Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Maraqlıdır ki, neft qiymətlərinin ucuzlaşması və iqtisadiyyatların zəifləməsi dinamikasına baxsaq, iqtisadi tənəzzül şkalasının getdikcə düşdüyünü və hər dəfə daha ciddi nəticələrə gətirib çıxardığını görmək olar.

Enerjidən asılı olan ölkə 2008-ci il böhranından, digər belə ölkələr kimi, yüngülvari qorxu ilə qurtulub. 40 dollardan aşağı düşən qiymətlər 2009-cu ilin baharında yüksəlməyə başlayıb və bir barreli 120 dollara çatıb.

2014-15-ci illərdə qiymət yenidən ucuzlaşaraq, uzun müddət üçün bir barreli 60 dollara düşüb, bu da iqtisadiyyata hiss olunan zərbə vurub və hökuməti ölkəni maliyyə kollapsından xilas etmək üçün manatın devalvasiyası haqqında qeyri-populyar qərar qəbul etməyə vadar edib.

Və nəhayət, hazırki böhran - hökumətdə heç kim, o cümlədən prezident özü, 2014-cü ildə də olduğu kimi, belə bir hadisə gözləmirdi. Ölkə heç vaxt düşmədiyi qədər dərin bir böhran vəziyyətinə düşüb. Prezident İlham Əliyev, 2015-ci ildə olduğu kimi, artıq dövlət büdcəsinin azaldılması haqqında göstəriş verib. Həmin vaxt 2016-cı il üçün büdcənin xərclər hissəsi 2014-cü ildəki 25,6 milyard dollardan 9,5 milyard dollara endirilmişdi. 2020-ci il üçün büdcənin xərclər hissəsi 15,8 mlrd. dollara qədər artırılıb və çox güman ki, bu göstərici 2016-cı il səviyyəsinə qayıdacaq, belə ki, neftin qiyməti, əvvəlki böhranda da olduğu kimi, iki dəfə düşüb. Amma bu dəfə bu, daha da təhlükəlidir, belə ki, həmin vaxt bir barrel neftin qiyməti 120 dollardan 60 dollara düşmüşdü, indi isə 25 dollara düşüb ki, bu da vəziyyətin daha pis olduğunu göstərir.

Azərbaycan əsasən 2015-ci il böhranının nəticələrini aradan qaldırmağı çatdırmayıb, belə ki, əvvəllər də olduğu kimi, neft dollarlarına bel bağlayaraq, iqtisadiyyatın sağlamlaşdırılması üzrə tədbirləri yavaş və tərəddüdlə görürdü. Yəni bu gün ölkənin fasiləsiz estafet böhranları dövrünə qədəm qoyduğunu deyə bilərik.

Hələlik hökumətin vəziyyətini koronavirus pandemiyası xilas edir. Bu, polis rejimindən istifadə etməyə və vətəndaş hüquqlarını məhdudlaşdırmağa, bütün gün pandemiya haqqında xəbərlər yayaraq, əhalini neft qiymətlərinin ucuzlaşması nəticəsində ölkənin üzləşdiyi növbəti sosial-iqtisadi təhdidlər, böhranın nəticələrinin yumşaldılması yolları və gələcək siyasət haqqında məlumatlandırmamağa imkan verib.  

Beləliklə, böhranların getdikcə artması və ölkənin sosial-iqtisadi göstəricilərinin, sabitliyinin və təhlükəsizliyinin pisləşməsi dinamikası aydın görünür. 1998-ci və 2008-ci il böhranları arasındakı dövr 10 il, 2008 və 2015-ci il böhranları arasındakı dövr 7 il təşkil edibsə, 2015 və 2020-ci il böhranları arasında 5 il var. Vaxt aralığına və gücünə görə bu ardıcıl dünya böhranları daha qısa müddətdə və daha güclü, eləcə də avtoritar resurs sistemlərinin sabitliyi üçün daha təhlükəli növbəti böhranı gözləməli olduğumuzu düşündürür.

Üçüncü böhran dalğasının nə ilə başa çatacağını təxmin etmək olar. 2015-ci ildən etibarən son 5 ildə cəmiyyətin narazılığının artmasını və sosial şəbəkələrdə görülməmiş informasiya fəallığını, hakimiyyətdəkilər və cəmiyyətin aztəminatlı, orta təbəqəsi arasında artan uçurumu, müxalifətin və vətəndaşların ayrı-ayrı təşəbbüs qruplarının kəmiyyət və keyfiyyətcə artan etiraz aksiyalarını müşahidə edirdik.

Niyə böhranlarla üzləşirik

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə həm ölkədə, həm də xaricdə onun istənilən təhdidlərə cavab vermək iqtidarında olan güclü ölkə yaratmaq üçün azad iqtisadiyyatın inkişafının əsasını qoyacağına, ölkəyə xarici investisiyalar üçün yol açacağına, vətəndaş cəmiyyəti ilə dialoqa başlayacağına böyük ümidlər bağlanmışdı. Amma bu ümidlər doğrulmayacaqdı. Əliyev öz xüsusi yolundan getdi, ictimai və beynəlxalq ümidlərə məhəl qoymadı. Müxtəlif vaxtlarda bu xüsusi inkişaf yolu avtoritar sistemin sarğılarını dəyişdirirdi - suveren demokratiya, müasirləşmə, milli kimlik.

İqtisadiyyatda kapitalın təmərküzü başladı, biznes mühitinin azad kiçik və orta iştirakçıları üçün məkan şaqren dərisi kimi daraldılırdı. İqtisadiyyata nəzarət total xarakter aldı. 1991-ci ildə müstəqillik əldə etmiş ölkənin iqtisadiyyatının təşəkkülündə xarici kapitalın iştirakı üçün yeni maneələr yaradıldı.

Eyni zamanda vətəndaş cəmiyyəti institutlarına - kapitalın və maliyyənin təmərküzü siyasətinin həyata keçirilməsinə mane olan KİV-lərə, QHT-lərə, siyasi partiyalara ardıcıl hücumlar başladı.

İntensiv şəkildə maliyyə, kənd təsərrüfatı, sənaye, ticarət holdiqnlərinin, onların hibrid törəmələrinin formalaşdırılması gedirdi, onlar yeni iqtisadiyyatın əsasını təşkil etməli idilər. Bütün bu qurumların təşəkkülü və inkişafı imtiyazlı inhisarçılıq, eyni zamanda xüsusi sifarişlərin verilməsi və korrupsiya yolu ilə büdcə vəsaitlərinin  mənimsənilməsi şəraitində gedir. Strateji cəhətdən belə bir iqtisadiyyat rejimin sabitliyinin möhkəmləndirilməsi üçün şərait yaratmalı, xarici təsirlərdən, xüsusən ölkənin siyasi həyatına xarici təsirlərdən qorumalı idi.

Amma bu sistem çox sayda süni mənşəli biznes subyektləri ortaya çıxardı. Onlar rəqabət, təbii seçim şəraitində yetişməmişdi və böhran dövrlərində onların səbatsızlığı özünü açıq şəkildə büruzə verdi.

Böhranlar kapitalın və hakimiyyətin bu təmərküzünü üzə çıxarır və iqtisadiyyatın formalaşması nisbətində kiçik və orta biznesin minimum təhlükəsizliyinin belə olmadığını nümayiş etdirir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında kiçik və orta biznes 60 faizdən 90 faizə qədər yer tutur, bu da onların iqtisadiyyatlarının daha dayanıqlı olmasına səbəb olur və resursların və mənfəətin paylanması yolu ilə müəyyən ictimai konsensus formalaşdırır. Azərbaycanda bu göstərici 10 faiz civarındadır.

Qərbdən üz döndərmək

Azərbaycanda böyük maraqları olan, - bu, neft-qaz hasilatında Qərb şirkətlərinin baş rolda olmasından, habelə onların Azərbaycan neft və qazını almasından görünür, - ABŞ və onun Avropa İttifaqından olan müttəfiqləri Əliyevi çoxistiqamətli və dayanıqlı iqtisadiyyat qurmaq məqsədilə islahatlar keçirməyə çağırıblar. Onlar qeyri-neft sektorunda xarici biznes üçün qapı açmağı, biznesin azadlığını təmin etməklə onun üçün ədalətli rəqabət yaratmağı, qanunun aliliyini təmin etməyi və vətəndaşlara iqtisadi və siyasi azadlıqlar verməyi təklif edirdilər. Qərb dairələri məhz bu münasibətlərin Azərbaycanı sarsılmaz, inkişaf edən və sabit ölkəyə çevirdiyini gizlətmirdilər. Əliyev heç vaxt qəti "yox" deməyib. Amma özünün formalaşdırdığı xüsusi inkişaf yolunda irəliləməyə davam edib.

21-ci əsrin birinci onilliyinin ortalarında Amerika səfirləri Rino Harniş, Enn Ders Əliyevi açıqlıq siyasəti həyata keçirməyə dəvət edirdilər və artan neft gəlirlərinə bel bağlamaması üçün xəbərdarlıq edirdilər. 2008-ci ilə qədər xammal iqtisadiyyatı üçün "Hollandiya xəstəliyi" təhlükəsindən danışmaq dəbdə idi. Amma 2008-ci ilin maliyyə böhranından sonra yüksələn neft qiymətləri Əliyevi inhisarlaşdırma və hakimiyyətin və kapitalın təmərküzü siyasətini davam etdirməli olduğuna inandırdı.

2011-2013-cü illərdə Vaşinqtonun növbəti elçiləri Metyu Brayza və Riçard Morninqstar prezident Əliyevi qarşıda duran sarsıntılardan qorumağa və Sovet avtoritarizmindən uğurla Qərb demokratiyasına keçmiş ölkələrin təcrübəsi əsasında kursuna düzəliş etdirməyə müvəffəq olmadı. Bunun əksinə, Əliyev bazarda müstəqil oyunçuların iştirakını sıfıra endirərək, QHT-lərin, KİV-lərin və siyasi təşkilatların fəaliyyətini maksimum məhdudlaşdırdı. 2015-ci il böhranı ərəfəsində biznesin müsadirəsi və vətəndaş fəallarının həbsləri gündəlik həyat normasına çevrilmişdi.

Amma ölkə formalaşmasında nə müxalifətin, nə QHT-lərin, nə KİV-in heç bir rol oynamadığı böhrandan canını qurtara bilmədi. Bu böhran da hazırki böhran kimi hakimiyyətin siyasətinin nəticəsi idi.

2015-ci ildə Əliyev islahatlar haqqında dialoqa başlamağa hazır olduğunu bildirdi və hətta Amerikalıların iştirakı ilə ölkə iqtisadiyyatının inkişafının 12 yol xəritəsini hazırladı. Amma sonradan, neft qiymətlərinin və ölkənin daxili həyatının bir qədər sabitləşməsindən sonra yenidən hakimiyyətin və kapitalın təmərküzü kursu baş qaldırdı. Hazırki böhran göstərdi ki, qeyri-neft iqtisadiyyatının çoxfaizlik "artım" göstəriciləri neft qiymətlərinin düşməsinə tab gətirmədi və sabun köpüyü kimi partladı. Məlum oldu ki, iqtisadiyyat dünən olduğu kimi, bu gün də neftdən və dünya qiymətlərindən asılı vəziyyətdədir.

Maraqlıdır ki, bu siyasət Qərb və Azərbaycan arasında münasibətləri gərginləşdirib, bu da rejimin mərhələli şəkildə siyasi təcridinə gətirib çıxarıb. Bu, ölkənin 2015-ci il iqtisadi böhranına girməsindən dərhal sonra baş verib. "Panama dosyası" offşor qalmaqalını, Avropa Şurasında siyasətçilərin hakimiyyətin tərəfinə cəlb edilməsini və rəsmi Bakıya qarşı yönəlmiş təşəbbüslərin qarşısının alınmasını ehtiva edən "kürü diplomatiyasının" ifşasını yada salaq. Çirkli pulların yuyulması və Avropa elitasının ələ alınması üzrə "Azərbaycan paltaryuyanının" ifşası daha böyük uğursuzluq oldu. Sonra da Azərbaycan Avropa Parlamentində təcrid edildi. İfşalar Avropa qurumlarında rəsmi Bakının müttəfiqlərinin neytrallaşdırılmasına gətirib çıxardı. Avropa hökumətüstü təşkilatlarında Azərbaycana qarşı qəbul edilən son qərarlar böyük səs çoxluğu ilə qəbul edilirdi ki, bu da rejimin müdafiə sisteminin tamamilə çökdüyünü və beynəlxalq qurumlarda onun daha da zəiflədiyini göstərir.

Bu zəiflik koronavirus pandemiyası böhranı zamanı da özünü göstərib. Bakının özünü təcrid etməsi ölkəni Avropaya inteqrasiya prosesinin autsayderi vəziyyətinə salıb. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri siyahısının sonunda yer tutub və bu mövqe Aİ-nin pandemiyaya qarşı mübarizə üçün yardımın 14 mln. avroluq  kiçik ölçüsü ilə qiymətləndirilib, bir halda ki, ölkənin qonşularına 10 milyonluq yardım vəsaiti veriib. Aİ ümumilikdə Şərq Tərəfdaşlığı ölkələrinə yardım üçün mövcud ehtiyacların qarşılanmasına 80 milyon avro və qısamüddətli və ortamüddətli ehtiyaclar üçün 883 milyon avro ayırıb. Məsələ vəsaitdə deyil, münasibətdə və onun qiymətləndirilməsidədir. Qərb KİV-lərinin Avropanın sonuncu diktatoru adlandırdıqları  Belarus prezidenti Aleksandr Lukaşenko da Aİ-nin yardım favoritlərindən olub.

Üçüncü dünyaya üz tutmaq

Son illər Qərbin Azərbaycana təsirini neytrallaşdırmaq üçün hakimiyyət Rusiya, MDB, Qoşulmama Hərəkatı, Türk Şurası kimi üçüncü dünya ölkələri ilə münasibətlərini gücləndirməyə çalışıb. Bu ittifaqlar dünya sisteminin autsayderlərini iqtisadi kollapsdan qorudu və onların sabitliyini təmin etdi? Qoşulmama Hərəkatında sədrliyi prezident İlham Əliyevə ötürən Venesuela prezidenti Nikolas Maduronu Rusiya Birləşmiş Ştatlara təhvil verdi, öz aktivlərini və ambisiyalı Rosneft-i oradan çıxardı. Putinin Belarusla planlaşdırılan ittifaqı Rusiya Baş Qərargahının kartlarında qaldı, Ukraynada hibrid müharibəsinin isə hələ də davamı görünmür. Rusiyanın Liviyadakı əlaltısı marşal Haftar NATO üzvü olan Türkiyənin zərbələri altında məğlubiyyətə uğrayır.

Bu halda məntiqli bir sual yaranır: bütün bunlardan sonra biz üçüncü dünyada dolaşmağa davam edərək, ölkəni süni şəkildə izqoylar ittifaqına salacağıq, yoxsa gənc demokratiyaların - keçmiş Baltika və sosializm düşərgəsi ölkələrinin asan yolundan irəliləyəcəyik? Seçim var və ardı-arası kəsilməyən böhranlar şəraitində onu istisna etmək olmaz. Təhlükəlidir.

Nəticələr. Azərbaycanı əhatə edən problemlər siyahısını uzatmaq olardı, o cümlədən, Damokl qılıncı kimi başımızın üstünü kəsdirən ərazi bütövlüyü problemini qeyd edək. Amma yuxarıda qeyd edilən daxili və xarici amillər yol seçimi haqqında düşünmək üçün əsas verir.

Əlimizdə olan:

Daxili problemlər:

- zamana görə sürətlənən və getdikcə dərinləşən ardıcıl iqtisadi böhranlar

- hakimiyyət və cəmiyyət arasında artan uzaqlaşma

Xarici problemlər:

- Hakimiyyət və Qərbin getdikcə bir-birindən uzaqlaşması

- Üçüncü dünyanın onsuz da zəif olan rolunun və təsirinini zəifləməsi.

Nəticədə, daxili və xarici sabitliyin pozulması müşahidə olunur ki, bunu da hərtərəfli böhran adlandırmaq olar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti