savunmasanayi.org
Şərqi Aralıq dənizində Fransa və Yunanıstan tərəfindən sıxışdırılmağa çalışılan Türkiyə öz haqlarını müdafiə edərkən bu proseslərdə Ankara üçün Aralıq-Xəzər dənizi çizgisində daha geniş təsir gücü qazanma fürsəti meydana çıxdı.
Tripolidəki rəsmi hökuməti dəstəkləmək üçün baş nazir Fayez əs-Saraj ilə keçən il noyabrın 27-də İstanbulda əməkdaşlıq sazişi imzalanandan sonra Sarajın əldə etdiyi üstünlük Türkiyəyə qarşı bir neçə cəbhənin birdən açılmasına səbəb oldu.
Fransa ilə meydana çıxan gərginlik yüksəlməyə davam edir, Yunanıstanın Misirlə imzaladığı sazişə qarşı Ankara dalbadal “Navtex”lərlə cavab verir. Son 1 ayda Liviyadakı siyasi proseslər Ankaranın əleyhinə dəyişməyə başladı: Türkiyənin sayəsində hakimiyyətini qoruyub saxlayan əs-Saraj atəşkəs və martda seçki qərarı qəbul edərkən yaxın dostu Tayyip Ərdoğanla məsləhətləşmədi.
Proseslər bu şəkildə davam etsə AKP-nin “Müsəlman qardaşlar” tendensiyalı siyasətinin növbəti dəfə iflas edəcəyini görəcəyik.
Daha əvvəl də yazdıq: 2013-cü ildən bəri rəsmi Qahirə ilə bütün münasibətləri kəsən Ankaranın bu siyasətinə rəğmən Aralıq dənizinin şimal və şərq sahillərində Misir qıfıl ölkə halına gəldi.
Yay aylarında cərəyan edən bu proseslərdə Türkiyə öz donanmasıyla mövqelərini qorumağa davam edir və edəcək. Ancaq bu yayın Türkiyə üçün ən mühüm nəticəsi kimi Şərqi Aralıq dənizində öz mövqeyini qorumasıyla birlikdə uzun bir vektoral cizgi üzərində mövcud olan qapını yenidən açaraq “burada mən də varam” deməsi oldu. Söhbət iyulun axırından bəri Aralıq dənizi-Xəzər dənizi çizgisində Ankaranın ciddi şəkildə varlıq nümayiş etdirməsindən gedir.
İşğalçı Ermənistanın Qarabağdan kənarda qalan bölgədən Azərbaycana hücum etməsini Türkiyə həm Qara dəniz-Xəzər dənizi çizgisində düzgün analiz etdi, həm də bu təcavüzə Aralıq dənizi-Xəzər dənizi çizgisində əks-həmləylə cavab verdi. Qars-Gümrü-Moskva müqavilələriylə onsuz da üzərində “himayədarlıq hüququ” olan Naxçıvana qoşun çıxarmaqla qalmadı, Azərbaycan ordusuyla geniş miqyaslı hərbi təlim keçirdi.
Sürətli proseslər artıq “Türkiyənin Azərbaycanda daimi qalması” məsələsinin müzakirəsinə doğru gedir. Hərbi baxımdan Azərbaycanın bu proseslərə təmkinli yanaşmasını təbii qarşılamaq lazımdır. Ancaq diplomatiya sahəsində işğalçı Ermənistana qarşı üslubun sərtləşməsiylə yanaşı, məsələn, prezident İlham Əiyevin Yunanıstanın Bakıya təyin edilmiş səfirinin etimad məktubunu qəbul edərkən “Türkiyənin tərəfində olduqlarını” bəyan etməsi Aralıq dənizi-Xəzər dənizi çizgisinin gücləndirilməsi üçün Bakı ilə Ankara arasında pərdə arxasında razılıq əldə edilməsinin işarəsi sayıla bilər.
Əslində Yunanıstan cənab Əliyevin səfirə dediyi sözləri normal qarşılamalıdır. Çünki Şərqi Aralıq dənizində Türkiyəyə edilən təzyiqlərə Ermənistanın verdiyi dəstək Afinanı və Nikosiyanın cənub hissəsini necə məmnun edirdisə, indi Azərbaycanın dövlət başçısının Türkiyəyə verdiyi qeydsiz-şərtsiz dəstək də Afinanın kefinə soğan doğramamalıdır. Söhbət Aralıq dənizi-Xəzər cizgisində səflərin daha da sıxlaşdırılmasından gedir və etnik mənşələri də, dini mənşələri də eyni olan Azərbaycan ilə Türkiyənin bu çizgidə əlbir hərəkət etmələrindən təbii heç nə ola bilməz.
Strategiya baxımından yanaşanda isə bu cizginin gücləndirilməsi Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın, Türkiyənin ərazi bütövlüyünü tanımayaraq ölkənin şərqindəki bəzi vilayətləri özünə birləşdirmə niyyətinin qabağının həmişəlik kəsilməsi üçün vacibdr. Qərbin qüvvədən düşməyən planlarını həyata keçirmək üçün indi Emmanuel Makron müəyyən rolları öz üstünə götürərək gah Livanın idarəçiliyinə həvəslənir, gah şimali İraq, gah da Suriya kürdləriylə görüşüb müzakirələr aparır.
Unudulmamalıdır ki, Ermənistanın öz sərhədlərini Türkiyə torpaqları hesabına genişləndirmə planında əsas hədəf bölgədəki kürdlərlə birbaşa əlaqənin ən yüksək səviyyəyə çıxarılmasıdır. Yunanıstan və Cənubi Kiprlə əlaqələri mümkün qədər gücləndirmək də o hədəfin elementlərindən biridir.
Azərbaycan torpaqlarını 28 ildən bəri işğal altında saxlaması bir tərəfə, indi də Qarabağdan kənar Azərbaycan torpaqlarına hücum edən Ermənistanın niyyət və planları bu qədər açıq-aşkar olduğu halda, o təcavüzkar planların qabağını kəsmək üçün Türkiyə və Azərbaycanın Aralıq dənizi-Xəzər dənizi çizgisindəki əməkdaşlığı gücləndirməsindən təbii nə ola bilər?
Dostluq-qardaşlıq öz yerində, yeni işğalçı planlara qarşı ən zəruri addımdır...
Mayis Əlizadə
Rəy yaz