AFP VIA GETTY IMAGES
Dar və geniş tərkibdə 5 saatlıq söhbətdən sonra Bayden qeyd edib ki, Putin yeni soyuq müharibə əhval-ruhiyyəsində deyil.
Nüvə təhlükəsizliyi Amerika-Rusiya münasibətlərinin gündəliyindəki əsas məsələdir. Məlum olduğu kimi, Tramp administrasiyası keçən ilin payızda Putinin qeyd-şərtsiz Strateji Hücum Silahları - 3 nüvə silahları arsenalının qarşılıqlı olaraq azaldılması ilə bağlı müqavilənin uzadılması haqqında təklifini rədd etmişdi. Yanvarda Tramp və Putin müqaviləni əlavə şərtlər irəli sürmədən 5 il müddətinə - 5 fevral 2026-cı ilə qədər uzatmaq barədə razılıq əldə ediblər. Müqavilə nüvə döyüş başlıqlarının ümumi sayını hər iki tərəf üçün 1550 ədədlə məhdudlaşdırır.
2019-cu ildə ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən də çıxıb, 2020-ci ilin əvvəllərində Rusiyadan da simmetrik cavab gəlib. Silahlanma başlayıb. 2020-ci ilin payızına qədər tərəflər hipersəsli raketlərin yaradıldığını bəyan ediblər. Amerika raketlərinin Rusiyanın analoqlarından xeyli üstün olduğu məlum olub. 2020-ci il sentyabrın 19-da Tramp bildirib ki, ABŞ dünyada ən güclü silaha malikdir: “Biz bəşəriyyətə məlum olan ən güclü silahı yaratmışıq. Bu, doğrudur. Mən yalnız deyirəm ki, bizdə dünyanın ən güclü silahı var və mən bunun hansı növ silah olduğunu belə deməyəcəyəm. Bunu bilməsəniz yaxşıdır. Allah eləməsin ki, biz nə vaxtsa ondan istifadə etmək məcburiyyətində qalaq. Amma bizdə insan tərəfindən bütün zamanlarda yaradılmış ən güclü silah var”.
Buna cavab olaraq oktyabrın 26-da Putin “Orta və kiçik mənzilli raketlər haqqında müqavilənin etibarlılığına xitam verilməsi şəraitində Avropada gərginliyin azaldılması üzrə əlavə addımlar haqqında” bəyanatla çıxış edib. Bu bəyanatda “xoş məram nümayiş etdirərək”, artıq “İsgəndər” raketlərinin inkişaf etdirilməsi üzrə addım atmamaq öhdəliyi götürüb. Bu zaman o qeyd edib ki, Rusiya yalnız NATO-nun Avropada əvvəllər Orta və kiçik mənzilli raketlər haqqında Müqavilə ilə qadağan edilmiş silahların yerləşdirilməsini istisna edəcəyi təqdirdə bu addımı atacaq.
Rusiyanın xoş məramı hələlik cavabsız qalıb və Bayden və Putinin danışıqlarından göründüyü qədər, tərəflər bu dəfə bu məsələ ilə bağlı qarşılıqlı anlaşma əldə etməyiblər.
Amma görüşdə Putin İranın nüvə silahı yaratmasına imkan verməmək üçün Baydenlə qarşılıqlı fəaliyyət göstərməyə söz verib. Bu qarşılıqlı fəaliyyətin nədən ibarət olacağını zaman göstərəcək, amma, çox güman ki, Rusiya, İranda nüvə atom stansiyasını tikən ölkə olaraq nüvə silahı texnologiyasının iranlılara sızmasına yol verməmək öhdəliyi götürüb.
Bayden administrasiyası İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) iştirakını bərpa edə bilər. Bayden bunda ABŞ-ın Avropada Trampın siyasətinə heyran olmayan bütün müttəfiqləri ilə münasibətlərinin nizamlanmasının mühüm elementini görərək, prezidentlərin seçkiqabağı mübarizəsi zamanı belə bir niyyəti olduğunu bildirmişdi.
Bayden İran sazişə tam riayət etməyə qayıdarsa, Birləşmiş Ştatların 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranla bağladığı BHFP-yə yenidən qoşulacağını vəd edib.
Bayden-Putin görüşü ərəfəsində Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) İranın nüvə sövdələşməsi ətrafında vəziyyəti siyasiləşdirməməyə və Tehranla sakit qarşılıqlı fəaliyyətə qayıtmağa çağırıb. İyunun 12-də Vyanada nüvə sövdələşməsinə dair danışıqların növbəti mərhələsi başlayıb. Əsas məqsəd Tehranın BHFP üzrə öhdəliklərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları ləğv etmək üçün ABŞ-ı danışıqlar masası arxasına qaytarmaqdan ibarətdir. Ehtiyatla demək olar ki, ABŞ qayıdır.
Çinin nüvə potensialı məsələsi də naməlum olaraq qalır. Keçən il ABŞ sazişin uzadılmasının ilkin şərti olaraq Çinin nüvə gücünün artırılmasını məhdudlaşdırmaq üçün Çinin da daxil edilməsini irəli sürürdü. Baxmayaraq ki, sonradan bu şərt ləğv edildi, problem qalmaqdadır və hər biri ÇXR-in artan gücündən narahat olan ABŞ və Rusiya liderlərinin hansı fikrə gəldikləri məlum deyil.
2020-ci ilin iyulunda Pekin bildirib ki, ABŞ və Rusiya öz nüvə arsenallarını Çinlə paritet səviyyəyə qədər azaltmasa, - dünyada nüvə arsenalının 90%-i ABŞ və Rusiyanın payına düşür, - onlarla silahlara nəzarət haqqında üçtərəfli danışıqlarda iştirak etməyəcək.
Dünyanın bir sıra regionlarında sabitliyin qorunub saxlanması məsələlərinə baxılıb. Əfqanıstan barəsində açıq danışılıb, Amerikalıların himayəsi altında NATO qoşunlarının buradan çıxarılması planlaşdırılır. Putin Əfqanıstanda, onun dediyi kimi, Hindukuşda təhlükəsizliyin təmin edilməsinə yardım etməyi vəd edib. Mayın 1-dən ABŞ başda olmaqla, NATO ölkələri qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıblar. Qərbin hərbi qulluqçuları 2021-ci il sentyabrın 11-nə qədər ölkəni tamamilə tərk etməlidirlər. Onların yerinə koalisiya - Pakistan, Türkiyə, Azərbaycan və əfqanların tayfalararası dialoqu həyata keçirmək üçün qəbul etməyə hazır olduqları bir sıra digər ölkələrin koalisiyası gələcək.
ABŞ-ı narahat edən və təxirəsalınmaz həllini tələb edən digər mühüm məsələlər də olub. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Rusiyalı hakerlərin əməlləri, Alkesey Navalnının təqibi, iqlim dəyişiklikləri məsələləridir.
Ukrayna. “Mən ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinə dəyişməz sadiqliyini təsdiq etdim. Biz Minsk sazişlərinin yerinə yetirilməsi üçün diplomatiya ilə məşğul olmaq barədə razılığa gəldik”, deyə Bayden bildirib. Putin yekun mətbuat konfransında bildirib ki, Rusiyanın Ukrayna qarşısında yeganə öhdəliyi Minsk sazişlərinin yerinə yetirilməsinə şərait yaratmaqdır.
Hakerlər. Bayden Putinə haker hücumlarının qətiyyən yolverilməz olduğu 16 infrastruktur obyektini təqdim edib. RF hakimiyyəti Moskva və Vaşinqtonun kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq edə biləcəklərinə ümid edir, deyə Putin NBC telekanalına müsahibəsində bildirib.
Navalnı. Bayden Putinlə görüşün yekunlarına görə bildirib ki, Navalnının həbsdə ölümünün Rusiya üçün dağıdıcı nəticələri olacağını açıq şəkildə ifadə edib. Putin isə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Navalnının təhlükəsizliyi haqqında qərarı Rusiya prezidenti qəbul etmir. Amma bu, o demək deyil ki, Putin Baydeni dinləməyib.
İqlim dəyişiklikləri. Apreldə Baydenin təşəbbüsü ilə keçirilən iqlim sammitinin sessiyasında Putin bildirib ki, Rusiya istixana qazlarının emissiyalarının azaldılması vəzifəsini həyata keçirir və iqlim dəyişiklikləri problemlərinin və digər qlobal problemlərin həllinin axtarışı üçün beynəlxalq əməkdaşlığın fəallaşdırılmasında maraqlıdır.
“Putinin dünya ictimaiyyətini karbon dioksid qazının azaldılmasının təşviqində əməkdaşlıq etmək çağırışı məni çox sevindirib”, deyə Bayden Vaşinqtonda iqlim sammitinin sessiyasında bildirib. Bu əhval-ruhiyyə Cenevrədəki görüşdə inkişafını tapıb.
Rəy yaz