Aqrar sığorta haqqında qanunun qəbulu, bazarlarda qiymət bahalığı, iri ticarət mərkəzlərində ticarət dövriyyəsinin azalması və s. məsələlər bugünki (28 avqust 2019-cu il) medianın aparıcı mövzularındandır...
Aqrar risklərdən qorunma platforması
"Azərbaycan" qəzeti "Dövlətdən fermerlərə növbəti güclü dəstək" sərlövhəli məqalədə aqrar sığorta haqqında qanunun qəbul edilməsini və
Aqrar Sığorta Fondunun (ASF) yaradılmasının mahiyyətini dəyərləndirir.
Müəllifə görə, həm qanunun qəbulu, həm də Fondun yaradılması ölkənin kənd təsərrüfatının sürətli inkişafını, islahatların dərinləşməsini təmin edən ciddi addımlardır və bu iki sənəd yeni aqrar sığorta münasibətlərinin tətbiqini nəzərdə tutur: "Bununla ölkədə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyur və bu mərhələ fermerlərin risklərdən qorunmasının dünyanın ən mütərəqqi təcrübəsi əsasında təşkil edilməsi ilə başlayır.
Müəllif vurğulayır ki, aqrar sığorta mexanizminin hazırlanması Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi altında həyata keçirilib və aidiyyatı qurumların nümayəndələri işçi qrupa cəlb olunublar.
Yazı müəllifi əlavə edir ki, işçi qrupu qanunu hazırlarkən mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya kimi ölkələrin qabaqcıl təcrübəsini araşdırıb, aparıcı mütəxəssislərlə müzakirələr aparıb və sonda diqqət çəkən bütün üstün təcrübələr nəzərdən keçirilərək, Azərbaycan üçün məqbul olan model hazırlanıb.
Məqalədə iddia edilir ki, belə diqqətlə hazırlanan aqrar sığorta mexanizmi uğurlu model kimi bütünlükdə aqrar sektorun inkişaf səviyyəsinə təsir gücünə qadirdir: "Aqrar sahənin şaxələnməsində və sürətli inkişafında maraqlı olan hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq, həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalı artmalıdır. Bu artımı stimullaşdırmaq və risklərdən qorumaq üçünsə aqrar sığorta işləməlidir", deyə müəllif vurğulayır.
Müəllif əlavə edir ki, indiyə kimi Azərbaycanda aqrar sektorda sığortaya müvafiq qurumların ciddi maraq göstərməməsi, fermerlərin risklərin aradan qaldırılması ilə bağlı yeniliklərə can atmaması sirr deyil.
Yazı müəllifinin dediyinə görə, kiçik pay torpaq sahiblərinin və fermerlərin böyük əksəriyyətinin sığorta sistemi və onun üstünlükləri haqqında təsəvvürə malik olmamaları bu sahədə ən böyük problemdir.
Müəllifin fikrincə, yeni qəbul olunan "Aqrar sığorta haqqında" qanun məhz belə boşluqları aradan götürmək üçün dövlətin atdığı mühüm addımdır, qanunla aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanır, fermerlərlə sığorta şirkətləri arasında münasibətlər tənzimlənir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən olunur.
Müəllif deyir ki, qanun aqrar sığorta sahəsində həm də dövlətin vəzifələrini müəyyənləşdirir.
Sonda isə müəllif deyir ki, fərmanla ölkədə aqrar sığorta sisteminin fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondunun yaradılması nəzərdə tutulur.
Bunun zərbəsi fermerə dəyir
"Yeni Müsavat" qəzetində "Meyvə-tərəvəzin qiymətini necə endirmək olar - təklif" sərlövhəli məqalə oxumaq olar.
Müəllif bazarlarda qiymət bahalığı və bunu aradan qaldırmağın yolları barədə iqtisadçı ekspert Nicat Nəsirli ilə söhbətləşir.
Müəllif bu günlərdə Bakıdakı "Yaşıl bazar"a gələn Baş nazirin müavini Əli Əhmədovun və kənd təsərrüfatı naziri İnam Kərimovun qiymətlərin baha olması və aşağı salınması zərurəti barədə dediklərini nəzərə çatdırır.
N.Nəsirli isə "Yeni Müsavat"a bildirir ki, "Yaşıl bazar"da olan qiymətlər bütün ölkə üzrə qiymətləri tam ifadə etmir və bu bazar hələ sovet dövründən ən bahalı bazarlardan biri olub: "Mən o fikirlə razı deyiləm ki, biz qiymət məsələsinə, süni qiymət artımı məsələsinə sırf "Yaşıl bazar" kontekstindən baxaq. Elə bazarlar var ki, orada kifayət qədər seçim imkanları var. İldə bir neçə dəfə biz bazarda qiymətlərin heç bir əsas olmadan qalxmasını görürük. Bəzən də heç bir əsas olmadan kəskin ucuzlaşma görürük. Bu, normal qiymətləndirilə bilməz, bazar üçün optimal bir qiymət olmalıdır, bunun zərbəsi dolayısı ilə fermerlərə dəyir".
Ekspert deyir ki, məhsulların fermerlərdən kifayət qədər ucuz qiymətə alınması hamıya məlumdur, səbəb odur ki, kifayət qədər bazar iştirakçıları var və müxtəlif mövsümlərdə torpaq əkilərkən gedib "sahənin başını bağlayırlar", yəni müəyyən məbləğdə avansı verərək məhsulu öncədən satın alırlar.
N.Nəsirli deyir ki, nəticədə fermerin onlardan iqtisadi asılılığı yaranır, məhsul torpaqdan çıxandan sonra gəlib qiyməti diqtə edirlər ki, "səndə pulum var və filan qiymətə mənə satmalısan".
Ekspertə görə, fermerlərin bazara çıxış imkanları kifayət qədər olmadığına görə, məhsul sahədə kütləvi olaraq yetişəndə əsasən də tez xarab olan məhsulları alverçiyə istənilən qiymətə verməyə məcburdur və hər iki halda zərbə fermerə dəyir.
Ekspertin sözlərinə görə, qiymətlər optimal olmalıdır ki, ilk növbədə fermerin iqtisadi maraqları təmin olunsun: "Buna görə də ilin başında məhsulun qiyməti standart olaraq müəyyən olunmalıdır... Mən dövlətin bazara sərt müdaxiləsinin tərəfdarı deyiləm. Çünki bunun zərbəsi son nəticədə istehsalçıya dəyə bilər. Dövlət bazarda rəqabəti artırmalıdır, bazarda alıcılıq səviyyəsi aşağı olanlar üçün də ucuz qiymətə məhsullar çıxarılmalıdır. Bazarda 2 manata da kartof ola bilər, 1 manata da olmalıdır, 50 qəpiklik də olmalıdır. Hər istehlakçı öz imkanına uyğun məhsul ala bilməlidir".
Ekspertə görə, bazarda vahid qiymət olması məqbul deyil, nəticə etibarilə süni qiymət artımına səbəb olur, eyni zamanda standart olmayan avtomobillərdə kənd təsərrüfatı məhullarının daşınması zamanı yol verilən itkilər də qiymət bahalığına gətirir.
N.Nəsirli istehlakçının hüquqlarının qorunmasını vacib saysa da, hökumətin bazara iqtisadi alətlərlə müdaxilə edərək qiymətlərə təsir göstərməsinə önəm verir, bu mənada alternativ yarmarkaların açılmasının süni qiymət artımına qarşı ən effektiv vasitə ola biləcəyini vurğulayır.
Ekspert bazarlarda topdansatışı təşkil edən şəxslərin də öz problemləri olduğunu deyir və bu problemlərin yaranmasını, süni qiymət artımlarının da necə baş verdiyini izah edir.
"Binə" və "Sədərək"də ticarətin "ölməsini" səbəbləri
"Modern.az"da isə ""Binə" və "Sədərək"də ticarət niyə "ölür"... -səbəblər" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif ölkənin ən böyük ticarət mərkəzlərindən olan adları çəkilən hər iki ticarət mərkəzində alverin dövriyyəsinin azalmasını iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edir.
Müəllifin sözlərinə görə, ölkənin ən böyük ticarət mərkəzləri olan "Binə" və "Sədərək"də alıcılıq qabiliyyəti son zamanlar xeyli aşağı düşüb, belə ki, əvvəllər insanların alış-veriş üçün kütləvi şəkildə axın etdiyi bu məkanları artıq şəhərdəki mağazalar əvəzləyir.
Müəllif bundan irəli gələrək bu ticarət mərkəzlərinə marağın belə azalması və şəhərdəki mağazaların rəqabətdə önə keçməsi suallarına cavab axtarır.
Məsələ ilə bağlı "modern.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, şəhərdə olan mağazalarla "Sədərək", "Binə" qiymətləri arasında fərqdə son vaxtlar xeyli azalma var.
"3-4 il əvvələdək "Sədərək", "Binə" kimi ticarət mərkəzləri ilə şəhərdəki mağazalar arasında 30-40 faiz qiymət fərqi var idisə, indi bu rəqəmlər 5-10 faizədək düşüb. İnsanlar da elə böyük ticarət mərkəzlərindəki xaotik məqamları nəzərə alaraq, şəhərə üstünlük verirlər. Belə ki, "Binə" və ya "Sədərək"də avtomobili saxlamaq üçün xeyli əziyyət çəkməli olursan. Üstəlik mağazalar həddən artıq isti, həm də sıx-sıx yerləşib. Bəzən araba daşıyan insanlar normal gəzməyə imkan vermir, problem yaradırlar. Buna görə də əhali çox vaxt 5-10 faiz itkini gözə alıb, "Sədərək" və ya "Binə"yə gedərək, bu qədər əziyyətə qatlanmaqdan imtina edir".
Ekspertin sözlərinə görə, son zamanlarda ölkə insanlarında belə bir fikir formalaşıb ki, "Sədərək" və "Binə"dəki mallar şəhərdəkilərə nisbətdə daha keyfiyyətsizdir.
N.Cəfərli hesab edir ki, keyfiyyətli məhsulun şəhərdə olduğunu düşünən insanlar aradakı qiymət fərqinə əhəmiyyət vermədən "Binə" və "Sədərək"ə getmirlər: "Lakin şəhərdə satılan malların çoxu elə topdansatış şəklində "Sədərək" və "Binə"dən gətirilir. Onu da deyim ki, axır vaxtlar alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, şəhərdəki bəzi mğazalarda kampaniyalar təşkil olunur ki, bu da insanları daha çox cəlb edir".
Rəy yaz