ADR-in neft siyasəti və bu günümüz (1918-1920)

ADR-in neft siyasəti və bu günümüz (1918-1920)

Əsrin əvvəllərində (1918-1920) Azərbaycan Demokratik Respublikası(ADR) bizə bir millət olaraq təkcə cumhuriyyət dəyərlərini qazandırmamışdı. Eyni zamanda tarix üçün kiçik bir zaman fürsətini geniş iqtisadi pəncərələrdən baxmaq üçün imkanı şansını da tanıtdırmışdılar. ADR o zamanlar yeni qurulurdu. İqtisadi əlaqələr zəif idi. Amma cumhuriyyətin qurulmasından da əvvələ getsək, neft sektoru ilə bağlı görülmüş işləri daha doğru qiymətləndirə bilərik.

1903-cü ildə H.Z.Tağıyevin təşəbbüsü ilə gəmi sahibləri Bünyadovun, Aşurovun, Manafovun, Useynovun və başqalarının iştirakı ilə saziş imzalanaraq "Yanacaqdoldurma şxunları ittifaqı" adlı sindikat yaradıldı. "Nobel qardaşları" şirkəti və "Mazut" birliyi də onlara qoşuldu. ADR-in yenicə yarandığı illərdə neft və neft  məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italyan, amerikan şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması istiqamətində müəyyən addımlar atıldı.  Azərbaycanın neft hasilatının əsas alıcısı Rusiya, sonrakı illərdə Avropa ölkələri oldu.

Bildiyimiz kimi XIX əsrin sonu - XX əsrin əvvəlində Bakıda neft istehsalı daha da artmışdı. 1901-ci ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. (1) Çar Rusiyasının təsir dairəsindən çıxan Azərbaycan kimi olunan “yağlı tikənin” əldən çıxmasını heç cürə həzm edə bilmirdi. О vaxt neft sənayesində yaranan ən mühüm problemlərdən biri neftin emal edilməsində yaranmış çətinliklərlə bağlı idi. Dağıntılar nəticəsində neft hasilatı ilə emalı arasında böyük uyğunsuzluq yaranmışdı. Azərbaycanda mövcud olan çoxsaylı neft emalı müəssisələrinin ümumi gücü 0,5 mln. ton təşkil edirdi. 1918-ci ildə Azərbaycanda neft emalının həcmi təxminən 200 min tona endiyindən xaricə neft, əsasən, xammal şəklindən ixrac edilirdi. Bu dövrdə Bakının neft təsərrüfatında fəaliyyət göstərən şirkətlər bir neçə transmilli korporasiyalarda birləşdilər. Neft emalı, kimya və neftin ixracı ilə Nobel qardaşları məşğul olurdular. Neftin hasilatı, emalı və ixracını Rus neft şirkəti həyata keçirirdi. Neft hasilatı, neftayırma sahələrinin avadanlıqlarla təchizatın ingilis-holland "Şell" tresti yerinə yetirildi. Maliyyə-neft korporasiyasında iştirak edən 10-dan artıq xarici ölkə şirkətləri neft və neft emalı sənayesinin inkişafını maliyyələşdirirdilər.(2) Neft emalı sənayesində Azərbaycan kapitalının xüsusi çəkisi getdikcə artırdı.

Yenicə müstəqillik qazanmış ADR-ə ən böyük təhlükə yenidə şimal qonşumuzdan gəlirdi. İstiqlalını qazanmış bir millətə nifrətini gizlətməyən Rusiyada inqilab nəticəsində Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu.(3) Müstəqilliyini yenicə qazanmış ADR 1918-20-ci illəri əhatə edən dövrdə cəmi 9,36 milyon ton neft hasil edə bilmişdi. “Demokratik respublikanın mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə isə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.”(4)

Üzərindən bir əsr keçəndən sonra Azərbaycanın neft hasilatı illik olaraq 38-43 mln. ton arasında tərəddüd edib. Deməli, əsrin əvvəlində 23 aylıq müstəqillik müddətində əldə edilən 9,4 mln. ton neft hasilatı müasir Azərbaycanda 3-4 aylıq neft hasilatı səviyyəsindədir. Neft ixracının artması ölkəmizdə bütün istehsalat sahələrinin inkişafına təkan verdi. 23 aylıq iqtisadi müstəqilliyinin də əsaslarını yaradan təmiz əlli milli hökumət təmsilçiləri sonradan neft gəlirləri hesabına daha da möhkəmlənirdi.

ADR-in zamanında  dövlət büdcəsində neft sektorunun payı – 62%

Hələ yenicə müstəqilliyini qazanmış 1918-ci ildə ADR-in dövlət büdcə gəlirlərinin 62 faizini neft sektoru təşkil edirdi. O zamanlar, konkret olaraq 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manat idi. Onun əsas hissəsi neft satışı və bu gəlirə görə vergilər hesabına artırdı. O illər üçün bu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki, neft üçün olan aksiz vergiləri idi. (5) İndiki Azərbaycan Respublikasının 30 illik müstəqillik dövründə neft hasilatından 135 milyard dollar gəlir əldə edəndən sonra belə dövlət büdcəsində payını aşağı sala bilməyib. Son 5 il bundan öncə büdcə gəlirlərimizin 73 faizi neft sektorundan formalaşıb. Hazırda (2020) bu rəqəm 63% təşkil edir. Bir əsrlik müstəqillik yaşı olan bir dövlət üçün neftdən asıllıq nisbəti əsrin əvvəllərində daha aşağı səviyyədə olub, nəinki indi. Ayıbdır axı, bir əsrlik zaman ayrılığından sonra neft hasilatımızı indiki həcmlə müqayisə edəndə 7-8 dəfə artıq olduğu bir nisbətdə büdcə gəlirlərində payımız da o dövrünkündən daha da çox asılı vəziyyətə gəlib çatıb.

Biz büdcənin neftdən asıllıq nisbətini mütləq dəyişməlidir. Çünki, neft müstəqilliyin təminatı deyil. Amma neftin bizə məxsus olmasının təminatı müstəqilliyimizdir. Bunu unutmayaq! 

 

Mənbələr:

  • Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011, səh. 55-56.
  • Siyavuş Qarayev,(akademik) “Nəqliyyat hüququ”-2008, səh. 125-129
  • https://az.wikipedia.org/wiki/Azərbaycan_Xalq_Cümhuriyyəti
  • https://az.wikipedia.org/wiki/Azərbaycan_Xalq_Cümhuriyyəti
  • https://az.wikipedia.org/wiki/Azərbaycan_Xalq_Cümhuriyyəti  

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti