Milli Məclisdə büdcə “müzakirələri” başlamasa da Maliyyə Nazirliyi artıq 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsini təqdim edib. Təqdimatdan bəlli olur ki, gələn il dövlət büdcısinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 913,7 milyon manat olaccaq. Növbəti ildə orta illik inflyasiyanın 4,6 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 55 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub.
Büdcə risklərinin təhlili və makrofiskal proqnozlaşdırma, büdcə gəlirlərinin daayanıqlıqlığının, eləcə də xərclərin şəffaflığı və səmərəliliyininin qiymətləndirilməsi nəticəsində belə məlum olur ki, 2020-cu ilin büdcəsində ən azı 20 zəif bənd mövcuddur. Zəif bəndlərin çox olması növbəti ilin büdcə idarəçiliyinin keyfiyyətini, başqa sözlə xərclərin effektivliyi və iqtisadi artıma töhfəsini aşağı salır. Həmin bəndləri aşağıdakı kimi təsnifləşdirmək olar.
1) Azərbaycanda büdcə danışıqları aparılmır. Oktyabrın 15-də president yanında keçirilən social-iqtisadi müşavirədə növbəti ilin büdcəsi ilə bağlı müzakirələr təsdiq etdi ki, Azərbaycanda büdcənin tərtibi bir qrupun rəyi əsasında həyata keçirilir. Hələ də dövlət büdcənin tərtibi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Prezident Adminstrasiyasının nəzarətindədir, bu prosesdə ayrı-ayrı sahə və xətti nazirliklərin, eyni zamanda büdcədən maliyyələşən digər dövlət orqanlarının da büdcə hazırlığı prosesində iştirakı formal xarakter daşıyır. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi istisna olmaqla digər dövlət orqanları demək olar ki, büdcə danışıqlarında iştirak etmirlər.
2) Parlamentin büdcə prosesində rolu nominal xaraakterlidir. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bu gün oktyabrın 25-I olmasına baxmayaraq Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi hələ də parlamentdə müzakirəsi başlamayıb. Halbuki, qonşu Gürcüstanda və Rusiyada büdcənin parlament müzakirələri ötən aydan start götürüb və davam edir. Azərbaycanda isə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanunun pozulması ənənəvi hal alıb.
3) “Nəticə əsaslı büdcə” hələ də tərtib olunmur. 2020-ci ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi proqramlar üzrə kodlaşdırma və təsnifat olmadan hazırlanıb. Proqramlarla nəticələrə və onların ölçülməsinə hesablamnış büdcə işi Azərbaycanda hələ də qurulmayıb. Odur ki, büdcə xərclərinin səmərəliliyi ildən-ilə aşağı düşür, onun təsir və nəticələrinin ölçülməsi üçün indikatorlar işlənilmədiyindən və müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti əngəlləndiyindən büdcə monitorinqləri və social auditlər aparılmır. Bu isə birbaşa büdcənın xərclənməsində icraçı təşkilatların rolunu və fəaliyyətini qiymətləndirməyə imkan vermır.
4) Yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə məhdudiyyət qoymur. Belə ki, 29 iyul 2018-ci il tarixdə ““Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 11-1.2. maddəsində ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilmişdir. Fiskal qaydalara görə, hər il xərclənə bilən neft gəlirləri proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə hesablanır. 2020-ci ilin büdcə layihəsinin ilkin təqdimatı göstərir ki, qeyri-resurs sektoru hesabına xərclərin artımının təmin edilməsi mümkün olduğu tədqirdə, Azərbaycan höküməti fiscal qaydaların mövcudluğu şəraitində də neft gəlirlərinin dövlət büdcəsinə transfertini yüksək səviyyədə saxlayır. Belə ki, gələn ARDNF-dən dövlət büdcəsinə transferlər 11,35 milyard manat və ya büdcə gəlirlərinin 47 faizini təşkil edəcək.
5) Büdcədə neftin hər barelinin qiyməti optimist senariyə əsaslanır, real deyil. 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı neftin qiymətinin dünya bazarlarında ucuzlaşması müşahidə edilir.. Odur ki, 2020-cu il üçün neftin hər barellinin dünya bazar qiymətinin orta hesabla 55 ABŞ dolları səviyyəsinin qəbulu optimist yanaşmadır. Əslində büdcə tərtib olunarkən xam neftin 1 barelinin qyməti bir neçə qiymət senarisi üzrə proqnozlaşdırılmalıdır ki, xarici şoklardan sığortalanmaq, riskləri idarə etmək mümkün olsun.
6) Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyildir. Belə ki, Büdcə gəlirlərinin 43 faizi qeyri-neft sektorunun, 56,1 faizi neft sektorunun payına düşəcək.[1] Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin hazırladığı orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz proqnozlaşdırılıb.[2] İqtisadiyyatın maliyyə potensialından zəif istifadəni keçmiş SSRİ-nin neft və qazla zəngin olan ölkələri ilə müqayisədə də aydın görmək olar. Belə ki, 2020-ci ildə Rusiyanın büdcə gəlirləri 293,2 mlrd. dollar və hər adama 2027 dollar, Qazaxıstanın büdcə gəlirləri 30,3 mlrd. dollar və hər adama 1666 dollar olduğu halda, Azərbaycan büdcə gəlirləri 14,2 mlrd. dollar və hər adama 1377 dollar gözlənilir.
7) Büdcənin neft gəlirlərindən asılılığı artır. Büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır. Belə ki, növbəti il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 47 faizi Dövlət Neft Fondundan daxilolmaların, 32,6 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 16,6 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 3,8 faizi isə digər mənbələrin payına düşür. Vergilər Nazirliyinin büdcə gəlirlərinin formalaşmasında payı 2015-ci ildəki 40,7 faizdən növbəti ildə 32,6 faizə qədər azalacaq.
8) Büdcədən neft qoxusu gəlir. 2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
9) Büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə çoxalır. Hesablama Palatasının hesablamalarına görə, hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 1,8 min manat, 2018-ci il üzrə 2,1 min manat olub, bu göstərici 2019-cu il üçün 3,1 min manat proqnozlaşdırılıb. Eləcə də Gömrük Komitəsinin hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına xərcləmələri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 3,0 min manat, 2018-ci il üzrə 3,6 min manat olub, 2019-cu il üçün xərclərin 3,8 min manat qədər artımı gözlənilir. Hazırda Vergilər Nazirliyinin ləğv edilməsi və bu funksiyanın İqtisadiyyat Nazirliyinə verilməsi növbəti il üçün bu cür hesablamaları hələ ki, mümkünsüz edir.
10) ARDHF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasət yoxdur. 2014-cü ildən 2019-cu ilədək azalan transferlərin cari ildəki artımı növbəti ildə də davam edəcək. 2018-ci ilin dövlət büdcəsində ARDNF-nin transferləri 10.995 milyon manat olub, bu il il üçün isə 11.364 milyon manat, gələn il üçün isə 11,35 milyard manat proqnozlaşdırılıb. Bu isə o deməkdir, gələn ilin büdcəsində ARDNF-nin transfertlərinin payı 47 faiz olacaq, bundan əlavə ADRNŞ-dən büdcə ödənişləri 1450 milyon manat və ABƏŞ-in ödənişləri 730 milyon manat olacaq ki, bu da neft gəlirlərinin cəmi gəlirlərdə payını 56,1 faizə çatdıracaq.
11) Növbəti ildə cərimə və sanksiyalardan daxilolmalar artacaq. 2020-ci ilin büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən 839,5 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 212,9 milyon manat və ya 34 faiz çoxdur. Bu daxilolmaların artımına səbəb vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının, gömrük yığımlarının, dövlət rüsumlarının və inzibatı xətalara görə cərimələrin artımla proqnozlaşdırılmasıdır. Odur ki, növbəti ildə sahibkarların daha çox cərimə və sanskiyalar gözləyir.
12) Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsi yenə də aşağıdır. 2020-ci ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,7 faizini təşkil etdiyindən yerli gəlirlərin payı 3,3 faiz olacaq.
13) Büdcədən rayonlara dotasiyalar artır. 2020-ci ildə dövlət büdcəsinin yerli xərcləri 850,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 7,3 milyon manat və ya 0,9 faiz çoxdur. Lakin, bu arıma baxmayaraq, növbəti ildə 39 rayon və şəhərlər xərclərini öz gəlirləi hesabına təmin edəcək ki, bu da cəmi rayon və şəhərlərin yarısından çoxunun hələ də dotasiya ilə yaşadığını deməyə əsas verir.
14) Büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Cari xəcrlərin artım tempinin qeyri-neft sektorunun nominal artım tempini bəndi üstələməsi gözlənilir. 2020-ci ildə bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari xərclərin 61,4 faizini təşkil edir. Bu isə o deməkdir ki, neft gəlirlər nəzərə alınmadan formalaşan büdcə cari xərclərin hər 3 manatından 2 manatını maliyyələşdirməyə çatır.
15) Büdcə xərclərinin bölgüsü ədalətsizdir. 2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək.
16) Büdcə xərclərinin yarıya qədərinin açılışı yoxdur. Növbəti ilin büdcəsində 21,6 faizə malik olan müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması xərclərinin, 18,6 faiz xüsusi çəkiyə malik olan sənaye, tikinti və faydalı qazıntılar xərclərinin, 3,7 faiz xüsusi çəkisi olan əsas bölmələrə aid edilməyən xidmətlərin, 2,6 faiz payı olan iqtisadi fəaliyyət xərclərinin nə iqtisadi, nə də funskional təsnifatı var. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46,5 faizi qapalıdır. Bu barədə nəinki ictimaiyyət, hətta parlament üzvləri belə məlumatlı deyil.
17) Gələn ilin büdcəsi inflyasiya yaradacaq. Gələn ilin büdcəsində mədaxil mənbələri üzrə mütləq ifadədə əsas artımlar əlavə dəyər vergisi (226 milyon manat), fiziki şəxslərin gəlir vergisinə (295 milyon manat), aksizlər (147 milyon manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalara (212,9 milyob manat) məxsus olacaq. Növbəti ilin büdcəsində faiz ifadəsində isə gömrük rüsumları üzrə 5,6 faiz, idxala əlavə dəyər vergisi üzrə 13,2 faiz, yol vergisi üzrə 40,6 faiz artım nəzərdə tutulub. Göründüyü kimi gələn ilin büdcəsində artımı təmin edən qeyri-neft gəlirləri əsasən istehlakçıların xərclərinin çoxalması sayəsində proqnozlaşdırılıb. Bu isə, xüsusilə də idxal mallarının qiymətlərinin bahalaşması zamanı mümkündür. Odur ki, gələn il inflyasiyanın 4,6 faiz olacağı real deyil.
18) Qapalı büdcə korrupsiyanın həcmini yüksəldəcək. Növbəti ilin büdcə xərclərinin 46,5 faizinin qapalı olması, nə iqtisadi, nə də funksional təsnifatın parlament müzakirəsinə çıxarılmaması, büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız istifadəsi korrupsiya risklərini artırır. Qapalı xərclər arasında 4,9 milyard manatlıq tikinti xərcləri korrupsiya risklərini daha da artırır.
19) Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb. Dünya bazarında neftin qiymətinin gələn ildən gözlənilən ucuzlaşması 2020-ci ilin büdcəsinə ARDNŞ və ABƏŞ tərəfindən ödənişlərə mənfi təsir göstərə bilər. Aşağı qiymətlərlə yanaşı neft hasilatında gözlənilən azalma ARDNF-nin büdcəsində kəsirin yaranmasına gətirib çıxara bilər. 2019-cu ilin büdcəsi bu tip neqativ təsirlərə məruz qala bilər.
20) Gələn il büdcənin kəsiri böhran həddini keçəcək. Növbəti ildə büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə nəzərdə tutulan 3 faizlik böhran həddinin aşılması deməkdir. Gələn il üçün büdcə kəsiri ötən ilə nisbətən 12,5 dəfə çox olacaq. Artım tendensiyası cari ildə başlayıb. Belə ki, 2019-cu ilin büdcəsinin gözlənilən kəsiri ötən ilin faktiki kəsiri ilə müqayisədə 9 dəfədən də artıq olacaq. Göründüyü kimi bu il və gələn il büdcə kəsiri kosmik sürətlə artacaq.
[1] Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinin açıqlanması http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/5d7b8f2899635.pdf
[2] Yenə orada
Rəy yaz