Collage. Turan News Agency

Collage. Turan News Agency

  • I. Yanvarın 3-də ABŞ Bağdada aviasiya zərbəsi endirib, nəticədə İran İİMK-in yüksək vəzifəli xadimi Qasım Süleymani həlak olub, bir neçə gün sonra Tehran Amerikanın İraqdakı bazalarına raket zərbəsi endirib.
  • II. Yanvarın 8-də İranın RƏM sistemi Tehran yaxınlığında Ukraynaya məxsus Boeing 737-800 təyyarəsini Amerika raketi zənn edərək vurub. Tehran-Kiyev reysində olan 176 nəfərin hamısı həlak olub.
  • III. Yanvarın 11-də Çində yeni növ koronavirusdan ilk ölüm hadisəsi haqqında məlumat verilib. Martın 11-də ÜST pandemiya başladığını elan edib.
  • IV. Yanvarın 15-də Rusiya hökuməti vaxtından əvvəl istefaya gedib, yeni baş nazir Mixail Mişustin olub.
  • V. Yanvarın 31-də tarixi hadisə baş verib – Brexit – Avropa İttifaqının ilk iştirakçısı olan ölkələrdən biri – Böyük Britaniya ittifaqdan çıxıb.
  • VI. Martın 9-da neft qiymətləri alt-üst olub (1991-ci ildə Fars körfəzində müharibə zamanından etibarən ən böyük ucuzlaşma), rublun məzənnəsi kəskin şəkildə ucuzlaşıb, dünya fond bazarları zəifləyib.
  • VII. Mayın sonları – ABŞ-da Minneapolisdə afroamerikalı Corc Floydun polisin əlindən ölümündən sonra qiyamlar baş verib. İyunda dünyanın 60 ölkəsinin 2 000-dən çox şəhərində etirazlar baş verib.
  • VIII. Avqustdan etibarən Belarusda hər həftə sonu etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları avqustun 9-da ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edirlər.
  • IX. Avqustun 20-də Aleksey Navalnı zəhərlənib. Almaniya hökuməti Navalnının orqanizmində “Noviçok” qrupundan olan zəhər izlərinin mövcud olduğunu bildirib.
  • X. Sentyabrın 27-də İkinci Dağlıq Qarabağ Müharibəsi başlayıb, müharibə noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə tam atəşkəs haqqında sazişin imzalanması ilə başa çatıb.
  • XI. Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib, seçkilər, poçt vasitəsilə səsvermə də nəzərə alınmaqla, seçici iştirakına görə rekord qırıb. Uduzan respublikaçılar seçkilərin nəticələrinin kütləvi şəkildə saxtalaşdırıldığını iddia edirlər.

Məşhur politoloq Avraam Şmuleviç yaşadığımız dövrü çox doğru olaraq turbulentlik zonasına daxil olmanın başlanğıcı adlandırıb. Bu terminin latın dilində “qızğın, nizamsız” mənası verən “turbulentus” sözündən əmələ gəldiyini yada salsaq, ən azından, məntiqən başa çatmaqda olan ilin bütün hadisələri əvvəlcədən təxmin edilməsi mümkün olmasa belə, baş verdikdən sonra tamamilə izah oluna bilərdi. Əslində, demək olar ki, baş verdikdən sonra istənilən hadisəni izah etmək olar...

Bizim dünyamızın nizamsızlığı o deməkdir ki, siyasət, iqtisadiyyat, sosial-mədəni normalar, əslində bəşəriyyətin həyat fəaliyyətinin ən müxtəlif sahələrində illərlə sınaqdan çıxarılmış istənilən dəyərlər və məqsədlər dağılmağa başlayır. Bu prosesin xaricən xaotik xarakteri göstərir ki, dünya keyfiyyət dəyişiklikləri ərəfəsindədir. Bu dəyişikliklər təkcə onun strukturunun dəyişməsinə deyil, həm də ümumdünya siyasi məkanında yeni aktyorların və mərkəzlərin ortaya çıxmasına gətirib çıxaracaq.

Eyni rakursda əvvəllər şüurun bir-birindən ayırdığı iqtisadi, siyasi, mənəvi, sosial və bütün başqa prosesləri və hadisələri  başa düşmək lazımdır ki. Bundan sonra onlar öz təcridxanalarında yalnız bizim gündəlik reallığımızın tanınmaz dərəcədə təhrif edilmiş əksini təmin edə bilərlər. Məsələn, öz-özlüyündə koronavirus pandemiyası çox az şeyə aydınlıq gətirir, amma sistemli şəkildə yanaşdıqda, ən azından son 30 ildə bəşəriyyəti bürüyən ümumi böhran prosesinin sürətlənməsinin struktur amilinə çevrilir.

Pandemiya ekologiya və ətraf mühit problemlərinə daxil olur, qida təhlükəsizliyi, aclıq və resursların paylanması problemlərinə qarışır, onlardan müharibə və sülh, siyasi sistemlərin və onların sərhədlərinin dəyişməsi problemlərinə keçir, daha sonra bilavasitə təhsil və səhiyyə sisteminə təsir edir, onları onlayn rejimə keçirir. Və bu, yalnız bütün baş verən təbii və süni proseslər arasındakı əlaqələrin və asılılığın müxtəlifliyinin konturlarıdır. Deyilənlər bir qədər mücərrəd səslənir, amma indi bəşəriyyətin ən yaxın gələcəyi haqqında sistemli proqnozların əksəriyyəti belə səslənəcək. Və yalnız kəmiyyət təhlili mərhələsində ayrı-ayrı yanaşmalar qalacaq.

Bu kontekstdə 2020-ci ilin bəşəriyyətin gələcəyinə təsir göstərəcək bu “ayrı-ayrı” hadisələrini qeyd edə bilərik. Bir çox politoloqlar və analitiklər hesab edirlər ki, ABŞ siyasi sisteminin böhranını mərkəzi (əsas) hadisə hesab etmək olar. Aydındır ki, yuxarıda qeyd edilən sistemli təsəvvürlər fonunda mərkəzi hadisə daha mürəkkəb görünməlidir, Rusiya-Çin münasibətlərinin dinamikası, ÇXR-in qarşıda duran iqtisadi inkişafı, ABŞ-ÇXR-RF üçbucağında Hindistanın mövqeyi və Aİ-nin strateji muxtariyyət istiqamətində hərəkəti ilə əlaqəli olmalıdır.

Amma bu qədər geniş rakursda belə mümkün təxminlərin doğruluq dərəcəsi kifayət qədər məhdud olacaq, belə ki, gələcək qarşıdurmanın geostrateji parametrlərini müəyyən etmək lazımdır. Məsələn, gələcəkdə karbohidrogenlərin dünya energetikasındakı əhəmiyyətinin azalması şübhəsiz Yaxın Şərqin “siyasi çəkisini” azaldacaq və yaxın gələcəkdə dünya qarşıdurmasının yeni regionlarını ortaya çıxaracaq (bunu bu gün proqnozlaşdırmaq artıq çətin deyil). Bununla əlaqədar ərəb ölkələri, Türkiyə, İran və İsrailin Yaxın Şərqdə hegemonluq uğrunda mübarizəsi siyasi qüvvələrin bölgüsünü dəyişdirə bilər. Necə olursa olsun, dünya siyasətində və diplomatiyasında “sərt və yumşaq qüvvəni” birləşdirmək qabiliyyətini əks etdirən “ağıllı qüvvənin” artacağı haqqında proqnoz əsaslı kimi görünür. Qarşıda duran otuz gün ABŞ və İran münasibətlərində “ağıllı qüvvə” prinsipinin tətbiqinin nümunəsi ola bilər.

Bir qədər də statistikanın yanlışlıqları haqqında. 11 yanvar 2020-ci il tarixində Çində yeni növ koronavirusdan ilk ölüm hadisəsi haqqında məlumat verilib, martın 11-də isə ÜST pandemiya başladığını elan edib. Həmin vaxt COVİD-19 114 ölkədə 118 000 nəfərə yoluxmuşdu. Əslində, bu gün, virus 70 milyon insana yoluxduğu bir vaxtda da pandemiyanın başlamasından danışmaq olmaz.

Üç sualın cavabı əhəmiyyətlidir: 1. Koronavirus təbii təşəkküldür, ya mutasiyaya uğraya bilən süni təşəkkül? 2. Mövcud vaksinlər panaseyadır? 3. 2021-ci ildə koronavirus əsl pandemiya miqyasına çatacaq?

Başa çatmaq üzrə olan ildə baş verən bir çox hadisələrin (Rusiya hökumətinin dəyişməsi və ölkə Konstitusiyasına düzəlişlər, neft qiymətlərinin ucuzlaşması, ümumi özünütəcrid rejimi, ABŞ-da irqçi etirazlar) təsiri 2021-ci ildə də davam edəcək. Bu hadisələrdən ən əsası ABŞ-da 3 noyabr seçkiləridir. Bu hadisə ilə əlaqədar təkcə ABŞ-ın deyil, bütün dünyanın gələcək inkişafında çox şey yenidən cızılır və çox şey yenidən müəyyən edilir.

Nəhayət, bir regional hadisə - Dağlıq Qarabağ münaqişəsinin 44 günlük müharibəyə çevrilməsi ən müxtəlif səbəblərdən bütün dünyanın diqqətini cəlb edib. Burada XXI əsrdə müharibə aparılmasının xüsusiyyətləri, ənənəvi arbitrləri regiondan sıxışdırıb çıxaran gözlənilməyən alyanslar, münaqişənin hərbi həllinin dinc yolla həllindən qəti üstünlüyü və bir çox başqa məqamlar var ki, onları ayrı bir məqalədə təhlil etmək lazımdır.

Elə buradaca başa çatmaqda olan ildə baş vermiş faktı xatırlayaq: dekabrın 14-dən etibarən koronavirusun yeni dalğasına qədəm qoyduq, bu dalğadan təxminən 18 yanvar 2021-ci il tarixində çıxacağıq.

Xatırladığım qədər, ilk dəfə Yeni və Köhnə Yeni ili özünütəcrid şəraitində qarşılayacağıq.

Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti