Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşür. 2016
Noyabrın 16-da Vaşinqtonda Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Xarici Əlaqələr Komitəsində Qarabağın gələcəyi ilə bağlı dinləmələr keçirildi.
Dinləmələrdə dövlət katibinin Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini Ceyms O’Brayan deyib ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti "əvvəlki kimi" olmayacaq.
Elə noyabrın 16-da da ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardım göstərilməsindən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 1992-ci ildə qəbul edilən sonradan dondurulan Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi dayandırılır
Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, Ceyms O’Braynın açıqlamasında səsləndirdiyi “birtərəfli”, “qərəzli” fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir: “Dinləmələri... Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk”.
XİN-dən həmçinin qeyd olunub ki, region ölkəsi olmayan ABŞ “öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur”.
Dövlət Departamentinin rəsmisinin “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” ifadəsinə reaksiyasında Azərbaycan XİN-i qeyd edib ki, münasibətlər birtərəfli ola bilməz: “ Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”.
Nazirlik eyni zamanda bütün bunların fonunda noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşə qatılmayacaqlarını bəyan edib.
Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu da Turana bildirib ki, bütün ikitərəfli münasibətlər hər iki tərəfin davranışlarından asılıdır: “Bu, eyni zamana ABŞ-Azərbaycan münasibətlərinə də şamil edilir. Əgər tərəflərdən biri tərəfdaşının suveren hüququna hörmət etmirsə, onun ərazisində olmayan inzibati vahidlə bağlı dinləmələr keçirirsə şübhəsiz ki, bu həm beynəlxalq hüququn pozulmasıdır, həm də tərəfdaşlığa kölgə salınmasıdır”.
Deputatın sözlərinə görə, Azərbaycan bütün ölkələrlə, o cümlədən də ABŞ-la əməkdaşlığa hazırdır: “2001-ci ildə ABŞ-da terror törədilən zaman Azərbaycan onun elan etdiyi antiterror koalisiyasına qoşulan birinci ölkələrdən biri oldu. Əfqanıstan hadisələri zamanı ABŞ Prezidentinin müraciəti əsasında Senatda 907-ci düzəlişlə bağlı yeni qərar qəbul edildi. ABŞ Azərbaycana yardımlar etməyə başladı, çünki bu ona lazım idi. İndi isə belə qərar qəbul edilirsə, biz ona heç nə deyə bilmərik. Amma məsələnin qərəzli olması şübhəsiz ABŞ-Azərbaycan münasibətlərinə yaxşı təsir etməyəcək”.
H.Babaoğlunun sözlərinə görə, bütün bunlardan sonra Senatda “Ermənistan-2023” adlı bir akt qəbul olunub və burada Azərbaycana yardımla bağlı 2001-ci ildə ABŞ Prezidentinə verilən səlahiyyət qadağan edilir: “Amma bundan sonra Senatın qəbul etdiyi qətnamənin təsdiq olunması ilə bağlı proseduralar var və ən sonda bunu ABŞ Prezidenti imzalamalıdır. ABŞ yəqin ki, bu yanlış addımı yenidən dəyərləndirəcək. Çünki Azərbaycan Amerika üçün, Amerika da Azərbaycan üçün vacib tərəfdaşdır”.
Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla ABŞ arasında çox geniş spektrdə, iqtisadi, enerji, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olub: ““Əvvəlki əlaqələr olmayacaq” ifadəsi də o deməkdir ki, bütün bu sahələrdə münasibətlər dondurulacaq. Ən maraqlısı da budur ki, ABŞ Senatı Ermənistana dəstəklə bağlı sənəd qəbul etdi. Orada Azərbaycana yardımların dayandırılması qanun şəklində öz əksini tapdı. Bu o deməkdir ki, artıq o mövqe rəsmiləşdirildi”.
Ekspertin fikrincə, sənədin qəbulundan sonra Azərbaycana ABŞ tərəfindən yardımlar dayandırılacaq, müəyyən sahələrdə əməkdaşlıq dondurulacaq və Azərbaycana təzyiqlər olacaq.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda Azərbaycan hakimiyyəti daxildə repressiyalara əl atacaq: “Əslində ölkədə demokratik institutlar qalmayıb. “Siyasi partiyalar haqqında” və “Media haqqında” qəbul olunan son qanunlardan sonra olan-qalan bu vətəndaş institutları, demokratik dəyərləri təbliğ edən təsisatlar tam olaraq kənarlaşdırılıb. Ola bilsin ki, hansısa həbslər olsun. Azərbaycan hakimiyyəti Qərblə, İranla münasibəti pisləşəndə adətən belə addımlar atır”.
Rəy yaz