İmkanların genişləndirilməsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) binasının Bakının mərkəzindən şəhərin kənarına köçürülməsi qanunların pozulmasına səbəb olub ki, bu da vətəndaş Mirvaleh Seyidrza oğlu Mövsümovun özəl mülkiyyətinə müdxilədə özünü göstərib.
“Diqqətinizə çatdırıram ki, iki ilə yaxındır ki, Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M. Muxtarov küçəsi, 194 ünvanında yeni tədris korpusunun tikintisi aparılır. Tikinti prosesi zamanı mülkiyyət hüququ əsasında mənə məxsus olan və M.Muxtarov küçəsi, 190 ünvanında yerləşən torpaq sahəsi Universitet tərəfindən ələ keçirilib. Mənim sahəmdə yol çəkilib, su, kanalizasiya kommunikasiyaları çəkilib (gələcəkdə mənə binanın təməlini qoymağa imkan vermir), qaz sistemi quraşdırılıb və s. Bu özbaşınalığa son qoyulması ilə bağlı Universitet rəhbərliyinə, rektor Ədalət Muradova dəfələrlə etdiyim müraciətlərə oradan açıqlama gəlir ki, Universitetin təsdiqlənmiş eskiz layihəsi var”, - Turan-a daxil olan məktubda deyilir.
M.Mövsümov Bakının Yasamal məhkəməsində iddia qaldırıb. Eyni zamanda Universitet qarşı tərəfə iddia qaldırıb. 2019-cu ilin avqustunda M.Mövsümov məhkəmədən ali məktəbi ona məxsus sahədə işi dayandırmağa məcbur etməsini istəyib, İqtisad Universiteti isə həmin məhkəmədən vətəndaşın ərazisinin bir hissəsinin ali məktəbə verilməsini istəyib. Üstəlik, universitet rəhbərliyi tərəfindən imzalanan iddianın mətnində bu sahənin M. Mövsümova məxsus olduğu qeyd edilib.
Sonra M.Mövsumovun Universitetin rektoru Ədalət Muradovla görüşü olub. 2020-ci il yanvarın sonlarında baş tutmuş görüşdə rektor 6-8 nəfər əməkdaşının iştirakı ilə çıxış edərkən deyib ki, “indi 21-ci əsrdir, kiminsə başqasının mülkiyyətini ələ keçirdiyi vaxtlar deyil”. Və qərar çıxarıb: eskiz dəyişdirilsin, məhkəmə iddiaları geri götürülsün, ədalət bərpa edilsin. Lakin rektorun dediklərindən heç biri olmayıb.
Məhkəmə prosesi davam edib. M.Mövsümovun iddiasının haqlı olduğunu təsdiq edən texniki ekspertiza təyin edilib. Turan-ın redaksiyasında bu sənədin surəti var. Ekspertlər etiraf ediblər ki, Universitet öz ərazisindən vətəndaşın ərazisinə qapı açıb, M.Movsumovun ərazisilə oraya iri yük avtomobilləri daxil olur və fəhlələr gəlir. M.Mövsümovun torpağına borular basdırılıb, mühəndis qurğuları tikilib. Ekspert qeyd edir ki, görülmüş işlərə görə M.Mövsümov öz sahəsində ev tikə bilməyəcək.
Məhkəmə davam edir, ikinci ekpertiza təyin edilib. M.Mövsümov məlumat verib ki, rektor Ə.Muradov prezident İlham Əliyevin adından istifadə edərək məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına təzyiq göstərir, Universitetin yeni korpusunun açılışına prezidentin gələcəyini bildirir
“Sanki dövlət başçısı torpağı ələ keçirmək və onu yeni korpusun açılışına dəvət etmək barədə sərəncam verib. Beləliklə, prezidentin imicinə xələl gətirilir. Mən bilmirəm, necə olur ki, minlərlə gəncin ali təhsil aldığı Universitet elmi, biliyi inkişaf etdirir, həm də başqasının mülkiyyətinin ələ keçirilməsi ilə məşğul olur...”, - torpaq sahəsinin sahibi M.Mövsümov təəccüblənir.
İqtisad Universitetinin hüquqşünası Kəmalə Bünyadova Turan ilə telefon danışığında M.Mövsümov və Universitet arasında mülki məhkəmə prosesinin davam etdiyini təsdiqləyib. Pandemiya ilə əlaqədar hüquqşünas evdən çalışır və bu işə dair sənədlər əlinin altında yoxdur, odur ki, daha çox məlumat verə bilməyib, ancaq onu deyib ki, məhkəmə başa çatana qədər konkret bir şey deyə bilməyəcək. Hüquqşünas bizim sualımıza cavab verməyib: Movsumovun iddiası təmin olunarsa Universitet məhkəmənin qərarını yerinə yetirəcəkmi?
M.Mövsümovun mülkiyyətinə dair sənədləri redaksiyaya göndərməsi göstərir ki, Universitet Konstitusiyanın 24-cü və 25-ci maddələrini (vətəndaşın əsas hüquqları və hamının məhkəmə və qanun qarşısında bərabər olması haqda) pozub. M.Mövsümov məhkəməyə iddia ərizəsində Torpaq Məcəlləsinin 111-ci maddəsini (başqasının ərazisinin zəbt edilməsinin və orada tikintinin qanunsuz olması və ikinci tərəfin bu ərazidə tikintinin dəyəri tutulmadan zəbt edilmiş ərazini qaytarmaq öhdəliyini) xatırladır. İndiki halda Məcəllənin 111-ci maddəsindən irəli gələrək İqtisad Universiteti vətəndaşın sahəsini öz hesabına ilkin vəziyyətə gətirməlidir.
M.Mövsümovun 20 avqust 2019-cu il tarixli iddiası sənədlərin surətləri və fotoşəkillər ilə müşayiət olunur ki, bunlar redaksiyada da var.
Rəy yaz