Bakı/11.05.17/Turan: Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün istintaq tərəfindən zərərçəkmiş kimi tanınmış Samir Xəlilov məhkəmə heyətindən adının zərərçəkmişlər siyahısından çıxarılmasını xahiş edib.
“Mən hər hansı zərəri çəkməmişəm, həyəcan da keçirməmişəm”, - onun bu bəyanatı zalda alqışla qarşılanıb.
Fuad Əhmədli 2016-cı ilin avqustunda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308-ci maddənin 1-ci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittihamla həbs olunub. Bu ilin martında ittihamlar 308-ci maddənin daha ağır cəza nəzərdə tutan 2-ci bəndinə tövsif edilib. İstintaq F.Əhmədlini işçisi olduğu “Azərfon” mobil rabitə şirkətinin abunələrinin şəxsi məlumatlarını yaymaqda ittiham edir.
F.Əhmədli ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir.
Bugünki məhkəmədə həmçinin vəkil Əsabəli Mustafayev digər zərərçəkmiş Məhəmməd Quliyevin 2015-ci ildən dələduzluq ittihamı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışda olduğunu bildirib. Vəkil dediklərinin sübutu kimi Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında axtarışda olanların arasında olan Məhəmməd Quliyevin fotosunu məhkəməyə təqdim edib.
“Bu göstərir ki, Məhəmməd Quliyev məhkəmə qarşısında and içməsinə baxmayaraq, bilə-bilə məhkəməyə yalan məlumat verib. O, ifadəsini polisin təzyiqi altında verib. Bu adam 2015-ci ilıdən axtarışda olmasına baxmayaraq, 2016-cı ildə şəxsiyyət vəsiqəsi alıb. Məhkəmədən xahiş edirəm, zərərçəkmiş kimi tanınmış bu şəxs zərərçəkmişlər siyahısından çıxarılsın. Onun axtarışda olması və məsuliyyətə cəlb edilməsi ilə bağlı dövlət ittihamçısı münasibət bildirsin. Belə çıxır ki, biz axtarışda olan adamı tutub istintaqa təhvil vermirik”, - vəkil qeyd edib.
Bu zaman zərərçəkmiş vəkilə etiraz edib, axtarışda olmadığını, 2015-ci ildə polisə çağırıldığını və ifadə verdikdən sonra azad buraxıldığını deyib.
“Necə ola bilər, mən 2016-cı ildə şəxsiyyət vəsiqəsi də almışam”, - M.Quliyev qeyd edib.
M.Quliyevin etirazı zalda oturanların narazılığına səbəb olub. “Vəkilə danışmağa imkan verin” deyən şəxs hakim tərəfindən məhkəmə zalından kənarlaşdırılıb.
Dövlət ittihamçısı Anar Tarıverdiyev vəsatətin ona aidiyyatı olmadığını deyib.
“Vəsatət təmin edilməsin”, - prokuror sədrlik edəndən xahiş edib.
Dövlət ittihamçısının münasibəti zalda gülüşlə qarşılanıb.
“Burada gülməli heç nə yoxdur. Kim gülürsə, özünə gülür. Biz ədalətli məhkəmə araşdırması aparırıq”, - sədrlik edən Fikrət Qəribov zala müraciət edib.
Beləliklə, hakim vəkilin qaldırdığı məsələnin araşdırılması üçün Bakı Baş Polis İdarəsinə müraciət edilməsi barədə qərar qəbul edib.
Fuad Əhmədli məhkəməyə sərbəst ifadəsində bildirib ki, 2012-ci ildən “Azərfon” şirkətində operator işləyib.
“İşə qəbul olunarkən daxili prosedur qaydalarına əməl edilməsi ilə bağlı sənədi imzalamışam. Burada qaydaların pozulmasına görə yalnız inzibati cəza nəzərdə tutulur. Mənim bütün hərəkətlərim daxili qaydalara uyğun olub və axtarışa səbəb olacaq juçok (gizli mikrofon) yerləşdirilməsi, şəxsə aid açıq olmayan məlumatların yayılması, şəxsin izlənməsi və başqa hallara aid deyil”.
O, ittihamda deyildiyinin əksinə olaraq bildirib ki, hər hansı açıq olmayan məlumatı yaymayıb və belə bir məlumatların komputerinin bazasında yerləşdirilmədiyini məhkəmənin diqqətinə çatdırıb. F.Əhmədli bəzi nümunələr də göstərib.
“ATV kanalında veriliş gedib. Efirdə “Azərfon”da vəzifəli şəxs abunəçinin şəxsiyyəti, ünvanı, telefon nömrəsi və digər məlumatlar barədə danışır. Onda ATV televiziyasına da cinayət işi qaldırın. Niyə etmirsiniz? Mən siyasi fəalam. Və yaxud “Azərfon” müxtəlif vasitələrlə (dilerlər, satış mərkəzləri və s.) telefon nömrələri satır. Bəzi hallarda şəxslər telefon nömrələrini küçələrdə, bazarlarda, meydanlarda satır. Çox vaxt həmin şəxslərdən telefon nömrəsi alanlar nömrələrin onların adına rəsmiləşdirildiyini soruşurdu. Biz də cavab verirdik ki, onların adına belə telefon nömrəsi yoxdur. Burada cinayət tərkibi nədir?”,- o sual edib.
F.Əhmədli deyib ki, şahid qismində ifadə verən əmisi oğlu Əliağa Əhmədli ondan soruşub ki, zərərçəkmiş qismində tanınan Məhəmməd Quliyevin harada olduğu barədə məlumat verim.
Mən də ona yazmışam ki, xaricdədir. Bunu Əliağa Əhmədli də təsdiq edib.
“Məhəmməd Quliyev mənim işlətdiyim kafedə aşbazdır. Banket üçün bazarlıq etməkdən ötrü pul götürmüşdü. Sonra telefonuna zəng çatmadı. Mən Fuada zəng edib, onun harada olduğunu öyrənmək istədim. O isə bir qədər sonra yazdı ki, deyəsən xaricdədir”, - şahid qeyd edib.
Şahid Vüqar Məhərrəmov isə iş yoldaşının ondan bir telefon nömrəsinin kimə məxsus olduğunu öyrənməyi xahiş edib. O isə Fuad Əhmədliyə zəng edib. “Fuad mənə dedi ki, həmin telefon nömrəsi şirkətə aiddir. Hansı şirkətə aid olduğunu demədi”, - V.Məhərrəmov qeyd edib.
Digər bir halda isə iş yoldaşı xahiş edib ki, bir abunəçinin balansı barədə Elvin adlı şəxsə məlumat versin.
“Hər gün çoxsaylı abunəçilər bu tipli məlumat almaq üçün “qaynar xətt”ə zəng edirlər və bu məlumatlar qapalı deyil. “Azərfon”da monitorinq qrupu var. Qaydaları pozanda həmin qrup araşdırır və administrativ cəza verilir. Amma mənim haqqımda belə araşdırma olmayıb”, - F.Əhmədli sərbəst ifadəsində bildirib.
Məhkəmə prosesi mayın 23-də saat 10.30-da davam edəcək.-03C-
Rəy yaz