dostyp.com.ua

dostyp.com.ua

Arxınızı su gəlməmiş təmizləməlisiniz. 

Çin atalar sözü

 

Pandemiya bir daha sübut etdi ki, xəstəlik riskləri yaranmamış sağlamlığın qayğısına vaxtında qalmaq formulu ən effektiv yanaşma imiş. Dövlətlər elə bir effektiv səhiyyə sistemi formalaşdırmalıdırlar ki, xəstəliklər qapının ağzın kəsən zaman deyil, insanların sağlamlıq durumu ilə bağlı yarana biləcək təhlükələri önləyərək bu işləri görə bilsinlər. Bunun  üçün ilk olaraq dövlətlər səhiyyəyə yönəlik xərclərini artırmalıdırlar. 

Məsələyə elmi nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, insan kapitalının vacib tərkib hissəsi olan səhiyyə xərcləri iqtisadi artıma təsir edir. Səhiyyə xərcləri ilə iqtisadi artım arasındakı əlaqəyə dair bir çox araşdırmalar nəticəsində maraqlı nəticələr əldə edilmişdir. 35 İƏİT (OECD) ölkəsi üçün ÜDM-də səhiyyə xərclərinin payı 1% artarsa, iqtisadi artım 0.903% arta bilər. [1] Ona görə inkişaf etmiş ölkələr səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisinin artmasına maraq göstərirlər.  

Türkiyənin 1998-2016 dövr məlumatları əsasında aparılmış ARDL və Hata Düzəltmə Modelindən istifadə edərək səhiyyə və təhsil xərclərinin iqtisadi böyüməyə təsiri yoxlanılmışdır. Empirik tədqiqatl sübut etmişdir ki, təhsil xərcləri uzun müddətdə iqtisadi böyüməyə əhəmiyyətli təsir göstərmir, səhiyyə xərcləri isə əhəmiyyətli və eyni tərəfli bir əlaqə qurur. Səhiyyə xərclərinin 1% artması iqtisadi böyüməni 1.13% artırmışdır.

Aşağıdakı cədvəldə 2018-ci ildə dünya ölkələri arasında səhiyyəyə daha çox vəsait ayıran dövlətlərin payları qeyd olunub. Adambaşına düşən səhiyyə xərclərinə görə dünyada liderlik ABŞ-ə məxsusdur. 

Cənubi Qafqaz respublikaları arasında ən aşağı səviyyəli səhiyyə xərcləri Azərbaycanda qeydə alınıb. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri 30-40 dollar daha az təşkil edib.  Azərbaycanın təbii resurs gəlirlərinin yüksək olmasına baxmayaraq insan resurslarına yönəlik xərcləri yüksək olmadı üçün davamlı iqtisadi artımı stimullaşdıra bilmir. Fiziki kapitalın gücü artır, amma insan kapitalının iqtisadi artımı təşviq etməsi geridə qalır.   

Ötən ilin məlumatlarına görə, ölkəmiz səhiyyə xidmətlərinin səviyyəsinə görə region ölkələri arasında ən aşağı pillələrdə yer alıb. Dünyanın ən böyük məlumat bazalarından biri hesab olunan "Numbeo"ya istinadən bildirir ki, 93 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 90-cı sırda qərarlaşıb. Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş, İraq və Venesueladan öndə olub. [2]

Səhiyyə xərclərinin artmasına təkan verən digər bir məsələ isə texnoloji yeniliklərdir. 2008-ci ildə iqtisadiyyat sahəsi üzrə Nobel mükafatı laureatı Paul Krugman bunu maraqlı bir tendensiya ilkə izah edir: “digər sahələrdə proqress, inkişaf, innovativ yeniliklər həmin sahələrdə xərcləri azaltmağa imkan verir, amma səhiyyə sahəsində baş verən texniki yeniliklər, innovasiyanın bu sahəyə tətbiqi həmin sahədə xərcləri durmadan artırır və bu xərclər artmaqda davam edir, qarşısını almaq mümkün deyil”. Bunun üçün Azərbaycan hökumətinin etməli olduğu əsas məsələ səhiyyə xərclərini artırmaqla yanaşı, sosialyönümlü büdcə xərcləmələrində səhiyyə büdcəsinə xüsusi ağırlıq verməlidir. Bu yalnız səhiyyə büdcəsini artırmaq deyil, həm də onun davamlı artmasını təmin etməkdir. Səhiyyə xərclərinin prioritet xərc istiqamətləri sırasında yer alması həm də sağlam bir cəmiyyətin  məhək daşıdır.         

Məmməd Talıblı


Mənbələr:

[1]  https://dergipark.org.tr/tr/download/article-file/409121 

[2]  https://www.yeniavaz.com/az/news/159933/azerbaycan-sehiyye-xidmetlerinin-seviyyesine-gore-93-olke-arasinda-91-ci-yerde

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti