Ölkədə qazlaşdırmanın səviyyəsi, milli iqtisadiyyatın durumu, ictimai nəqliyyatda gediş haqlarının artırılmasına baxışlar və s. bugünki medianın (02 avqust, 2018-ci il) aparıcı mövzularındandır...
Ölkədə qazlaşdırılmanın 95 faizlik hədəfi
"Azərbaycan" qəzeti "İlin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılacaq" sərlövhəli məqalədə ölkənin qazlaşdırma səviyyəsini dəyərləndirir.
Müəllif bu səviyyəni statistik rəqəmlərlə anlatmaq istəyir: "Bu ilin birinci yarısında ölkə ərazisində ümumi uzunluğu 1519,4 kilometrə çatan yeni qaz kəmərləri çəkilib, 113,8 kilometr xətt əsaslı təmir edilib. Regionlarda bir sıra qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. 42965 əhali abonenti qeydiyyata alınıb və beləliklə, respublikada qazlaşdırılmış istehlakçıların sayı 2 milyon 138 mini ötüb".
Yazı müəllifi deyir ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev perspektiv olaraq bu ilin sonuna qədər qazlaşdırmanın 95 faizə çatmasının vəzifə kimi qoyulduğunu vurğulayıb.
Qəzet yazır ki, son illər ölkənin yaşayış məntəqələrinə təbii qazın bərpası, qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb.
Müəllif Abşeron rayonunun Qobu və Saray qəsəbələrinin qaz təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinə uyğun Qobu qəsəbəsində ümumi uzunluğu 5000 metr, Saray qəsəbəsində isə 5500 metr olan qaz xətləri çəkilir.
Müəllif deyir ki, ölkə ərazisində abonentlərin istifadə etdikləri təbii qazın dəyərinin əvvəlcədən ödənişinin təmin olunması üçün cari il iyulun 1-dək 1106565 "smart-kart" tipli qaz sayğacları quraşdırılıb ki, bunun da 61343-ü son yarım ilin payına düşür.
Məqalədə deyilir ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına uyğun olaraq bu sahədə əsas hədəf kimi səmərəli qazpaylama infrastrukturunun yaradılmasının nəzərdə tutulduğu vurğulanır. Bu hədəfə çatmaqdan ötrü yeni qazpaylayıcı xətlərin tikintisi və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi araşdırılır.
Müəllif bildirir ki, müştərilərin razılığının təmin olunması üçün "Azəriqaz"ın istehlakçılara göstərdiyi bütün xidmətlər "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir.
"Manatı müdafiə" avantürası
"Azadlıqinfo"da isə "Manatı qorumaq avantürası çox baha başa gəlir" sərlövhəli məqalə oxumaq olar.
Sayt milli iqtisadiyyatdakı durumla bağlı tanınmış iqtisadçı-ekspert
Qubad İbadoğlunun düşüncələrinə yer verib.
Belə ki, Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov avqustun 1-də keçirdiyi mətbuat konfransında "Azərbaycanın xarici ticarət partnyorlarında son vaxtlar müşahidə edilən məzənnə və inflyasiya volatilliyi ciddi narahatlıq doğurur və hökumət qeyri-neft ixracımızın rəqabət qabiliyyətini qorumaq üçün tədbirlər görməlidir" ifadəsi işlədib.
Q.İbadoğlu isə həmin ifadənin iqtisadi şərhini verib: "Əslində Elman Rüstəmovun narahatlığı başa düşüləndir. Biz dəfələrlə demişik, indi də təkrar edirəm ki, Azərbaycan Okeanda yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir, bəlkə də onu heç istəmir. Çünki son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir".
Q.İbadoğlu iqtisadi sahədə durumun yaxşı olmadığını rəsmi statistik rəqəmlərlə ifadə edir və bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərin 14,1 faiz, kredit qoyuluşlarının 19,3 faiz azaldığını bildirir və bunu iqtisadiyyatın daxildən qidalanmamasının göstəricisi kimi dəyərləndirir.
Ekspertə görə, son 2 ayda (may-iyun) ixracın aşağı düşməsi fonunda 2018-ci ilin yanvar-iyun ayları üzrə idxal əməliyyatlarının ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz artması ölkə daxilində qazanılan əlavə dəyərin, kapitalın ölkədə qalmaması, "xaricə qaçması" deməkdir.
Q.İbadoğlu son 6 ayda ixracatda xam neft, neft məhsulları və qazın birlikdə payının 90 faizə çatmasını Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığının artması kimi dəyərləndirir.
Ekspert deyir ki, Azərbaycanın xarici ticarət tərəfdaşları olan Türkiyə, Rusiya və İran valyutalarının dollara nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırırb, qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb və bir ölkənin iqtisadiyyatını inkişafdan saxlamaq üçün bundan artığına gərək yoxdur.
Q.İbadoğlu deyir ki, arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə manatın inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasət olsa da, il yarımdır ki, bu siyasət davam edir.
Ekspert "Fitch" beynəlxalq agentliyinin Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada "BB+" saxlamasına izah verərək deyir ki, bu möhtəkir xüsusiyyətləri olan riskli öhdəliklər səviyyəsində təsdiqləmədir və o deməkdir ki, bundan sonra qazanılanlar yüksək faizlərə ödəniləcək.
Qiymət artımı "biabırçılığı"
"Moderator.az"da isə "Bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif xatırladır ki, Tarif Şurası bu il iyulun 30-da keçirdiyi iclasında ictimai nəqliyyatda və metroda gediş haqlarının 20 qəpikdən 30 qəpiyə qaldırılması barədə qərar qəbul edib, bu qərar avqustun 1-dən qüvvəyə minib.
Müəllif deyir ki, Tarif Şurasının metro və marşrut avtobuslarında qiymətləri qaldırması ilə bağlı qərarı artıq iki gündür ki, cəmiyyətdə geniş müzkirələrə səbəb olub, millət vəkilləri, ölkə ziyalıları və sadə vətəndaşlar qiymət artımını qınayıblar.
Bu sırada müəllif bu məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudovun ziyalı olaraq dəyərləndirməsini təqdim edir: "İlin-günün bu vaxtında qiymət qaldırarlar?! Özlərinin "CİP"ləri var, biz isə avtobusdan, metrodan istifadə edən adamlarıq. Mənim heç velosipedim yoxdur, bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq".
R.Mahmudov bu qiymət artımını bir ayıb kimi dəyərləndirir və hesab edir ki, indiki iqtisadi durumda bu qiymət artırılmasına hər hansı ehtiyac yox idi: "Özü də bu vəziyyətdə qiymət qaldırırlar? Tarif Şurasındakılar utanmırlar, neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar?".
Alim elə hesab edir ki, bu qiymət artırılması heç də dövləti və ya milli maraqlardan irəli gəlməyib, şəxsi maraqlar müstəvisindədir: "Mənə elə gəlir ki, bunlar öz kəsirlərini bizim pulla doldurmaq istəyirlər. Ciblərindən versinlər də kəsirlərini doldurmaq üçün, milyonları var. Onlara demək lazımdır ki, o dünyaya heç nə aparmayacaqsınız, bu millət, dövlət yazıqdır".
İndi bütün vasitələrlə dövlətçiliyin qorunmasının, ölkənin dağıdılmamasının vacib olduğunu vurğulayan R.Mahmudov bu halda qiymət artırılmasına getməyi sadəcə biabrıçılıq adlandırır.
Alim hesab edir ki, belə bir həssas məqamda qiymətlərin qaldırılması yolverilməzdir.
R.Mahmudov Tarif Şurasını millətin düşməni, birbaşa prezidentə qarşı çıxanlar adlandırır və ölkə başçısının bu qiymət artımının qarşısnı almalı olduğunu vurğulayır.
Rəy yaz