Media-icmal 29.08.19

Azərbaycan və Gürcüstanda turizmin inkişafına müqayisəli baxış, Gömrük Komitəsinin aidiyyatı qurumalara bilrəşdirilməsi mümkünlüyü, ana südü ilə qidalanmanın vəziyyəti və s. məsələlər bugünki (29 avqust 2019-cu il) medianın aparıcı mövzularındandır...

Hər şey xeyrimizə, qiymətdən başqa

"Azərbaycan" qəzeti "Dost dosta tən gərək" sərlövhəli məqalədə Azərbaycan və Gürcüstanda turizmin inkişafı sahəsində oxşar və fərlqi cəhətləri müqayisəli şəkildə dəyərləndirir.

Müəllif deyir ki, 2018-ci ildə Gürcüstana 8,7 milyon, Azərbaycana isə 2,7 milyon turist gəlib.

Yazıda vurğulanır ki, Azərbaycan əhalisinin 10 milyon, Gürcüstanın isə 3,7 milyon nəfər olduğu nəzərə alınsa, riyazi məntiqlə gürcülərdən daha çox turist qəbul etməli idi, amma statistik rəqəmlər Azərbaycanın xeyrinə deyil, odur ki, müəllif bu suallara Tbilisidə cavab axtardığını söyləyir.

Müəllif bu fərq və oxşarlıqları bir neçə istiqamətdə araşdırmağa çalışdığnı və turizmin inkişafında yolların vacib elementlərdən biri olduğunu deyərək, elə ilkin olaraq yollardan da başladığını vurğulayır.

Müəllifin dediyinə görə, Batumidən Tbilisiyə səfərində yolları seyr edib, amma Gürcüstan yollarının üstünlüklərini tapmayıb: "Əksinə, köhnə sovet dönəmindən miras qalan yollarını bizim müasir şose yolları ilə müqayisə etmək qeyri-mümkündür. Ona görə ki, fərq yerlə-göy arasındakı qədərdir".

Bu baxımdan, müəllifə görə, yolların müqayisəsində Azərbaycanın turizm potensialı Gürcüstandan qat-qat üstündür.

Yazı müəllifi bir dostunun onları Tbilisidə qarşılaması, xidmətlərində durması ilə bağlı epizodları vurğulayaraq, gürcü qonaqpərvərliyini önə çəkir, amma sonunda bu sahədə də iki ölkə arasında elə ciddi fərq olmadığını bildirir.

Müəllif daha bir müqayisə obyekti kimi ünsiyyət və milli mentaliteti müqayisə müstəvisinə gətirir, artıq Grücüstanda çoxlarının rus dilini bilmədiyini, ingilis dilində danışmağa üstünlük verdiyini deyir, Bakıda isə çoxlarının rus dilində danışmağı bacardığını diqqətə çatdırır və bunu Azərbaycanın daha tolerant olmasının nümunəsi kimi təqdim edir.

Memarlıq baxımından Bakı ilə Tbilisi arasında paralel aparan müəllif deyir ki,Tbilisidə tarixi baxımdan kifayət qədər memarlıq nümunələri var, amma burada Bakı tarixi memarlıq baxımından daha qədimdir.

Müəllif deyir ki, tarixilik-müasirlik kontekstində belə Bakı ilə Tbilisi müqayisədə birincinin xeyrinə olaraq müqayisəyə belə gələ bilməz.

Müəllifə görə, Şərqə üz tutan turist üçün mehmanxana və yeməklərin qiyməti, bir də dəniz kimi bir neçə vacib amil var.

Müəllif deyir ki, Tbilisinin bir neçə restoranına baş çəkib, qiymətlər o qədər də baha deyil, 25-50 manat arasında sayılan xərclə restoranlarda nahar, şam ediblər, bu pulla Bakı bulvarında ancaq çay süfrəsinə əyləşmək olar.

Yazıda deyilir ki, gözə görünən odur ki, Tbilisi qiymətlərini tənzimləyir, büdcəsi zəif turist də az pula yaxşı dincələ bilir, ona görə də buraya gələn turistlərin əksəriyyəti üçün qiymətlər vacibdir. Və bəzən hətta deyirlər ki, Gürcüstan kiçik büdcəsi olan turistlər üçündür.

Müəllifin sözlərinə görə, turist üçün mehmanxanaların qiyməti də vacibdir, Tbilisidə istədiyin qiymətə qalmağa yer tapmaq olar, 10 manatdan başlayan qiymətlər də var, bir otaqlı mənzili 60 lariyə (40 manata) götürüblər.

"Bakıda isə belə deyil. Bahalı hotellər çoxdur, amma ucuzunu tapmaq o qədər də asan deyil. Hətta evlərini bir günlük kirayə verənlər də hesab edirlər ki, əcnəbidirsə, ev sahibi istəyən pulu ödəməlidir".

Müəllifə görə, belə çıxır ki, Azərbaycanda nisbətən ucuz mehmanxanalar tikilsə, restoranlar şəbəkəsi yaradılsa və dəniz çimərliklərində yeri belə satıb müftə pul qazananların qarşısı alınsa, turist axınını xeyli artırmaq mümkündür.

Yazıda vurğulanır ki, Tbilisi ilə Bakını müqayisə edəndə əksər göstəricilər Bakının xeyrinədir, amma Bakı bahalı şəhərdir.

Yazının sonunda isə oxuyuruq: "Lakin turist axınını gücləndirmək üçün müəyyən addımların atılması da zəruridir. Bahalı xidmətlə yanaşı, nisbətən ucuz başa gələn xidmətlərin təşkil edilməsi turist axınını daha da artıra bilər".

Bu qurumun birləşdirilməsinə baxıla bilər

Yeni Sabah.az-da isə "Gömrük Komitəsi ləğv olunacaqmı? - Deputatdan açıqlama" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Azərbaycan Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilə bilməsi mümkünlüyü barədə Milli Məclisin İqtisadiyyat, sənaye, sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla söhbətləşir.

Məüllifin dediyinə görə, deputat "modern.az"a Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi məsələsinin hələ tez olduğunu, bu məsələnin uzun müddətdir müzakirə olunduğunu söyləyib.

"Lakin mənim fikrimcə, bu addımı atmaq hələ tezdir. Çünki cənab prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq vergi və gömrük orqanlarında rüşvətxorluq və korrupsiya halları müəyyən qədər aradan qaldırılıb. Mən sizə əminliklə deyə bilərəm ki, bu gün istər vergi, istərsə də gömrük orqanlarında ciddi rüşvətxorluq halları yoxdur",- deyə Vahid Əhmədov bildirib.

Yazıda vurğulanır ki, deputat əlavə edib ki, bu istiqamətdə vergi və gömrük orqanlarının birləşdirilməsi deyil, hər iki qurumun Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi məsələsinə baxıla bilər.

"Hər iki dövlət qurumu vergi yığan orqandır və onların topladığı vergilər büdcəyə gedir. Büdcəyə nəzarət funksiyasını səlahiyyətli orqan kimi Maliyyə Nazirliyi həyata keçirir. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gələcəkdə Azərbaycanda da bu məsələyə baxıla bilər", - deyə Vahid Əhmədov vurğulayıb.

Körpələrin ana südülə qidalanması yetərli deyil

"Oxu.az"da isə "Azərbaycanda 10 il 1 yaşından sonra uşaqlara ana südü verilməyib - acınacaqlı rəqəmlər" sərlövəhli məqalə diqqət çəkir.

Sayt Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayının yaş kateqoriyasına görə araşdırmasına yer verib.

Müəllif vurğulayır ki, Səhiyyə Nazirliyi ana südünün körpələrə verilməsinin vacibliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib, həm də analara doğum evlərində olarkən körpələrinin yalnız ana südü ilə qidalandırılmasını qətiyyətlə tələb etmək müraciəti ünvanlayıb: "Yeni doğulmuş körpənizi həyatının ilk saatından başlayaraq altı ay ərzində yalnız ana südü ilə qidalandırın. Ana südü ilə qidalandırmanı dayandırmaq barədə uşağın bir-iki yaşından tez düşünməyin".

Müəllif statistik göstəricilərə görə deyir ki, 2000-ci ildə 38.5 min körpə üç ayına qədər, 33.4 min körpə isə altı ayına qədər ana südü ilə qidalanıb, 2005-ci ildə üç ayına qədər ana südü ilə qidalanan körpələrin sayı 30.5 min nəfərə qədər enib.

Müəllif deyir ki, 2007-2016-cı illərdə bu göstərici 34.4 min nəfərdən 95.2 min nəfərə qədər yüksəlib, 2017-ci ildə isə 89.7 min nəfərə enib.

Yazıda vurğulanır ki, altı ayına qədər ana südü ilə qidalanan körpələrin sayı isə 2007-2009-cu illərdə 31.1min nəfərdən 36.6, 37.6, 39.3 min nəfərə yüksəlib.

2010-cu ildən 73.3 min nəfər olmaqla kəskin yüksəliş olub. Amma 2017-ci ildə bu rəqəm 69.7 min nəfərə enib.

Müəlifin sözlərinə görə, 2000-ci ildən 2010-cu ilə qədər 1-2 yaş arasında olan körpələrin ana südü ilə qidalanması qeydə alınmayıb, amma sonrakı illərdə isə bu yaş kateqoriyasında olan körpələrin ana südü içməsi halları kəskin çoxalıb.

Belə ki, 2010-cu ildə 77 min, 2011-ci ildə 69.6 min, 2012-ci ildə 66.3 min, 2013-cü ildə 63.5 min, 2014-cü ildə 60.1 min, 2015-ci ildə 58 min, 2016-cı ildə 58.2 min, 2017-ci ildə isə 55.4 min körpə bir yaşına qədər ana südü içib.

Müəllif deyir ki, 2010 və 2011-ci ildə isə 6.6 min körpə iki yaşına qədər ana südü ilə qidalanıb, 2012-ci ildə bu rəqəm 7.3 min, 2013-cü ildə 8.2 min nəfər olub.

Müəllifə görə, sonrakı illərin statistikası da burada artıb-azalmalarla müşaiyət edilib, belə ki, 2014-cü ildə 11.3 min, 2015-ci ildə 8.8 min, 2016-cı ildə 10 min, 2017-ci ildə 7.8 min nəfər körpə ana südü ilə qidalanıb.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti