milligazete.com.tr
Psixoloji savaşın uduzduranı: tərəfdar media
Söhbət Türkiyə ilə Rusiya arasında Liviya və İdlib üzərindən aparılan psixoloji savaşdan gedir. Bu oyunda böyük ölçüdə Rusiya dominantlıq edir. Necə?
Cihadçıların nəzarətdə saxladıqları M-4 və M-5 quru yollarının Rusiya dəstəkli Suriya ordusunun nəzarətinə keçməsi Dəməşqə də, Moskvaya da bir çox baxımdan üstünlük yaratdı. Həm Hələbə gedən yol açıldı, həm də Aralıq dənizində Rusiyanın Lazmiyə limanına gedən yol. Türkiyə yenidən o mövqeləri geri almaq istəyir. Prezident Ərdoğan Dəməşq ordusunun bölgədən çəkilməsi üçün fevralın axırına qədər möhlət verib, cihadçıların əks-hücumları Rusiyanın Су-24 qırıcılarının bombardmanı sayəsində dəf edilib. Rusiyanın təbliğat maşını bu vəziyyətdə təbii olaraq soyuqqanlı hərəkət etməyə üstünlük verir. Kreml də, Duma da XİN də eyni pərdədən çalarkən soyuq müharibə dövrünün metodologiyası dirildilərək tədavülə Ankaradakı səfirlik də daxil edildi: Ərdoğan ilə Putin arasında fevralın 21-də saat 18:00-dakı telefon danışığına dair açıqlama son günlərdə qeyri-adi dərəcədə fəallaşaraq Türkyəni birbaşa günahlandıran Aleksey Yerhovun başında durduğu səfirlikdən gəldi. Kremldən idarə edilən xorun əsas nəqarəti “Suriyanın ərazi bütövlüyü olmalıdır” sözləridir. Ankaradakı səfirliyin açıqlamasının əsasını da bu təşkil edir:
-Suriyanın müstəqil dövlət və ərazi bütövlüyü prinsiplərinə qeyd-şərtsiz hörmət edilməsi vurğulandı.
Yəni, 1 ay əvvələ qədər Suriya məsələsində çox yaxın müttəfiq kimi görünən iki ölkədən biri o birini üstüörtülü şəkildə “işğalçılıq”da günahlandırır. İşin əvvəlindən bəri Ankaranı ən çox narahat edə biləcək məsələ bir anda masanın üstünə qoyulur.
Duma üzərindən aparılan psixoloji savaşda da eyni prinsip ön plana çıxarılmaqla birlikdə “Ərdoğan emosiyalarını bir tərəfə qoyub beynəlxalq hüququn qaydalarına uyğun şəkildə danışmalıdır, Türkiyə və Suriya orduları qəti şəkildə üz-üzə gəlməlidirlər və s.” məsələlər də Moskvanın istifadə etdiyi diplomatik jarqonun tərkib hissələridir. Bu prosesdə təbii ki, rus dərin dövlətinin əmrində olan media öz işini ustalıqla görür. Məsələn,Türkiyənin milli müdafiə naziri Hulusi Akarın fevralın 20-də CNN Türk kanalına verdiyi açıqlamalar 180 dərəcə fərqli başlıqlarla təqdim edilərək oxucuda belə təsəvvür yaradılır ki, Ankara Moskvanın diqtə etdiyi şərtlərin hamısını qəbul edib və Hulusi Akara bunları açıqlamaq qalıb. Gözucu baxanda belə nisbətən müstəqil medianın bu işlərdən uzaq saxlandığını görmək mümkün olur. Çünki son dərəcə həssas dönəmdən keçilərkən Kreml axıra qədər etimad etdiyi mediadan istifadə etməyi məqsədəuyğun hesab edir.
Bəs Ankara? Medianın 95%-nin iqtidarın nəzarətinə keçməsinə baxmayaraq, Rusiya ilə müqayisədə proseslərin son dərəcə zəif və təsirsiz idarə edildiyi açıq-aşkardır. Cərəyan edən hadisələri bir tərəfə qoyub hər şeyi prezidentin “qəhrəmanlığı, əyilməzliyi, şücaətiylə” əlaqələndirmək Türkiyəyə nəinki nəsə qazandırmır, əksinə, bu psixoloji savaşda Ankaranı daha da geriyə atır. Dəyişən konyukturaya görə hər gün “fərqli nallara və mıxlara vurmaq”, Rusiyanın çörəyinə yağ sürtməkdən başqa bir şey deyild. Türkiyə hərbi əks-hücum planları hazırlamazdan əvvəl, psixoloji savaşda geri qalmağın səbəbləri barədə düşünməlidir. Dövlət Departamentindən verilən “İdlib məsələsində NATO-dakı müttəfiqimizin yanındayıq” açıqlamasıyla təsəlli tapmaq Moskvanın tükünü də tərpətməyəcək.
Liviya barədə növbəti yazıda...
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz