***
- Azər bəy, 2019-cu ilin büdcəsində ötən illərdən fərqli və yeni nələr var?
- Məlum olduğu kimi, dövlət büdcəsi cəmiyyətin bütün üzvləri və təbəqələri üçün mühüm əhəmiyyət kəsb edən bir sənəddir: ölkənin hər bir vətəndaşı, hər bir ailə, ölkədə fəaliyyət göstərən hər bir fiziki və hüquqi şəxs hökumətin büdcə siyasətinin təsirlərinə az və ya çox dərəcədə məruz qalır: kimi vergiödəyicisi kimi, kimi büdcədən əməkhaqqı yaxud yardım alan kimi, kimi büdcədən sifariş yaxud subsidiya alıcısı kimi, kimi də büdcə hesabına həyata keçirilən işlərin (məsələn, məktəb, bağça, yol və s. tikinti işlərinin) nəticələrindən faydalanan kimi.
Təsadüfi deyil ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Müzakirəyə çıxarılan və təsdiq olunan büdcədə hər kəs qarşıdakı ildə hökumətin ona göstərəcəyi münasibəti görür. Buna görə də büdcə layihəsinin hazırlanması prosesinin və parlament müzakirələrinin cəmiyyət üçün açıq olması lazımdır.
Amma Azərbaycanda büdcə prosesi hələ də sırf hökumətdaxili bir məsələ kimi qalmaqda davam edir, prosesdə geniş ictimai iştirakçılıq təmin edilmir. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycan nüfuzlu Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının bu ilin yanvarında açıqladığı Açıq Büdcə İndeksində minimal büdcə açıqlığına malik ölkələr qrupunda yer alıb (100 mümkün baldan cəmi 34 bal toplayan ölkəmiz 115 ölkə arasında 78-ci olub).
Bildiyimiz kimi, 2019-cu il dövlət və icmal büdcələrinin hazırlanması prosesinə bu ilin əvvəlində - yanvarın sonu - start verilib. Lakin ictimaiyyət gələn ilin büdə parametrləri haqqında məlumatları yalnız oktyabrın sonunda - büdcə layihəsi Milli Məclisə təqdim edildikdən bir müddət sonra - əldə edə bildi. Hazırda 2019-cu ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin müzakirələrindədir. Amma bu müzakirələrdə də ictimai iştirakçılıq təmin edilmir. Bütün maraq tərəflərinin konsensusu kimi yox, əvvəlki illərdə olduğu kimi yenə də yalnız hökumətdaxili maraq qruplarının razılaşması kimi təsdiq ediləcək. Bu baxımdan 2019-cu ilin dövlət büdcəsinin tərtib edilməsi və müzakirələri mərhələlərində biz yeni yaxud fərqli bir şey görə bilmədik.
Büdcənin tərtibi prosesində bu il yeni tətbiq edilən bir alət kimi "büdcə qaydası"nı göstərmək olar. Büdcə sistemi haqqında qanuna bu ilin iyununda büdcənin tərtibi zamanı "büdcə qaydası"nın tətbiqini nəzərdə tutan əlavə və dəyişikliklər edilib. "Büdcə qaydası" neftin dünya bazar qiymətlərində baş verən kəskin dəyişikliklərin dövlət büdcəsinə mənfi təsirlərini azaltmaq üçün tətbiq olunur. "Büdcə qaydası" orta və uzunmüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsinə yönələn alətdir. Qanuna əlavə edilmiş 11-1.2-ci maddəyə əsasən icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla müəyyən edilir. Yeri gəlmişkən, qeyd etməliyik ki, bu ilin ortalarında hökumət 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərini (əsasən Dövlət Neft Fondunun transferi hesabına olmaqla) təqribən 2 milyard manat artıraraq 2019-cu il dövlət büdcəsinin tərtibi zamanı büdcə qaydasının tətbiqinə "sərfəli başlanğıc" formalaşdırmış oldu.
Büdcənin məzmununa, yəni gəlir və xərclərin formalaşmasına və strukturuna gəldikdə isə növbəti ilin büdcəsində əvvəlki illərdən çox fərqli hər-hansı bir yeniliyin olduğunu demək mümkün deyil.
Büdcə gəlirlərinin neft sektorundan asılılıq səviyyəsi yenidən yüksəlir: belə ki, hökumətin rəsmi məlumatlarına əsasən dövlət büdcəsi gəlirlərində neft sektorunun payı 2011-ci ildəki 75.1% səviyyəsindən 2017-ci ildə 47.7% səviyyəsinə düşdüyü halda, gələn il 59.8% səviyyəsinə yüksələcəyi gözlənilir. Yəni, hökumətin hesablamalarına əsasən gələn il dövlət büdcəsi gəlirlərinin təqribən 60%-i birbaşa neft sektoru hesabına baş tutacaq. Burada qeyd etməliyik ki, neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərindəki payı əslində bundan daha yüksəkdir. Çünki hökumət bu hesablama zamanı neft sektorundan daxilolmaların heç də hamısını hesaba salmır: məsələn, hasilatın pay bölgüsü sazişləri (HPBS) üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi üzrə ödənişləri, neft sektorunda çalışan işçilərin gəlir vergisi üzrə ödənişləri hökumətin hesablamalarında nəzərə alınmır. Bunlar da nəzərə alınarsa, neft sektorundan birbaşa daxilolmaların payının 60 faizin üstündə olduğunu görürük.
Vergi siyasəti sahəsində növbəti ildə aşağıdakı dəyişikliklərin olması gözlənilir:
neft-qaz sektorunda olmayan qeyri-dövlət vergiödəyiciləri üçün gəlir vergisi üzrə güzəştlərin tətbiqi və bu tip müəssisələrin məcburi sosial sığorta ödənişləri üzrə yükün azaldılması;
ölkə üzrə 2%-lik vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqi;
əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi;
kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması;
kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması;
aksizli malların siyahısının genişlənməsi, habelə, aksizli malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin gücləndirilməsi və s.
Büdcə xərcləri siyasətində də hökumət yenidən 2015-ci ilədək olan siyasətinə qayıdır: dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna yönəldilən vəsaitin miqdarı kəskin artırılır. Belə ki, gələn il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna 6.8 milyard manat (büdcə xərclərinin 27.6%-i qədər) yönəldilməsi gözlənilir ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 1.7 milyard manat, 2017-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 4.1 milyard manat (yaxud 2.5 dəfə) çoxdur.
- Büdcənin gəlirləri və xərclərində təxminən 2,5 milyard manat artım nəzərdə tutulub. Bu gəlirlər və xərclərdə artım hansı gəlirlər və ya transferlər əsasında nəzərdə tutulub?
- Növbəti ildə dövlət büdcəsi gəlirlərinin məbləği 22917.5 mln manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 768.5 mln. manat yaxud 3.5% çoxdur.
2018-ci ilin proqnozu ilə müqayisədə 2019-cu ildə dövlət büdcəsinin ayrı-ayrı mənbələri üzrə əlavə daxilolmaların ümumi məbləğinin təqribən 1191.5 mln. manat olması gözlənilir. Dövlət büdcəsi gəlirlərinin əsas artımı Dövlət Neft Fondunun transferi (398.3 mln. manat), aksizlər üzrə daxilolmalar (201.0 mln manat), hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar (137.4 mln manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar (127.6 mln. manat) hesabına baş verəcək (qalan mənbələr üzrə ümumi artım 327.2 mln. manat olacaq). Bununla yanaşı büdcənin bir sıra gəlir mənbələri üzrə daxilolmaların əvvəlki illə müqayisədə ümumilikdə 423.0 mln. manat azalması gözlənilir. Azalma fiziki şəxslərin gəlir vergisi (316.0 mln. manat), sadələşdirilmiş vergi (58.0 mln. manat) və ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar (41.0 mln. manat), hüquqi şəxslərin torpaq vergisi ( 5.0 mln. manat) və mədən vergisi (3.0 mln. manat) üzrə baş verəcək.
Gələn ilin dövlət büdcəsi xərclərinin məbləği 24780.1 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1680.1 mln. manat (yaxud 7.3%), 2017-ci ilin faktiki xərcləri ilə müqayisədə isə 7185.6 mln. manat yaxud 40.8% çoxdur.
2018-ci ilin xərc proqnozları ilə müqayisədə hökumət 2019-cu ildə əsaslı vəsait qoyuluşuna 1.74 milyard manat, səhiyyəyə 308.9 mln. manat, ümumi dövlət xidmətlərinə 243.2 mln. manat, təhsilə 230.6 mln. manat, sosial müdafiə və sosial təminata 210.3 mln. manat, məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq orqanlarına 167.8 mln. manat, müdafiəyə 123.4 mln. manat, kənd təsərrüfatı və onunla əlaqəli sahələrə 79.4 mln. manat əlavə vəsait ayırmağı nəzərdə tutur. Eyni zamanda hökumət 2018-ci ilin proqnozu ilə müqayisədə gələn il iqtisadi fəaliyyətlə bağlı xərcləri 1.1 milyatd manat, əsas bölmələrə aid edilməyən xidmətlərə ayrılan vəsaiti 273.6 mln. manat, mənzil və kommunal təsərrüfatı xərclərini 98.2 mln. manat, yanacaq və enerji xərclərini 10.2 mln. manat azaldacaq.
Səhiyyə xərcləri üzrə artırılan məbləğin 223.9 mln. manatı (yaxud 72.5%-i) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün nəzərdə tutulur.
2018-ci ilin proqnozu ilə müqayisədə 2019-cu ilin büdcə xərclərində həyata keçirilməsi nəzərdə tutulan artımın 489.8 mln. manatı əməyin ödənilməsi, 417.5 mln. manatı tikinti, 352.6 mln. manatı subsidiya və cari transferlər, 183.9 mln. manatı təqaüd və sosial müavinətlər, 142.4 mln. manatı faizlər üzrə ödənişlər, 102.4 mln. manatı isə digər xərclər üçün nəzərdə tutulur.
Ümumiyyətlə, gələn il dövlət büdcəsi xərclərinin 12.55 milyard manatı (50.7%-i) cari xərclərə, 9.9 milyard manatı (39.9%-i) əsaslı xərclərə, qalan 2.3 milyard manatı (9.4%-i) isə dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.
- Neftin qiyməti bu dəfə büdcədə 60 dollardan götürülüb. Budəfəki büdcə də əsasən neft gəlirlərinin üstündə qurulub, yoxsa bu dəfə büdcədə qeyri-neft sektorunun gəlirlərinin də payı artıb?
- Bəli, qeyd etdiyiniz kimi, gələn ilin büdcəsi neftin 1 barrelinin dünya bazar qiymətinin 60 dollar olması əsas götürülərək hazırlanıb. Hökumətin məlumatına əsasən gələn il dövlət büdcəsi gəlirlərinin 13.7 milyard manatı, yaxud 59.8%-i neft-qaz sektorundan birbaşa daxilolmalar, qalan 9.2 milyard manatı (40.2%-i) isə qeyri-neft sektorunun hesabına formalaşacaq.
Neft-qaz sektorundan daxilolmaların 11364.3 mln. manatı Dövlət Neft Fondunun transferinin, 1450.0 mln. manatı Dövlət Neft Şirkətinin ödənişlərinin, qalan 886.0 mln. manatı isə HPBS üzrə xarici podratçı şirkətlərin mənfəət vergisinin payına düşür. Yuxarıda qeyd etdiyimiz kimi, müstəqil araşdırmalar dövlət büdcəsi gəlirlərində neft-qaz sektorundan birbaşa daxilolmaların payının daha yüksək (təqribən 65%-ə qədər) olduğunu deməyə əsas verir.
Hökumətin təqdimatına əsasən 2018-ci ilin dürüstləşdirilmiş büdcəsi ilə müqayisədə gələn il dövlət büdcəsinin neft-qaz gəlirləri 354.3 mln. manat (2.7%), qeyri-neft qaz sektoru üzrə daxilolmalar isə 414.1 mln. manat (4.7%) artacaq (qeyri-neft sektoru üzrə artan gəlirlərin təqribən 260.0 mln. manatı, yaxud 63%-i xarici iqtisadi fəaliyyət hesabına daxilolmaların payına düşür). Ancaq burada diqqət yetirilməli bir məqam var: məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsinin ilkin proqnozu neftin 45 dollar/barrel qiyməti əsasında hazırlanmışdı; cari ilin ortalarında neftin artan qiymətləri nəzərə alınmaqla (55 dollar/barrel qiyməti əsasında) proqnozlarda dəyişiklik edildi və neft sektoru üzrə ümumi daxilolmalar proqnozu 2.2 mliyard manat artırıldı. Lakin həmin dəyişikik zamanı Vergilər Nazirliyinin xətti ilə toplanan qeyri-neft sektoru üzrə vergi daxilolmaları proqnozu təqribən 1.0 mlrd. manat azaldılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunan gəlirlər proqnozu isə 725.0 mln. manat artırılıb. Həmin dəyişiklikləri nəzərə aldıqda məlum olur ki, əslində 2018-ci ilin ilkin proqnozları ilə müqayisədə dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərində təqribən 2.5 milyard manatlıq artım baş verdiyi halda, xarici iqtisadi fəaliyyətdən daxilolmalar nəzərə alınmadan qeyri-neft sektoru üzrə daxilolmalarda kəskin azalma baş verəcək.
Burada diqqət yetirilməli başqa bir məsələ qeyri-neft sektorundan daxilolmaların formalaşmasında neft gəlirlərinin rolu məsələsidir. Yuxarıda qeyd etdiyimiz kimi, məhz neft gəlirləri (daha doğrusu, Dövlət Neft Fondunun transferi) hesabına dövlət büdcəsindən 6.8 milyard manatlıq əsaslı vəsait qoyuluşu (ümumilikdə isə 9.9 milyard manatlıq əsaslı xərclər) həyata keçirilir. Yəni, dövlət büdcəsinin investisiya (əsaslı tikinti) xərclərinin artması qeyri-neft sektoru üzrə daxilolmaların artımında həlledici rol oynayır.
2019-cu ildə dövlət büdcəsinin cari xərclərinin məbləği 12.55 milyard manat, Dövlət Neft Fondunun transferi nəzərə alınmadan büdcənin gəlirlərinin məbləği isə 11.55 milyard manat proqnozlaşdırılır. Bu o deməkdir ki. büdcənin cari xərclərinin 1.0 milyard manatı Neft Fondundan ediləcək transferin hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, əgər gələn il neftin dünya bazar qiyməti 60 dollardan aşağı düşərsə, onda hökumət Neft Fondundan edilən transferin daha çox hissəsini cari xərclərə yönəlməyə məcbur olacaq.
- Nazirlər Kabineti Azərbaycan Respublikasının vahid büdcə təsnifatını təsdiq edib. Vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlanılacaq. Vahid büdcə təsnifatı nə deməkdir? Hansı məqsədə xidmət edir?
- Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət yeni vahid büdcə təsnifatı təsdiq olunub. Büdcə təsnifatı dövlət büdcəsinin tərtib edilməsi və hazırlanmasının, icrasının və icrasına nəzarətin təmin edilməsinin, büdcə fəaliyyətinin səmərəli və hesabatlı təşkilinin, büdcə prosesində şəffaflığın və hesabatlılığın artırılmasının mühüm alətidir. Təsnifatda büdcə gəlirləri üçün 6 rəqəmli kodlaşdırma (bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə) tətbiq olunur ki, bu da daxilolmaları bütün detalları ilə izləməyə imkan verir. Təsnifatda büdcə xərclərinin funksional (dövlətin başlıca funksiyaları üzrə 3 rəqəmli kodlaşdırma), inzibati (büdcə vəsaitlərinin sərəncamvericiləri üzrə 4 rəqəmli kodlaşdırma) və iqtisadi (xərclərin iqtisadi təyinatı üzrə 6 rəqəmli kodlaşdırma) təsnifatı verilir və bütün təsnifat maddələrinin məzmunu açıqlanır. Belə təsnifat büdcə prosesinin və büdcə işinin elektronlaşdırılması üçün baza rolunu oynayır.
Qeyd edək ki, hazırda istifadə olunan büdcə təsnifatı 2004-cü ilin oktyabrında təsdiq olunmuşdu və sonradan zəruri dəyişikliklər edilmişdi. Lakin mövcud büdcə təsnifatı həm beynəlxalq maliyyə standartlarının tələblərinə uyğun deyildi, həm də müasir dövrün tələblərinə cavab vermir. Buna görə də yeni büdcə təsnifatının qəbul edilməsi, xüsusilə büdcə xərclərinin funksional və iqtisadi təsnifatında ciddi dəyişikliklər edilməsi zəruri idi. Yeni büdcə təsnifatında bir sıra əhəmiyyətli dəyişikliklər var, lakin yenə də ciddi qüsurlara malikdir. Xüsusilə nəzərə alınsa ki, 2020-ci ildən Azərbaycan büdcə proqnozlaşdırılmasında ortamüddətli xərclər çərçivəsinə və nəticə əsaslı büdcələmə sisteminə keçməyə hazırlaşır, onda bu təsnifatın həmin prosesin tələblərinə tam uyğunluğu şübhə doğurur.
- Azərbaycanın hazırki büdcəsini necə qiymətləndirirsiniz? 27 ildir müstəqil olan bir ölkə üçün hazırki büdcəni qənaətbəxş hesab etmək olarmı? Yoxsa daha dayanıqlı iqtisadiyyat və inkişafla daha funksional və gəlirli büdcəyə nail olmaq olardı? Sizcə, buna nə mane olub və olur?
- Büdcəni müxtəlif aspektlərdən qiymətləndirmək və uyğun olaraq bu sualı da fərqli yanaşmalardan cavablandırmaq olar. Məsələn, büdcənin gəlirlərin və xərclərin səviyyəsi baxımından qiymətləndirmək olar. Bu zaman ölkənin real iqtisadi potensialının nə dərəcədə büdcə gəlirlərinin formalaşmasına cəlb edilməsi, vergiyə cəlb edilməyən gəlirlərin yaxud vergidən yayınmanın miqyaslarının araşdırılması zəruridir. Yaxud indiyədək olan büdcə xərclərinin, xüsusilə neft gəlirləri hesabına olan xərcləmələrin daha səmərəli təşkili hesabına yarana biləcək vergi bazası qiymətləndirilə bilər. Amma belə araşdırmalar olmadığından oxşar qiymətləndirməni aparmaq çətindir. Sadəcə, intuitiv olaraq belə bir fikir söyləmək olar: fərqli iqtisadi və büdcə siyasəti şəraitində ən müxtəlif səbəblərdən baş verən vergidən yayınma halları tam aradan qaldırılsaydı, vergi kimi toplanan vəsait tam həcmdə büdcəyə daxil edilsəydi, büdcə xərclərinin və dövlət satınalmalarının hesabatlılığı və səmərəliliyi təmin olunsaydı, dövlət investisiyaları daha səmərəli həyata keçirilsəydi hazırda büdcə gəlirlərinin və xərclərinin tamamilə fərqli (indikindən daha böyük məbləğli) səviyyəsi olardı. Aydındır ki, bu, çox mübahisə doğuracaq bir fikirdir.
Büdcə prosesini və dövlət büdcəsini şəffaflıq və səmərəlilik baxımından qiymətləndirmək olar. Bu sahədə vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikirlər həm beynəlxalq təşkilatların hesabatlarında, həm də yerli müstəqil vətəndaş cəmiyyətinin və mətbuatın illərlə apardığı araşdırmalarda öz əksini tapıb. Dövlət maliyyəsində, xüsusilə büdcə xərcləmələri sahəsində korrupsiya hallarının geniş yayılması bu vəsaitlərin istifadəsini səmərəsiz edir, onların istifadəsindən gözlənilən nəticələri son dərəcə aşağı salır.
Büdcəni həm də büdcə işinin təşkili baxımından qiymətləndirmək olar. Belə qiymətləndirmə daha real müqayisə bazasına əsaslanır. Çünki ortada büdcə işini daha səmərəli təşkil edən, büdcə prosesinin daha səmərəli və işlək institutlarına və mexanizmlərinə malik ölkələr, bu istiqamətdə davaml işləyən və tövsiyələr hazırlayan beynəlxalq təşkilatların çox sayda tövsiyə sənədləri və standartları (məsələn, Beynəlxalq Valyuta Fondunun "Fiskal şəffaflığın yaxşı təcrübələr Məcəlləsi", Dünya Bankının "Dövlət xərcləri və maliyyə hesabatlılığı", İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Fiskal şəffaflıq üzrə ən yaxşı təcrübələr"i və "Büdcənin idarə edilməsi sahəsində tövsiyələr"i və s.) var. Son illər beynəlxalq səviyyədə xüsusilə resursla zəngin və böyük resurs gəlirlərinə malik ölkələrdə büdcə işinin səmərəliliyinin artırılmasına yönələn araşdırmalar geniş vüsət alıb, tövsiyə sənədlərinin işlənilməsi çoxalıb.
Müxtəlif ölkələrin təcrübələrindən, habelə, bu sahədə olan araşdırmaların nəticələrindən çıxış edərək deyə bilərəm ki, hər hansı bir ölkədə büdcə işinin səmərəli təşkili orada büdcə prosesində müvafiq hökumət qurumlarının "özfəaliyyətləri"ni məhdudlaşdıra biləcək səmərəli və işlək institutların və mexanizmlərin olub-olmamasından asılıdır. Belə institut və mexanizmlərə aşağıdakılar aiddir:
fiskal qaydalar (bu qaydalar resurs gəlirlərinin xərclənmə səviyyəsini, büdcə xərclərinin artırılması səviyyəsini, dövlət borclarının səviyyəsini və s. məhdudlaşdırır),
orta və uzunmüddətli strateji planlaşdırma;
ortamüddətli xərclər çərçivəsi;
strateji proqramlara əsaslanan nəticə əsaslı büdcələmə;
büdcə prosesinin dəqiq və detallı reqlamentləşdirilməsi;
şəffaflıq, hesabatlılıq və effektiv parlament nəzarəti, habelə ictimai nəzarət;
geniş ictimai iştirakçılıq;
səmərəliliyin və nəticəliliyin qiymətləndirilməsi mexanizmləri.
Büdcə prosesinin qismən reqlamentləşdirilməsi istisna olmaqla, bu qeyd olunan institutların və mexanzimlərin demək olar heç biri indiyədək ölkəmizdə formalaşdırılmayıb. Ölkəmizdə hələ də sovetin mirası olan ənənvi büdcələmə tətbiq olunur.
Araşdırmalarımız göstərib ki, 2018-ci il dövlət büdcəsinin ilkin proqnozu üzrə bütün büdcə xərclərinin 52.8%-i "qapalı" və strukturu nəinki ictimaiyyət, hətta deputatlar üçün açıqlanmayan xərclərdən ibarət olub. Yaxud 2019-cu ilin büdcəsi ilə bağlı hökumətin izahatında qeyd edilib ki, büdcə xərclərinin 41.6%-i konkret proqramlar və məqsədli tədbirlər üzrə xərclənir. Amma həmin proqramların heç biri strateji proqramlara əsaslanan nəticə əsaslı büdcələmənin tələblərinə uyğun deyil.
Araşdırmalara əsasən hazırda dünyanın 80-dək ölkəsində büdcə qaydaları tətbiq edilir. Məsələn, bizim neft-qazla zəngin qonşularımız olan Rusiya və Qazaxstanda artıq 10 ildən çoxdur ki, resurs gəlirlərinin istifadəsini tənzimləyən büdcə qaydaları tətbiq olunur. Yuxarıda qeyd etdiyimiz kimi, artıq ölkəmizdə də büdcə qaydasının tətbiqinə başlanılıb. Bu qayda neft-qaz gəlirlərinin xərclənməsi səviyyəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Qaydanın nə dərəcədə səmərəli tətbiq ediləcəyini zaman göstərəcək.
Qeyd etməliyəm ki, 2020-ci ildən ölkəmizdə ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqinə başlanılacaq. Amma yenə də xarici təcrübələrə istinadən söyləmək olar ki, bu o qədər də asan başa gələn proses deyil. Dünya Bankının araşdırmaları göstərib ki, OMXÇ-ni tətbiq etmək istəyən ölkələrin bir çoxu uğursuzluqla üzləşib. Dünya Bankının ekspertləri buna səbəb kimi həmin ölkələrdə yetərli siyasi iradənin olmaması, hökumət qurumlarının bu işə ciddi yanaşmaması, kifayət qədər bacarıqlı kadrların olmaması, korrupsiya səviyyəsinin yüksək olması, etibarlı büdcə hesabatlılığı sisteminin qurulmaması, hökumətin etibarlı proqnozlaşdırma mexanizmlərinə və gələcək büdcə nəticələrini ölçmək qabiliyyətinə malik olmaması və s. kimi amilləri göstərib. Buna görə də ölkəmizdə OMXÇ-nin tətbiqinə hazırlıq mərhələsində bu qeyd olunan amillər nəzərə alınmalı və həmin sahələrdə zəruri işlər aparılmalıdır.
- Sizcə, nə etmək olar ki, bundan sonrakı illərdə büdcə ancaq neft gəlirləri üzərində formalaşmasın və qeyri- neft sektorunun büdcədə payı çoxalsın? Və büdcə daha inkişaf etmiş, funksional, gəlirli və dayanıqlı olsun?
- Əslində büdcə işinin təkmilləşdirilməsi istiqamətində zəruri institutların və mexanizmlərin yaradılması barədə əvvəlki sualın cavabında geniş danışdım. Amma bununla yanaşı, ölkənin iqtisadi potensialından və iqtisadi resurslarından səmərəli istifadə olunması, vergi bazasının genişlənməsinə nail olmaq üçün ölkədə sistemli islahatların aparılması zəruridir. Bu, ilk növbədə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına yönələn tədbirləri nəzərdə tutur. Son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması istiqamətində həyata keçirilən addımları alqışlasaq da bunların yetərli olmadığını qeyd etməliyik. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunan institutsional islahatlar da daxil olmaqla, sistem islahatlaırna ləngimədən başlamaq zəruridir. Buraya aiddir:
mülkiyyət hüquqlarının qorunmasına və toxunulmazlığına tam zəmanətin təmin edilməsi,
qanunun aliliyinin və qanunçuluğun təmin edilməsi (qanun qarşısında hər kəsin bərabərliyi),
ədalətli və müstəqil məhkəmə sisteminin təmin edilməsi,
məmur sahibkarlığının qarşısının real olaraq alınması;
tənzimləyici mühitin yaxşılaşdırılması (dövlət qurumlarının davranışlarının qabaqcadan proqnozlaşdırıla bilən olması, biznesin xərclərinə və gəlirlərinə təsir göstərən hökumət qərarlarının ictimai müzakirələrsiz qəbul edilməsi praktikasından imtina edilməsi, belə dəyişikliklərin qəbul edilməsindən ən azı 6 ay sonra qüvvəyə minməsinin təmin edilməsi və s.),
rəqabət mühitinin təmin edilməsi və müflisləşmə institutunun səmərəli tətbiqi;
iqtisadi azadlıqlaırn və təşəbbüskarlığın genişləndirilməsi;
dövlət müəssisələrinin islahatı və dövlət əmlakının səmərəli idarə edilməsinin təmin edilməsi və s.
Yuxarıda demişdim ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsüdür. Sonda isə bunu vurğulamaq istərdim ki, dövlət büdcəsi həm də ölkə iqtisadiyyatının və bütövlükdə ölkənin necə idarə olunduğunu əks etdirir.
Rəy yaz