Media-icmal 12.05.2017

Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının təşkili, ölkədə İKT istehsalının tənəzzülü, bank sistemində qeyri-sabitliyin davam etməsi, hökumətin özünümaliyyələşdirmə planının işləməməsi bugünki medianın aparıcı mövzusudur...

Bakıda ilk - İslamiada

"Azərbaycan" qəzeti "İlham Əliyev İslamiadası" sərlövəhli məqalədə (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121809) bu gün Bakıda açılışı gözlənilən IV Islam Həmrəyliyi Oyunları barədə yazır.

Müəllif deyir ki, dünyada həmişə "ilk"lər yadda qalır. O, ilki yaratmağın uzaqgörənlik, müəyyən risk və hazırlıq, xüsusi istedad, bilik və səriştə tələb etdiyini bildirir.

Müəllif bu mənada dövlət müstəqilliyi qazanan Azərbaycanın dünyada bir sıra "ilk"lərin təşəbbüsçüsü və gerçəkləşdirəni olduğunu deyir: "Məhz ümummilli liderin sayəsində ilk dəfə olaraq Xəzər nefti dünya bazarına çıxarıldı, Azərbaycanda mətbuata senzura nəzarətini də ilk dəfə (həm də yeganə olaraq) Heydər Əliyev ləğv etdi".

Müəllif deyir ki, H.Əliyevin inamla başladığı bu yolu hazırda İlham Əliyev davam etdirir və o da bir sıra ilklərə imza atıb. Müəllif bu sırada Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, orbitə çıxardığı iki peyki ilə dünya kosmos ailəsinin tərkibinə daxil olması, "Eurovision" mahnı müsabiqəsində qalib gələrək Bakıda bu yarışmaya ən yüksək səviyyədə və yaddaqalan şəkildə evsahibliyi etməsi, ilk dəfə keçirilən I Avropa Oyunlarına evsahibliyi edərək bu sahədə yeni standartlar müəyyənləşdirməsi göstərilir.

Müəllif dövlət başçısı İlham Əliyevin Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirməsini də ilklər sırasında göstərir.

Müəllif deyir ki, dövlət başçısı bu oyunalara təkcə yarış kimi baxmır, həm də təsirli "siyasi vasitə" kimi baxır, bu vasitə insanları və dövlətləri bir-birinə yaxınlaşdırır, mehribanlaşdırır, ünsiyyət və fikir mübadiləsinə şərait yaradır, ən nəhayət, sülhə dəvət edir!

"İlham Əliyev İslam dünyasını həmrəy olmağa, bir-birlərilə əməkdaşlığa dəvət edir, İslam dövlətləri rəhbərlərini və liderlərini um-küsü bir qırağa qoymağa, geriyə deyil, irəliyə baxmağa səsləyir, İslam dünyasını tarixdə olanlardan və müasir dünyada baş verənlərdən düzgün nəticə çıxarmağa, xalqlarının və dövlətlərinin xoş gələcəyi naminə uzaqgörən, düşünülmüş və ağıllı qərarlar qəbul etməyə çağırır".

Son olaraq müəllif deyir ki, bu gün Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları da sülhə, həmrəyliyə və əməkdaşlığa xidmət edəcək, qarşıya qoyulan məqsədə - İslam dünyasının sıx birliyinə nail olunacaqdır!

Bank sektorunda yeni çalxalanmalar ola bilər?

"Müsavat.com" saytı "Bank sektorunda yeni çalxalanmalar gözlənilir" sərlövhəli (http://musavat.com/news/bank-sektorunda-yeni-calxalanmalar-gozlenilir_437306.html) məqalədə ölkənin bank sistemindəki durumu ekspert Əkrəm Həsənovla müzakirə edir.

Müəllif deyir ki, ölkədə maliyyə vəsaitlərinin nağdlaşdırılmasına məhdudiyyətlər tətbiq edildikdən bu yana sahibkarlar ən böyük problemi bank sistemilə yaşayır: "Sahibkarlar hesablarında olan vəsaitləri banklardan çıxara bilmədikləri üçün onların təhlükəsizliyindən də əmin deyillər. Çünki bank müflis elan edildiyi halda bu vəsaitlərin qaytarılmaması ehtimalı qaytarılmasından daha yüksək olur".

Müəllif deyir ki, iri və orta sahbkarlar üçün müəyyən edilən 30 min və 15 min manat nağdlaşdırma ğlimiti onların heç cari xərclərinə yetmir və real sektor son aylar bu qanundan əziyyət çəkir.

Elə iqtisadçı Əkrəm Həsənov da maliyyə sektorunda acınacaqlı durum yarandığını qəzetə izah edir: "Dövlət başçısı qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyi dövlətin prioritetlərindən elan edib və bu sahədə son dövrdə qərarlar qəbul edilib. Amma bank sistemi bu sahədə ciddi əngələ dönüb. İstənilən sahibkar ilk növbədə qoyduğu sərmayənin və biznesin təhlükəsizliyindən əmin olmaq istəyir və vəsaiti harada saxlamaq kimi ilk ən sadə problem yaranır".

Ə.Həsənov vurğulayır ki, hər hansı biznes üçün dövriyyə vəsaiti bir nömrəli məsələdir və bu məsələdə yaranan problem bütün ödəniş sistemini iflic edir.

Ekspert deyir ki, indi ölkədə belə durum yaşanır və birinin ödənişi vaxtında və tam etməməsi zənciravri şəkildə digərlərinə də mənfi təsir göstərir.

Ə.Həsənov normal hada sahibkarın pulu bankda saxlamalı olduğunu deyir, amma ölkədə 10-dan çox bankın bağlandığını, sahibkarların bu banklarda pullar itirdiyini qeyd edərək, banklara etibar olmadığını nəzərə çatdırır: "Fiziki şəxslərin əmanətləri heç olmasa pis-yaxşı sığortalıdır, Əmanətlərin Sığortalanması Fondu kompensasiya edir. Amma elə həmin fond da açıq bəyan edir ki, sahibkarların bağlanan banklardakı vəsaitləri faktiki batıb. Əlbəttə, sual yaranır ki, bu banklara Mərkəzi Bank vaxtilə necə nəzarət edib ki, bu qədər vəsait batıb?".

Ekspert hesab edir ki, bankın çökməsindən qorxan sahibkar pulunu bankdan çıxara bilmir və bu durumu Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunsuz göstərişləri daha da mürəkkəbləşdirir, belə ki, nağdlaşdırmaya görə sahibkarlar 1% ödəməlidirlər, bu isə qanuna ziddir: "Palata qanun və səlahiyyətləri çərçivəsində bank sisteminə etimadı bərpa edə bilmir deyə, qanunsuz göstərişlərlə yaxşı işlədiyini göstərmək istəyir və məqsəd də faktiki müflis bankların sahibkarlar hesabına xilas olunmasıdır. Yəni, Palata həmin bankları müflis elan etməyəcək, sadəcə, sahibkarların vəsaiti bankların öhdəliklərinin könüllü restrukturizasiyası adı altında əllərindən alınacaq, yəni bank sahiblərinin və inzibatçılarının oğurladığı pullar sahibkarların hesabına silinəcək".

Ekspert bunu 100 il sonra bolşevik eksperimentinin təkrarı adlandırır.

Kağız üstə qalan özünümaliyyələşdirmə

"Exo" qəzeti "Özünümaliyyələşdirmə alınmadı: Azərbaycanın regionlarında pul yoxdur" (http://ru.echo.az/?p=59353) sərlövhəli məqalədə hökumətin regionların özünümaliyyələşdirməsi durumunu ekspertlərlə müzakirə edir.

Müəllif deyir ki, Azərbaycan hökuməti uzun illərdir ki, regionlara maksimum iqtisadi səlahiyyətlər vermək cəhdləri edir, 2013-cü ildə Maliyyə Nazirliyi bəyan etdi ki, mümkün qədər az regionun dotasiyalı olması üçün ağırlığı bölgələrin maliyyə imkanları üzərinə qoymağa köklənib.

Müəllif 2013-cü ildə regionların özünümaliyyələşdirməyə keçməsi üçün sənəd hazladığını, həmin sənədin 2017-ci ildə qüvvəyə mindiyini bildirir.

"Nazirliyin planına əsasən, 2017-ci ildə 10-larla rayon özünümaliyyələşdirməyə keçməli idi, amma bu, baş vermədi. Şübhəsiz, rayonlar sərbəst buraxılmalıdır, çünki, onların təminatına həddən çox maliyyə xərclənir. Ən azı ölkə rayonlarının 90%-nin özünü təmin etməsinə nail olmaq lazımdır, indi isə bunu etmək real deyil". Bunu isə qəzetə ekspert Samir Əliyev şərh edir.

S.Əliyev deyir ki, indi Bakı, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron və İmişli istisna olmaqla, qalan bütün regionlar büdcə hesabına subsidiyalaşdırılır.

Ekspert deyir ki, yaxın zamanlarda bu sıraya yenilərinin daxil olacağı gözlənilmir: "Ümumi Daxili Məhsulun 90%-i Bakının və ona yaxın rayonların hesabına yaranır. Ölkə iqtisadiyyatı paytaxtda və ona qonşu olan zonalarda cəmləşdikdə digər rayonlar zəif inkişaf edir və Azərbaycanda bu "sxem" işləyir".

S.Əliyev deyir ki, özünümaliyyələşdirmə səviyyəsinə gəlirləri xərclərinə bərabər olan rayonlar çıxa bilərlər, işsizliyin yüksək olduğu, müəssisəsi, kiçik biznesi olmayan şəhərə maliyyə yardımını dayandırmaq olmaz.

Ekspertə görə, hökumət özünümaliyyələşdirmə barədə düşünərkən, regionların bunu bacarıb-bacarmayacağını da düşünməlidir.

Həm də S.Əliyev hesab edir ki, regionları bu səviyyəyə çatdırmaq üçün ölkəyə xarici investisiya da cəlb olunmalıdır.

Ekspert deyir ki, son illər regionlara vəsaitlər cəlb olunsa da onlar kifayət qədər inkişaf edə bilmədilər.

S.Əliyevə görə, 2015-ci ildən başlayan iqtsadi böhran Bakı kimi şəhərin iqtisadi həyatını çökdürüb, odur ki, bu özünümaliyyələşdirmə yaxın zamanda inkişaf edə bilməyəcək.

Sözdə olan İKT istehsalı

"Novoe Vremya" qəzetində "Yerli İnformasiya-Kommunikasiya Texnologiyaları əfsanə" sərlövhəli məqalə oxumaq olar. (http://www.novoye-vremya.com/w91647/.../#.WRSYC4iLTIU)

Müəllif ölkədə İKT məhsulları istehsalının tənəzzülünü müzakirəyə çıxarır və ölkənin icra hakimiyyətinin son zamanlar informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsindən danışdığını, amma bu məsələnin sözdən o yana keçmədiyini bildirir: "Yerli mobil telefonların istehsalından hələ 2012-ci ildə danışırdılar, daha sonra yerli kompüter və planşetlərin istehsalını yoluna qoymaq istədilər, amma indi nə o var, nə də bu".

Müəllifə görə, bütünlükdə isə Azərbaycanın İKT sektorunda durumu anlaşılmazdır, hətta texnoparklar, İKT-parklar layihələri çox uzağa getməyib, 5 il əvvəlki kimi yerində sayır, müxtəlif İKT məhsullarının ümumi ixracı cəmi 2,5 milyon manatdır.

Məqalədə deyilir ki, Azərbaycan ildə 218 monitor ixrac, 81 min montor isə idxal edir: "Azərbaycan 2016-cı ildə müxtəlif İKT avadanlıqları üzrə maksimum səviyyə göstərərək, 706 avadanlıq ixrac edib. Elə həmin ildə ölkəyə belə növlü 280 min avadanlıq idxal olunub və ya biz, başqa sözlə, bu sahədə bütünlüklə idxaldan asılıyıq. Bu idxal üçün isə 300-500 milyon dollar vəsait xərclənir".

Müəllif vurğulayır ki, ölkədə istehsal olunan qaz və su sayğacları az-çox texnoloji avadanlıq sayıla bilər, bu sahəyə daim dövlət sifarişi var və odur ki, statistikada "İKT məhsullarının istehsalı" inkişaf edir.

Müəllif deyir ki, 2014-cü ildə ölkədə 38 min, 2015-ci ildə 49 min, 2016-cı ildə isə 173 min ədəd sayğac istehsal edilib, qalan bütün istiqamətlər üzrə isə azalma müşahidə edilir.

Müəllif bildirir ki, Dövlət Statistika Komitəsinin İKT məhsulu hesab etdiyi bütün məhsulların istehsalını son 5-7 ildə tamamilə itirmişik, hətta kassa istehsalı 2015-ci ildə 5 min ədəd olubsa, 2016-cı ildə bir kassa aparatı belə istehsal edilməyib, yazma, ifa ilə bağlı aparatlar ən azı 10 dəfə azalıb.

Müəllif bir qədər də ironiya ilə deyir ki, ölkə sayğaclarla təmin olunduqdan sonra onların da istehsalı sıradan çıxacaq, İKT adına yalnız ölkəyə qanuni və ya qanunsuz gətirilən İKT məhsullarını müəyyən edən və gömrük sistemində istifadə olunan İMEİ adlı aparatlar qalacaq.

Müəllif deyir ki, gömrük orqanları 2014-cü ildə ölkəyə 88,6 min, Rabitə Nazirliyi isə 1040 min avadanlıq gətirildiyini bildirir və ya 950 min avadanlıq gömrük rüsumlarından "yan keçib".

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti