Stokholm Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi (SIRPI) müharibə problemləri və dünya ölkələrində silahların artmasının izlənilməsi ilə məşğul olan təşkilatdır. SIRPI müntəzəm olaraq hərbi silahların alınması haqqında analitik hesabatlar dərc edir, onlara əsasən dünyada gərginliyin artdığını və ya azaldığını müəyyən edir. 1995-ci ildən etibarən bu hesabatlarda müntəzəm olaraq AR və ER-in aldığı silahlar haqqında məlumatlar dərc olunur.
Hərbi büdcələr
Cədvəldən göründüyü kimi, 1995-ci ildən 2005-ci ilə qədər hər iki ölkənin hərbi xərcləri müqayisə olunacaq səviyyədə olub, bundan sonra AR-in xeyrinə böyük fərq başlayıb. 2002-ci ildən etibarən AR silah idxalı həcmini 164% artıraraq, dünyanın 100-dən çox dövləti arasında 38-ci yeri tutub, bir halda ki, ER-də son 10 ildə silah alışı səviyyəsi düşüb. 2002-2006-cı illərdə ER 71-ci yeri tuturdusa, indi 84-cü yerə düşüb.
2007-2011-ci illərdə AR-ə silahların 55%-i RF-dən idxal olunub, bir halda ki, ER-in, demək olar ki, bütün silahları (96%) Rusiya istehsalı olub.
SIRPI-nin məlumatına görə, Ermənistan və Azərbaycan 2016-2017-ci illərdə təxminən 700 mln. dollar dəyərində silah alıb. Bu dövrdə Ermənistan 124 mln. dollarlıq silah idxal edərək, dünyada 54-cü yeri tutub. (Ermənistana silah ixracının 100%-i Rusiyanın payına düşüb).
Azərbaycan bu dövrdə 551 mln. dollar dəyərində silah alaraq (əsasən İsrail və Rusiyadan, az sayda Slovakiya və Çexiyadan) 27-ci yeri tutub.
Hər iki kiçik ölkənin hərbi büdcələrinin miqyası onları iqtisadi xaosa düçar edə biləcək qədər böyükdür. Hələlik AR-ə daxil olan neft dollarları və RF-nin ER-ə əksər hallarda təmənnasız silah verməsi (RF ER-ə Rusiya silahlarını almaq üçün 200 mln. dollar kredit verib) ilə əlaqədar bu perspektiv bir qədər uzaqdır.
Hərbi əməliyyatlar ehtimalı
Amma bu halda belə silahlanma gərginliyin daim artmasına və sabitliyin pozulmasına gətirib çıxarır. Belə ki, 2016-cı ilin aprelində AR Silahlı Qüvvələri eyni zamanda cəbhənin bir neçə hissəsində erməni qüvvələrinin eşelonlaşdırılmış və möhkəmləndirilmiş müdafiə xəttini yardı. Bu zaman Azərbaycan ordusu ilk dəfə olaraq düşmənin məhv edilməsi vasitələrindən: pilotsuz uçan aparatlardan, uzaqvuran artilleriyadan, aviasiyadan, tanklardan və yaylım atəşi sistemlərindən birgə istifadə etməklə hücum əməliyyatları həyata keçirmək bacarığını nümayiş etdirdi.
AR ərazisində hərbi əməliyyatlar (daha az intensivliklə davam edən) baş verdiyinə görə Bakının müharibədə ER və Dağlıq Qarabağın cüzi potensialını tükədərək, düşməni qüvvətdən salmaq üçün daha çox perspektivi var. Bununla əlaqədar, münaqişənin gedişatının da, onun həlli yollarının da yeni variantları ortaya çıxa bilər. 2016-cı il hərbi əməliyyatlarından sonra danışıqlar prosesinin gedişatı dolayısıyla buna dəlalət edir.
İstənilən halda, yaxın zamanda region getdikcə daha çox hərbiləşdiriləcək ki, bu da irimiqyaslı qarşıdurmalara gətirib çıxara bilər.
AR və ER-in hərbi potensialı
2016-cı ilin aprelinə (globalpower.org saytına bax) AR-in hərbi gücü Ermənistandan 1,5 dəfə artıq olaraq qiymətləndirilirdi.
2014-cü ilin məlumatlarına görə (MKİ-nin saytında dərc edilib), Azərbaycan ÜDM-in 5,1%-ni, Ermənistan isə 4,29%-ni hərbi ehtiyaclara xərcləyib. Hər iki halda bu rəqəmlər bütün əvvəlki illər ərzində artıb, amma nisbət eyni qalıb - Bakı Yerevandan daha fəal şəkildə silahlanıb.
SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (AASQM) müəyyən edilmiş norması bölüşdürülərkən Azərbaycan və Ermənistan üçün 220 tank, bir o qədər zirehli maşın, 285 artilleriya sistemi, 100 döyüş təyyarəsi və 50 zərbəçi helikopter norması müəyyən edilib.
Bu və ya digər ölkənin silahlarının bu normalara nə dərəcədə sığdığı haqqında dəqiq məlumat yoxdur, tərəflərin rəsmi məlumatları isə saxtalaşdırılır.
Məsələn, 2013-cü ildə (Rusiyanın BMT-yə verdiyi rəsmi məlumatlara əsasən), RF Azərbaycana 10 tank və 10 zirehli avtomobil ixrac edib, AR bunların heç birini göstərməyib.
ER-in hərbi gücünü qiymətləndirmək daha da çətindir. Bu ölkə aldığı silahları elan etməyə meylli olmamaqla yanaşı, Qarabağda formal olaraq iki ordu - Ermənistan Silahlı Qüvvələri və tanınmamış regionun ordusu fəaliyyət göstərir və onların silahlarını saymaq çox çətindir. ER hansısa səbəblərdən bəyan edə bilmədiyi silahları Dağlıq Qarabağda gizlədir.
Nəticədə, müxtəlif mənbələrin hərbi texnikanın miqdarı ilə bağlı qiymətləndirmələri bəzən dəfələrlə fərqlənir.
Döyüş texnikası (vahidlərin təxmini sayı) | ||
Azərbaycan | Ermənistan | |
Tanklar | 314-750 | 100-166 |
Zirehli maşınlar | 1100-1500 | 140-636 |
Çapı 100 mm-dən böyük olan top art. | 240-469 | 150-240 |
Zərbəçi helikopterlər | 18-84 | təx. 15 |
Dağlıq Qarabağda 170-dən 370-ə qədər və daha artıq tank, 270-dən 320-yə qədər zirehli maşın, 290-dan 320-yə qədər artilleriya sistemi, 40-a yaxın yaylım atəşi sistemi yerləşdirilə bilər.
AR və ER-in silahları arasında, müxtəlif məlumatlara görə, pilotsuz aviasiya, tank əleyhinə komplekslər və DZRK, RƏM sistemləri, o cümlədən C-300 kompleksləri, reaktiv yaylım atəşi sistemləri, "Toçka U" taktiki ballistik raketlər və s. var.
Hərbi qulluqçular
Azərbaycan ordusuna çağırış yaşı 18-35 yaşdır. Bu zaman müddətli əsgərlərin xidmət müddəti 18 ay və ya ali məktəb məzunları üçün 12 ay təşkil edir. Müqavilə ilə xidmətə 17 yaşdan başlamaq olar.
AASQM normalarına əsasən, AR ordusunun maksimum sayı 70 min nəfər olaraq müəyyən edilib. Müxtəlif illərdə real say 2005-2007-ci illərdə 95 minə qədər dəyişib, 2016-cı ildə təxminən 66 min təşkil edib. Ehtiyatda olanların sayı, təxmini hesablamalara görə, 300 minə qədər ola bilər.
Ermənistan üçün say məhdudiyyəti 60 min olaraq müəyyən edilib. Müxtəlif məlumatlara görə, Ermənistan ordusu (Qarabağdakı silahlı birləşmələri nəzərə almadan) təxminən 45 min hərbi qulluqçu və 200 min ehtiyatda olan hərbiçidən ibarətdir.
Müxtəlif qiymətləndirmələrə görə, Qarabağ silahlı birləşmələri 20-22 min nəfərdən və 20 mindən 30 minə qədər ehtiyatda olan hərbiçidən ibarət ola bilər.
Rəy yaz