Yerevan səfəri  (birinci hissə)

Yerevana səfərim həm Ermənistanda, həm də Azərbaycanda çox hay-küy yaratdı.

Hər iki tərəfdən müxtəlif versiyalar irəli sürülür və hökmlər çıxarılır (kimin barəsində olduğu tam aydın deyil).

Hər iki ölkədə KİV-lər baş verənlərin mahiyyətini anlamadan sanki hadisəni işıqlandırmaq, qiymətləndirmək və öz qərarını vermək yarışına giriblər.

Məsələn, Ermənistandakı saytlardan biri məlumat yayıb ki, Turan Ermənistan XİN-in razılığı ilə bu ölkədə işə başlayıb (bu o demək olur ki, nümayəndəlik açıb!).

Digər KİV-lər daha az orijinallıq göstəriblər, ancaq "kiçik təxribat"a yol verərək 1915-ci il qurbanlarının memorialının ziyarət olunduğunu bildiriblər.

Əsl tamaşa isə sosial şəbəkələrdə yaranıb. Azərbaycanlı jurnalistin Yerevana buraxılmasından hiddətlənən erməni blogerin səhifəsində diskussiya başlayıb:

Andrey Qriqoryan: Başınız xarab olub...

Yelena Dadayan: Tezliklə "azər-çay" "axmat" ya da "axmax" içəcəklər.

Zoqrab İsoyan: Problem nədir?

Norayr Markaryan: Vladimir, səncə, bu yaxşıdır ya pis? Nə düşünürsən?

Zoqrab İsoyan: Hanı burada kapitulyasiya əlaməti?

Katerina Tiş: Siz əminsiniz ki, o, casusluq əməli törətməyəcək? Azərbaycanda da belə erməni müxbir var?

Dilbaryan Araik: Bu, "utka"dır, ya da mən bir şey başa düşmürəm.

Yelena Dadayan: Bu, qazdır.

Rudolf Ayriyan: Qazlar və ördəklər hakimiyyətdə.

Elina Babayan: Hakimiyyətdəkilər maldır.

Norayr Mikaelyan: Bütün bunlara görə kim cavab verəcək?!!

Katerina Tiş: Norayr Mikaelyan: Cavabı bizim humanist hökumətimiz verəcək. Dünyaya göstərmək istəyir ki, bizdə demokratiyadır, ancaq əslində bizdə anarxiyadır.

Dilbaryan Araik: İndi kim türkdür, Serjik, Robik yoxsa Nikolik??

Garegin Grigoryan: Hərəkət eləmək lazımdır, sabah gec olacaq...

Armine Martirosyan: Dəhşət, başlarını tamam itiriblər.

Katerina Tiş: Armine Martirosyan: Yox, başlarını itirməyiblər, bu, xüsusi proqramdır (Ukraynada daha sərt olmuşdu, Ermənistanda bir az başqa cürdür)

İnsan hakimiyyətə "ya mən, ya da heç kim" ultimatumu ilə gəlirsə, bu, terror adlanır. Hakimiyyət terrorçuların əlindədir. Əvvəlki rəhbərliklə müqayisə etsək, bu, ən müəmmalı hakimiyyətdir.

Tatul Tiqranyan: RF-dakı erməni vətəndaşlara Bakıya getməyə icazə vermirlər, amma bizdə onların jurnalistləri işləyir, maraqlıdır.

Katerina Tiş: Bu, belə pərdə altında casusluğun yeni formasıdır, sabah bu jurnalist öz ölkəsinə lazımi informasiya aparacaq.

Emil Osipyan: Bax, onlar necə razılığa gəliblər.

David Baxşiyan: Boşboğaz, casus üçün tapıntı!!! Düşmənə içəridən informasiya vermək çox axmaq hərəkətdir.

Karina Sarkisyan: Siz haradasa xalq görürsünüz????? Millətin birliyini və vətənpərvərliyi görürsünüz?....Bunlar küt qoyub sürüsüdür, heç zaman heç nə lazım olmayıb onlara... Və bu cür qoyun sürüsü indi hakimiyyətdə olan hökumətə də layiqdir....

Sofya Sarkisyan: Dostluq başladı???!!((((Belə qorxunc qərarın qəbuluna məsul olanları mühakimə və həbs etmək lazımdır).

David Baxşiyan: Biriləri hakimiyyətdə oldu oğurladı, o biriləri ölkəni düşmənlərə verir! Bizim ölkənin Azərbaycanla nəinki diplomatik əlaqələri yoxdur, üstəlik onlarla müharibədir. XİN düşmən tərəfin işçisinə necə akkreditasiya verə bilər? Başa düşmürlər ki, onlar potensial casuslardır? Orada real olaraq ya qeyri-peşəkarlar, kütbeyinlər və savadsız adamlar oturublar. Ölkəni döyüşsüz təslim edirlər.

Karen Qriroryan: Türklər, əlbəttə, bunu başa düşməyəcəklər, ancaq dünya bu diplomatik gedişi başa düşəcək. Ölkəni təslim etdklərini necə düşünmək olar, tələsik nəticələr çıxarmayın.

Sarkis Ohanesyan: BU, DİPLOMATİK GEDİŞ DEYİL, MARAQLARIN SATILMASIDIR. DÜŞMƏNİN XÜSUSİ XİDMƏTİNİ ÖLKƏYƏ DƏVƏT EDİRLƏR, DÜNYA DA BUNU DİPLOMATİK GEDİŞ ADLANDIRIR???? ONDA MƏN DƏ SƏRKƏRDƏ MARŞAL JUKOVAM???)))))))) BU, SADƏCƏ, SATQINLIQDIR...

Svetlana Korkotyan: Karen Qriqoryan: Bu, Azərbaycan tərəfdən təxribat gedişi də ola bilər. Özləri özününkünü öldürəcək, amma bizimkiləri ittiham edəcəklər və bütün dünyaya hay salacaqlar.

Azərbaycan tərəfdən daha az aqressiv fikirlər səslənir, ancaq yenə "satqının ifşa edilməsi" elementləri var. Belə ki, istfadəçilərin çoxu, hətta bəzi KİV 1915-ci il qurbanlarının memorialına ziyarətlə bağlı Ermənistan KİV-in məlumatını xüsusi şərhlərlə tirajlayıb.

Bu məlumatla bağlı rəylər "müxalifətin satqın olmasının", "millətin maraqlarının satılması"nın təsdiqi kimi səslənir.

Bir qədər az aqressiv fikirlər isə "düşmənin ayağına getmək", "təcavüzkarla barışmaq" kimi səslənir.

KİV-lərdən biri isə belə qərara gəlib ki, Turan-ın redaktoru Yerevana erməni təcavüzünü ifşa etməyə gedib (!)...

İndi isə məsələnin ciddi tərəfi

Jurnalistlərin Ermənistana səfəri ideyası bir il öncə irəli sürülmüşdü. Bir neçə ay Azərbaycanın dövlət orqanları ilə iş aparıldı. Ermənistan XİN ilə danışıqlara da o qədər vaxt getdi. Səfər ötən ilin noyabrında olmalıydı, ancaq ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar təxirə salındı.

"Bu, niyə lazımdır?" sualının cavabı sadədir, eyni zamanda da mürəkkəb.

Hərbi münaqişədə olduğumuz ölkə cəmiyyətindəki əhval-ruhiyyəni başa düşməyin nə qədər vacib olduğunu izah etmək lazım deyil. Bəlkə də əsas məqsəd bu idi. Bunu necə etməli?

Ermənistan və ermənilər üçün müəyyən əhəmiyyət daşıyan bəzi məsələlər var: 1915-ci il hadisələri, erməni kilsəsinin siyasi rolu və Qarabağ.

Diqqət mərkəzində olan üç məsələ budur.

Ermənistanda KİV-də bu mövzuda yazıların dərcini və Bakıda bunlara ağrılı reaksiyanı nəzərə alaraq 1915-ci il mövzusundan başlayacam.

Ermənistan XİN-dən akkreditasiya alındıqdan sonra 1915-ci il hadisələri ilə bağlı müsahibə verməsi xahişilə memorialın direktoru Arutyun Marutyana müraciət göndərildi.

A.Marutyan muzeyə dəvət etdi, ancaq müsahibədən imtina etdi, bildirdi ki, muzeyin əməkdaşı bütün suallara cavab verəcək.

Muzeyə ziyarət baş tutanda isə muzey bələdçisi bildirdi ki, suallara cavab verməyə səlahiyyəti yoxdur, ancaq eksponatları təqdim edəcək. Bu və ya digər məsələlərlə bağlı dəqiqləşdirici suallara "bilmirəm", "deyə bilmərəm" cavabını verdi.

Bundan əlavə, ekspozisiyanın bir hissəsini çəkmək qadağan olunmuşdu. "Bunlar şəxsi kolleksiyaların eksponatlarıdır və sahibləri onların fotosunu çəkməyin əleyhinədir", - bələdçi vaxtaşırı ona erməni dilində göstəriş verən təhlükəsizlik xidmətinin əməkdaşının iti baxışları altında dedi.

"Soyqırım muzeyinə başçəkmə" beləcə başa çatdı.

1915-ci il mövzusuna Ermənistanda bütün siyasətçilər və ictimai xadimlər arasında müsahibələrdə toxunuldu. Həmin söhbətlərdən gəlinən nəticə sadədir: həmin mövzu bu milləti bağlayan başlıca elementdir. Ermənilər sualların çoxuna məhz bu prizmadan baxırlar və çoxları öz hərəkətlərini həmin hadisələrin fəsadları və onların təkrarlana bilməsinin təhlükəsi ilə izah edirlər.

Ancaq burada bir mühüm məqam var. Əlinə silah götürüb öz müstəqilliyi uğrunda döyüşən istənilən xalq axıdılan qan ilə fəxr edir və savaşaraq öz vətəndaşlarının həyatını qurban verdiyini gizlətmir. Ermənilərdə isə başqa cürdür: türklər bir milyon yarımdan çox günahsız qurbanı - qadınları və uşaqları qətlə yetirdilər.

Sual: Ermənilər repressiya üçün hansısa səbəb vermişdimi, niyə erməni hərbçiləri öz hökumətinə qarşı silah qaldırdı və rusiyalı işğalçı qüvvələrə yardım etməyə başladı? Sual kəskin və mənfi reaksiya doğurur.

Həmçinin erməniləri üsyana təhrik edən, qiyamçı dəstələri silah və pul ilə təchiz edən Qərb dövlətlərinin və Rusiyanın hər hansı rolu inkar edilir.

Ancaq bütün bunların ermənilərdə bir cavabı var: türklər ermənilərin məhv edilməsini çoxdan planlaşdırmışdılar ki, Türkiyəni xristianlardan təmizləsinlər. Hətta ermənilər haradasa silah qaldırmış olsaydı belə, heç kimi öldürmək olmazdı.

Bu fikirlərlə də 1915-ci il memorialını tərk etdik.

Ardı var

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti