politischios.gr
Söhbət Ankara tərəfindən konkret addımların atılacağı təqdirdə Yunanıstanın dərhal dialoqa hazır olması ilə bağlı elə həmin gün Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin bəyanatının fonunda baş tutub, belə ki, “Türkiyə ilə böhranlı münasibət vəziyyətində təkcə Yunanıstanın deyil, bütün Avropa İttifaqının maraqları təhlükə altına düşür (aa.com.tr).
NATO qapıları çərçivəsində söhbətin nədən getdiyini və Yunanıstanla Türkiyənin məhz Şimali Atlantika Alyansının “daxilində” dialoqa qayıtmaq cəhdinin səbəblərini anlamaq üçün yaxın tarixdən bəzi epizodları xatırlamaq məqsədəuyğundur.
Məlum olduğu kimi, 2020 - ci ilin yanvarında Yunanıstan, Kipr və İsrail resurs bazası İsrail şelfində “Leviafan” yatağı olacaq Şərqi Aralıq dənizi qaz kəmərinin (“EastMed”) (operator Amerikanın “Şevron” şirkətidir) tikintisinə dair saziş imzalayıblar. Buradan mavi yanacaq Kipr - Yunanıstan - İtaliya marşrutu üzrə və daha sonra digər Avropa ölkələrinə nəql edilməlidir.
Çox simptomatik haldır ki, hələ 2017-ci ilin əvvəllərində İsrail şelf qazının Türkiyə vasitəsilə Avropaya nəqlindən söhbət gedib (neftegaz.ru), lakin tezliklə Ankara “EastMed”dən kənarda qalıb və bu gün qaz kəmərinə qarşı barışmaz mövqe tutmağa davam edir, XİN əməkdaşlarının dilindən bəyan edir ki, “Şərqi Aralıq dənizində ən uzun sahil xəttinə malik Türkiyənin və Kipr adasının təbii resurslarına bərabər hüquqlara malik kiprli türklərin maraqları nəzərə alınmadan istənilən layihə uğurlu ola bilməz” (tj.sputniknews.ru).
İndiki vəziyyətdə 2019-cu ilin sonunda Türkiyə və Liviya arasında imzalanmış dəniz zonaları üzrə anlaşma memorandumu mühüm amil hesab olunur. Burada incə məqam ondan ibarətdir ki, dəniz şelfinin bölünməsi haqda razılaşma Ankaraya “EastMed”in çəkildiyi əraziyə öz yurisdiksiyasını şamil etməyə imkan verib. Bəli, buna cavab olaraq Aİ Türkiyənin iddialarını hüquqi baxımdan əsassız sayıb, amma bu qaz kəmərinin işə salınması üçün indi türklərin icazəsi və razılığı tələb olunur. Türkiyə XİN rəsmi nümayəndəsi Hami Aksoy isti-isti bildirib ki, “saziş Türkiyənin regiondakı dəniz yurisdiksiyalarının bir hissəsini müəyyən edib və bu, beynəlxalq yurisprudensiya və beynəlxalq hüququ formalaşdıran məhkəmələrin qərarlarına, o cümlədən, BMT Dəniz Hüququ Konvensiyasının müvafiq maddələrinə uyğundur.
Bu saziş vasitəsilə iki ölkə Şərqi Aralıq dənizi probleminin “baş vermiş fakt” şəklində nizamlanmasına yol verməmək niyyətini aydın şəkildə nümayiş etdirib (mk-turkey.ru).
Məsələ bundadır ki, imzalanmış memorandum dəniz sərhədlərinin, o cümlədən Krit və Kipr arasında akvatoriyanın yeni bölgüsünü də əhatə edib. Artıq bu ilin mayında “TurkishPetroleum” bildirib ki, Liviya ilə dəniz sərhəddinə qədər 24 dəniz blokunda kəşfiyyata başlamaq niyyətindədir. Təbii ki, hadisələrin bu inkişafı Yunanıstan və Kiprin demarşına səbəb olub. Afina hadisələrin hərbiyə qədər, istənilən inkişafına hazır olduğunu bildirib, Nikosiya isə bəyan edib ki, Türkiyə “mübahisəli şelf”dəki hərəkətləri ilə ölkənin Avropa İttifaqına daxil olması perspektivini pozub (oilcapital.ru).
Maraqlıdır ki, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin yaxınlaşması ətrafında baş verənlər də Türkiyədə “EastMed” prizmasından (o cümlədən) nəzərdən keçirilir. Türkiyə mənbələri qeyd edirlər ki, İsrail Əbu-Dabi ilə xüsusi münasibətlər quraraq İsrail İraq Kürdüstanından Türkiyə vasitəsilə xammal tədarükü riskini azaldır. Başqa sözlə desək, İraqdan (Türkiyə vasitəsilə) tədarük İsrail üçün iqtisadi cəhətdən daha sərfəli olsa da, Türkiyə-İsrail qarşılıqlı münasibətlərində bir sıra ziddiyyətlərə görə bu məsələdə Ankaradan asılılıqdan ehtiyat edirlər. Bundan əlavə, İranın İraqdakı təsiri də israilliləri narahat edir. Digər tərəfdən, BƏƏ Qətərdən Avropaya qaz nəqlinə zərər vurulması və Aralıq dənizində Türkiyənin mövqeyinin zəifləməsi üçün “EastMed”in tikintisində maraqlıdır (eadaily.com).
İstənilən halda, vəziyyət dəfələrlə nəzarət altından çıxmağa yaxın olub. Belə ki, 2019-cu ilin yazında Ankara Kipr sahillərinə özünün “Fatih” qazma gəmisini göndərmişdi ki, bu da Yunanıstan və Kipr hakimiyyətlərinin hiddətinə səbəb olmuşdu. Hətta sonuncular gəmi ekipajının həbs olunması üçün order vermişdilər. Vaşinqton və Brüssel Ankaranı qazmaqdan imtina etməyə çağırsa da, cavab olaraq ikinci qazma gəmisi “Yavuz” yola düşdü.
Bu ilin yayında Türkiyə Kastelorizo, Rodos və Krit adaları arasındakı ərazidə dəniz şelfində, ölkə sahillərindən iki km. və Yunanıstan kontinental şelfindən təxminən 600 km. aralıda (Ankara bu ərazini öz kontinental şelfinin bir hissəsi hesab edir) seysmik kəşfiyyatın təşkili planlarını açıqladığı zaman Yunanıstan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmişdi (balkanist.ru).
Bu il sentyabrın əvvəlində isə türklər Kipr adası akvatoriyasında hərbi təlimlərə başlayıblar ki, bu da yunanların sərhəd qoşunlarını gücləndirməsinə gətirib çıxarıb.
Baş verənlərin fonunda Britaniyanın “İndependent” nəşrində dərc edilən məqaləyə diqqət yetirmək olar. Məqalədə Ankaranın “Avropa dövlətləri, Misir və ya İsrail ilə
tammiqyaslı qarşıdurmaya səbəb olmadan təzyiq göstərmək” planı istisna edilmir. Lakin bu təzyiq elə şəkildə olmalıdır ki, “ABŞ-ın yekun qərarın hazırlanması işində vasitəçi rolunu öz üzərinə götürməsi üçün yetərli olsun” (eurotopics.net).
Yəqin ki, NATO-nun Yunanıstan və Türkiyə arasında qalmasının səbəbini anlamaq üçün bu minimal məlumatlar da kifayət edir. Bir halda ki, iki ölkənin hərbi nümayəndə heyətlərinin növbəti görüşü sentyabrın 17-nə planlaşdırılıb, görünür, tərəflər razılığa gəlməyə çalışırlar.
Rəy yaz