Secretary of State Mike Pompeo, left, met with President Ashraf Ghani of Afghanistan, right, in Kabul, Afghanistan, on Monday.Credit...Pool photo by Andrew Harnik

Secretary of State Mike Pompeo, left, met with President Ashraf Ghani of Afghanistan, right, in Kabul, Afghanistan, on Monday.Credit...Pool photo by Andrew Harnik

Ötən bazar ertəsi ABŞ dövlət katibi Maykl Pompeo təcili surətdə fəaliyyətdə olan prezident Əşrəf Qəni və onun rəqibi Abdulla Abdulla arasında mübarizənin getdiyi Kabula (Əfqanıstan) səfər edib. Dövlət katibinin Əfqanıstanın iki dövlət xadimini barışdırmaq məqsədilə elan edilməmiş səfəri ABŞ-ın Əfqanıstan nizamlanması üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın vəziyyətə təsirini itirdiyini göstərib. Hər iki dövlət xadimi ötən il keçirilmiş prezidentlik uğrunda mübarizənin qalibi olduğunu hesab edir, hər ikisi özünü prezident elan edib və inauqurasiya keçirib.

Əşrəf Qəni inauqurasiyasını martın 10-da "Arq" prezident sarayında keçirib və ilk fərmanı ilə Abdulla Abdullanı baş nazir vəzifəsindən azad edib. Buna cavab olaraq Abdulla Abdulla Sapedor (Kabul) sarayında öz iqamətgahında inauqurasiyasını keçirib və Əşrəf Qənini hakimiyyəti qəsb etməkdə ittiham edib.

Bütün bunlardan əvvəl iki siyasətçi arasında uğursuz danışıqlar olub. Əfqanıstan konstitusiyasına əsasən, nazirlər parlament tərəfindən təyin edilsə də, Əşrəf Qəni 25 nazir portfelindən 10-nu rəqibinə təklif edib (təbii ki, güc nazirlikləri portfelini özündə saxlayıb), amma o, imtina cavabı verib. Nəticə etibarilə onlar "Taliban"la danışıqlar üçün nümayəndə heyəti formalaşdırmayıb.

Sonradan iş o yerə çatıb ki, hər iki namizəd faktiki olaraq Kabulda keçirilən inauqurasiyalar zamanı oraya səfər edən Xəlilzada boykot elan ediblər. Aydındır ki, hadisələrin bu cür inkişafı fevralın 29-da Qatarda ABŞ və "Taliban" arasında imzalanmış sülh sazişinin yerinə yetirilməsini təhdid altına qoyub.

Yeri gəlmişkən, bu saziş təkcə Amerika qoşunlarının çıxarılmasını deyil, həm də Əşrəf Qəninin həbsdə olan beş min talibi azad etməsini nəzərdə tutur, bu da barışıq üçün ilkin addımlardan biridir. Və, Əfqanıstan KİV-lərinin Əfqanıstanın Təhlükəsizlik Şurasının aparatına yaxın mənbələrə istinadən yazdığına görə, dövlət katibi və Əşrəf Qəni arasında danışıqlar zamanı bu mövzuya toxunulub.

Həmçinin qeyd etmək lazımdır ki, Amerika qoşunlarının çıxarılmasına başlanmışdı, baxmayaraq ki, Əfqanıstandaxili dialoq aparılmırdı və Əşrəf Qəni "Taliban" hərəkatının həbsdə olan beş min iştirakçısını azad etməkdən imtina etdiyinə görə hər gün hökumət qüvvələri və taliblər arasında qarşıdurmalar haqqında məlumatlar daxil olmaqda davam edirdi.

Bütün bunların nəticəsində amerikalılar qoşunların çıxarılmasını dayandırıblar, bunun üçün formal bəhanə də tapıblar - koronavirus pandemiyası.

"Böhran vəziyyətindəyik. Qorxumuz bu böhranın həll edilməyəcəyi və ya tez həll edilməyəcəyi ilə bağlıdır, bu, sülh prosesinə təsir edə bilər", deyə Pompeo Kabula səfəri zamanı bu çətinliyi izah edib. Onun sözlərinə görə, xəstəliyin yayılması ABŞ və taliblər arasında razılaşdırılmış plan çərçivəsində xarici kontingentin yerdəyişməsini çətinləşdirib: bəzi birliklər karantindədir.

Amma, dövlət katibinin səfərinə qayıtsaq, elə həmin gün axşama yaxın Qəni, Abdulla və Pompeonun üçtərəfli görüşü keçirilib. Əfqanıstan hakimiyyəti bu söhbətin məzmunu haqqında heç nə açıqlamayıb. Amma ABŞ Dövlət Departamenti Pompeonun səfərinin yekunlarına işıq salan bəyanat yayıb. Sənəddə deyilirdi ki, "Əfqanıstan prezidenti Əşrəf Qəni və baş nazir Abdulla Abdulla dövlət katibi Mayk Pompeoya ölkədə mövcud olan problemləri həll etmək, habelə "Əfqanıstan vətəndaşlarının sağlamlığını və rifahını təmin etmək" iqtidarında olan "inklüziv hökumət" barədə razılığa gələ bilmədiklərini bildiriblər. Sənəddə qeyd edilirdi ki, bu uğursuzluq ABŞ və Əfqanıstan arasındakı münasibətlərə ziyan vurub.

Yenə də, Əşrəf Qəni və Abdulla Abdulla arasındakı münaqişənin nizamlanmasına hələlik müvəffəq olunmasa da, Pompeonun missiyasının nəticəsiz olduğunu deməyə tələsməyə dəyməz. Məsələ ondadır ki, Kabulda başlayan böhran 2014-cü ildə Qəni və Abdulla arasındakı qarşıdurma ilə tamamilə eynidir. Həmin vaxt dövlət katibi vəzifəsində olan Con Kerri fikir ayrılıqlarını nizama sala bilmişdi. Doğrudur, hazırki böhranın daha dərin olduğunu etiraf etmək lazımdır - keçən dəfə paralel hakimiyyət qurumlarının formalaşdırılmasından söhbət getmirdi, ABŞ və taliblər arasında münasibətlər də fərqli idi. Bu gün isə taliblər de-fakto Əfqanıstanın böyük hissəsinə nəzarət edir və açıq-aşkar özlərini qüvvə hesab edirlər, buna görə də Kabul onlar və ABŞ arasındakı danışıqlarda artıq halqadır.

Buna görə Əşrəf Qəni və Abdulla Abdulla hər biri hakimiyyət məsələsini öz lehinə həll etmək istəyir, amma bu zaman ABŞ-ın taliblərlə bağladığı sülhün onları Əfqanıstan siyasətindən kənarda qoymamasının yolunu tapmağa çalışırlar.

Hər iki xadimin bir-biri ilə mübarizə nəticəsində kənarda qala biləcəyi ehtimalı kifayət qədər yüksəkdir - taliblər mütləq bundan istifadə etməyə çalışacaqlar. Qeyd edək ki, puştunlara arxalanan Əşrəf Qəni və taciklərə arxalanan Abdulla Abdulla silahlı münaqişə həddinə çatıblar. Doğrudur, onlar yerlilərinin xüsusi dəstəyinə malik deyillər, amma silahlı münaqişə başlatmaq üçün mövcud dəstək tamamilə kifayətdir.

Əfqanıstanda hazırki prezident tərəfindən törədilmiş böhran ABŞ-ın milli maraqlarına birbaşa təhdid təşkil edir və ABŞ üçün onun həlli mühüm vəzifədir.

Artıq ÇİN-in Asiya-Sakit Okean regionunda ABŞ-a meydan oxuduğunu yazmışdıq. Buna görə də ABŞ Çinə qarşı mübarizə üçün əl-qolunu açmaq məqsədilə Əfqanıstandan və Yaxın Şərqdən qoşunlarını tədricən çıxarır. Prinspcə, bu, Trampın hakimiyyətə gəldiyi andan aydın oldu. ABŞ prezidenti Donald Trampın Fələstin-İsrail probleminin həlli üzrə məşhur "əsrin sazişi"ndən başlayaraq, İraq, Suriya və Əfqanıstandan qoşunların çıxarılmasına qədər bütün addımları Yaxın Şərqdə əl-qolunu açıb, Çin üzərində fokuslanmağa yönəlmişdi.

Bundan başqa, Trampın seçkiqabağı kampaniyasında Əfqanıstandakı sülh prosesindən istifadə etməyə hazırlaşdığını gözdən qaçırmaq olmaz. Ona bu prosesdə irəliləyiş lazımdır.

Buna görə, ABŞ Dövlət Departamentinin yuxarıda qeyd edilmiş bəyanatında qeyd edildiyi kimi, Amerika hökuməti Əfqanıstanla əməkdaşlıq miqyasına yenidən baxmaq təşəbbüsü irəli sürüb. Xüsusən, Əfqanıstandakı xərclərə dəyişiklik ediləcəyi və bu il yardımın təcili olaraq 1 mlrd. dollar azaldılacağı, habelə ölkənin 2021-ci ildə də (maliyyə dəstəyini - red. qeydi) 1 mlrd. dollar azaltmağa hazır olduğu elan edilib.

Nə deyək, Əfqanıstan kimi yoxsul ölkə üçün böyük arqumentdir.

 

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti