arabcenterdc.org
Trampın neftin qiymətini aşağı salmaq cəhdi geosiyasəti dəyişdirə və neftdən asılı ölkələrin iqtisadiyyatlarına meydan oxuya bilər
Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Tramp videobağlantı vasitəsilə çıxış edərək dünya neft qiymətlərinin aşağı salınması üzrə cəsarətli strategiya təklif edərək bildirib ki, enerji daşıyıcılarının qiymətinin yüksək olması Rusiya və Ukrayna arasındakı münaqişəni uzadır. Tramp OPEK-i, əsasən Səudiyyə Ərəbistanını neftin qiymətini aşağı salmağa çağırıb və bildirib ki, bu, müharibənin bitməsini sürətləndirəcək.
"Mən Səudiyyə Ərəbistanından və OPEK-dən xahiş edəcəyəm ki, neftin qiymətini aşağı salsınlar. Onlar bunu etməlidirlər", - Tramp deyib. "Təəccüb edirəm ki, onlar ABŞ-da keçirilən prezident seçkilərinə qədər heç bir tədbir görmədilər. Siz (OPEK+) neftin qiymətini azaltmalısınız; bu, müharibəyə son qoya bilər".
Onun fikirləri enerji bazarlarında şok yaradıb: Brent markalı neft bir barel üçün $79,5-dən $78-ə düşüb, West Texas Intermediate (WTI) markalı neft isə bir barel üçün $75-ə düşüb. Trampın ritorikası 2020-ci il xatırlatmalarını oyandırdı. Pandemiya zamanı dünya neft qiymətləri bir barelə görə $20-ə düşmüşdü. O zaman Tramp Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman ilə sabitləşdirici saziş bağladı. Hazırda, görünür, o, Rusiyanın neft gəlirlərini (ölkə büdcəsinin 60%-ni təşkil edir) pozmaqla ölkəni iqtisadi cəhətdən zəiflətməyə çalışaraq kursu dəyişməyə hazırdır.
Alyansların sınağı
Trampın təklifi Səudiyyə Ərəbistanını qeyri-müəyyən vəziyyətə salır. Krallığın 2025-ci il büdcəsi neftin bir barel üçün qiymətini $80 həcmində nəzərdə tutur ki, bu da dövlət gəlirlərinin 60%-nin neftdən asılılığına uyğundur. Qiymətlərdə hər hansı mühüm azalma onun fiskal imkanlarını poza bilər, Ər-Riyadı öz enerji və iqtisadi siyasətinə yenidən baxmağa məcbur edə bilər.
Bildirilir ki, yanvarın 23-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüş zamanı Tramp Krallığı 2025-ci ildən 2028-ci ilədək olan dövrdə ABŞ-a 1 trilyon dollara qədər investisiya qoymağa çağırıb. Daha sıx iqtisadi əlaqələr vədi Ər-Riyada xoş gəlsə də, Krallığın hasilatı könüllü olaraq azaltması – qiymətlərin 70-80 dollar civarında saxlanması üzrə OPEK+in strategiyasının bir hissəsi - bazarları neftlə doldurmaq istəmədiyindən xəbər verir.
ABŞ-ın neft dilemması
Gündə 13-13,5 milyon barel hasil edərək dünyanın ən böyük neft istehsalçısı olan ABŞ dünya tələbatını ödəmək üçün hasilatı artıraraq geosiyasi təsir əldə edə bilər. Trampın Alyaskada və şelf sahələrində qazmanı bərpa etmək ambisiyaları hasilatı gündə 15 milyon barelə qədər artıra bilər. Lakin ABŞ-da yüksək hasilat xərclərini nəzərə alaraq, neft qiymətlərinin xeyli dərəcədə aşağı olması halında bu cür səylər kommersiya baxımından əlverişsizdir.
Bundan əlavə, Amerika neft emalı zavodları, xüsusən də şimal ştatlarında, Kanadadan idxaldan çox asılıdır ki, bu da Trampın yanacağın daxili qiymətlərinin azaldılması üzrə vədlərini yerinə yetirmək bacarığını şübhə altına alır.
Azərbaycan üçün nəticələr
İqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün Trampın strategiyası ikibaşlı dəyənək kimidir. Ölkənin 2025-ci il üçün büdcəsi bir barel üçün $70-ə əsaslanıb ki, bu da onu potensial gəlir kəsirinə qarşı həssas edir. Tarixən neftin qiymətinin düşməsi valyutaya təzyiq göstərib ki, bu da 2015-ci ildə manatın devalvasiyasına səbəb olub. Daha bir kəskin azalma inflyasiyaya sövq edə bilər, alıcılıq qabiliyyətini azalda bilər və xarici investorların Azərbaycanın enerji layihələrinə marağını zəiflədə bilər.
Neft satışından gəlirlərin azaldılması Avropaya enerji daşıyıcılarının nəqlinin diversifikasiyası üzrə strateji layihə olan “Cənub” qaz dəhlizi kimi mühüm təşəbbüslərin maliyyələşdirilməsinə mane ola bilər. Bundan əlavə, büdcə resurslarının azaldılması Azərbaycanı infrastruktur və sosial ehtiyaclar üzrə xərcləri azaltmağa məcbur edə bilər ki, bu da ictimaiyyətin narazılığına səbəb ola bilər.
Digər tərəfdən, neftin davamlı aşağı qiymətləri iqtisadi diversifikasiyanı sürətləndirməklə bağlı Bakı üçün çağırış ola bilər. Bərpa olunan enerji, kənd təsərrüfatı və turizmə investisiyalar karbohidrogen asılılığını azaltmağa kömək edə bilər. Bununla yanaşı, Azərbaycanın Avropa ilə uzunmüddətli qaz müqavilələri qeyri-stabil neft bazarlarına baxmayaraq, davamlı gəlir axınlarına zəmanət verməklə müəyyən fiskal stabilliyi təmin edir.
Qlobal və daxili yenidənqurmalar
Trampın neft qiymətləri üzrə gündəliyi enerji geosiyasətinin mürəkkəbliyini önə çəkir. Bu, Rusiyanın iqtisadiyyatını destabilləşdirə və OPEK-in birliyini zəiflədə bilsə də, Səudiyyə Ərəbistanı kimi mühüm müttəfiqləri uzaqlaşdırmaq riski daşıyır. Azərbaycan kimi neftdən asılı ölkələrin vəzifəsi dərhal fiskal şokları idarə etməkdən, eyni zamanda daha dayanıqlı iqtisadiyyat yaratmaq üçün struktur islahatlarını irəlilətməkdən ibarətdir.
Qeyri-müəyyənliyin artdığı dönəmdə Trampın strategiyası geosiyasətin, enerji bazarlarının və qlobal iqtisadi sabitliyin bir-birilə birləşmiş təbiəti haqda sərt xatırlatmadır. Onun baxışı reallaşacaqmı, yoxsa siyasi duruş olaraq qalacaq? Bu, təkcə neft bazarlarını yox, yaxın illərdə daha geniş qüvvələr balansını müəyən edəcək məsələdir.
Rəy yaz