Indonesia.2013. Foto: AFP/DEK
İslam Həmrəyliyi Oyunlarının keçirilməsi tarixi qısa və problemlidir. İlk oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında, Özbəkistan, Albaniya və Toqodan başqa, dünyanın müsəlmanlar yaşayan 53 ölkəsinin altı min beş yüz idmançısının iştirakı ilə keçirilib.
Tamaşaçılar üçün giriş sərbəst idi, amma iştirakçılar Səudiyyə Ərəbistanında qəbul edilmiş ağır qaydalara əməl etmək məcburiyyətində qalıblar. Məkkədə keçirilən oyunlarda idmançıların həddindən artıq qısa geyinməsi qadağan edilmişdi, qadınların və kişilərin yarışları fərqli günlərdə keçirilirdi, kişilərin qadınların üzgüçülük yarışlarını izləməsi qadağan edilmişdi. Ərəbistan istisində, həm də qapalı geyimdə yarışmaq idmançılar üçün xoşagəlməz hadisədir. Həm də Oyunların iştirakçıları Səudiyyə Ərəbistanında qəbul edilmiş mürəkkəb viza maneələrindən keçməli oldular.
Yarışların keçirilməsi üçün 48 mln. Səudiyyə rialı (13 mln. dollar) ayrılmışdı.
Növbəti oyunlar islam ölkələri arasında fikir ayrılıqları ilə əlaqədar baş tutmayıb. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda keçirilməsi planlaşdırılmşdı. Amma 2009-cu ilin mayında məlum oldu ki, İran onların keçirilməsini 2010-cu ilin aprelinə təxirə salmaq məcburiyyətində qalıb, belə ki, iranlılar ərəblərdə Ərəb Körfəzi adlanan Fars Körfəzinin adı ilə bağlı ərəblərlə mübahisə ediblər. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Oyunların çap materiallarında və medallarında onların istədiyi körfəz adından istifadə etməyi tələb ediblər, güzəşt kimi isə təkcə "körfəz" sözündən istifadə etməyi təklif ediblər. Tehran güzəştlə razılaşmayıb, 2010-cu il yanvarın 17-də Oyunların baş tutmayacağı elan edilib.
Tehran yenidən Oyunları öz ərazisində keçirməyi vəd edib. Yenə ərəblərlə ağır danışıqlar keçirilib, vaxt gedirdi, amma iş sözdən o tərəfə keçmirdi. Belə olan halda Beynəlxalq İslam Həmrəyliyi Oyunları Federasiyası (İSSF) tədbiri İndoneziyaya tapşırdı. Üçüncü Oyunlar 2013-cü il sentyabrın 22-dən oktyabrın 1-nə qədər İndoneziyanın Palembanq şəhərində, 46 müsəlman ölkəsindən 1800 idmançının iştirakı ilə keçirilib.
Vəsait çatışmazlığı, həmçinin İranın oyunları keçirməkdən imtina etməsindən sonra onların hazırlığı üçün cəmi bir neçə ay qalması ilə əlaqədar açılış mərasimi sadəliyi ilə fərqləndi. Həmçinin, maliyyə vəsaitinin "tamamilə təyinatı üzrə xərclənmədiyi" yazılırdı.
Bu dəfə idman geyimi və adi geyimlə bağlı heç bir məhdudiyyət yox idi. Təşkilat Komitəsi bir çox komandaların kişilərin və qadınların yarışlarını ayrı günlərdə keçirmək tələblərinə imtina cavabı verdi. İştirakçılar və azarkeşlər üçün xüsusi namaz otaqları nəzərdə tutulmuşdu.
Dördüncü Oyunların Bakıda keçirilməsi haqqında qərar Ciddədə, İSSF-nin 8-ci Hesabat-Seçki Baş Assambleyasında yekdilliklə qəbul olunub. Bakıda dərhal hazırlıq işəri başlayıb, bu işlərə 2017-ci ildə ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin edilmiş Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyeva rəhbərlik edib. Oyunların keçirilməsi üçün Azərbaycan büdcəsindən 100 mln. dollar ayrılıb - bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Vəsaitin böyük hissəsi açılış və bağlanış mərasimlərinə xərclənib, həm də mərasimlərdə dünya estrada ulduzları çıxış etməyəcəklər. Bağlanışda yerli artistlər iştirak edə bilər, deyə Rəhimov bildirib.
2015-ci ildə Bakıda keçirilən Birinci Avropa İdman Oyunlarından və 2012-ci ildə bu şəhərdə keçirilən "Eurovision" mahnı müsabiqəsindən fərqli olaraq, bu dəfə Azərbaycanlı təşkilatçılar dəqiq təmtəraqa əl atmır. Avropa Oyunlarında Bakı idmançılardan ibarət nümayəndə heyətlərinin bütün xərclərini öz üzərinə götürmüşdüsə, IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olan ölkələr öz idmançılarının Bakıya gəlməsi və burada qalması xərclərini özləri ödəyirlər. "İSSF ilə razılaşmanın şərtlərinə əsasən, iştirakçılar Bakıda yemək və qalmaq xərclərini adambaşına günlük 50 dollardan ödəyirlər. Amma idmançılarının oyunlarda iştirakının təmin edilməsi ilə bağlı maliyyə problemləri yaşayan bir sıra ölkələr var. Onlara İSSF kömək edəcək, biz öz növbəmizdə onların idmançılarının qalmasında və qidalanmasında endirimlər etməyə çalışacağıq", deyə nazir jurnalistlərə bildirib.
Stadionlara giriş biletlərinin ucuz olmasına baxmayaraq (1-5 manat, bəzi stadionlarda pulsuzdur, Oyunların açılış və bağlanış mərasimlərinin tamaşaçıları isə 10-200 manat ödəyəcəklər), ilk idman yarışlarında tamaşaçılar çox az idi, bu da Bakıda keçirilən Oyunların öz xərclərini çıxarması ehtimalını istisna edir. Belə ki, Azərbaycan-Kamerun arasında futbol maçını stadionda cəmi 500-ə yaxın tamaşaçı izləyib, baxmayaraq ki, bir həftə əvvəl İslam Oyunlarının mətbuat xidməti Azərbaycan yığmasının iştirak etdiyi qrup mərhələsindəki maçların bütün biletlərinin satıldığını elan etmişdi. Maçın keçirildiyi "Bayıl Arena" stadionu 3600 tamaşaçı üçün nəzərdə tutulub.
Oyunlar başlayana qədər Bakıda 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında idmançılar 269 medal dəsti uğrunda 20 idman növü üzrə yarışacaqlar. Amma islam ölkələrinin büdcələrində maliyyə çatışmazlığı yenə özünü göstərdi. Oyunlar ərəfəsində məlum oldu ki, Sudan və Liviya idman nümayəndə heyəti göndərməyəcək. Azərbaycan heç bir nümayəndə heyətinin xərclərini ödəməyib. Pakistan cüdoçuları (200 idmançı) Pakistan Olimpiya Assosiasiyası və bu ölkənin Cüdo Federasiyası arasında fikir ayrılıqları ilə əlaqədar Bakıya gəlməyib. Küveyt idmançıları İslam Həmrəyliyi Federasiyasının bayrağı altında çıxış edəcəklər, belə ki, bu ölkə hökumətin Milli Olimpiya Komitəsinin işlərinə qarışması ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalandırılıb.
İslam Həmrəyliti Oyunları Bakı - 2017-nin Təşkilat Komitəsi müntəzəm olaraq ictimaiyyəti Oyunların keçirilməsi şərtləri və təfsilatı ilə tanış edir, Oyunlarda dörd qitədən müsəlman ölkələrin idmançılarının iştirak edəcəyini bildirirdi. İdmançıar 10 gün ərzində 20 idman növü üzrə yarışacaqlar, yarışları 500 min tamaşaçı izləyəcək, idmançılar yalnız halallıq sertifikatı almış ərzaqlarla qidalandırılacaqlar.
Amma Təşkilat Komitəsi Turan-ın suallarını cavablandırmayıb. Tamaşaçılar və idmançılar Oyunlarda necə geyinəcəklər, axı İslamda kişi və qadınlar üçün ciddi geyim qaydaları var. Üzgüçülər hicabla yarışacaqlar? Qadın komandaların yarışları zamanı kişilər stadionların tribunalarına buraxılacaqlar? Qadınlar kişilərin yarışlarını izləyəcəklər? İslamda sırf müsəlman idman növləri varmı? Şiələrin və sünnilərin idmana münasibətlərində fərq varmı? Oyunların Təşkilat Komitəsinin mətbuat xidmətinin əməkdaşı belə də demişdi: "başqa suallar versəydiniz, biz onları cavablandırardıq..." Qafqaz Müsəlmanları İdarəsində də bu sualları cavablandırmağı vəd etdilər və bu sözü tutmadılar.
Agentliyin suallarını Azərbaycanın ictimai xadimləri, din xadimləri cavablandırıblar.
Politoloq, İslam haqqında üç kitabın müəllifi Teymur Atayev hesab edir ki, Oyunlarda idman geyimi ilə bağlı eyni tələblər olmamalıdır, belə ki, Bakıya müxtəlif ölkələrin idmançılarından ibarət nümayəndə heyətləri gələcək. Həmin ölkələrdə kişilərin və qadınların geyimləri ilə bağlı müxtəlif qaydalar var. T.Atayev Olimpiya Kəndində idmançılar üçün ibadət otaqları ayrılacağını ehtimal edir.
"Dünyada İslam Oyunlarının mahiyyəti yanlış təsvir olunur. İlk növbədə, bu, Olimpiya Oyunlarında olduğu kimi, sülhə və həmrəyliyə çağıran həmrəylik oyunlarıdır. Texniki heyətin və könüllülərin geyimlərinə baxdıqda görünür ki, o, İslamdan kənardır. Mən Oyunların reqlamentinə baxdıqda geyimlə bağlı məhdudiyyətlərə rast gəlmədim. Oyunların rəsmi rəmzi isə kişi və qadın şəklində Qarabağ atlarıdır. Başqa cür ola bilməz: Qurana əsasən, kişini və qadını Allah yaradıb, buna görə onları bir-birinə qarşı qoymaq olmaz. Quranda idman haqqında hökmlər yoxdur, amma yarışlara çağırış var, insan sağlamlığı haqqında söhbət gedir. Bu mənada, idman insan həyatının mühüm şərtlərindən biridir.
Ötən il Rioda keçirilən Olimpiya Oyunlarında oyun idman növlərində, voleybolda Şimali Afrikanın müsəlman ölkələrinin idmançıları iştirak edirdilər. Onlar adi idman geyimində çıxış edirdilər. ABŞ-ın qılıncoynatma üzrə yığmasının tərkibində isə hicablı qız çıxış edirdi, onun anası isə deyirdi ki, ona görə qılıncoynatmanı seçiblər ki, qız dəbilqə taxacaq, onunla başı örtüləcək. Prinsipcə, İslam Oyunları və Olimpiya Oyunları arasında xüsusi bir fərq yoxdur", deyə eksert cavabında bildirib.
"İslamda məzhəblər arasında idmanla bağlı prinsipial fərqlər yoxdur. İslam oyunları sünnilərin və şiələrin maksimum birləşməsinə yönəlib. Əlbəttə, islamdaxili məzhəblər var, bu, normaldır, xristian dünyasında da fərqlər var, bundan qorxmaq lazım deyil, çünki bu fərqlə dindarların öz arzularına əsaslanır. Yaxın şərqdə və dünyada baş verən son hadisələr göstərir ki, İslamda fərqlər kənardan, tamah məqsədilə, müsəlmanları kənardan idarə etmək üçün yaradılıb", deyə "Mənəvi dünya" ictimai təşkilatının sədri Şahin Həsənli "Turan"ın məzhəblər haqqında sualını belə cavablandırıb.
"İslamda idman oyunları haqqında xüsusi hökmlər yoxdur, müsəlman idman növləri deyilən bir şey də yoxdur. Dinimiz sağlam həyat tərzini dəstəkləyir və insanı belə həyat sürməyə həvəsləndirir. Düşünürəm ki, İslam Oyunlarında hansısa spesifik idman növləri üzrə xüsusi yarışlar olmayacaq. Bakıda idman oyunları əhalisi İslama etiqad edən ölkələr arasında həmrəyliyi təbliğ edir. Bu, oyunların adında da əksini tapıb. İslam dünyası belə bir həmrəyliyə ehtiyac duyur", deyə Ş.Həsənli bildirib.
T.Atayev kimi, o da hesab edir ki, Bakıda keçirilən yarışlarda islam ölkələrinin idmançıları iştirak edəcəyinə və bu ölkələrin hamısında şəriət hökmləri tətbiq edilmədiyinə görə, hər bir komanda, yəqin ki, idman geyimində öz qaydalarına riayət edəcək. "Qaydalarda ibadət otaqları nəzərdə tutula bilər, çünki yarış üçün müsəlmanlar gələcək, amma düşünmürəm ki, müsəlman iştirakçılar üçün mütləq olan digər ümumi qaydalar tətbiq olunsun. Hər bir nümayəndə heyəti öz adətlərini və normalarını yerinə yetirəcək.
İslamın öz idman növləri yoxdur. Peyğəmbərimiz s.a.s. haqqında hədislərdə idman növü kimi güləş təbliğ olunur, həmin dövrün tarixi mənzərəsinə uyğun olaraq, qaçışdan, at yarışlarından, oxçuluqdan söhbət gedir. Müxtəlif müsəlman xalqları öz mədəniyyətlərinə uyğun olaraq öz yarış növlərini icad ediblər, amma bu idman növlərini islam idman növü adlandırmaq doğru deyil, deyə Şahin Həsənli izah edib.
Mayın 11-nə - yarışların rəsmi açılışına bir gün qalana qədər idmançıların yarışdıqları idman formalarından göründüyü kimi, Bakıda idmançılar və tamaşaçılar üçün qadın müsəlman dess-kodu planlaşdırılmayıb, qapalı geyimlərlə yarışmaq istəyən əcnəbilər isə münasib gördükləri kimi edə və ya konkret yarışlarda iştirakdan imtina edə bilərlər. Məsələn, İranın idman rəhbərliyi qalib medalları uğrunda idmanın güləş növlərində idmançıların yarışacaqlarını vəd edib. Bu sözlər İranın bu ölkənin islam haqqında təsəvvürlərinə zidd olan idman geyimi nəzərdə tutan qadın yarışlarında iştirakdan imtinası demək ola bilər.
Rəy yaz