İlk etibardan salan videoçarx müxalif bloger Məhəmməd Mirzəlinin bacısının şəxsi eşq həyatını meydana çıxarırdı, ikincisi, gender bərabərliyinin fəal tərəfdarı olan vətəndaş fəalı Nərmin Şahmarzadənin, nəhayət, sonuncu Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızına aid idi. Səciyyəvi haldır ki, Mirzəlinin bacısının və Həsənlinin qızının etibardan salınması üçün ilk dəfə olaraq mesencerlərdən Teleqram və Votsap istifadə edilmişdir. Bu çarxlar saytlarda yayılmayıb.
Deputat Fazil Qəzənfəroğlu bunun xaricdə sığınacaq tapmış blogerlər tərəfindən yüksək vəzifəli Azərbaycan məmurlarının təhqir edilməsinə cavab olduğunu düşünür. Onlar tez-tez nifrət etdikləri rəhbərlərə qarşı informasiya müharibəsinin çirkin metodlarından istifadə edir, senzuradankənar leksikadan və bayağı rüsvayçılıqdan istifadə edirlər.
İnternetdə müxalifətə qarşı yönəlmiş sonuncu pornoçarx 2012-ci ilin martında yayılmışdı və Azadlıq Radiosunun Azərbaycan xidmətinin icmalçısı Xədicə İsmayılovanın intim həyatına aid idi. O, bundan əvvəl hakimiyyəti tənqid etdiyinə görə təqiblərə məruz qalırdı. Həmin vaxt Xədicəyə qarşı porno-aksiya ictimaiyyət tərəfindən pislənmişdi və hətta Azərbaycanda islamçı qruplar belə onunla həmrəylik nümayiş etdirmişdi.
Yaxın keçmişin və bugünün bir sıra faktları bu çarxların arxasında hakimiyyətin dayana biləcəyinə dəlalət edir. Bu cür, eləcə də insan şərəf və ləyaqətini təhqir edən digər videoçarxlar 2004-cü ildən etibarən hazırlanmağa başlayıb. Əvvəlcə, hələ Azərbaycanda internet yayılmadığı zaman bu, müxalifət haqqında təhqir xarakterli televiziya süjetləri idi. Televiziyada məzmuna 100 faiz nəzarət edən hakimiyyət bu cür əməlləri heç cür məhdudlaşdırmırdı, bir halda ki, TV haqqında qanuna əsasən, onların qarşısını almalı idilər.
İnternet vasitəsilə yazılan porno-kompromatın ilk qurbanı müxalif Azadlıq qəzetinin direktoru Azər Əhmədov olub. Bu, 2010-cu il oktyabrın 12-də baş verib. Onun ardınca Xədicə İsmayılova gəlib. Araşdırmaçı jurnalistlər isə İsmayılovanın olduğu mənzilə videoçəkiliş avadanlığının dövlət tərəfindən yerləşdirildiyini sübut etməyə müvəffəq olublar. Amma dövlət təqsiri üzərinə götürməyib, hətta cinayətkarları tapmağa çalışmayıb və bu əməlləri pisləməyib belə. Dövlətin bu mövqeyini bu gün də müşahidə etmək olar. Heç bir reaksiya yoxdur.
Bu cür porno-süjetlərin ortaya çıxmasının səbəbləri ilə bağlı bir neçə versiyaya nəzər salaq:
1. Hakimiyyət videoçarxlar vasitəsilə ictimai narazılıq və nifrət oyandıraraq, cəmiyyətdə müxalifətin nüfuzunu azaltmağa çalışır.
2. Hakimiyyətdəki bir qrup mühacir blogerlərin hakimiyyətdəki digər qrupa qarşı çirkin informasiya hücumlarından istifadə edir.
3. Hakimiyyət mənəvi pozğunluğu normaya çevirmək, bununla da kompromatların siyasi həyata təsirini zəiflətmək məqsədilə insanların ləyaqətini alçaldan polemikalar başladır.
Birinci halda, biz 17 illik təcrübəmizdə cəmiyyətin müxalifətə qarşı rəğbətinin azalmasının və ya əksinə, hakimiyyətə qarşı etimadın artmasının şahidi olmamışıq. Bundan başqa, bu cür biabırçılıqlar cəmiyyətin rejimin qurbanı olanlarla həmrəylik dalğasına səbəb olub. Bu isə dövlətin böhranlı siyasi və iqtisadi inkişafı, vətəndaşların hüquq və azadlıqlarının olmaması ilə əlaqədar hakimiyyətə qarşı etimadın az olması ilə bağlıdır. Bu zaman çoxları özlərini rejimin qurbanı və ya əsiri hesab edirlər.
İkinci versiyanın əsası var, belə ki, hakimiyyətin də, müxalifətin də bu prosesin süni xarakteri barədə məlumatı var. Hakimiyyətdaxili qruplaşmaların nüfuzdan salma müharibəsi apardığı, KİV-ə qarşılıqlı olaraq etibardan salan materiallar sızdırdığı qeydə alınıb. Bu, respublika prezidentinin köməkçisi Əli Həsənovun vəzifədən kənarlaşdırılmasının əsas səbəblərindən biri olub. Həsənov və onun komandası belə qeyri-etik informasiya qarşıdurmasının geniş şəkildə təşkili ilə məşhurdur. Şefləri getdikdən sonra bu xətti davam etdirənlər öz yerlərində qalıblar.
Və nəhayət, üçüncü versiya. Əslində cəmiyyət porno-kompromatlara bu böyük porno-oyunun başlanğıc mərhələsində olduğu qədər reaksiya vermir. Məsələn, İsmayılovanı cəmiyyətin müxtəlif təbəqələri, birgə müraciətlər imzalayan xadimlər müdafiə edirdilərsə, indi biz süst reaksiya müşahidə edirik. Sosial şəbəkələrdə fərdi məzəmmətlər istisna olmaqla, birgə ictimai qınaq yoxdur.
Burada iki mühüm məqamı da nəzərə almaq vacibdir: hakimiyyətə qarşı pis münasibət səbəbindən informasiya istehlakçıları hakimiyyətin qurbanları ilə həmrəy olurlar, çünki çoxları müxtəlif sahələrdə - sosial, iqtisadi, hüquqi, siyasi və digər sahələrdə hüquqlarının tapdandığını hiss edirlər. İkincisi, hər kəsin intim həyatı var və hakimiyyətin intim sahəyə açıq müdaxiləsi, cəmiyyətdə mövqeyindən asılı olmayaraq, fərdlər tərəfindən dolayı olaraq onların şəxsi intim həyatına qəsd kimi qəbul edilir. Qurbanlarla həmrəylik və hakimiyyətə qarşı nifrət hissi də buradan irəli gəlir.
Bu versiyalardan istənilən birinin və onların nəticələrinin əsası olsa da, bu kompromat müharibəsi və polemika hakimiyyətin xeyrinə deyil. Təkrar edək ki, hakimiyyət hələ də kompromatlar vasitəsilə müxalifəti zəiflətməyə, ona qarşı ictimai rəğbəti azaltmağa və ya hakimiyyətin özünü hədsiz rüsvayçılıqdan qorumağa və ya öz nüfuzunu artırmağa müvəffəq olmayıb. İkinci Qarabağ müharibəsi belə bunu təmin edə bilməyib. Dərinləşən sosial-iqtisadi və siyasi problemlər yenidən hakimiyyət-cəmiyyət münasibətlərini gərginləşdirir və qələbə eyforiyasını aradan qaldırır.
Nəticə
Qanun və etik normalar çərçivəsində informasiya dialoquna və polemikaya başlamaq lazımdır. Bu məsələdə ilk addımı hakimiyyət atmalıdır, çünki o, real olaraq hakimiyyət-cəmiyyət informasiya münasibətlərinin qanunverici və etik bazasını formalaşdırır və senzuradankənar çap məzmununun və vizual məzmunun memarıdır.
Rəy yaz