Misirin prezidenti Abdel Fəttah əs-Sisi iyunun 20-də, şənbə günü bildirib ki, Qahirə Liviya tayfalarına təlim keçməklə, onları silahlandırmaqla xarici müdaxiləyə qarşı mübarizədə kömək etməyə hazırdır. O həmçinin deyib ki, indi Misirin Liviyaya istənilən birbaşa müdaxiləsinin beynəlxalq hüquq üzrə legitimliyi var. Onun sözlərinə görə, qoşunların irəliləməsi üçün “qırmızı xətt” Sirt şəhəridir.
Əs-Sisinin narazılığına Türkiyənin Tripolidə Fayez Saracın beynəlxalq birlik tərəfindən tanınmış milli barış hökumətinə (MBH) hərbi yardım göstərməsi səbəb olub. Bu yardım sayəsində MBH-nin silahlı formalaşmalarında keyfiyyətli dəyişikliklər baş verib və bu, böyük uğurlara səbəb olub. Onlar nəinki son həftələrdə qiyamçı general Xəlifə Həftarın komandanlığı altında Liviya Milli Ordusu (LMO) tərəfindən Tripoliyə 14 aylıq hücumu dəf ediblər, həm də hazırda qiyamçılar tərəfindən nəzarət edilən Sirt liman şəhəri, həmçinin paytaxtın şərqindəki digər ərazilər üzərində nəzarət tətbiq etməklə uğurlarını inkişaf etdirməyə çalışırlar.
Heç bir şübhə yoxdur ki, Fayez Sarac hökuməti Ankaranın dəstəyi olmadan Sirti almağa qərar verə bilməzdi. Belə çıxır ki, bu qərarın arxasında prezident Rəcəb Tayyib Ərdoğan dayanır. Türkiyə artıq yeni hərbi əməliyyatın başlandığını anons edib.
Niyə bu, belə vacibdir?
Çünki Sirt və onun yaxınlığında yerləşən əl-Cufra aviabazası mahiyyətcə Həftarın son iki dayağıdır və əgər onları itirsə, bununla da karyerası bitəcək.
Sirtin alınması MBH-nin ölkənin şimal-şərqində neft yataqlarına çıxışını təmin edəcək. Eyni zamanda bu, Tobrukda hakimiyyətin marginallaşmasına gətirib çıxaracaq - onlar daha heç bir şey təmsil etməyəcəklər.
Odur ki, hazırda Ərdoğan Sirti götürmək və beləliklə də Liviyada öz dominantlığını möhkəmlətmək üçün bütün mövcud qüvvələri səfərbər etməyə çalışır. O zaman o, danışıqlar masası arxasında şərtləri diqtə edə biləcək. O cümlədən ruslarla, amerikalılarla, fransızlarla – istənilən hər kəslə. Ona görə də onun üçün Liviyaya stavka etmək çox yüksəkdir.
Xəlifə Həftara dəstək verən dövlətlər sırasında olan Rusiya da Sirt və yaxınlıqda yerləşən əl-Cufra aerodromuna nəzarəti əlinə götürmək istərdi. Mövcud məlumatlara görə, Kreml orada hərbi baza yaratmağa ümid edir.
Bundan öncə məlum olub ki, RF XİN və Müdafiə Nazirliyi rəhbərləri Sergey Lavrovla Sergey Şoyqunun iyunun 14-də Ankaraya təyin edilmiş səfəri demək olar ki, son anda qeyri-müəyyən vaxta təxirə salınıb. Fikir ayrılığının səbəbi də MBH-nin Sirti özünə qaytarmaq cəhdləri olub.
Liviyada cari vəziyyət
Liviyada eyni vaxtda bir neçə ölkənin siyasi, iqtisadi və hərbi maraqları üst-üstə düşür. Bunlar Rusiya, Fransa, İtaliya, SƏK, BƏƏ və s.
Bu da qanunauyğundur. Liviya Afrikada neft ehtiyatlarına görə birinci, qaz ehtiyatlarına görə dördüncü yerdədir. Müharibə qondarma “neft ayparası”na çıxış imkanları uğrunda gedir. Bu ərazi Liviyanın şimal-şərqində, neft terminalları və yataqlarının yerləşdiyi yerdədir. Bu ayparaya nəzarət edən mahiyyətcə bütün ölkəyə nəzarət etmiş olur.
Bundan əlavə, Liviya əlverişli geostrateji mövqeyə malikdir. Bir çox ölkələr, xüsusilə də Rusiya orada bir neçə hərbi bazasının olmasının əleyhinə deyil.
Həmçinin Liviya vasitəsilə Avropaya miqrasiya axınına təsir etmək olar.
Hazırda MBH-nin silahlı formalaşmaları və Həftarın banda formalaşmaları arasında cəbhə xətti təxminən Sirtdən (Müəmmar Qəddafinin doğma şəhəri) 30 km. aralıdan keçir. Yeri gəlmişkən, LMO-nun özəyini təşkil edən sələfilərin dayağıdır. MBH artıq Sirti götürməyə cəhd göstərib, lakin sələfilər şəhəri müdafiə ediblər. Beləliklə, Həftara Sirtə qayıtmaq, orada saxlanmaq və müdafiə xətti qurmağa vaxt veriblər.
Tripolinin tərəfində Sirt yaxınlığında yerləşən Misurata şəhəri çıxış edir. Müharibə qızışanda Misurata klanları Tripoli elitasının dayağı olub. Onlar “Müsəlman qardaşları” Hərəkatı (İhvan əl-Müslimin) ilə bağlıdır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və MBH-ni dəstəkləyən Qətər də bu hərəkata can atırlar.
Eyni zamanda SƏK (Səudiyyə Ərəbistanı Krallığı), BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və Xəlifə Həftarı dəstəkləyən bir çox digər körfəz ölkələrinin dini doktrinası sələfilikdir.
Bu, ondan xəbər verir ki, Liviyada Tripoli ilə Tobruk arasında mübarizə (burada formal olaraq Ümummilli konqres (ÜMK), əslində isə Xəlifə Həftarın LMO-su hakimdir), baxmayaraq ki, iqtisadi və siyasi çalara malikdir, həmçinin dini, ideoloji xarakter daşıyır.
Qeyd edək ki, Xəlifə Həftarın cəmiyyət və dövlət həyatının bütün sahələrinin şəriət qanunları altında birləşməsinə etiqad edən sələfilərə arxalanması faktı ona öz əleyhdarlarını islamçılıqda ittiham etməyə mane olmur.
Suriyada vəziyyət
Əldə olan məlumatlara görə, prezident Ərdoğan Suriyanın İdlib əyalətinə qoşun və texnika çıxarmaqda, əyaləti martın 6-dan atəşkəs rejiminə dair Türkiyə-Rusiya razılaşmalarına qarşı çıxan birləşmələrdən təmizləməkdə davam edir. Görünür, son nəticədə Ankara Həyat Təhrir əş-Şamı (Təhrir əş-Şam, HTŞ keçmiş Cebhat ən-Nusra (əl-Qaidənin şöbəsi) Suriya Milli Ordusuna (SMO) çevirəcək. O, özünün türkpərəst qruplaşmalarından 5 min döyüşçünü artıq oraya yerləşdirib, onları yerli əhali ilə əyalətdəki bütün inzibati təyinatların Ankara ilə birlikdə həyata keçiriləcəyinə dair razılaşma imzalamağa məcbur edib. Nəticədə, təmizləmə başa çatdıqdan sonra onlar ruslarla razılığa gələcəklər. Və bu, terrorçuların (razılaşmanın heç cür həll edilməyən bəndi) bir-birindən ayrılması olacaq. Çox güman ki, bu yolla Ankara Suriya üzrə Cenevrə sülh danışıqlarını (Cenevrə-3) açacaq. Beləliklə, 2016-cı ildə Cenevrə-3-ün əsas təşəbbüsçüsü SƏK və Qətər idisə, indi Türkiyə olacaq.
Yeri gəlmişkən, Türkiyə iqtisadi baxımdan İdlibdə və Suriyanın Türkiyənin nəzarətində olan digər ərazilərində artıq iştirak edir. İyunun 17-də isə məlum olub ki, Suriya ilə bağlı yeni sanksiyalar paketi tətbiq edilib ki, bu da Suriya lirasını daha da çökdürüb və bu xəbərlərin fonunda türklər İdlibə və nəzarət etdikləri ərazilərə öz valyutalarını- türk lirasını aparıblar.
Orada ticarət türk lirası ilə aparılır. Türklər orada qaçqınlar üçün müvəqqəti evlər, sosial mənzillər və digər yaşayış obyektləri tikirlər, şəhəri abadlaşdırırlar. Onlar humanitar və iqtisadi baxımdan oraya çox güclü daxil olublar.
İraqda nə baş verir
İyunun 16-da Türkiyə İraqın Kürd Regional Muxtariyyətinin (İKRM) şimal, dağlıq rayonlarında orada yerləşən Kürd Fəhlə Partiyasının (PKK) terror təşkilatının dayaq bazalarına qarşı “Pençe-kaplan” (“Pələng pəncəsi”) hərbi əməliyyatına başlayıb. İki gün öncə Türkiyə hərbçiləri orada Pençe-kartal (“Qartal pəncəsi”) hərbi-hava əməliyyatına başlayıblar.
Bağdad Ankaranın hərəkətlərinə reaksiya verib. İraq XİN Türkiyə tərəfinin hərəkətindən narahatlığını ifadə etmək və Türkiyə diplomatına etiraz məktubunu təqdim etmək üçün Türkiyənin ölkədəki səfiri Fatih Yıldızı çağırıb.
Lakin etiraz ifadə olunmasına baxmayaraq, rəsmi Bağdadın Ankaranın hərəkətlərinə reaksiyası formal xarakter daşıyıb və kifayət qədər yumşaq olub. Güman ki, Türkiyə hərbi əməliyyatlar keçirməzdən öncə İraq hökumətinə zəmanət verib ki, dinc əhali zərər çəkməyəcək. Çox güman ki, bu, Bağdadla razılaşdırılmışdı. Əməliyyatdan cəmi bir gün öncə Türkiyə kəşfiyyatının rəisi Hakan Fidanın oraya gəlməşi faktı bundan xəbər verir.
Qeyd etmək lazımdır ki, İraq hökuməti İKRM-də vəziyyətə zəif nəzarət edir və onunla qarşıdurmadadır. Buna görə də Bağdad Türkiyənin kürd muxtariyyətində əməliyyat aparmasında qismən maraqlıdır.
Məsələ bundadır ki, Türkiyə tərəfdən təzyiqlər Ərbilə birdəfəlik “sərbəst üzməyə” imkan vermir. Unutmaq lazım deyil ki, zəngin neft yataqları məhz bu regionda yerləşir. Bağdad isə öz gücü ilə muxtariyyəti nəzarətində saxlaya bilmir.
Şərq Aralıq dənizi
Daha bir proses Şərqi Aralıq dənizi regionunda gedir. Türkiyə yunanların etirazlarına məhəl qoymayaraq Kipr sahilləri yaxınlığında qaz quyuları qazmaqda davam edir. Bundan başqa, o, Şərqi Aralıq dənizi qaz kəmərinin (EastMed) tikintisi üzrə Yunanıstan-Kipr-İsrail layihəsini bloklayıb. Layihə “Leviafan”dan və digər dəniz yataqlarından Kipr və Yunanıstan vasitəsilə İtaliyaya və digər Cənubi Avropa ölkələrinə sualtı qaz kəmərinin çəkilişini nəzərdə tuturdu.
Aydındır ki, uzun müddət hamıya qarşı çıxmaq mümkün deyil. Sonrası da Avropada bu qazı reallaşdırmaq mümkün olmayacaq. Bu səbəbdən, çox güman ki, türklər yunanlarla və ya israillilərlə hansısa razılığa gələcəklər.
Son illər biz Türkiyənin öz regional nüfuzunu necə artırdığının, geosiyasi bayraqları yerləşdirməyə cəhd etdiyinin, tam regional fövqəldövlətə çevrilmək üçün periferiyaya nəzarəti gücləndirdiyinin şahidiyik.
Türkiyənin Levant, Maqrib, Yaxın Şərqdə ekspansiyası getdikcə daha çox sistem cizgiləri alır. Türkiyənin diplomatik və hərbi gücü getdikcə daha çox aydın olur. Ancaq bu, çətin və keşməkeşli yolun yalnız başlanğıcıdır.
Rəy yaz