Azərbaycanın iştirakçısı olduğu beynəlxalq miqyaslı layihələrin icra vəziyyəti, idarəçiliyə baxış, kənd təsərrüfatındakı durum bugünkü medianın (17 fevral, 2018-ci il) aparıcı mövzularındandır.
Qlobal layihələrin icraçısı
"Azərbaycan" qəzeti "Azərbaycanın müəllifi olduğu növbəti qlobal layihənin bütün seqmentlərinin icrası uğurla yekunlaşmaq üzrədir" sərlövhəli məqalədə ölkənin neft-qaz üzrə beynəlxalq layihələri yerinə yetirməsi səviyyəsini dəyərləndirir.
Müəllif deyir ki, Azərbaycan son illər bir tərəfdən keyfiyyətcə özünün yeni iqtisadi modelini formalaşdırır, digər tərəfdən isə dünyanın əsas neft-qaz ixracatçısına çevrilir.
Yazıda vurğulanır ki, Azərbaycan beynəlxalq qlobal layihələrin icrasında müstəsna rol oynayaraq etibarlı tranzit ölkə kimi strateji tərəfdaşlarının sayını artırır.
Müəllif hesab edir ki, fevralın 15-də Bakıda "Cənub" qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısı Azərbaycanın təkcə Qafqaz regionunda yox, dünya birliyində də böyük nüfuz sahibinə çevrilməsinin göstəricisidir: "Toplantıda vurğulandı ki, bu gün Azərbaycanın gerçəkləşdirdiyi iki əsas enerji layihəsi - "Azəri-Çıraq-Günəşli" və "Cənub" qaz dəhlizi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir".
Müəllif deyir ki, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsi çərçivəsində xarici investorlar Azərbaycan tərəfə 3,6 milyard dollar bonus ödəyəcək , AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulacaq.
Yazıda reallaşmaqda olan "Cənub" qaz dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsi kimi dəyərləndirilir: "40 milyard dollar sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət ("Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) olan bu layihənin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. "Cənub" qaz dəhlizi layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq" və bu sahədə işlərin 99 faizdən çoxunun tamamlandığı vurğulanır.
Müəllif deyir ki, bu uğurlar həm də Azərbaycana Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni format yaratmaq imkanı deməkdir.
Müəllifin deməsinə görə, bu il Azərbaycan "Cənub" qaz dəhlizi layihəsinə təqribən 1,3 milyard dollar həcmində vəsait ayıracaq, Bundan "Şahdəniz-2" layihəsinə (mövcud "Şahdəniz-1" layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəməri layihəsinə 144 milyon, TANAP layihəsinə 728 milyon və TAP layihəsinə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Müəllif vurğulayır ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və inşası bu gün də davam edən "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi milyardlarla investisiya yatırılan bu layihələr Azərbaycanın nəyə qadir olduğunu sübuta yetirir.
Hansı vədlərini yerinə yetirdilər ki..?
"Azadlıqinfo.az" saytında "Fırıldaqla ölkə idarə olunmaz" sərlövhəli məqalə oxumaq olar.
Müəllif iqtidarın idarəçilik sistemini öz baxış bucağından dəyərləndirməyə çalışır.
Müəllifə görə, indiki iqtidar milli ideallardan çox uzaq düşdüyü, ölkə vətəndaşlarının hüquq və azadlığını təmin edə bilmədiyi, ərazi bütövlüyünə aparan yolları tanımadığı üçün hakimiyyətdən getməlidir.
Yazı müəllifi iqtidarın hakimiyyətdən getməli olmasına öz baxımından daha bir neçə əsas göstərir: "İdarəçiliyin səmərəsizliyi, fəaliyyətsizliyi, səriştəsizliyi danılmazdır, inkar edilməzdir. Bütün sahələrdə mövcud uğursuzluqları boyunlarına almayanlar, hakimiyyətin tərəfini saxlayanlar, görməzlikdən gələnlər milli anlayışlardan, milli təsəvvürlərdən çox uzaq adamlardır. Bu cür şəxslər xalqdan, dövlətdən "tramplin" kimi istifadə niyyətini güdənlərdir".
Müəllif deyir ki, artıq Azərbaycan xalqı siyasi həyatda lazımi qədər təcrübə toplayıb və odur ki, belə şəxsləri anti-Azərbaycan ovqatlı adamlar kimi dəyərləndirir.
Yazı müəllifi hesab edir ki, iqtidar 25 ildir ki, ölkə əhalisini "zərərsizləşdirir", yəni, səsini, sözünü oğurlamaqla məşğuldur, buna görə də bu hakimiyyətdən idarəçilik alınmalı, qanuni sahibinə - Azərbaycan xalqına qaytarılmalıdır: "Axı bu iqtidarın siyasi mövcudluğu dövlətçiliyimiz üçün, müstəqilliyimiz üçün çox təhlükəlidir. Əks halda, mənəvi, iqtisadi, siyasi böhran qaçılmazdır. Gəlin, 25 illik fəaliyyətində sosial ədalətə yer verməyən bir komandanın vədlərinə inanmayaq. İndiyə qədər verdikləri hansı vədi yerinə yetirə bildilər ki ?"
Yazı müəllifinə görə, indiki şərtlər daxilində siyasi reallıq seçkini boykota çağırır, çünki artıq xalqı təcrid vəziyyətində saxlamaqla, fırıldaqla ölkə idarə olunmaz.
Müəllif anladır ki, siyasi həyatda söz yalan deyib cəmiyyətin başını qatmaq üçün yox, xalqı can atdığın həqiqətlər naminə səfərbər etmək üçündür.
Müəllif deyir ki, insanlar hakimiyyətin bacarıqsızlığı üzündən doğan fırıldaq, yalan, xülyalardan əziyyət çəkir: "İnsanlar doğru sözü dillərinə gətirdiklərinə görə təqib edilirlər, amma qorxmaq lazım deyil. Ölkə vətəndaşlarını bu idarəçiliyin primitivliyindən, yarıtmazlığından qorumaq lazımdır. Bu gün ölkə, xalq olaraq yoxsuluq, odur ki, tək iqtisadi baxımdan yox, hüquq və azadlığımız baxımından da siyasi, hüquqi, iqtisadi yoxsulluğumuza son qoymalıyıq. Belə yaşamaq mümkünsüzdür".
Müəllifə görə, ölkə daxilində insanların bu iqtidara qarşı mübarizəsi Azərbaycanın inkişafı üçün, "Biz azərbaycanlıyıq deyəndə utanmamağımız üçün lazımdır".
Fermer nə qazandı ki, vergi də verə?
"Yeni Müsavat" qəzetində isə "Fermerlər nə qazanırlar ki, ondan vergi də versinlər" sərlövhəli yazı diqqəti cəlb edir.
Müəllif deputat Əli Məsimlinin ölkədə kənd təsərrüfatının mövcud durumuna bağlı baxışlarını diqqətə çatdırır.
Deputat deyir ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi olaraq kənd təsərrüfatına dövlət dəstəyi, bu sahənin əksər vergilərdən azd edilməsi, subsidiyaların ayrılması burada fəaliyyəti cəlbedici göstərir.
Amma deputata görə, buna əks-təsir göstərən amillər də az deyil: "Bu amillərdən biri budur ki, ölkənin kənd təsərrüfatı üçün yararlı olan torpaqlarından yetərincə səmərəli istifadə edilmir. Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları yüksək nəticələr əldə olunması və geniş təkrar istehsal qurmaq üçün yetərli qədər deyil. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddı və maliyyə resursları məhduddur və istehsalı genişləndirməyə imkan vermir".
Ə.Məsimli son günlər kənd təsərrüfatı sahəsinin vergiyə cəlb olunması ilə bağlı müzakirələrə də müsbət yanaşmır: "Hazırkı reallıqlar şəraitində kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağıdır, xərclər, maya dəyəri yüksəkdir, bu sahədə istehsal olunan məhsulların əksəriyyəti yüksək rentabelli deyil. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər... Əslində hazırkı reallıqlar şəraitində bu məsələ ətrafında diskussiyaya yer yoxdur".
Deputat hazırda bir sıra iri təsərrüfatların yaradılmasının uğurla getdiyini, amma problemlərin də olduğunu deyir və əsas problem olaraq inhisarı göstərir: "Monopoliya öz resurslarından istifadə edərək dövlət torpaq fondundan xeyli torpaq götürür. Sonra görür ki, onun hamısını əkib-becərə bilmir. Əvvəllər həmin torpaqların hər hektarını birbaşa 80 manata icarəyə götürən fermer, indi dolayı icarə mexanizmi şəraitində 150 manat icarə haqqı ödəməyə məcbur olur. Hər hektara 90 manatlıq subsidiya da monopoliyaya çatır. Beləliklə, aqrar sahəyə soxulan yeni tip monopoliya heç bir zəhmət çəkmədən hər hektardan 240 manat qazanc götürməyə başlayır".
Ə.Məsimli deyir ki, bütün bunların nəticəsində əvvəllər normal çalışan fermerlər yeni icarə yükü şəraitində az rentabelli işləməyə başlayır, nəticədə otun da, ətin də qiyməti qalxır.
Burada tək qazanan inhisarın olduğunu deyən deputat qarşısı alınmadığı halda aqrar islahatların səmərəliliyinə mənfi təsiri olacağı barədə xəbərdarlıq edir.--0--
Rəy yaz