Rally on Lenin Square (Azadlig). 1989.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktının qəbul edilməsindən 30 il keçir. Bu 30 illik zaman siyasi, iqtisadi, sosial, hüquqi və mədəni baxımdan ölkəmizdə necə xatırlanır? Müstəqillikdən cəmiyyətin gözləntiləri, qazandıqları və itirdikləri nədir?
Müstəqilliyinin bərpası prosesini analiz etsək, birincisi, müstəqilliyin bərpasına qədər olan dövr, ikincisi isə müstəqillik bərpa olunduqdan sonrakı dövrdür. Hər bir dövr özlüyündə bir neçə mərhələdən ibarətdir.
Birinci dövrün ilk mərhələsində 1985-ci ildə SSRİ Mərkəzi Komitəsinin iqtisadi islahatlarla bağlı qəbul etdiyi qərarlar sovet ittifaqında yeni siyasi, iqtisadi, milli və mədəni proseslərə təkan verdi.
Azərbaycanda bu “yenidənqurma” prosesi 1988-ci ilin fevral ayından etibarən sistemsiz şəkildə inkişaf etdi. Ermənistandan soydaşlarımızın qovulması, Qarabağda separatçılıq fəaliyyəti, mərkəzi və yerli hakimiyyətin ədalətli qərarlar qəbul etməməsi cəmiyyətin diqqətini islahatlara deyil, təhlükəsizlik problemlərinə yönəltdi. Məhz belə bir gərgin şəraitdə müstəqillik və azadlıq ideyası cəmiyyətdə özünə dəstək qazandı.
İlk mərhələdə Müstəqillik ideyasının dövriyəyə buraxılmasını, bu ideya ətrafında gizli və açıq müzakirələrin aparılmasını, xalqın fəal iştirakçılığına nail olunmasını, habelə 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranması ilə azadlıq və müstəqillik ideyasının açıq siyasi məzmun almasını qeyd edə bilərik. Sovet ordusunun 20 yanvar 1990-cı ildə Bakıda törətdiyi qanlı olaylardan sonra Müstəqillik ideyası dönməz xarakter aldı.
İkinci mərhələdə isə bu ideya daşıyıcılarının bir qrupunun parlamentə seçilməsi, siyasi mübarizənin meydanlarla yanaşı parlament tribunasına daşınması və nəhayət Müstəqilliyin elan edilməsi oldu. Əslində isə müstəqilliyin bərpası prosesi 1992-ci ilin may ayında Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə başa çatdı.
Tarix uzaqlaşdıqca bu mərhələ obyektiv qiymətini alır. SSRİ-nin dağılması ilə 18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyin bərpası rəsmiləşdi. Müəyyən səhvlər buraxılsa da ilk dövr əsasən uğurla sonuclandı.
Gözləntilər
Müstəqillik qazandıqdan sonrakı dövrə qısa nəzər salsaq ilk növbədə cəmiyyətdə çox böyük gözləntilərin yarandığını qeyd edə bilərik. 70 illik sovet sisteminin basqıçı idarəçiliyindən əziyyət çəkin cəmiyyət yeni azad həyata can atırdı. Xüsusilə də gənclər daha çox istəkli idi. Çoxsaylı problemlərindən qısa müddətə qurtulacağına ümid edirdi. Əslində böyük gözləntilər üçün ciddi əsaslar da var idi. Ölkənin maddi və mənəvi resursları buna imkan yaradırdı.
Vətəndaşlar təbii sərvətlərimizə sahib olacağımıza ümid edir, demokratik idarəçiliyə nail olacağımıza inanırdı. Müasir dünyaya inteqrasiya üçün qazanılmış müstəqilliyi əlverişli fürsət bilirdi. Təhlükəsiz və firavan yaşamağı, yaxşı təhsil almağı, keyfiyyətli səhiyyə xidmətindən yararlanmağı arzulayırdı.
Eyni zamanda qanunun aliliyinin təmin olunduğu pülüralist cəmiyyət, azad seçki ilə formalaşan demokratik hakimiyyət, çoxpartiyalı siyasi sistem, azad media və təhlükəsiz ölkə görmək istəyirdi. Ölkənin sərvətlərinin hər kəs arasında ədalətli bölünməsini, yoxsul insanların olmamasını, savadsızlığın tam ortadan qaldırılmasını, hər kəsə qabiliyyətinə görə qazanmaq imkanı verən müasir iqtisadi sistemin qurulmasını gözləyirdi.
Qazanclar...
Müstəqillik əldə etdikdən sonra ən çox narahatlıq müstəqilliyin qorunub saxlanması idi. 1918-ci ildə qazanılan müstəqillik 1920-ci ildə sovet Rusiyasının təcavüzü nəticəsində itirilmişdi. Tarixdə bir daha belə bir aqibətlə üzləşmək təhlükəsini nəzər almamaq mümkün deyildi. Bu baxımdan müstəqil dövlətin varlığını qoruyub saxlamaq ilk uğur sayıla bilər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə tale yüklü problemlər var idi. Bu problemlər dövlətin və vətəndaşın inkişafına əngəl yaradırdı. Qarabağın işğal olunması, əhalinin sosial-iqtisadi problemləri, hüquqsuzluq, korrupsiya və rüşvətin geniş yayılmasını qeyd edə bilərik.
Müstəqillik tarixinin digər böyük nailiyyəti isə işğal altındakı ərazilərin azad edilməsi və Qarabağda yaşayan ermənilərə heç bir hüquqi statusun verilməyəcəyi ilə bağlı aydın mövqenin yaranmasıdır. 30 illik dönəmdə İranla Azərbaycan arasında sərhədlərin tamamilə, Ermənistanla əsasən nəzarətə götürülməsi olduqca əhəmiyyətli nəticələrdir. Qarabağ problemi cəmiyyətin demokratik inkişafının önündə əsaslı əngəl olmaqla yanaşı bəzən də bəhanə rolunu oynayırdı.
İtkilər...
Müasir dünyanın qəbul etdiyi siyasi dəyərlər sırasında ən mühümü demokratik seçkidir. Demokratik seçkinin olmadığı cəmiyyətlərdə bütün siyasi, hüquqi və sosial münasibətlər sistemi pozulur. Cəmiyyətdə çox təhlükəli tendensiyalar inkişaf edir. Vətəndaş özünə inamını itirir, dövlət zorakı və əzici mexanizmə çevrilir. Xalq hakimiyyətin mənbəyi olmaq funksiyasinı itirir.
Ölkəmizdə bütün seçkilər və referendumlar saxtalaşdırılıb və xalqın seçkili iradəsi təhrif olunub.
Ən böyük itkimiz ölkəmizdə demokratik seçkilərin keçirilməməsidir.
Vətəndaşın azadlığı, bərabərliyi, təhlükəsizliyi onun hüquqlarının təminatına bağlıdır. Təssüf ki ölkəmizdə çox ciddi hüquq böhranı var.
Hakimiyyətin bölgüsü prinsipi pozulub. Parlament və məhkəmə sistemi İcra hakimiyyətindən asılı hala salınıb. Ölkədə tək hakimiyyətlilik yaranıb. Dövlətin təməl əsasları sıradan çıxarılıb.
Korrupsiya və rüşvət idarəetmə sisteminin alətlərindən biri kimi tətbiq olunur. Ölkədə şəffaflıq, hesabatlılıq, qanunların aliliyi təmin olunmur. Vətəndaş cəmiyyəti məqsədyönlü zəiflədilib, müstəqil media sıradan çıxarılıb, vətəndaşın dövlətə etibarı sarsılıb.
Ölkədə siyasi məhbus problemi davam edir, əhalinin sosial problemləri əsaslı həll olunmur, intellektual gənclərin çoxu ölkədən gedir. Maddi resurslar ədalətli bölünmür, insan potensialı səmərəli istifadə olunmur, yaxşı təhsil almaq imkanı məhduddur.
Bu illər ərzində bazar iqtisadiyyatına keçidə nail olunmadı. İri və gəlirli şirkətlərin hamısı dövlətin inhisarındadır. Dövlət şirkətlərinin mütləq əksəriyyəti zərərlə işləyir və dövlət büdcəsinə əlavə yükdür. İqtisadi azadlıqlar boğulub. Xidmət və istehsalat sahələri sərt monopoliyadadır. Əhalinin sosial və mənəvi-psixoloji vəziyyəti qənaətbəxş deyil.
Son olaraq...
Müstəqil Azərbaycan dövlətinin resursları problemləri həll etmək üçün yetərli idi. Lakin, keçən zaman səmərəli istifadə edilmədi və çoxsaylı fürsətlər əldən buraxıldı. İndi cəmiyyətdə qeyri-müəyyən qorxu mühiti hökm sürür. İnsanlar maddi təminatını və günlük qayğısını bütün ictimai təşəbbüslərdən üstün sayır. Mövcud problemlərini birlikdə həll etməyə maraq göstərmirlər.
Sosial şəbəkələrin yaratdığı yeni mühit daha da mürəkkəbdir. Cəmiyyəti yenidən səfərbər etməyin, ölkədə demokratikləşmə prosesinə qoşmağın çətinliyini hamı anlayır. Əksəriyyət insanlar bir yerdə, bir məqsəd üçün təşkilatlanmağın mümkünlüyünü aydın təsəvvür etmir. Cəmiyyətdə kəskin təbəqələşmə və ayrıseçkilik, həm də apolitik vəziyyət var.
Ölkəni gələcəkdə daha da təhlükəli sosial-siyasi şərait gözləyir. Geopolitik dəyişikliklərin dalğasında və regionda mövcud olan ziddiyyətlərin və əməkdaşlığın doğuracağı proseslərə hazırlıqlı olmaq lazımdır. Ölkədə yubanmadan köklü iqtisadi və siyasi islahatlar aparılmalıdır.
Nəsimi Məmmədli
Rəy yaz