Media-icmal 21.06.19

Sosial sahəyə dair imzalanmış son rəsmi sənədlər ətrafında müzakirələr,

mövsümi meyvələrin qiymətlərinin hələ də baha olması və s. məsələlər bugünki (21 iyun 2019-cu il) medianın aparıcı mövzularındandır...

Hədəf - vətəndaşın rifahını daha da yüksəltmək

"Azərbaycan" qəzeti "2.1 milyon insan, 2 milyard manat, 17 sərəncam..." sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamların nəticələrini dəyərləndirir.

Müəllif deyir ki, İ.Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı yeni sənədlər vətəndaşların rifahını daha da yüksəldir: "Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik", deyə müəllif bu xüsusda prezidentdən sitat gətirir.

Müəllifə görə, dövlət başçısının ilin əvvəlindən sosial islahatlarla bağlı imzaladığı fərman və sərəncamların məqsədi iqtisadi inkişafın nəticələrini əhalinin rifahının yüksəldilməsinə yönəltməkdir və bu siyasət geniş şəkildə davam etdirilir.

Yazıda vurğulanır ki, 2019-cu ilin ilk rübündə maaşlarda, sosial müavinətlər və təqaüdlərdə artımlar edilməmiş bir sahə yox idi, aprelin 1-də verilmiş sərəncamla isə 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı.

Yazı müəllifi bildirir ki, iyunun 18-də imzaladığı sosial islahatlar paketi ilə İ.Əliyev sözünə, vədinə sadiq lider olduğunu növbəti dəfə isbatladı: "İmzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərdi", müəllif bu sərəncmaları belə dəyərləndirir.

Müəllif deyir ki, minimum əməkhaqqının artımı (180 manatdan 250 manata qaldırılıb) 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyən 950 minədək vətəndaşı əhatə edəcək, bu artımı təmin etmək üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Müəllifə görə, iyun sərəncamları əhalinin gəlirlərinin artmasına şərait yaradacaq və bu sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqında ciddi artımlar edilir, eləcə də tələbə təaqüdləri, minimum pensiyalar artırılır.

Yazının sonunda isə oxuyuruq: "Bir sözlə, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da sosial sferaya yönəldiləcək və bu da xalqın dövlətə inamını daha da gücləndirəcək".

Deputatı "3 min manata yaşaya bilmirəm" deyən ölkədə...

"Azadlıqinfo"da isə "Maaş minnəti" sərlövhəli məqalə diqqət çəkir.

Müəllif Azərbaycanda rəsmi sosial siyasətə və bu siyasətin xalqa təbliğinə münasibət ifadə edərək deyir ki, dünya nanotexnologiyalarla, planetlərlə, elmi ixtiralarla əlləşir, Azərbaycan hökuməti isə ölkədə "analoqsuz inkişaf"dan danışır:

"Bütün iqtisadiyyatı qara neftin belinə yükləyərək, ölkəni ağ günlərdən məhrum ediblər. Amma xalqa sübut etməyə çalışırlar ki, qara neft də, mavi qaz da hökumətin bacarığının nəticəsidir. Xalqı ən kiçik sədəqələrə sevinməyə məcbur ediblər. Ən gülünc addımları islahat kimi qəbul etdirməyə çalışıblar".

Müəllif minimum əməkhaqqının 250 manat olacağı (18 iyun tarixli minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması ilə bağlı sərəncam nəzərdə tutulur - red.) ilə bağlı sərəncamın xalqa qayğı kimi sırıdıldığını qeyd edir və deyir: "Hökumət uzun illərdir etməyə borclu olduğunu vətəndaşa minnət kimi sırıyır. 26 ildən sonra minimum əməkhaqqına görə Ermənistana çatacağımıza görə sevinməliyik. Doğurdan da bu ölkəyə 250 milyard dollar investisiya yatırılıbsa, minimum əməkhaqqının 250 manat olması utancverici rəqəmi deyilmi? Hökumət komandasının bütün üzvləri, yaxın ətrafları milyarderə, milyonerə çevrilibsə, 70 manat maaş artımına görə şükr etməliyik? Bu qədər talançılıq minimum əməkhaqqına qurban verilməlidir? Vətəndaşın sağlamlığı, hüququ, taleyi, seçmək haqqı oğurlanıbsa, 250 manat əməkhaqqı sığorta ola bilərmi?", deyə suallar oldğunu vurğulayır.

Müəllif vurğulayır ki, deputat "3000 manatla yaşaya bilmirəm" dediyi ölkədə, vətəndaşın 250 manatla yaşamağa məhkum edilməsi absurddur.

Həm də müəllif hesab edir ki, burada problem pensiyanın, maaşın 50-100 manat artırılmasında deyil, rejimin mahiyyətindədir: "... dəyərlər ucuzlaşdırılıbsa, haqqımızı axtaracağımız məhkəmə yoxdursa, korrupsiya idarəçilik formasına çevrilibsə, istənilən adamı şərləmək ən asan prosesdirsə, maaş artımı dərdə dərman ola bilməz. Bu ölkədə hər il minlərlə adam xərçəngdən, məmur özbaşınalığından, yanlış diaqnozdan həyatını itirirsə, 250 manat maaş başsağlığı vermək üçündür", deyə minimum əmək haqqının artımının sosial rifah üçün yetərli olmadığını iddia edir.

Müəllif iddia edir ki, bu maaş artımının arxasında məkrli planlar var və qısa vaxt ərzində elə "sürpriz"lər edəcəklər ki, minimum əməkhaqqının 180 manat olduğu dövr arzulanacaq.

Yazı müəllifi deyir ki, övladların təminatlı həyatı 250 manatla yox, normal idarəçiliklə, qanunların şah olmasıyla mümkün olur.

Müəllif hesab edir ki, ölkədə milyardları həzm edənlər, gözdən pərdə asmaq üçün minnətli maaş artırırlar: "Maaşı alın, amma minnət götürməyin" deyə müəllif xalqa xitab edir.

Bahalığa səbəb ixrac imiş?

"Modern.az"da isə "Mövsümi meyvələrin baha satılma səbəbi - Qiymətlər "od tutub yanır"" sərlövhəli məqalə oxumaq olar.

Müəllif mövsümi meyvələrin qiymətinin baha olmasını fermer və mütəxəssislərlə müzakirəyə çıxarır.

Müəllifin sözlərinə görə, hazırda ərik, gilas, gilənar, çiyələk, albalı, alça kimi meyvələrin mövsümü olsa da, qiymətlər həmişəkindən baha olduğu üçün əhalinin böyük əksəriyyətini özünə tamarzı qoyub.

Yazı müəllifi deyir ki, bazarda əriyin kiloqramı 4-7 manat, gilasın kiloqramı 4-7 manat, albalının kiloqramı 4-5 manat, çiyələyin kiloqramı 3-4 manat, alçanın kiloqramı 3-8 manat arasındadır.

Müəllifin sözlərinə görə, hələ bu ilin aprel ayında ekspertlər hava şəratinin kənd təsərrüfatı üçün əlverişli keçmədiyinə görə, əriyin baha olacağı anonusunu vermişdilər, amma bahalıq təkcə bu amilə bağlı deyil.

Müəllif ekspertlərə istinadən deyir ki, bahalıq həm də kənd təsərrüfatı məhsullarının ixracının kəskin artımı amili ilə birbaşa bağlıdır, belə ki, bu il fevralın 1-dən "yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ixrac potensialını kəskin artırıb.

Yazı müəllifi Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, təkcə bu ilin may ayı ərzində 241 041.64 min dollarlıq 251 646.57 ton meyvə-tərəvəz ixrac olunduğunu diqqətə çatdırır.

Qazaxdan olan fermer Şahin Əliyev də "modern.az"a qiymətin baha olmasına səbəb kimi ixracın çox olmasını göstərib: "Fevralın 1-dən etibarən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunmağa başlayıb... Bu asanlaşma səbəbilə əksəriyyət istehsal etdiyi məhsulu daha sərfəli qiymətə xarici bazarlara çıxarmaq istəyir. Yəni istehsal olunan məhsulun böyük həcmi məhz xarici bazarlara istiqamətlənib, bu isə ölkəyə valyuta gətirir. Daxili bazarda tələb təklifi üstələdiyindən məhsullar bahadır".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə də mövsümi meyvələrin bahalığına səbəb kimi modern.az-a məhz ölkədə kənd təsərrüfatı məhsullarının ixracının artmasını göstərib: "Bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracında 37,6 faiz artım qeydə alınıb. Sizin sadaladığınız meyvələrə gəlincə, may ayı ərzində 30 ton ərik, gilas, albalı ixrac olunub. Bu da elə böyük rəqəm deyil. Nəzərə almalıyıq ki, mövsüm təzə başlayıb. Həmin meyvələr yeni yetişməyə başlayıb. Ona görə də həmin meyvələrin baha olması normaldır".

F.Fikrətzadə bir müddət sonra bu məhsulların qiymətinin ucuzlaşacağını da söyləyib.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti