İqtidar partiyası virus epidemiyasına qarşı mübarizə prosesini siyasi baxımdan öz lehinə çevirməyə çalışarkən bu, mümkün olmadı: ictimai rəy sorğuları müxalifət partiyalarının idarə etdiyi bələdiyyələrin reytinqinin yüksəldiyini göstərdi.
Siyasi liderlərin reytinqləri ölçülərkən isə İYİ Partiyanın lideri Meral Akşenerin adı ön plana çıxdı. Problemləri aradan qaldırmaq üçün “Türkiyə masası” qurmağı təklif edən Akşeneri dövlət başçısı Ərdoğan və iqtidarın qeydsiz-şərtsiz dəstəkçisi Dövlət Bahçəli lağa qoyarkən toplum ondan dəstəyini əsirgəmədi.
Siyasi arenanın yeni aktyorları Əhməd Davudoğlu və Əli Babacanın qurduqları partiyalar bir vaxtlar ən yüksək səviyyədə təmsil etdikləri iqtidarı Türkiyədəki məşhur siyasi terminlə desək, “gəmirməyi” daha da gücləndirirlər.
Bunun əsas səbəbini daha əvvəl də yazmışdıq: 1 noyabr 2015-ci ildə keçirilən seçkidə AKP-yə ən yüksək reytinqi (49.1%) qazandırmasına baxmayaraq, 5 may 2016-cı ildə baş nazir vəzifəsindən istefa verməyə məcbur edilən Əhməd Davudoğlu ən həssas nöqtələrdən iqtidara tənqidlərini sərtləşdirdiyi kimi, baş nazirin keçmiş müavini Əli Babacan da iqtidara tənqid salvolarının dozasını getdikcə artırır.
Bu, toplumun siyasi qaydalar daxilində iqtidara qarşı daha sərt, hətta ən sərt şəkildə müxalifət istədiyini göstərir.
Davudoğlu və Babacan toplumu yaxından maraqlandıran məsələlərdə açıq, konkret mövqe nümayiş etdirərək cənab Ərdoğanın təhdidlərinin qabağından çəkilmədikcə toplum da onlara yiyə durur. Yəni, burada Bakıdakı kimi iqtidarın istəyi ilə dizayn edilməyə çalışılan müxalifətdən əsla söhbət gedə bilməz, demokratik sistemlərdə buna təşəbbüs edənlərə toplumun verəcəyi cavab qəhqəhədən ibarət olur. Ona görə iqtidar partiyasının prosesləri öz axarına buraxmaqdan başqa çarəsi yoxdur. İctimai rəy sorğularına əhəmiyyət verən bir lider kimi tanınan AKP lideri və prezident Ərdoğan da siyasəti yuxarıdan dizayn etməyin mümkün olmadığını bildiyinə görə siyasi proseslərin qabağını qanunlarla kəsməyi ağlına gətirəndə iki dəfə düşünmək məcburiyyətində qalır. Çünki bu cür cəhdlərin siyasi rəqabətin güzgüsü olan seçki qutularından əks nəticələr çıxmasına səbəb olacağını hamıdan yaxşı o bilir. Yeganə yol- siyasi rəqabəti toplumun gözünün qabağında təzyiqsiz, təhdidsiz aparmaq və seçki qutularından çıxan nəticələrlə razılaşmaqdır.
Türkiyədə ən çox etibar edilən KONDA ictimai rəy sorğusu şirkətinin son anketinə görə, AKP-nin reytinqi yaradıldığı vaxtdan bəri ilk dəfə 30%-in altına düşüb. Bunu KONDA-nın apardığı rəy sorğusundan əvvəl cənab Ərdoğan da yaxşı görürdü. İqtidarın qeydsiz-şərtsiz dəstəkçisi Bahçəli də görürdü. Ancaq AKP-ni dəstəkləyənlərin önəmli qisminin MHP-yə yönəldiyinə görə Dövlət Bahçəli bundan məmnun idi.
KONDA-nın axırıncı rəy sorğusunda AKP-ni tərk edənlərin bir qisminin Əhməd Davudoğlunun Gələcək Partiyasına, bir qisminin isə Əli Babacanın Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi) rəğbət bəslədiyi meydana çıxınca Dövlət Bahçəlinin də “kürkünə bit düşməsi” qacılmaz olub.
Digər tərəfdən, axırıncı ictimai rəy sorğusu Meral Akşenerin 2018-ci ilin dekabrında yaratdığı İYİ Partiyanın artıq toplumda əməlli-başlı qəbul gördüyünü göstərir. Akşener 3 il əvvəl MHP-də fövqəladə qurultay keçirilməsi üçün 1200 nümayəndənin 700-nün imzasını almasına baxmayaraq, iqtidar partiyasından aldığı dəstəklə Dövlət Bahçəli o qurultayı keçirməmişdi.
AKP-MHP koalisiyasının çox saylı əngəllərinə baxmayaraq, həm İYİ Partiyanın, həm də Meral Akşenerin toplumdan rəğbət görməsi Türkiyə siyasi sisteminin uğuru sayılmalıdır.
Daha əvvəl də yazdıq: belə bir şəraitdə Türkiyənin ən təcrübəli siyasətçisi Tayyip Ərdoğanın erkən seçkiyə getməsindən söhbət gedə bilməzdi, KONDA-nın axırıncı rəy sorğusu anketindən sonra Dövlət Bahçəlinin də siyasi prosesləri təzyiq, təhdid və qanunlar yoluyla əngəlləmək barədə iki dəfə düşünəcəyini ümid etmək olar. Hələ müxalifətin mövcud siyasi ittifaqına Davudoğlu və Babacanın partiyaları da əlavə edilərsə, bəlkə düşünməsinə gərək də qalmayacaq.
Deyəsən, KONDA ictimai rəy sorğusu şirkətini soruşdunuz, eləmi?
3 noyabr 2002-ci ildəki seçkinin başa çatmasından 1.5 saat sonra AKP-nin 34.2% səslə təkbaşına iqtidara gəlməsini KONDA-nın sahibi, CHP-nin keçmiş baş katibi və millət vəkili Tarhan Ərdəm hamıdan qabaq elan etmişdi. İndi işlər şirkətin baş direktoru Bəkir Ağırdırın üzərindədir, AKP-nin reytinqinin 30%-in altına düşdüyünü də KONDA elan edir. Demokratiyanın gözəlliyimi, zalımlığımı?
Bu yazını müxalifəti dizaynlamağa çalışan adamın yanından çıxandan sonra “Ədalət Vəliyevə açıq şəkildə dedim ki, ölkədə siyasi dustaq olmamalıdır” açıqlamasını verən Sülhəddin Əkbərə ithaf etdim.
Qürur duymuşdum...
Rəy yaz