Ümumiyyətlə, hüquq pozuntularına əsasən passiv və etinasız reaksiya verən, tələbkar və təşəbbüskar olmayan cəmiyyətdə etirazların haradan və kim tərəfindən təşkil edilməsi xüsusi önəm daşımır. Cəmiyyətin ideoloji-siyasi, mənəvi-psixoloji hazırlığı, təşkilatlanması və fors-major situasiyalar etiraz aksiyalarında önəmli faktordur.
Hakimiyyəti xaricdən tənqid edən bloqçuların vahid strategiya ətrafında birləşməsi özlüyündə müsbət hadisədir. Sosial şəbəkələr üzərindən pərakəndə yayımların ictimai rəyə təsirləri getdikcə zəifləyir. Ölkədə söz və mətbuat azadlığının olmadığı bir mühitdə ictimai rəyin formalaşmasında və yönləndirilməsində mühacir bloqçuların vahid mövqedən çıxış etməsi amilinin rolu müsbət ola bilər. Ölkədəki sosial-siyasi və psixoloji mühitə effektli təsirlər yaratması mümkündür.
Hər bir şəxsin və təşkilatların fərdi və kollektiv şəkildə dinc etiraz aksiyaları təşkil etmək hüquqi qanunvericilikdə təsbit olunub. Lakin bu hüququ ölkədə reallaşdırmaq ciddi problem olaraq qalır. Hakimiyyət sərbəst toplaşmaq hüququnu elə bir məhdud çərçivəyə salıb ki, onun mövcudluğundan danışmaq çətindir.
Ölkədə müxtəlif vaxtlada müxalifətin hökumətlə razılaşdırılan və razılaşdırılmayan etiraz aksiyalarında hakimiyyətin davranışları çox da fərqlənməyib. Bütün vasitələrlə insanların özünü kütləvi ifadə etmək imkanının qarşısını almağa çalışıb. Müxtəlif bəhanələrlə etiraz aksiyalarını təşkil edən qurumlara və fərdlərə qarşı ən sərt tədbirlər görüb.
Bəzən belə iddialar irəli sürülür ki, etiraz aksiyalarının təşkilatçılarının xaricdə olması hakimiyyətin ənənəvi basqıçı siyasətinə qarşı ən yaxşı önləyici vasitə ola bilər. Hakimiyyətin xaricdəki təşkilatçıları asanlıqla zərərsizləşdirməsi mümkün deyil. Lakin unutmaq olmaz ki, narazı insanların xaricdəki təşkilatçılara inanması, güvənməsi, onların çağırışlarına müsbət reaksiya verərək etirazlara qalxması heç də inandırıcı deyil.
Ölkənin ən nüfuzlu müxalifət lideri, AXCP sədri Əli Kərimlinin məsuliyyəti öz üzərinə götürərək təşkil etdiyi etiraz aksiyalarına 10-15 mindən artıq etirazçının qoşulduğunu nadir hallarda müşahidə etmişik. Hakimiyyətin sərt basqısından sonra ən uğurlu aksiyaları belə davam etdirmək mümkün olmayıb. Cəmiyyətin narazı kəsimi hətta razılaşdırılan aksiyalara belə qoşulmağa tərəddüd edir və ya qorxur.
Sosial şəbəkələrin səthi monitorinqi göstərir ki, ölkədə narazılığın miqyası getdikcə genişlənir. Amma bu narazılıqların etirazlara çevrilməsi üçün uyğun şəraitin yetişdiyini söyləmək hələ tezdir.
Müharibədən sonrakı dövrdə ölkədə təcili sosial, iqtisadi və siyasi islahatların aparılacağına, təməl insan hüquq və azadlıqlarının təmin olunacağına müəyyən ümidlər və gözləntilər yaranmışdı. Belə ümidlər üçün xeyli obyektiv əsaslar da var idi. Qarabağ məsələsinin siyasi-diplomatik həlli mərhələsində dövlətin beynəlxalq imicinin müsbətə dəyişdirilməsi olduqca vacib amillərdən sayılır.
Artıq müharibədən 4 aydan çox zaman keçsə də islahatlar istiqamətində hər hansı müsbət addımlar müşahidə olunmur. Əksinə, hakimiyyət hüquq və azadlıqlarla bağlı daha da sərt davranış sərgiləməkdədir. Hakimiyyətin davranışlarına adekvat olaraq ölkədə sosial-siyasi narazılıqların da tədricən artması diqqət çəkir.
Narazılıqların etirazlara çevrilməsinin önünü qanuni mexanizmlərlə almağa hələlik nail olan hakimiyyət cəmiyyətdəki gərginlikdən narahat görünmür. Sərbəst toplaşmaq hüququnu qanunla tam məhdudlaşdırıb və polisin gücü ilə istənilən etirazların qarşısını kəsmək imkanı var.
Qarabağda qazanılmış hərbi qələbələr iqtidarın siyasi nüfuzunu yüksəltsə də, mövqelərini xeyli gücləndirsə də demokratik islahatlara getmək niyyəti görünmür. Azərbaycan müxalifəti və cəmiyyətin fəal hissəsi bu baxımdan dilemma qarşısındadır. İqtidarın siyasi iradəsi demokratik dəyişikliklərə meylli deyil. Ölkədəki hüquqi, siyasi, iqtisadi problemlərin köklü həlli cəmiyyətin bütün potensialının səfərbər edilməsindən keçir. İqtidar özü bunu etmək istəmir, cəmiyyətin isə onu məcbur edəcək mexanizmləri yoxdur.
Ölkədəki demokratik siyasi proseslərin effektli nəticələrinə nail olmaq üçün etiraz aksiyaları vacib alətlərdən biridir. Kütləvi etirazları təşkilatlanmış və sınaqlardan çıxmış müxalifət qurumları təşkil edərsə daha böyük təsir yarada bilər. Aksiyaların hədəfi, məqsədi cəmiyyətə tam aydın olmalı, məsuliyyəti üzərinə götürən şəxslərə və qurumlara cəmiyyət güvənməlidir.
Gənc bloqçuların niyyəti və təşəbbüsü müsbət olsa da cəmiyyətdən ciddi dəstək alması hələ real deyil. Xaricdəki bloqçuların vahid təbliğat strategiyası olarsa, bu, yaxın dövr üçün cəmiyyətdə daha böyük ictimai təsir yarada bilər.
Nəsimi Məmmədli
Rəy yaz