Sozcu.com.tr

Sozcu.com.tr

Təxminən 1 ay əvvəl prezident Ərdoğanın bu işi məhkəmə yoluyla həll edəcəyini yazmışdım. “Cumhuriyet”dən Işık Kansunun 12 iyuldakı yazısından məlum olur ki, dövlət idarələrindəki işlərə baxan məhkəmədə uzun müddətdən bəri bu işin infrastrukturu hazırlanır, oraya dini duyğuları güclü olan hakimlər təyin edilirmiş. Müxalifətdəki İYİ Partiya bu işin Məclisdə qanun qəbul edilərək həllini təklif etdi, çoxluqda olan AKP rədd edib kiçik ortağı MHP bitərəf qalınca, məhkəmənin qəbul edəcəyi qərarı proqnozlaşdırmaq çətin deyildi.

Fateh Sultan Məhmət 1453-cü ildə İstanbulu fəth edərkən “Ayasofya”yı kilsədən məscidə çevirib. İstanbul 1920-ci ilin martından 1923-cü ilin oktyabrına qədər ingilislərin işğalı altında ikən kilsə statusu özünə qaytarılmayıb. Türkiyə Cümhuriyyətinin ilk 11 ilində də məscid statusunda qalan “Ayasofya” 1934-cü ilin noyabrında Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün qərarıyla ibadət yeri olmaqdan çıxarılaraq muzey halına gətirilib.

Əvvəlcə dinçi, sonra isə milliyyətçi siyasət “Ayasofya”nı məscid edəcəyik” şüarından həmişə öz mənafeyi üçün istifadə etsə də bunu gerçəkləşdirməyib. Səbəbi çox bəsitdir. 23 iyun 2019-cu ildə İstanbuldakı təkrar bələdiyyə seçkisində Əkrəm İmamoğlunun böyük üstünlüklə qalib gəlməsini “siyasi islamdakı ikinci böyük tektonik sınma” kimi xarakterizə edəndə AKP-nin baqajda saxladığı “Ayasofya”nı məscidə çevirmək” kartından istifadə edəcəyini görmək üçün  bizə heç də münəccim olmaq lazım deyildi.

Ondan sonra AKP daim aşağıya gedən reytinq əyrisini heç olmasa, dayandıra bilmək üçün bu addım ona məhz indi lazım idi, bu adımdı atmamaq islamçı siyasətin naturasına zidd olardı. 1 ay əvvəlki yazımızda məhkəmənin bu tələbi qəbul və ya rədd etməsinin cənab Ərdoğan üçün heç bir fərqi olmayacağını, çünki hər iki nəticənin Ərdoğanın zəfəri olacağını vurğulamışdıq.

Yəni, məhkəmə “Ayasofya”nın məscidə çevrilməsi” tələbini rədd etsəydi bəlkə cənab Ərdoğanın və AKP-nin reytinqi üçün daha faydalı iş görəcəkdi.

Bu gün üçün bu da pis deyil, yenidən məscidə çevrilən bir məkanda 24 iyulda qılınacaq ilk cümə namazına qədər AKP-nin və Ərdoğanın reytinqinin yüksələn qrafikdə olacağına heç kim şübhə etməsin. Bəs ondan sonrası?

Axı prezident Ərdoğan bir neçə il əvvəl “Ayasofya”nın yenidən məscidə çevrilməsinin dünyada yaradacağı riskləri son dərəcə praqmatik şəkildə təhlil edərək belə deyirdi: “Ayasofya”nın açılmasını istəyənlər xaricdəki məscidlərimizin hansı aqibətə məruz qalacağını heç düşünürlərmi? Mən bir siyasi lider kimi bu oyuna düşəcək dərəcədə istiqamətimi itirməmişəm.”

Bir neçə ay əvvəl yenə eyni mövzuda sual verən bir vətəndaşı əsəbiləşərək “yan tərəfdəki Sultanahmet insanla dolmadığı halda “Ayasofya”nın insanla doldurulmasından danışırsan. Bu oyunlara düşməyin, bunlar tələdir” deyə danlayırdı.

Məncə, prezident Ərdoğanın, “Ayasof”yanı yenidən məscidə çevirmək” qərarını analiz edərkən “elə isə nə oldu?” yerinə “elə isə nədən bu qədər sürətlə oldu?” məntiqi üzərindən sual vermək lazımdır. Çünki bu qərarın arxasındakı sirri-xudanın mahiyyəti onun sürətindədir. Yaxın dostu Tramp xəbərdarlıq etdi, dünənə qədərki yaxın dostu Rusiyadan xəbərdarlıq və təlqin gəldi, cənab Ərdoğanın yaxın keçmişə qədərki mövqeyi bəlli açıq- aşkar idi. Bəs “Ayasofya”nın yenidən məscidə çevrilməsi” üçün niyə bu qədər sürətlə qərar verildi?

Bunun ilk səbəbi- ölkənin getdikcə pisləşən iqtisadi tablosunun yanında Türkiyənin ən az iki cəbhədə savaşda olmasıdır (Suriya və Liviya). Paralel olaraq isə 18 illik iqtidar partiyasının kəllə-mayallaq aşağı gedən reytinqinin əlini-ayağını bir yerə yığmaq olmur. Təcili ideoloji qərar lazım idi. Bu, “yeni fəth”dən başqa bir şey olsaydı, dərdə dəyməyəcəkdi. Mərkəzi Bankın belə Qətərin əmanət puluyla ayaq üstündə durduğu bir vaxtda “müsəlman qardaşlar” ideologiyasına uyğun olmayan bir qərar hansı açığı qapatmağa çarə olardı? “Xaricdəki məscidlərin aqibətini” düşünən bir islamçı siyasətçinin bir anda o “aqibətləri” unudaraq 10 iyula qədər muzey kimi istifadə edilən 15 əsrlik bir kilsə binasını yenidən məscidə çevirməyin pərdə arxasında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasında Həzrət Əşrəfin dediyi kimi, “pul, pul, pul”dan başqa hansı faktor dura bilər? Məhz iqtisadi faktor bahasına xristian dünyası ilə savaşdan çəkinilməmişdir. Hətta Türkiyə müsəlmanları üçün Kəbə qədər müqəddəs olan “Məscidi-Aksa”nın İsrail tərəfindən qapadılması riski də unudulmuşdur.

Buna görə birbaşa sanksiyalar gələrmi?

Bu gün-sabah qətiyyən gəlməz. Ancaq unudulmamalıdır ki, təkcə müsəlmanlar, sadəcə, cənab Ərdoğan yox, dünyada gücü olan liderlərin hamısı din faktorundan eninə-uzununa istifadə edirlər. Tramp da, Putin də,  Netanyahu da…

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti