Zeynalovun qanuni sahibliyində və istifadəsində olan “Chery T11” markalı beş avtomobil, habelə A. Qurbanovun həyat yoldaşının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 5 otaqlı, 280 kvadratmetrlik bağ evinin müsadirə edilməsi təklif olunub.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Məhkəmə iyunun 22-də davam edəcək.
2. İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə SMDTM rəhbəri Anar Məmmədli və insan haqları fəalı Anar Abdullanın işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
İclasda ittiham aktının nəticəvi hissəsi, şahid ifadələri, təqsirləndirilənlərin ifadələri tərəflərin razılığı ilə oxunmuş hesab edilib.
Daha sonra sənədlərin tədqiqinə başlanılıb. A. Məmmədlinin müdafiəçisi Cavad Cavadov cinayət işi materiallarında olan təqsirləndirilənlərin ifadələrinin, şahid ifadələrinin, məhkəmə qərarlarının və axtarış protokollarının oxunmuş hesab edilməsini xahiş edib.
Ardınca A. Qurbanova qrant müqavilələri ilə bağlı sənədləri elan edib.
Növbəti proses sənədlərin tədqiqi ilə davam edəcək.
3. İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə Alman Marşal Fondunun Azərbaycan üzrə nümayəndəsi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Məhkəmə ötən iclasda şahid qismində dindirilən Hafiz Həsənova suallar verməklə davam edib.
Dövlət ittihamçısının suallarına cavab olaraq Hafiz Həsənov bildirib ki, GMF ilə aralarında dörd xidmət müqaviləsi olub və bunlara görə M. Rəhimliyə heç bir əlavə ödəniş etməyib.
Növbəti məhkəmə iclası iyulun 29-da keçiriləcək.
4. İyunun 9-da Azel.tv saytının rəhbəri Əfqan Sadıqov həbs edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.
Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Ə. Sadıqov aprel ayında Gürcüstandan deport edilib. Ona qarşı Azərbaycanda 2024-cü ildə açılan cinayət işinə xitam verilsə də, iyun ayında zərərçəkmiş şəxs kimi tanınanlar yenidən icraatın yenilənməsi ilə bağlı prokurorluğa müraciət ediblər.
Prokurorluq xitam verilmiş cinayət işinin icraatının yenilənməsi ilə bağlı qərar qəbul edib.
5. İyunun 10-da Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.
Məhkəmə istintaq orqanı tərəfindən daxil olan təqdimatlara baxıb.
Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin beş ay müddətinə uzadılması barədə qərar qəbul edib. Ə. Kərimli ilə birgə həbs olunan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs müddəti beş ay uzadılıb.
Məhkəmə R. Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini beş ay uzadıb.
Eyni zamanda, məhkəmə tərəfindən AMEA Katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı E. Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin beş ay uzadılması barədə qərar verilib.
Korrupsiya və dövlət orqanları ilə bağlı məhkəmə prosesləri
1. İyunun 9-da Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
2. İyunun 9-da Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İclasda anket məlumatları dəqiqləşdirilib. Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Baxış iclası iyunun 23-nə təyin olunub.
Ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb.
Digər təqsirləndirilən şəxslərin cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılır.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
3. İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İclasda şahid qismində tanınan “Supersement” MMC-nin rəhbəri H.C. əslində zərərçəkən olduğunu bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxslə 3–4 il birlikdə işləyib, ondan beton alıb:
“Beton zavodu Zamiqin şirkətinin adına idi. Mənə borcu yarananda zavod və bir mənzil borc əvəzi mənim şirkətimin adına keçdi. Zamiqin mənə hazırda 500 000–700 000 manat arası borcu qalıb. Yerdə qalan borcumu istəyirəm”.
Növbəti proses iyunun 22-si saat 09:30-a təyin olunub.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui-istifadə edib və onların 1 milyon manata yaxın pulunu mənimsəyib.
Zamiq Xankişiyevdən zərərçəkənlərin birinə Neftçaladakı “Olimpiya İdman Kompleksi”nin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq daha sonra həmin vəsaiti mənimsəyib.
4. İyunun 9-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) vəzifəli şəxslərinə hökm oxunub.
Hökmə əsasən, Məhərrəm Əliyev 2 il sınaq müddəti təyin olunmaqla şərti cəzaya məhkum edilib, Qurbanxan İsgəndərov 2 il 1 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib, Yaşar Heydərov isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Bildirilib ki, təqsirləndirilən şəxslərin dövlətə vurduğu ziyanın böyük hissəsi ödənilib.
İş üzrə dəymiş ümumi ziyan 66 472,17 manat hesablanıb.
İttihama görə, Məhərrəm Əliyev Masallı Rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəyib. Habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.
Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda törədilməklə mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 179.2.4-cü, 308.1-ci, 313-cü və digər maddələri ilə ittiham irəli sürülüb.
5. İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İclasda Saleh Səmədov məhkəmədə ifadə verib.
O, özünü qismən təqsirli bildiyini deyib.
Növbəti iclas iyulun 1-nə təyin olunub.
Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.1-ci maddələri ilə ittiham olunur.
O, ötən il may ayında həbs olunub.
6. İyunun 10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
İclasda MKTİB-nin rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərova hökm oxunub.
M. Əliyevə şərti cəza, Y. Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dustaqlığında keçirdiyi müddət yetərli hesab olunub.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib.
İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə oğurlanıb. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb.
Təqsirləndirilən şəxslər dəymiş ziyanın 35 min 380 manatını geri ödəyiblər.
Xarici vətəndaşların məhkəmə prosesləri
1. İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbsdə olan Fransanın milyardlarla dövriyyəsi olan SAUR şirkətinin vitse-prezidenti Anass Derrazın şikayətinə baxılıb.
Qərara əsasən, Anass Derrazın apellyasiya şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və SAUR şirkətinin vitse-prezidenti Anass Derraz azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində iştirak ediblər.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində onun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda sərbəst üzəcəyini bildiriblər.
Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün də sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min ABŞ dolları məbləğində rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasına köməklik etməkdə ittiham olunur.
A. Benallanın beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.
“Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur.
A. Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya prosedurlarına cəlb edildiyi məlumdur.
Separatçıların məhkəmə prosesi
1. İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
İclasda təqsirləndirilən şəxslərdən bir qisminin ötən məhkəmə iclasında xahiş etdiyi sənədlərin tərcüməsi onlara təqdim edilib.
Təqsirləndirilən Davit İşxanyan isə 26 may tarixli məhkəmə iclasının protokolu ilə tanış olmaq istədiyini bildirib.
Sədrlik edən hakim məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün məhkəməyə müraciət edilməsinin lazım olduğunu, sənədlərlə tanışlıq üçün heç bir məhdudiyyət qoyulmadığını qeyd edib.
Ardınca sədrlik edən bildirib ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394-cü maddəsinin, habelə apellyasiya şikayətlərinin dəlillərinin və Məcəllənin 339–341-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə çıxışlarının icrası ilə bağlı prosessual fəaliyyətin başlanmasını qanunauyğun hesab edir.
Çıxış üçün söz müdafiə tərəfinə verilib.
Lakin A. Harutyunyanın müdafiəçisi istisna olmaqla, digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş ediblər.
David Manukyan və Davit İşxanyan isə məhkəmə prosesinin davam etdirilməsini xahiş ediblər.
Məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra sədrlik edən hakim elan edib ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərlə konfidensial görüşlər keçirilməsi barədə vəsatətləri təmin edərək bunun üçün müvafiq şərait yaradıb.
Bundan başqa, iclasda çıxış etmək istəyən şəxslərə də müvafiq şərait yaradılacağı bildirilib.
Digər təqsirləndirilən şəxslərin çıxışlara hazırlaşması üçün isə onlara əlavə vaxt veriləcək.
Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov çıxış edib.
Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Arayik Harutyunyan çıxış edərək vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini bildirib.
Məhkəmənin növbəti iclası iyunun 16-na təyin edilib.
Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsində təqsirli biliniblər.
Rəy yaz