www.coe.int

www.coe.int

Pandemiya ilə bağlı məhdudiyyətlər

Covid19 pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilən məhdudiyyətlər medianın fəaliyyəti üçün əlavə problemlər doğurub. Azəbaycanda pandemiya ilə bağlı 2020-ci ilin martından başlayaraq, sərt karantin qaydaları tətbiq edilməyə başlayıb. Bu qaydaların tətbiqinin hüquqa uyğunluğu xeyli dərəcədə mübahisəli olub. Çünki yerli qanunvericilik belə sərt məzmunda tədbirlərin tətbiqinə fövqəladə halın elan edilməsi durumlarında imkan verir. Azərbaycanda isə fövqəladə vəziyyət durumu elan edilməmişdi. Ümumilikdə qeyd etmək olar ki, Azərbaycanda media, jurnalistlərin fəaliyyət mühiti sərt karantin tədbirlərin tətbiqindən ciddi şəkildə təsirlənib.

Karantin qaydalarının tətbiqi mediaya, jurnalistlərə münasibətdə xeyli ciddi pozuntularla müşayət olundu. Azı 15 halda vəsiqəsi olan, konkret mediada çalışan jurnalistlər karantin qaydalarının pozulması əsası ilə məsuliyyətə cəlb ediliblər və ya onların peşə fəaliyyətini sərbəst yerinə yetimrəsinə imkan verilməyib. Sərt müxalif məzmunlu “Azadlıq” qəzetinin (azadlıq.info) əməkdaşı Səadət Cahangir iki dəfə pozuntu ilə üzləşib. O, bir dəfə polis idarəsinə aparılıb sorğu-sual edilib. Jurnalisti daha əvvəl karantin qaydalarını pozmağa görə inzibati qaydada cərimə ediblər. 7gun.az xəbər portalının əməkdaşı Natiq İsbatov isə peşə fəaliyyətini yerinə yetirərkən saxlanılıb, polis idarəsinə aparılıb, inzibati qaydada həbs edilib. azel.tv xəbər portalının əməkdaşı Sevinc Sadıqova da saxlanılıb, rəsmi xəbərdarlıq edildikdən sonra jurnalist sərbəst buraxılıb. "Kanal24" internet televiziyasının əməkdaşı Ibrahim Vəzirov, reportyor.info-nun əməkdaşı Mirsahib Rahiloğlu, müstəqil jurnalistlər Elgün Gəncimsoy, İsmayıl İslamoğlu da (2 dəfə) karantin qaydalarının pozulmasına görə cəzalandırlıblar. Onlara inzibati qaydada həbs cəzası verilib.

Fiziki basqılar

Azərbaycanda 2020-ci ildə jurnalistlər azı 26 dəfə fiziki basqıya məruz qalıblar. Belə insidentlər əsasən, jurnalistlər kütləvi toplantılardan, etiraz aksiyalarından bilgi toplayarkən baş verib.

2020-ci ilin ilk aylarında jurnalistlərin fiziki basqılara daha çox məruz qaldığı nəzərə çarpır. Fevral ayında Azərbaycanda parlament seçkiləri keçirilib. Seçkilərdən sonra keçirilən etiraz aksiyalarından bilgi toplayan jurnalistlər təzyiqlərin hədəfi olub. Fevralın əvvəlində Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiyadan bilgi toplayan jurnalistlərin əksəriyyəti maneçiliyə, bəzi hallarda zorakılığa məruz qalıblar. Həmin olayda müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Vaqifqızı, basta.com saytının rəhbəri Mustafa Hacıbəyli xəsarət alıblar. Jurnalistlər Aytac Tapdıq, Aygün Rəşid, Nurlan Qəhrəmanlı, Mehman Hüseynov daxil olmaqla, ümumilikdə 13 jurnalistə maneçilik yaradılıb – onların çəkiliş aparmasına imkan verilməyib, zorla avtobusa mindiriliblər, şəhər kənarına aparılıblar. Seçki prosesi zamanı Bakıda, Mingəçevirdə, Lənkəranda bilgi toplayan jurnalistlər azı 8 dəfə fiziki basqıya məruz qalıb.

Martın 8-də Bakıda qadın zorakılığına qarşı qadınların keçirdiyi yürüşdə Meydan TV-nin əməkdaşı İzolda Ağayeva, Aysel Umudova, Toplum TV-nin jurnalisti Zərifə Novruz, Turan agentliyinin müxbirləri Əziz Kərimov və Tatyana Kryuçkina, Fərqanə Novruzova (azadliq.info), Nərgiz Abdsalamova (Mikroskop Media), Samirə Əli (anews.az) təzyiqə məruz qalıblar.

Martın 18-də bir qrup vətəndaşın Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısındakı etiraz aksiyasında “Azadlıq” radiosunun foto-video operatoru Ramin Deko döyülüb, peşə alətləri əlindən alınıb. Frilanser Təbriz Mirzəyev, Nurlan Qəhrəmanlı, Əvəz Hafizli, Teymur Kərimov, Sevinc Sadıqova və digərləri də fizki basqı ilə üzləşiblər, müxtəlif dərəcəli xəsarətlər alıblar. anews.az xəbər saytının əməkdaşı Zaur Qənbərov isə peşə fəaliyyətini yerinə yetirərkən dövlət qurumunda döyülüb.

Qeyri-fiziki təzyiqlər

2020-ci ildə internet resursları, həmin resurslarda çalışanlarla bağlı azı 37 insident baş verib. Müxalif siyasi partiyalara yaxın olan basta.info saytı, eləcə də basta.info-nun başqa domenlərdəki resursları il boyunca hücumlara məruz qalıb. Sayt dəfələrlə dağıdılıb, girişinə əngəllər yaradılıb. Resursun sosial şəbəkələrdəki səhifələri də hücumla üzləşib.

2017-ci ildə məhkəmə qərarı ilə blok edilmiş tənqidi məzmunlu müstəqil medialara -AzadlıqRadiosunun, Azadlıq qəzaetinin, Azərbaycan saatı proqramının, Meydan TV-nin və Turan internet telekanalının veb-saytlarına giriş qapalı qalır. Bununla yanaşı, Azərbaycan Ali Məhkəməsinin Plenumu həmin medialarla bağlı bütün məhkəmə qərarlarını ləğv edib, işə yenidən baxılmasına qərar verilib. Saytların qapadılmasının təşəbbüskarı Rabitə Nazirliyidir. Nazirlik mindi tələb edir ki, 5 medianın yalnız internet saytları yox, həmin mediaların məzmununu yayan bütün internet resursları blok edilsin.

Müstəqil mövqeyi ilə tanınan Turan İnformasiya Agentliyinin turan.az və contact.az ünvandakı saytları davamlı kiber hücumlarla üzləşib. Resurslara hücumlar 4 gündən artıq davam edib. Nəticədə resursların məzmunu ciddi ölçüdə zədələnib. Materialların bir hissəsi silinib, onları bərpa etmək mümkün olmayıb. Hökuməti tənqid edən arqument.az, toplum.tv və abzas.net resursları da kiber hücuma məruz qalıb.

Bəzi hallarda jurnalistlərin şəxsi elektron poçtları, sosial media səhifələri hücumla üzləşib. anews.az xəbər saytının baş redaktoru Nailə Balayeva belə basqıya məruz qalıb. Onun rəhbəri olduğu saytla yanaşı, şəxsi facebook səhifəsi də kiber hücuma məruz qalıb. Müstəqil jurnalist Arzu Qeybulla isə məqalələrinə görə internetdə kampaniya xarakterli hücumlarla, hədələmələrlə, aşağılamalarla üzləşib.

Jurnalistlərə qarşı məhkəmələr

2020-ci ildə mediaya, jurnalistlərə qarşı hüquqi mexanizmlərdən istifadə olunmaqla, azı 67 dəfə basqı edilib. Jurnalistlər böhtan və təhqirə görə, eləcə də şübhəli görünən digər ittihamlarla məhkəmələrə çəkiliblər. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin saxlanılması, hüquq-mühafizə orqanlarında sorğu-sual edilməsi, gərəkli hüquqi əsaslar olmadan inzibati qaydada cəzalandırılmaları əsas nəzərəçarpan insidentlər olub.

Azərbaycan qanunvericiliyi böhtan və təhqirə görə, hələ də cinayət məsuliyyəti nəzərdə tutur. Bir ildə jurnalistlər azı 13 dəfə böhtan və təhqirə görə məhkəməyə çəkiliblər. Mingəçevir şəhərində çalışan jurnalist, yüksəlish.info saytının əməkdaşı Elçin Həsənzadə və bloqçu İbrahim Türksoy, Kriminal.az saytının rəhbəri Anar Məmmədov yazılarına görə cinayət məsuliyyətinə (islah işləri) cəlb ediliblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov kiçik büdcəli bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynlini yazılarına görə məhkəmə qaydasında 1000 manat cərimə etdirib.

Tanınmış iş adamı, milyonçu Qənbərov Gülağa (Gülağa Tənha) 4 medianı - legion.az, realmedia.az, dia.az, heqiqixeber.com xəbər saytlarını mülki qaydada məhkəməyə verib. Həmin medialarda yayılan məqalələrdən narazı qalan iddiaçı saytın hər birinin 100 min manat cərimələnməsini tələb edib. Başqa bir tanınmış biznesmen Rasim Məmmədov “Reaksiya” internet TV-nin baş redaktoru Zaur Qəriboğlunu, vəkil Aslan İsmayılov isə jurnalist Taleh Şahsuvarlını həm mülki, həm də xüsusi ittiham qaydasında məhkəməyə verib.

2020-ci ildə azı 5 jurnalist, bloqqer, sosial media fəalı müxtəlif ittihamlarla azadlıqdan məhrum ediliblər. “Yüksəliş naminə” qəzetinin baş redaktoru və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” Təşkilatının rəhbəri Elçin Məmməd “oğurluq” və “qanunsuz silah saxlamaqda” təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum olunub. xeberman.com saytının rəhbəri Polad Aslanovsa, dövlətə xəyanətdə günahkar bilinib, 16 il müddətinə azadlıqdan məhrum edilib. “Bakupress” Agentliyinin rəhbəri Şəfəq Ağacan 2020-ci ildə 3 il müddətinə azadlıqdan məhrum olunub. Azel.tv saytının rəhbəri Əfqan Sadıqov “hədə-qorxu ilə tələb etmə” cinayətinə görə məhkum olunub. Jurnalist 7 il müddətinə azadlıqdan məhrum olunub. Bloqer Aslan Qurbanov dövlət əleyhinə çağırışlarda ittiham olunaraq, həbs edilib. Regionda fəaliyyət göstərən bloqqer Cəlil Zabidov tənqidi paylaşımlarının ardınca, xuliqanlıq ittihamı ilə 5 aylıq azadlıqdan məhrum olunub. Tanınmış tənqidçi jurnalist, "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli də xuliqanlıq cinayətində günahkar bilinib. Yerli məhkəmələr ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verib.

Xaricdə fəaliyyət göstərən bir qrup azərbaycanlı bloqqerlərə cinayət işi açılıb. Əsasən, dövlət əleyhinə çağırışlar səsləndirməkdə günahlandırılan Orduxan Temirxan, Qurban Məmmədov, Orxan Ağayev, Rafael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı barəsində beynəlxalq axtarış elan edilib. 

İctimai bilgilərə çatımın durumu

İctimai informasiya sahibi olan qurumlar informasiya sorğularını tam, vaxtında və ya müvafiq qaydada cavablandırmır. Sorğuların qanuna müvafiq cavablandırılması göstəricisi 35-40 faiz civarındadır. 2020-ci ildə informasiya sahiblərinə göndərilmiş 29 informasiya sorğusunun necə icra olunması araşdırılıb. Həmin sorğuların 16-na cavab verilib. Həmin cavabların 15-i qanunla müəyyən olunmuş 7 gün müddət keçdikdən sonra verilib. Sorğulara verilmiş cavabların 10-u istənilən informasiyaları əhatə edib. Sorğulara əsasən, yuxarı pillədə duran dövlət qurumları cavab veriblər. Yerli icra hakimiyyəti orqanları onlara göndərilmiş informasiya sorğularının cəmi birinə cavab veriblər.

İnformasiya əldə edilməsi hüququ pozulanlar məhkəmələrdən gərəkli dəstəyi ala bilmir. 2020-ci ildə informasiya əldə edilməsi hüququnun pozulması ilə bağlı məhkəmələrə azı 8 iddia təqdim edilib. Məhkəmələr əsasən, icra hakimiyyəti qurumlarına qarşı qaldırılan həmin iddiaların heç birini təmin etməyiblər.

2020-ci il ərzində baş vermiş media ilə əlaqəli olayların analizi göstərir ki, mediada çalışanların neqativ təsirləndiyi vasitələrdə ciddi dəyişiklik nəzərə çarpmır. Peşə fəaliyyətini yerinə yetirən müstəqil və tənqidçi jurnalist, bloqçular saxlanılır, peşə alətlərinə müdaxilə olunur, peşə fəaliyyətlərini yerinə yetirmələrinə əngəllər yaradılır. Barəsində cinayət işi açılan jurnalistlər bir qayda olaraq, məhkəməyə qədər həbsdə saxlanılırlar. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər fiziki basqılara məruz qalır, döyülürlər. Onları belə qaba rəftardan qoruyan hüquqi mexanizmlər işlək deyil. Media, jurnalistlərə qarşı böhtan və təhqirə görə cinayət və mülki iddiaların irəli sürülməsi yayğın olaraq qalır, bu sahədəki məhkəmə təcrübəsi Avropa Məhkəməsinin təcrübəsinə qəti uyğun deyil. Fiziki, qeyri-fiziki basqıların hədəfi bir qayda olaraq, hökuməti tənqid edən müstəqil media, belə mediada çalışan jurnalistlərdir. İnternet medilarının bloklanması adi hala çevrilib, ölkə parlamenti qanunvericiliyə bloklamanı daha da asanlaşdıran yeni əlavələr edib. Hökumətin xoşlamadığı məzmun yayan medialar vaxtaşırı kiberhücumlara məruz qalır, dağıdılır. Publik bilgilərə rahat çatım rejimi formalaşmayıb.

Xalid Ağaliyev, Media Hüququ Qrupu

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti