
Bakı/19.08.19/Turan: Bu ilin yeddi ayı ərzində Azərbaycanda sənaye istehsalı 27,3 mlrd. manat (16 mlrd. dollar) təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Rəsmi statistikaya əsasən, hesabat dövründə qeyri-neft sektorunda istehsal artımı 15,8% təşkil edib.
Yeddi ay ərzində neft hasilatı 2,5% azalıb, təbii əmtəə qazının hasilartı isə 34% artıb. Beləliklə, sənaye sektorunda hasilat sənayesinin xüsusi çəkisi 70%-a çatıb.
7 ayda ağac emalı sənayesi istehsalında 2,3 dəfə, hazır metal hasilatında 59,2%, toxuculuq sənayesində - 40,9%, kimya sənayesində - 30,4%, plastik məmulatlar istehsalında - 27,2%, içki istehsalında - 52,2%, tikinti materialları istehsalında - 7,8% və s. artım olub.
Həmçinin elektrik avadanlıqları istehsalının həcmində 7,5%, dəri, dəri məmulatları və ayaqqabı istehsalında - 11,4%, metallurgiya sənayesi məhsullarının istehsalında - 17,6%, avtomobil və qoşquların istehsalında 28,3% azalma müşahidə edilib.
İstehsal həcmlərində artıma baxmayaraq, Azərbaycanda istehsal mallarına tələbatın əsas hissəsi idxal hesabına təmin edilir.
Hökumət 2011-ci ildən idxalı əvəz edən malların yerli istehsalının stimullaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. --0--
Rəy yaz